• cümə axşamı, 28 mart, 16:16
  • Baku Bakı 16°C

Davos Forumu çox effektli meydançadır

22.01.20 19:07 9983
Davos Forumu çox effektli meydançadır
Azərbaycan burada aparılan müzakirələrə öz mövqeyinin, baxışlarının dünyaya çatdırması üçün geniş imkanlara malik platforma kimi yanaşır
Hər ilin ilk ayının üçüncü ongünlüyündə İsveçrədə keçirilən Davos Dünya İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını, ictimai təşkilatları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir. Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə geniş imkan verir. Forum Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır. Prezident İlham Əliyev 2007-ci ildən başlayaraq Davosda Forumun İllik Toplantısına qatılır, Azərbaycan reallıqlarını dünyaya təqdim edir. Bu dəfə də dövlət başçısının Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. O, yanvarın 20-də Davosda "VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostin, "Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteyn, "CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerlə, yanvarın 21-də "Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees’t Hart, "Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, Xorvatiyanın Baş Naziri Andrey Plenkoviç, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, Rusiyanın "LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov, Pakistanın Baş Naziri İmran Xan, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb.
Bununla yanaşı, Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya üçün yeni baxış - dayanıqlı inkişaf üçün tərəfdaşlıq” mövzusunda iclasda iştirak edib. İclasda Avrasiyada ölkələrarası əməkdaşlıq məsələsi müzakirə olunub. Həmçinin ticarət, energetika, nəqliyyat sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, dördüncü sənaye inqilabının region üçün əhəmiyyəti vurğulanıb. Yanvarın 22-də isə Prezident İlham Əliyev "SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamusla, Polşa Prezidenti Andjey Duda, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşüb.
Dövlət başçısının Davos səfəri, keçirdiyi görüşlər barədə fikirlərini "Kaspi”yə bölüşən politoloq Nəzakət Məmmədova bildirib ki, Davos Forumu dünya miqyasında əhəmiyyətli qlobal bir görüşdür. Onun sözlərinə görə, bu Forum dünya ölkələrinin iqtisadi yol xəritəsini müəyyən edir: "Azərbaycan Prezidenti İlham Əliyevin Davos Forumunda iştirakı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Dövlət başçısı ilə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında ötən il imzalanmış memorandumun davamı kimi imzalanmış niyyət protokolunun əhəmiyyəti qeyd edilə bilər. Sənədə əsasən, Forumun ölkəmizdə regional mərkəz yaradacaq. Bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir. Davos Forumu ilə bu mühüm sənədi imzalayan ilk ölkələr arasındayıq. Neft İxrac edən Ölkələr Təşkilatının baş katibi, Pakistan İslam Respublikasının Baş Naziri, Xorvatiyanın Baş Naziri ilə görüşlərdə mühüm məsələlər müzakirə olunub, o cümlədən enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, Davos görüşü hər zaman olduğu kimi, bu dəfə də mühüm əhəmiyyətə malikdir”.
Politoloq Elxan Şahinoğlu bildirib ki, hər il olduğu kimi, Davosda iqtisadi forum öz işinə başlayıb, müxtəlif dövlətlərin liderləri, nazirlər, siyasi və iqtisadi ekspertlər, o cümlədən dünyanın aparıcı şirkətlərinin rəhbərləri İsveçrənin kurort şəhərinə toplaşıb. Siyasi şərhçi deyib ki, Davosda əsas müzakirə mövzusu dünyadakı iqtisadi vəziyyət və yeni layihələrdir: "Forum öncəsi ABŞ-la Çin arasında ticarət anlaşmasının imzalanması dünya dövlətlərini bir az rahatladı. Çünki, iki böyük dövlət arasında ticarət müharibəsindən çoxları əziyyət çəkirdi. Buna baxmayaraq, Davosda bir qrup iqtisadi ekspertin dünyanı gözləyən növbəti iqtisadi böhran haqqında xəbərdarlıqları da müzakirə olunur. Davosda siyasi proseslər, regional münaqişələr və onların həlli yolları barədə də fikir mübadiləsi aparılır, bu mövzuda panellər keçirilir. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dəvət olunmasına baxmayaraq, Davosa getməkdən imtina edib. Çünki, Avropanın 3 aparıcı dövləti – Böyük Britaniya, Fransa və Almaniya uranı yenidən zənginləşdirməyə başladığına görə İrana qarşı sanksiyalar haqqında düşünürlər. Belə olan halda Zərif Davosda nə danışa bilərdi? Azərbaycan Prezidenti İlham Əliyevin isə hər il olduğu kimi İsveçrəyə səfərə gedib Davos Forumunda iştirak edib, müzakirələrə qatılıb”.
Politoloq Fikrət Sadıxov da hesab edir ki, Davos Forumu çox effektli bir meydançadır. Onun sözlərinə görə, bu meydançada bir çox siyasətçilər, dövlət başçıları, diplomatlar, ictimai xadimlər, biznesmenlər iştirak edir, iqtisadi, siyasi baxımdan aktual məsələlər müzakirə olunur: "Bu müzakirələrin yekunu olaraq, hətta tərəflər arasında mühüm əhəmiyyət kəsb edən sazişlər də imzalanır. Prezident İlham Əliyevin İsveçrəyə səfərə getməsi, Davos Forumunda iştirak etməsi artıq ənənə halını alıb. İllərdir ki, dövlət başçısı bu cür mühüm beynəlxalq Forumda iştirakçı olur, Azərbaycanın əldə etdiyi uğurlar, qarşıda duran vəzifələr, sahibkarlar üçün yaradılan şərait, sərmayə cəlbi barədə reallıqları dünyaya çatdırır. Azərbaycan Prezidentinin Forumdakı çıxışları, xarici televiziyalara verdiyi müsahibələr buna əyani misaldır. Davos Forumu Azərbaycanın öz mövqeyini, baxışlarını çatdırması üçün mühüm, geniş imkanlara malik platformadır. Bu dəfə Davosda Avrasiyanın strateji gələcəyi ilə bağlı müzakirələr aparılıb. Azərbaycan Prezidenti müzakirələrdə ölkəmizdə keçirilən parlament seçkiləri ilə əlaqədar bir sıra mühüm məqamlara, o cümlədən budəfəki seçkinin məqsədinə, milli maraqlara xidmət edən xarici və daxili siyasətimizə, həyata keçirilən islahatlara diqqət çəkib, gələcəklə bağlı planlardan, gözləntilərdən söhbət açıb. Belə görüşlər, müzakirələr Azərbaycanın maraqlarına tam cavab verir, beynəlxalq ictimaiyyətdə ölkəmizin nüfuzunu artırır”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər