• cümə axşamı, 28 mart, 15:17
  • Baku Bakı 16°C

“Dedi ki, atanın vəzifədə olduğunu heç vaxt bizə hiss etdirmədin” - Keçmişdəki mən

21.02.20 15:00 6832
“Dedi ki, atanın vəzifədə olduğunu heç vaxt bizə hiss etdirmədin” - Keçmişdəki mən
Sevda Tahirli: "O gündən sonra kimsə mənə "bacarıqsız şəhər uşağı” kimi baxmadı”
Deyir ki, yaşanan an, zaman keçdikdən sonra əsil dəyərini bizə tanıdır. Onu geri qaytarmaq mümkün olmadığından, barmaqlar arasından su kimi boşuna süzülüb gedə bilir. Ona görə, əllərində ikən o anı dəyərləndirmək gərəkdir.

MüsahibimizBakı Dövlət Universitetinin dosenti, biologiya üzrə fəlsəfə doktoru, Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirlidir.

S.Tahirli 1961-ci ildə Bakı şəhərində anadan olub, elə uşaqlığı, gəncliyi də bu şəhərdə keçib.

Uşaqlıq illərindən danışanda, Sevda xanım əsasən baxça dövrünü xatırladığını deyir. Həmin dövrü onun üçün yaddaqalan edən səbəblər var: "Yadımdadır ki, baxçaya getməyi çox istəyirdim. Çünki başqa uşaqların getdiyini görürdüm və mənə maraqlı gəlirdi. Çox israr etdiyim üçün valideynlərim məni də baxçaya qoydular. Həqiqətən də maraqlı bir dövr oldu. Baxça ilə bağlı bir neçə təəssüratım var ki, hələ də ağlımdadır. Onlardan həyatımda böyük rolu olanı qeyd etmək istəyirəm. Deməli, anam uşaq ədəbiyyatı mütəxəssisi olduğuna görə, mənə çox sayda uşaq şeirləri, poemalar öyrətmişdi. 6 yaşım olanda, radiostudiyadan gəlib baxçada səsimi yazmışdılar. O zaman Sabir Məmmədovun "İtmiş açar” poemasını əzbər bilirdim. Mən o poemadakı 7-8 personajın hər birini fərqli səs və intonasiya ilə radio üçün səsləndirdim. Məktəbdə oxuduğum zaman uşaq verilişlərində o ifamı tez-tez eşidirdim. Sonra baş qarışdı, nə yadıma düşdü, nə də hardasa eşitdim. 30 yaşım olardı, səhər hazırlaşıb işə gedirdim, radio da açıq idi. Birdən həmin poemanı eşitdim. Tez anama zəng vurdum. Anam demək olar ki, bütün günü radionu açıq saxlayırdı. Dedim ki, radion açıq idi? Dedi ki, hə, sənin poemanı deyirdilər. Dedim ki, ana, o mən idim. O da cavabında "Ola bilməz, 30 il sənin səsini saxlamazlar” söylədi. Dedim ki, mən intonasiyamı tanıyıram. Sonra radiodan maraqlandıq, dedilər ki, biz həmin ifanı tez-tez veririk ki, səsin sahibini tapaq, dinləyicilərlə tanış edək. Radioya dəvət etdilər. Haqqımda bir veriliş də hazırladılar. Dedilər ki, səsiniz radio formatına uyğundur, bəlkə bizimlə əməkdaşlıq edəsiniz? Beləliklə, bir müddət radioda uşaq verilişləri üçün materiallar hazırlayırdım və oğlumla birgə onları səsləndirirdik”.


Dedim ki, mütləq kimyaçı olacağam

Baxçadan sonra məktəbə gedir. Deyir ki, bütün fənləri yaxşı oxuyurmuş. Ona görə, ixtisas seçimi zamanı çətinliklə üzləşir: "Bütün fənləri sevirdim və yaxşı oxuyurdum. Məktəbi qızıl medalla bitirmişəm. Rəsmxət keçirdik, müəllimimiz israr edirdi ki, sən mütləq rəsmxət ardınca get, səndə çox gözəl alınır. Digər fənn müəllimlərim də elə. Ona görə, ixtisas seçmək çətin oldu. 5-6-cı siniflərdə o qənaətdə idim ki, jurnalist olacağam. Yaradıcılığı sevirdim, evə verilən tapşırıqlara da öz yaradıcılığımı qatırdım. 7-ci sinifdə kimya keçməyə başladıq və mən bu fənnə vuruldum, dedim ki, mütləq kimyaçı olacağam”.

