Daş üzərində sənət yaradan qız- Peşə
"İşimi bitirəndən
sonra ona həm də müştərinin, hədiyyəni alacaq adamın gözü ilə baxıram. Bəzən iş
tam hazır olanda özümə sual vermişəm ki, mənə belə hədiyyə versələr, xoşuma gələr?
Sualdan sonra düşünmüşəm ki, bunu daha gözəl edə bilərdim. Təzədən başqasını
işləyib müştəriyə təqdim etmişəm. Düzdür, bu, nadir hallarda olur, amma yenə də
yaxşı olmayan işi müştəriyə təqdim etmək ürəyimdən gəlmir”. Bu sözləri bizimlə
söhbətində ovuc içi boyda daş üzərində sənəti ilə böyük xatirələr canlandıran
Gülnar Babayeva söylədi. O işlərini "İnstaqram”da "Stone arte” səhifəsində
paylaşır.
21 yaşlı Gülnar əsasən,
daş üzərində rəsm çəkir. Amma geyimlər, çantalar üzərində rəsmləri də az deyil.
O, ilk olaraq sadəcə, maraq üçün bunu sosial şəbəkədə paylaşıb, lakin sonra
sifarişlər gəlməyə başlayıb və bu da onu, işi daha da təkmilləşdirməyə həvəsləndirib:
"Hələ əvvəllər "İnstaqram”da bir səhifə açdım, filmlərlə bağlı paylaşımlar
edirdim. Arada özüm üçün daşlar üzərində rəsmlər çəkirdim. Səhifəni yaradandan
sonra fikirləşdim ki, daş üzərində həmin filmlərin afişalarını çəkib paylaşım.
Fərqlilik üçün belə etdim. Amma heç bir ay keçmədən daş üzərində rəsm çəkməklə
bağlı sifarişlər gəldi. Sifarişlər olduqca, bu sahədə insanların maraq dairəsini
araşdırdım. Gördüm ki, maraq göstərənlərin böyük qismi gənclərdir, onların
maraq dairəsinə uyğun istiqamətdə işləməyə başladım. Özümü təkcə daşlarla da məhdudlaşdırmıram,
geyimlərin, çantaların üzərinə də çəkirəm. Daha çox hədiyyəlik yöndə işlər
hazırlayıram. Səhifəm də bu istiqamətdədir”.
"Ad seçimi üçün çox
da baş sındırmadıq”
Sifarişlər
artdığında, səhifənin adını dəyişir: "Əvvəllər, filmlərlə bağlı idi, amma bu
sahəyə yönələndən sonra artıq daşla bağlı bir ad seçməli idim. Düzü, ad seçimi
üçün çox da baş sındırmadıq. "Daş sənəti”ni ingilis dilində "Stone arte”
yazdıq”.
Müsahibimiz
deyir ki, əsas rəssamlıq bacarığının olmasıdır, bu, varsa, daş, kağız, taxta və
s. əşyalar üzərində çəkmək mümkündür: "Uşaq vaxtlarımdan bəri rəsm çəkdiyimi
deyə bilmərəm, amma rəsmə marağım olub, ara-sıra çəkmişəm. Kurslara da getmişəm,
lakin uzunmüddətli olmayıb, daha çox üzərimdə işləməklə özümü təkmilləşdirmişəm.
Bu işdə isə internet köməyimə çatıb. Videolara baxırdım, ordan öyrəndiklərimi tətbiq
edirdim. Daş üzərində çəkməyi də internetdə görmüşdüm, maraqlı gəldi və mən də
buna yönəldim. Ümumiyyətlə, bacarığın olandan sonra rəsmi taxta, yarpaq üzərində
də çəkmək olur. Daş üzərində gördüyüm daha çox diqqətimi çəkdi deyə, bunu
etdim”.
"Müştəriyə "mən bunu çəkə bilmirəm” dedim”
Daş üzərində rəsm
çəkmək isə heç də asan deyilmiş: "Bu, kağız üzərində işləməkdən daha çətindir. Əsasən
də, insan üzünü işləmək. Hətta o sifarişləri artıq qəbul etmirəm. İlk
başlayanda çətinliyim çox idi. Çünki çox da məlumatlı deyildim. Məsələn, yağlı
boyadan istifadə edirdim, gec quruyurdu, sifarişləri gec çatdırırdım. Lakin
sonra gördüm ki, akril boya daş üzərində daha yaxşıdır. Təcrübə artdıqca, iş də
təkmilləşir”.
Gülnar daş üzərində
portret çəkməkdən imtina etməsinin səbəbindən də danışdı: "Portretlər böyük kətan
üzərinə çəkiləndə daha yaxşı olur. Daş xırda olduğu üçün bir santimetrin üstündə
insan üzü çəkməlisən. Üzü daş üzərində çəkmək çox vaxt alır, 2-3 gün gedir. Ona
görə, belə sifarişləri qəbul etmirəm. Düzdür, çəkirəm, alınmayanda yenə cəhd
edirəm. Amma bir dəfə heç alınmadı, müştəriyə "mən bunu çəkə bilmirəm” dedim.
Portret sifarişi idi. İnsanlar belə məqamda bəzən anlayışla qarşılayırlar, bəzən
yox”.
