• çərşənbə axşamı, 07 may, 19:19
  • Baku Bakı 13°C

“Dəmir frau”ya vida

02.10.21 11:15 1157
“Dəmir frau”ya vida
Merkel kifayət qədər gərgin vəziyyətdə olan ölkəsini Avropanın liderinə, bir növ "pul kisəsinə” çevirməyə müvəffəq oldu.Ciddi problemlərlə üz-üzə qalan Almaniya Merkelə qədər iqtisadi gərginlik səbəbindən daxili ziddiyyətlər içində boğulurdu.
Bazar günü, praktiki olaraq bütün dünyanın diqqəti Almaniyada keçirilən seçkilərə yönəlmişdi. Bu nəticələr indiki nəsil üçün ən əhəmiyyətli seçki kimi nəzərdən keçirilirdi. Alman seçicilər öz səslərini altı partiya arasında bölüşdürdü və bununla da heç bir partiyaya qalib gəlməyə imkan vermədi. İndi iki partiya - Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı bloku və Almaniya Sosial Demokratlar Partiyası hökumətin formalaşdırılması üçün mandat almağa iddialıdır. Əksər ölkələr üçün burada qeyri-adi heç nə yoxdur. Lakin səsləri tez və sürətli sayıb ortaya nəticə qoymağa öyrəncəli almanlar üçün belə vəziyyət yenidir. Almaniya Sosial Demokrat Partiyasından kansler vəzifəsinə namizəd Olaf Şoltsun dediyi kimi, alman vətəndaşlar Xristian Demokrat və Xristian Sosial İttifaqı Blokunu müxalifətdə görmək istədiyini nümayiş etdirdi.
Qeyd edək ki, Almaniya Sosial Demokrat Partiyası 25,7%, Angela Merkelin Xristian Demokratik İttifaqı/ Xristian Sosial İttifaqı Bloku 24,1%, Yaşıllar Partiyası 14,8%, Müstəqil Demokratlar 11,5% səs alıb.
Əlvida, Merkel
16 ildir ki, dünyanın ən populyar siyasətçisi kimi ön sırada yer alan kansler Angela Merkelin postunu tərk etməsi, Qərb mediasının, ekspert dairələrinin ən çox müzakirə etdiyi prioritet məsələyə çevrilib. Bu illər ərzində "dəmir frau" titulunu qazanmağa müvəffəq olan Merkel kifayət qədər gərgin vəziyyətdə olan ölkəsini Avropanın liderinə, bir növ "pul kisəsinə” çevirməyə müvəffəq oldu.Ciddi problemlərlə üz-üzə qalan Almaniya Merkelə qədər iqtisadi gərginlik səbəbindən daxili ziddiyyətlər içində boğulurdu. Ona qədər Almaniya Avropa İttifaqı çərçivəsində siyasi məsələlərin həllində heç "üçlük”də də təmsil olunmurdu. Amma Merkelin gəlişi ilə Almaniyada milli birlik yarandı. Bu ölkə məhz onun dövründə iqtisadi baxımdan sürətlə inkişaf etməyə başladı. Yəni nahaq yerə ona Avropanın yeni "dəmir frau”su demirdilər.
Onun gedişi postsovet məkanına nə vəd edir?
Bu seçkilərdən sonra Merkel artıq tarixə çevrilir və indi postsovet məkanını yeni kanslerin siyasətində hər hansı dəyişikliyin olub-olmayacağı maraqlandırır. Merkel gedəndən sonra Ukrayna, Gürcüstan və Moldovanın NATO-ya inteqrasiyasına, əslində kimin mane olduğu məlum olacaq. Əvvəllər bu, Almaniya kanslerinə aid idi. Onu da deyək ki, Merkel postsovet məkanında böyük təsir imkanlarına malik Rusiya ilə sıx münasibətlərə malik olub. Rusiyanın ən böyük layihəsi olan "Şimal Axını-2” layihəsinin əsas dəstəkçisi oldu. Bundan əlavə, Merkel Cənubi Qafqaza səfər edən ilk alman lideri kimi tarixə düşüb.
Cənubi Qafqaza ikili baxış
Yeri gəlmişkən, üç il bundan əvvəl Cənubi Qafqaza səfər edən Merkel bu ölkələrdə fərqli formada yadda qaldı. Hər üç dövlətə ənənəvi "eyni qəlib" çərçivəsində yanaşdı, lakin təəssüf ki, təcavüzə məruz qalan Azərbaycanla Ermənistanı yanaşı qoydu. Məsələn, Gürcüstanda bu ölkənin ərazi bütövlüyünü dəstəklədiyini və torpaqlarının işğal edildiyini ifadə etdi. Tbilisidəki çıxışında "Abxaziya və Cənubi Osetiya Gürcüstanın ayrılmaz hissəsidir” ifadəsini işlətdi və açıq şəkildə bildirdi ki, Rusiya öz ordusunu Gürcüstanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Oxşar ifadə Bakıda səslənmədi. Hətta Cənubi Osetiya ilə sərhəddə yerləşən gürcü kəndinə gedərək, onun yaxınlığındakı Rusiya hərbi kontingentini kənardan optik cihazla da izləyib. Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal edildiyini açıq demədi, Qərb dövlətləri kimi ikili standartlar prinsipinə uyğun hərəkət etdi.
Yeni kansler kim olacaq?
Beləliklə, indi hər kəs yeni kanslerin kim olacağını proqnoz edir. Bu posta Almaniya Sosial Demokrat Partiyasının (ASDP) nümayəndəsi - hazırkı hökumətdə maliyyə naziri və vitse-kansler Olaf Şolts və Xristian-Demokrat İttifaqının (XDİ) sədri Armin Laşet namizədliklərini irəli sürüblər.Hazırda mühafizəkarlar və sosial demokratlar hökumətdə tərəfdaşdırlar və onlar yeni hökumət formalaşana qədər öz vəzifələrini yerinə yetirməkdə davam edəcəklər.
Dəyişikliklər olacaq?
Qərb ekspertlərini hazırda bir sual düşündürür - həm dünya siyasətində, həm də Avropa siyasətində xüsusi önəmli yeri olan Berlin əvvəlki xətti davam etdirəcək? Çox böyük ehtimalla, mövcud siyasət davam edəcək. Bəzi dəyişikliklər də gözlənilir. Söhbət Birləşmiş Ştatlara olan münasibətdən gedir. Bəllidir ki, Merkel hökuməti sanksiyalara baxmayaraq, Rusiya ilə hərtərəfli münasibətləri saxladı. ABŞ Almaniya və Rusiya arasında gərginlik yaratmaq istəyirdi. Berlin isə hiss edirdi ki, Rusiya ilə münasibətləri gərginləşdirmək Almaniyaya sərf etməyəcək. Angela Merkel də açıq aşkar bildirdi ki, Almaniya Rusiya qazından imtina edə bilər, amma ən azı 20-30 il keçdikdən sonra. Belə çıxır, yaxın 20-30 il ərzində Rusiya qazının Almaniyaya və Avropaya daşınması rəsmi Berlinin marağındadır. Bütün bunların fonunda köklü dəyişiklik olacağını gözləməyə dəyməz.
Azər Nur
banner

Oxşar Xəbərlər