Biologiyaya yönəlməsində isə bu fənni tədris edən müəllimin və baxdığı filmin təsiri olur: "Biologiyanı da sevirdim, yaxşı oxuyurdum. Tahirə adlı biologiya müəllimimiz var idi. Günorta dərsim bitirdi, həmin müəllim mənə deyirdi ki, get yeməyini ye, gəl, ikinci növbədə aşağı siniflərə biologiya dərsi keçəcəksən. Botanika, zoologiyadan özümdən aşağı siniflərə dərs keçirdim. Deyirdi ki, həm uşaqlardan ev tapşırığını soruş, həm dərsi izah elə, həm də jurnala qiymət yaz. Müəllim harasa getmirdi, sinifdə olurdu, dərs prosesini idarə etməyimi kənardan izləyirdi. Bəlkə elə o zamanlar mənim beynimə dərs demək prosesinin lövbərini atırdı. Müəllim olduğum dönəmdə auditoriyaya qorxu ilə deyil, məsuliyyətlə girirdim.

Amma yenə də biologiyaya yönəlməyə qərar verməmişdim. 10-cu sinifdə respublika üzrə yazı müsabiqəsində hər məktəbli kimi mən də iştirak etdim və qalib oldum. Ədəbiyyat müəllimim Elmira xanım dedi ki, gözəl qələmin var, niyə ədəbiyyata getmirsən? Həmin il biologiyadan da olimpiada keçirilirdi, onun da qalibi oldum. Bu dəfə də Tahirə müəllim dilə gəldi, dedi ki, çox heyf səndən. Dedim ki, niyə heyf? Cavab verdi ki, sən biologiyaya getsən, qələmin də var, gözəl tədqiqatçı olardın. Beynimdə tərəddüd yaranmışdı. Həmin dönəmdə SSRİ-də populyar olan "Açıq kitab” filmini izlədim. Film o qədər xoşuma gəldi ki, atamdan o filmin kitabını kitabxanadan gətirməyini xahiş etdim. Kitabı da maraqla oxudum. Film bioloqlardan bəhs edirdi. Məndə elə təəssürat yarandı ki, biologiya sahəsində kəşf olunmayan bütün yeniliklər məni gözləyir və mən bioloq olmalıyam”.


Ailə onun həkim olacağını gözləyirmiş…

Ancaq ailədə hamı gözləyirmiş ki, S.Tahirli həkim olacaq. O isə bu dəfə biologiya ilə kimya arasında seçim etməkdə çətinlik çəkir: "Kimyanı çox gözəl bilirdim, biologiyaya da hədsiz sevgim var idi. Evdəkilərdə fikir formalaşmışdı ki, Tibb Universitetində təhsil alacağam. Çünki qızıl medala namizəd idim. O vaxt belə qayda var idi ki, orta məktəbi qızıl medalla bitirmiş şagirdlər Tibb Universitetinə sənəd verdikdə "Əla” qiymət alsalar, digər fənlərdən imtahan verməkdən azad olurdular və universitetin tələbəsi hesab edilirdilər. Atamın gözündə problemləri var idi, fikirləşirdi ki, göz həkimi olacağam, anam stomatoloq olmağımı istəyirdi. Mən isə hələ də qərarsız idim. Həkimliyi artıq düşünmürdüm, kimya ilə biologiyanın arasında qalmışdım. Bakı Dövlət Universitetində təhsil almaq istəyirdim, ancaq orda kimya və biologiya fərqli fakültələr idi, ona görə, kimya-biologiya fakültəsi olan Pedaqoji Universiteti seçməli oldum. Düşündüm ki, 5 il oxuyaram və bu müddət ərzində də hansı sahəyə yönələcəyim barədə doğru qərarımı verərəm”.

Hansı sahəyə yönəlməklə bağlı qərarı isə təhsilini başa vurduqdan sonra verir: "Sevinirəm ki, o vaxt ilkin olaraq doğru qərar verib, iki sahənin bir yerdə olduğu fakültəni seçdim. 5 il bu istiqamətdə təhsil aldım. Məktəb illərində fəal idim. Universitetdə də bu fəallığım davam etdi. Kimya və biologiya üzrə Ümumittifaq olimpiadalarında iştirak edirdim. Kimya ilə bağlı tələbələrin Respublika elmi konfransları keçirilirdi. Orada da kimyadan sərbəst elmi-tədqiqatlarım barədə çıxışlar etmişəm, diplomlar qazanmışam. Diplom işim belə üzvi kimya ilə bağlı olmuşdu. Təhsil bitdikdən sonra aspiranturaya girmək üçün əvvəlcə kimya üzrə elmi-tədqiqat institutlarını gəzdim, oradakı tədqiqatlarla tanış oldum və sonra biologiya üzrə institutlara keçdim. Əslində diplom işimi bitki fiziologiyası üzrə götürəcəkdim, amma elə oldu ki, həmin sahə üzrə mənə rəhbərlik edəcək müəllimimdə müəyyən problemlər yarandı və rəhbərlik etmək alınmadı, ona görə o mövzu qaldı. İnstitutu bitirəndən sonra həmin müəllim dedi ki, çox istəyərdim ki, bitki fiziologiyası sahəsi üzrə gedəsən. Elmlər Akademiyasının Botanika İnstitutunu tövsiyə etdi, getdim, maraqlı gəldi, aspirantura təhsilimi də bu sahə üzrə aldım və fəaliyyətimi bioloq kimi davam etdim. Düşünürəm ki, nə yaxşı o zaman doğru qərar vermişəm”.