"Bəzən müştərilərin gösəl fantaziyaları olur”
Müsahibimizə işləri
ilə bağlı ən çox verilən sualı biz də ünvanladıq: "Bunlar adi daşlardır? Hər
hansı özəlliyi varmı?” O da gülə-gülə cavabladı: "Adi daşlardır. Əsasən, çay
daşları seçirəm. Belə xüsusi özəlliyi olmur, hamar olsa, yetər. Əl içi boyda
daşları seçib üzərində işləyirəm”.
Gülnar işə ilk
başladığında "Daşı kimdir alan” tipli sualları ona ünvanlayanlardan da danışdı:
"İlk dəfə belə bir işlə məşğul olduğumu eşidənlər "daşa pulu kim verər?”
deyirdilər. Hələ də belə fikirləri səsləndirənlər var. Hətta əvvəl anam da "boş
işlərlə məşğul olma, dərslərinə fikir ver” deyirdi. Amma zaman keçdikcə o da bu
işi qəbul etdi. Mən dərslərimə ayıracağım zamanı kəsib bu işə vermirəm”.
Bir az qəribə gəlsə
də, Gülnar kaprizli müştərilərlə işləməyi sevir. Deyir ki, bu zaman daha gözəl
iş ortaya çıxır: "Bəzən müştərilərin gözəl fantaziyaları olur. Təxminən, istədiyi
bir rəsmi izah edir. Məsələn, deyir ki, belə bir mənzərə olsun, günəş çıxsın və
s. Artıq onu sənət formasında işləyib təqdim etmək mənim üzərimə düşür. O, sadəcə,
ideya verir. Belə işlərdə düzü, çox çətinlik çəkirəm. Amma ən çox sevdiyim də
kaprizli müştərilərdir. İdeyanı verirlər, mən isə öz fantaziyamı ora qatıram.
Bir müştərim var idi, ən xırda detala qədər üstünə düşürdü. Düzdür, müştəri çox
kaprizli olanda adama iş daha çox əziyyət verir, amma nəticədə o işlərdən zövq
alıram”.
"Reklam da gözəl olmalıdır”
Müsahibimiz
İqtisad Universitetində biznes və menecment fakültəsində kommersiya ixtisası
üzrə 4-cü kursda təhsil alır. Deyir ki, universitetdə öyrəndikləri, bu işi idarə
etməkdə, reklamını aparmaqda ona çox kömək olur: "Biznes menecmenti üzrə təhsil
alıram. Universitetdə reklam dərsi keçirik. Artıq bilirəm ki, məhsulu
hazırlamaqla yanaşı, həm də yaxşı reklam etməyi bacarmalısan. Məsələn, daşın üzərində
rəsm çəkirəm. Onun şəklini tək də səhifəyə yerləşdirə bilərəm. Amma yanına
başqa nələrsə qoyuram, effekt verirəm. Rəsmdən çox, onun təqdimatı üzərində işləməyə
vaxt sərf edirəm. İnsanların diqqətini çəkmək üçün reklam da yaxşı olmalıdır”.
Əgər iş böyüsə, ətrafına
cəlb edəcəyi adamlar da var: "Bir qrup yoldaşım var, o da bu cəhətdən
bacarıqlıdır. Hətta bir ara işi bir yerdə aparmağa cəhd etdik. Amma dərslərlə
bir yerdə etmək alınmadı. Ancaq gələcəkdə bu işi daha da böyüdə bilsəm,
sifarişləri tək çatdırmağım mümkün olmaz. Böyütmək fikrim olsa, başqa adamlar
da cəlb edəcəyəm”.
"Bəzən bir müddət heç sifariş olmayıb”
İki ilə yaxındır
ki, artıq bu işi davam etdirir. Deyir ki, sifariş gəlməyən dövrlər də az
olmayıb: "2017-ci ilin may ayında səhifəni açıb işə başlamışam. Bəzən bir müddət
heç sifariş olmayıb. Əvvəllər daha çox ayda bir dəfə sifariş gəlirdi. 7 aya
yaxındır ki, hər həftə bir neçə sifariş olur. Bayram ərəfələrində tələb daha
çox olur. Sifariş olmayan zamanlarda isə özüm müxtəlif işlərimi çəkib
paylaşıram, boş qalmıram. Kətan üzərində də çəkirəm, onları satmıram, evdən
asıram, səhifədə paylaşıram”.
Hər iş kimi,
bunun da yorucu tərəfləri var. Amma müsahibimiz işinin bu tərəfindən heç də
narazı deyil: "Düzdür, bəzən yoruluram, amma çox da yox. Mənim işimin saatı
özümdən asılıdır. İstədiyim vaxt işləyirəm. Müştəriyə təhvil vermək zamanına az
qalanda çox işləyirəm. Çünki vaxtında təhvil verilməlidir. Hədiyyəlik olduğu
üçün insanlar özəl günlərdə sifariş edirlər. Özəl günə də çatdırmaq lazımdır.
3-4 gün əvvəldən götürəndə daha rahat oluram. Amma bir gün əvvəldən də
götürdüyüm olub. Vaxtımın olmasına baxır”.
Gülnar bu sahədə
öz brendini formalaşdırmaq haqqında da düşünür, amma bunun üçün hələ ki, tez
olduğu qənaətindədir: "Universitetdə bizə brend yaratmaq istiqamətində də təhsil
verilir. Bu yöndə dərs keçdikcə "Stone arte” markası yaratmaq fikrinə düşürəm.
Amma bu, indi olacaq iş deyil. Belə şeylər işin necə irəliləməsindən asılıdır.
İşlərin necə gedəcəyini isə zaman göstərəcək”.