• şənbə, 18 May, 13:29
  • Baku Bakı 19°C

Daxili yenilənmə ayı - Ramazan

25.03.23 14:15 479
Daxili yenilənmə ayı - Ramazan

“Ey iman edənlər! Allaha qarşı gəlməkdən çəkinməniz və təqvaya çatmanız üçün oruc sizdən əvvəlkilərə fərz olduğu kimi, sizə də fərz edildi …" (Bəqərə: 183-184)

Mübarək Ramazan ayıdır, bütün dünya müsəlmanları bu ayda oruc tutur, dini ibadətlərini həyata keçirirlər. Yuxarıda gətirdiyimiz ayənin həqiqətini anlamaq üçün tarixdə bilinən bütün dinlərə baxmaq kifayətdir ki, onların hamısında bu ibadət formasının olduğunu görə bilək. İnduizmdə də, buddizmdə də, konfutsiçilikdə də, zərdüştlükdə də, iudaizmdə də, xristianlıqda da,.. möminlər oruc tutar və təmizlənərlər. Fərqlər yalnız bu orucun şərtləri ilə bağlıdır.

Bu sözləri Azərbaycan İlahiyyat İnstitutunun müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Müşfiq Şükürov söyləyib.

M.Şükürov bildirib ki, maarifçilik dövründə formalaşan insan konsepsiyasına görə insanın mənəvi inkişafı onun intellektual sferasındakı hərəkətliliklə bağlıdır. Yəni, insan dəyişmək, daha yaxşı insan olmaq istəyirsə, savadlanmalı, yaddaşına çoxlu biliklər toplamalıdır. Minillik mənəviyyat məktəbləri yaratmış Şərq dinlərinin, o cümlədən İslamın yanaşması fərqlidir. “Homo Sapiens”in mənəvi insana çevrilməsi üçün təkcə intellektual çabalar yetərli deyildir. İnsan əməlləri, sözləri və hətta psixologiyası və fiziologiyası ilə Allaha doğru can atmalıdır. Yalnız belə bir bütövlükdə və vəhdətdə bu yol keçilə bilər. Bu üzdən, möminlər Quran oxumaqla yanaşı, namaz qılar, xeyir əməllərdə bulunar, doğru, xeyirli sözlər söyləyər və oruc tutarlar. Bədənin zəkatını verər, psixofizioloji planda da təmizlənər, yenilənərlər. Bu baxımdan, orucun faydalarını idrakla əhatə etmək və sözlərdə ifadə etməyin də obyektiv çətinlikləri vardır. “Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” (Bəqərə 184) sözləri boşuna deyilməmişdir insanlara.

“İnsanı onun rutin halından çıxaran, bədəni yeni rejimə salan oruc insanın qavrayışında spesifik bir həssaslığın yaranmasına səbəb olur ki, bu da təməl dini həqiqətlərin dərk olunmasını təmin edir. Bilənlər bilir ki, insanın dərk imkanları onun qavrayışının halından asılıdır. Dərk etmək bu və ya digər həqiqətin səsləndirilməsi və ya oxunması, hətta yaddaşda həkk olunması da deyildir. Dərk etmək – həqiqətin həm idraki, həm də emosional planda qavranılması, yaşanması deməkdir. Yalnız bu səviyyədə həqiqət insanı transformasiya etmək, onu dəyişdirmək gücünə malik olur. Digər hallarda o, yaddaşın bir elementi olaraq fiksasiya edilir. “Əgər onlardan: “Göyləri və yeri yaradan, Günəşi və Ayı ram edən kimdir?” - deyə soruşsan, onlar: “Allah!” - deyərlər. Bəs onlar necə olub (haqdan) döndərilirlər?!” (Ənkəbut, 29) Çünki bu həqiqəti layiqincə qavramayıblar. Allah haqqında həqiqət sadəcə bir sözdür onların ağlında. Bu səviyyədə dərk onları dəyişdirmir. Sadəcə, libaslarını və zahiri davranışlarını dəyişdirərlər belələri”, - deyə Müşfiq Şükürov bildirib.

O qeyd edib ki, oruc daxili dəyişim ayıdır. Təsadüfi deyildir ki, orucluğun ən gözəl ibadətlərindən biri də ay boyunca Quran oxumaqdır. Bütün dünya müsəlmanları ilə yanaşı, Azərbaycan möminləri də bu yenilənmə layihəsini Ramazan ayında həm bayram edir, Allaha bu böyük nemət üçün şükranlıqlarını bildirir, həm də bu layihəni bilavasitə gerçəkləşdirirlər. (Azərtac)

banner

Oxşar Xəbərlər