Dincəlmədən 40 kilo pambıq yığdım

Gənclik dönəmini necə keçirməsinə gəlincə, müsahibim bunları söylədi: "Həmin illərdə özümü gənc qız yox, gənc tədqiqatçı kimi görürdüm. Axtarırdım, araşdırırdım. Amma eyni zamanda ictimai işlərdə də çox fəal idim. Yazmaq məsələsində bacarıqlı olmağım çox dadıma yetirdi. İnstitutda fakültəmizin tələbə elmi cəmiyyətinin sədri idim. Hər işdə aktivlik göstərirdim. Şəhərdə böyüsəm də, pambıq yığımı kampaniyalarından belə yayınmırdım. 4 il tələbə vaxtı pambıq yığmağa getdim. Baxmayaraq ki, şəhər uşağı idim, amma gedirdim. Elə uşaqlarımız var idi ki, onlar yayınırdılar. Atam deyərdi ki, qızımı burda saxlasam, başqalarına necə deyərəm ki, uşağını pambıq yığımına göndər? Əslində bu da mənim ürəyimcə idi. Tələbə yoldaşlarımın yaşadığı o təəssüratları mən də yaşamaq istəyirdim.

Deməli, 1-ci kursun ilk dərs həftəsində pambıq kampaniyasına getməli olduq. Qrupun 3 nəfəri şəhərdən, digər 22 nəfər isə rayondan gəlmiş tələbələr idi. Əksəriyyəti pambıq yığmaqda təcrübəli idi. O təcrübəli qrup yoldaşlarımızdan biri söz atdı ki, bu şəhər uşaqlarını buraya niyə gətiriblər? Sonra əlavə də etdi: "Onların üçünün axşama qədər yığacağını, mən təkbaşına günortaya qədər yığıb başımın altına qoyub axşama qədər yataram”. Mən heyrət içində idim, niyə bizə heç nəyə yaramayan kimi baxmalıdırlar? Qızlara dedim, sizi bilmirəm, amma ona sübut edəcəyəm ki, mənə belə demək olmaz. Bizim üçün gündəlik norma 25 kq pambıq idi, amma mən həmin günü cəmi 30 dəqiqənahar fasiləsi edərək, dincəlmədən 40 kilo pambıq yığdım. Doğrudur, həmin tələbə yoldaşımız inanmadı, dedi ki, kimdənsə satın alıb, o yığa bilməz. Ona görə şərt qoydu ki, inanmağımız üçün sabah da bu nəticəni təkrarlamalısan. Səhəri gün tələbə yoldaşlarımın gözü mənim üzərimdə idi ki, görsünlər özüm yığıram, yoxsa yox. Həmin gün 39 kilo yığa bildim. O gündən sonra kimsə mənə "bacarıqsız şəhər uşağı” kimi baxmadı.
İnstitutu bitirəndə, tələbə yoldaşlarımdan biri maraqlı bir söz söylədi! "Çox sağ ol ki, atası vəzifədə olan qız olduğunu heç vaxt hiss etdirmədin, sən hər zaman bizlərdən biri oldun”.


Mən müəllim olacağımı düşünməmişdim

Deyir ki, bu sahəyə yönələndə, müəllim olmaq fikrində deyilmiş. Bu gün isə müəllim olduğu üçün çox məmnundur: "1989-cu ildən universitetdə çalışıram, amma 20 ildir ki, müəllim kimi fəaliyyət göstərirəm. O vaxta qədər baş laborant, elmi işçi olmuşam. Mən müəllim olacağımı düşünməmişdim, amma indi sevinirəm ki, müəlliməm. Bu işi görməkdən də yorulmuram. Bəzən 4-5, hətta 8 saat ard-arda dərsim olub. Bu dərsləri keçərkən yorulmamışam. Yalnız auditoriyadan çıxanda hiss etmişəm ki, yorğunam, amma dərsdə bunu hiss etmirəm”.

