• cümə, 19 Aprel, 22:47
  • Baku Bakı 24°C

Dəbə uyğunlaşmaq, yoxsa yaraşanı geyinmək? - Polemika

29.05.17 11:00 5682
Dəbə uyğunlaşmaq, yoxsa yaraşanı geyinmək? - Polemika

Geyimimiz bizim xarici görünüşümüzdə, yaratdığımız obrazda böyük rol oynayır. Geyim insanın xarakterinin, əhval-ruhiyyəsinin bəlkə də ən əsas göstəricisidir. Bu dəfə gənclərimizlə modanı izləyib-izləmədikləri, paltar seçərkən nələrə önəm verdikləri, kiminsə məsləhətinə qulaq asıb-asmadıqları və ən əsası "modaya, yoxsa əyinə uyğun geyinirsiniz?” sualları ətrafında söhbət etdik.

"İnsanların geyimimdən müsbət enerji almasını xoşlayıram”

Mehriban Mürsəlova– tələbə


Mehriban deyir ki, paltar seçərkən həmin günün əhval-ruhiyyəsi çox önəmlidir. "Əsas diqqət etdiyim nüanslardan biri də rənglərin uyğunluğudur. Geyindiyim paltarın içində ilk olaraq özümü rahat hiss etməliyəm. Əgər qiyafəm narahat yeriməyimə və özümü narahat hiss etməyimə səbəb olarsa, bu, artıq mənim üçün problemdir. İnsanların mənə verdiyi enerjiyə də diqqət etdiyimdən, mənim də onlara necə enerji verdiyim önəmlidir. Yolda, ictimai nəqliyyatda insanların üzünə baxanda təbəssüm görmək olmur. Hər kəs yorğun, sərt mimikada və qara tonların üstünlük təşkil etdiyi geyimlərdə olur. Mən isə ürəkaçan geyinmək, əlvan tonlardan istifadə etmək istəyirəm. İnsanların məndən müsbət enerji almalarını, onların motivasiya mənbəyi olmağı xoşlayıram. Rəng baxımından isə xüsusi bir seçimim yoxdur. Ağ, qara əlbəttə, ilk adı çəkiləcək rənglərdir. Çəhrayı, qızılı, narıncı, yaşıl, mavi və digər rənglər də seçimlərim sırasındadır”.
Həmsöhbətimizdən hansı stildə geyindiyini və stilini tamamlamaq üçün aksessuarlardan istifadə edib-etmədiyini öyrəndik: "Özümə ən çox yaraşan, həm də daha rahat hiss etdiyim iki stilin qarışığıdır. Məsələn, donla ket ola bilər. Aksessuara gəlincə, bu, məncə, geyimi tamamlayan, həm də cəlbedici göstərən ən əlverişli variantdır. Paltara aidiyyəti olmayan bir rəngdən istifadə etmək, üstəlik, son illərdə partlaq (neon, çağıran) sayılan rənglər geyim tərzimizdə xüsusi maraq yaradır. Bu ya sırğa, çanta, ya da sadə geyimin altına fərqli tonda ayaqqabı ola bilər”.
Mehriban deyir ki, xüsusi olaraq seçdiyi brend və ya mağaza yoxdur. İstənilən yerdən geyim ala bilər. Təki xoşuna gəlsin və ona yaraşan olsun. Seçim edərkən isə heç kimin fikrini almır: "Nə yalan deyim, kiminsə izləyicisi deyiləm. Sosial şəbəkədə xarici modelyerlərin səhifələri var. Onlara da təsadüfən, qarşıma çıxdıqca baxıram. Geyim seçərkən heç kimin fikrini almıram. Fərqli rənglərdən istifadə etməyi sevirəm. Gödəkcə, ayaqqabı və s. alıb evə gələndə anam heç bəyənmir. "Bu nə rəngdir”, - deyir. Amma mənim bu cür seçimlərimə artıq öyrəşiblər. Bəzən heç kimin bəyənmədiyi bir şeyi geyinəndə sonradan ətrafımdakılar da bəyənməyə başlayırlar. Ona görə də əsas öz fikrim, istəyimdir”.
Müsahibimizdən dəbə önəm verib-vermədiyini də soruşduq: "Həm dəbə uyğun, həm də bədənimə yaraşanı seçirəm. İndiki dövrdə sırf dəbdir deyə, yaraşmasa belə, həmin paltarı geyinənlər var. Şəxsən çəkisi çox olanların cırıq şalvar həvəsi mənə qəribə gəlir. O tip şalvarları, dəb olsa belə, sevmirəm. Məncə, dəb, sənə yaraşanı geyinməkdir”.

