““Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ı üç dildə nəşr olunub

Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Sədri yanında Bilik Fondunun Tədbirlər Planına əsasən
AMEA Naxçıvan Bölməsi tərəfindən hazırlanan ""Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas” çap olunub.
Atlasın müəllifləri-akademik
İsmayıl Hacıyev (məsul redaktor), AMEA-nın müxbir üzvləri-Fəxrəddin Səfərli, Əbülfəz
Quliyev, Qadir Qədirzadə, Vəli Baxşəliyev, tərtibçiləri filologiya üzrə fəlsəfə
doktorları-Firudin Rzayev, Asəf Orucov, Əkrəm Hüseynzadə, Rəşad Zülfüqarov,
Nazim Bababəyli, Cəfər Əliyev və Fəxrəddin Eylazovdur.
Azərbaycan, ingilis və rus dilində 460 səhifədən
ibarət olan atlasa 51 tarixi-coğrafi söz, 239 ifadə və deyimi özündə əks etdirən
xəritələr daxil edilib.
Fundamental nəşrdə Azərbaycan
xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud” dastanlarının Naxçıvanla bağlılığı
sistemli olaraq araşdırılıb. Atlas üzərində iş
aparılarkən daha çox etnoqrafik məsələlərə diqqət yetirilib. Belə ki, oğuzların
təsərrüfat həyatı, maddi mədəniyyəti və bunların Naxçıvanda izləri, dastanda
işlədilən geyim və bəzək adları, Dədə Qorqud oğuzlarının yemək və içki növləri,
dastanda adı çəkilən sənətlər və xalq nəqliyyat vasitələri, əkinçilik və
maldarlıq sahələri, idarəçilik sistemi, ailənin idarə olunması, dini inanclar öz
əksini tapıb.
Atlasda
akademik İsmayıl Hacıyevin ""Kitabi-Dədə Qorqud Dastanı” onun Naxçıvanla
bağlılığı” adlı irihəcmli yazısı da yer
alıb. İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin "Kitabi-Dədə Qorqud” dastanı bütün türk dünyasına məxsusdur, amma onun vətəni
Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir” sözlərini
xatırladaraq qeyd edib ki, ulu öndər tərəfindən dastanların dünya miqyasında təbliği
və Azərbaycanda adının əbədiləşdirilməsi, əks etdirdiyi vətənpərvərlik
ideyalarının genişləndirilməsi üçün "Kitabi-Dədə Qorqud” dastanlarının 1300
illiyi haqqında” 20 aprel 1997-ci ildə xüsusi fərman imzalayıb.
Alim yazıda ölkə Prezidenti İlham
Əliyevin "Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200
illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci il tarixli Sərəncamdan
da bəhs edib.
Diqqətə çatdırılır ki,
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyul 2015-ci il tarixli Sərəncamı
ilə "Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200
illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər
Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq Naxçıvan şəhərində
"Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumun keçirilməsi, professor Səfərəli
Babayevin "Naxçıvanda "Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyasının yenidən
nəşr olunması, ""Kitabi-Dədə Qorqud” və Naxçıvan” televiziya filminin
hazırlanması, bu mövzuda açıq dərslərin, dəyirmi masaların, kütləvi informasiya
vasitələrində verilişlərin və qəzet materiallarının hazırlanması təşkil edilib.
Yazıda "Kitabi-Dədə
Qorqud” dastanlarının Naxçıvanla bağlılığından bəhs edilib, dastanda baş verən hadisələrin, bir sıra
boylarda adı çəkilən Qaraçuq, Əlincə qalası, Dərəşam, Şərur (Şəruk) kimi
coğrafi adların Naxçıvan ərazisində olduğu bildirilir. Qeyd olunur ki, Naxçıvan
ərazisində "Kitabi-Dədə Qorqud” dastanında ifadə olunan çoxsaylı yer-yurd
adlarının qeydə alınması bu regionun qədim Oğuz yurdu, Azərbaycan torpağı
olduğunu təsdiqləyir. Göstərilir ki, Naxçıvan diyarı "Kitabi-Dədə
Qorqud” dastanında baş vermiş hadisələrin coğrafiyasında mühüm rol oynamış,
dastandakı etnoqrafik materialların böyük əksəriyyəti Naxçıvan ərazisində
yaşayan Azərbaycan türklərinin məişətində, mədəniyyətində, təsərrüfat həyatında,
dini inanclarında, deyim tərzlərində və başqa sahələrdə işlədilən etnoqrafik
materiallarla üst-üstə düşür.