25 yaşında - aspirantura təhsili aldığı dönəmdə ailə qurur. Amma elmi rəhbərinə söz veribmiş ki, müdafiə edənə qədər evlənməyəcək: "Elmi rəhbərim olacaq alim, laboratoriya müdiri idi. O da özlüyündə söz veribmiş ki, aspiranturaya bir də qızları qəbul etməyəcək. Universitet müəllimim məni onunla tanış etdi. O da mənim hazırlığımı yoxladı. Elmdən, biologiyadan sorğu-sual etməyə başladı. Sonda dedi ki, yox ey, mən bunu götürə bilmərəm. Dedim ki, narazı qaldınız? Dedi ki, özümə söz vermişəm, qızları götürməyəcəyəm. Səbəbini soruşdum. Dedi ki, qızlar qəbul olurlar, sonra iş bitməmiş ailə qururlar, uşaq- filan və elmi iş də yarımçıq qalır, o qədər əziyyət heyf olub gedir. Mən ona söz verdim ki, təhsili bitirənə qədər ailə qurmayacağam. Dilimdən kağız aldı ki, evlənməyəcəksən. 26 yaşımda təhsili başa vuracaqdım, 25-də evləndim (gülür). Nişanlananda onun gözünə görünmək istəmirdim. Toy dəvətnaməmi ona necə verəcəyimi bilmirdim, başqası ilə yolladım. Toyumuza gəldi, gözəl də çıxış etdi”.


Mən o xatirələri eşidə-eşidə böyüdüm

Müsahibimizin atası Mirzə Ələkbər Sabirin sonbeşik övladıdır. Sevda xanım uşaq vaxtı babası ilə bağlı atasının xatirələrini tez-tez eşitdiyini söyləyir: "Evdə öz aramızda, bizə qonaq gələndə, biz qonaq gedəndə və s. hər yerdə demək olar ki, söhbətlərdə onun adı keçirdi. Atamda ailəsi ilə çox maraqlı və heç yerdə qeyd olunmayan xatirələr var idi. Mən o xatirələri eşidə-eşidə böyüdüm. Məktəbdə də, tələbə vaxtı da hər kəs ailəmizin hər bir üzvünü çox yaxından tanıyırdılar, evimizə gedib-gəlmişdilər. Lakin heç zaman ayrıca bu barədə söhbətimiz olmurdu. Sabirlə bağlı dərsi mən də hamı kimi oxuyurdum, evdə danışılanlar evdə qalırdı, dərsdə isə müəllimin dediklərini öyrənirdim”.

Sevda xanım Mirzə Ələkbər Sabir adına Fondun təsis edilməsindən də danışdı: "Bu fondu 2012-ci ildə ailəmiz adından təsis etdik. Sabirin 150 illik yubileyinə təsadüf edirdi. Belə oldu ki, fonda rəhbərlik etmək məsuliyyətini də ailə mənə həvalə etdi. Cəmiyyətə faydası toxunacaq istiqamətdə bir fəaliyyət qurmağa çalışmışıq. Sabirlə bağlı hər bir məlumatın onlayn formada, Azərbaycan dili ilə yanaşı, rus, ingilis dillərində də internetdə yerləşdirilməsinə nail olmuşuq. Sabirin ev muzeyi Şamaxıdadır, xaricdən gələn qonaqların, elə Bakıda yaşayan şəxslərin bir çoxu vaxt azlığından ora baş çəkməyə bilərlər, biz onlar üçün Sabirin virtual muzeyini yaratmışıq. 3 ay öncə "Hophopnamə”sinin audio kitab formatını hazırladıq. Gənclər üçün fərdi inkişafla bağlı təlimlər təşkil edirik, dilimizin qorunması, milli dəyərlərimizin təbliği yönündə böyük təbliğat işləri aparırıq”.

Sevda xanımın 30 yaşında oğlu, 21 yaşlı qızı var. Oğlu iqtisadçıdır, amma peşəkar fotoqrafiya ilə məşğuldur, qızı isə tələbədir. Gənc övladları olan, gənclərlə işləyən bir şəxs olaraq onun gənclərə məsləhətlərini də aldıq: "Özləri üçün hədəf seçsinlər. İnsanı irəliyə aparan hədəfidir. Bu zaman çətinlik, sıxıntı, vaxt azlığı sənin üçün maneə olmur. Hər bir gəncdə potensial var. Sadəcə olaraq, özünü kəşf etməyi bacarmalısan. Özlərini sevsinlər, amma özlərinə vurğun olmasınlar”.

Aygün Asimqızı


banner

Oxşar Xəbərlər