"Dəblə geyinməyi sevmirəm”

Əyyub Ağayev - tələbə

Əyyub deyir ki, geyimini gedəcəyi yerə və xüsusilə də, fəsillərə uyğun seçir. O, düşünür ki, istər paltar, istərsə ayaqqabı, insanın gün ərzində rahat olmasına şərait yaradır: "Ayaqqabı alarkən daha çox materialına və rahatlığına xüsusi önəm verirəm. Çünki bəzi ayaqqabıları uzun müddət geyindikdə ayaqdan qoxu gəlməyə başlayır. Bu isə insanı narahat edəcək ilk amillərdən biridir. Həmçinin, bayaq da dediyim kimi, ayaqqabı rahat olmalıdır. Əgər o, ayağı sıxarsa, ya da başqa bir nüans olarsa, bu zaman insan əsəbi olur. Bu da gün ərzində əhval-ruhiyyəyə pis təsir edir. Bu səbəbdən istər paltar, istər ayaqqabı olsun, onu geyinərkən insan rahat olmalıdır. Bundan başqa, nəsə alarkən qiymətinə, keyfiyyətinə və sadə olmasına, yəni çox da bəzəkli olmamağına fikir verirəm. Mən sadə geyimlərə üstünlük verən biriyəm. Paltarın önündə markanı göstərən bir emblem oldu, kifayətdir. Rənglərdən isə tünd göy, zoğalı, qara, çəhrayı, ağ və süd rəngləri sevirəm. Aksessuar olaraq saatdan istifadə edirəm. Oğlanlar üçün olan digər aksessuarlara elə də üstünlük vermirəm”.
Müsahibimizdən yerli və xarici modellərdən hansına üstünlük verdiyini, hansı tanınmışın stilini bəyəndiyini və paltar alarkən kimdən məsləhət aldığını soruşduq. Bildirdi ki, yerli tanınmışlardan geyim tərzini bəyənib, izlədiyi biri yoxdur. Amma qardaş ölkə Türkiyədə bəyəndiyi bəzi aktyorlar var: "Kənan İmirzalıoğlunun və Burak Özçevitin seçimlərini bəyənirəm və onları sosial mediada da izləyirəm. Bunu da qeyd edim ki, Burak Özçevitin saç düzümünü də bəyənirəm. Düşünürəm ki, hər iki tanınmış aktyor çox zövqlə geyinir. Sadə geyinsələr də, brend geyimlərə üstünlük verirlər. Məsləhət məsələsinə gəlincə, əgər paltar alarkən yanımda kimsə varsa, fikirlərini soruşuram, amma ən çox öz xoşuma gələni alıram. Çünki başqasının məsləhəti ilə nəsə alanda, xırda detal belə xoşuma gəlməsə, tez bezirəm, o paltarı geyinmirəm. Ona görə də, çox vaxt öz istədiyimi alıram”.
Əyyubdan dəbə uyğun, yoxsa əyninə yaraşana üstünlük verdiyini də xəbər aldıq: "Yox, demək olar, dəblə geyinməyi sevmirəm. Çünki nə qədər brend malı xoşlasam da, köhnə fikirli biriyəm. Bir ara cırıq şalvarlar dəb olmuşdu. Düzdür, indi də geyinənlər var. Amma bir müddət əvvəl daha çox geyilirdi. Mənim heç xoşum gəlmirdi. Açığı, mənə yaraşmadığını düşünürdüm. Yaraşmadığını düşündüyüm bir paltarı geyinəndə isə elə hiss eləyirəm ki, bədənimə qaşınma düşüb”.

"Məncə, əsas zövqlə, yaraşanı geyinməkdir”
Arzu Əzizova - jurnalist

Arzu adətən, dəblə geyinmədiyini, amma arada dəbə uyğunlaşmağa çalışdığını deyir: "Məsələn, hansısa bir paltar, don, şalvar, kofta görəndə və ya alanda, artıq bilirəm ki, onu hansı geyimimlə uyğunlaşdıracağam. Yəni sırf modaya uyğun seçim etmirəm. Amma çalışıram ki, təzə, dəbdə olan nəsə varsa, ona diqqət yetirim”.
Arzu deyir ki, paltarı seçərkən əsas ona yaraşıb-yaraşmadığına fikirverir: "Geyim alarkən çox vaxt artıq onun obrazını beynimdə yaradıram. Yəni düşünürəm ki, bunu hansı ayaqqabımla, çantamla, ya da hər hansısa bir aksessuarımla uyğunlaşdıra bilərəm. Başıma belə bir hadisə də gəlib ki, dəbdədir deyə, bir paltarı almışam. Amma sonradan nəsə xoş gəlməyib deyə, necə almışamsa, elə də asılqanda qalıb. Seçim edərkən çalışıram daha parlaq rənglərə üstünlük verim. Bu, daha çox əhval-ruhiyyəmdən də asılı olur. Ən çox göy rəngi sevirəm. Deyilənə görə, göy aristokratiyanın rəngidir. Məsləhətə gəlincə, anamı dinləyirəm. Onun zövqünə tam güvənirəm. Hətta deyərdim ki, anam çox zövqlü qadındır.
Arzu üçün əsas olan geyimin ona yaraşmasıdır. "Mənim üçün fərqi yoxdur, dəbdədir, ya yox. Ola bilər, dəbdə olan bir paltar xoşuma gəlməz, onu özümə yaraşdırmaram və ya əksinə, dəbdən düşmüş geyimi çox bəyənərək geyinərəm. Məncə, əsas zövqlə, yaraşanı geyinməkdir”.
Günel AZADƏ
banner

Oxşar Xəbərlər