Koronavirusa
yoluxmuş Əməkdar artist Sərvər Əliyev: "Bu
xəstəlik var, özü də bir bəladır”
Koronavirusla mübarizə, karantin tədbirləri,
insanların bir qisminin xəstəliklə ölüm-dirim mübarizəsi aparması dünya tarixində
yeni bir səhifədir. Maraqlıdır ki, buna inanmayanlar da var. Hətta tez-tez
"niyə bizim ətrafımızdan heç kim bu virusa yoluxmur?” deyənləri də görürük. Ölkəmizdə
karantin tədbirləri yumşaldıldıqdan sonra son günlər yoluxanların sayı
artmaqdadır. Onların arasında
yaradıcılıqla məşğul olan sənət adamları da var. Müsahibimiz də zamanında
koronovirusun varlığına inanmayanlardan idi...
Əməkdar artist, İrəvan Dövlət Azərbaycan
Dram Teatrının baş rejissoru Sərvər Əliyev başına gələnlər, koronavirusa necə yoluxması
barədə suallarımızı cavablandırdı.
- Deyəsən, əvvəllər koronavirusun varlığına şübhə
ilə yanaşırdınız...
- Səmimi
desəm, bəli. Şübhə ilə yanaşmağıma baxmayaraq, özümü təcrid etmişdim. Evdən çölə
çıxmırdıq, ehtiyac olmadıqca başqa yerə getmirdik. Marketə gedəndə belə spirtlə,
əlcəklə, ağızlıqla gedirdik. Özümüzü çox güclü şəkildə qoruyurduq. Karantin qaydaları
yumşaldıqdan sonra biz də bir az bu nizam-intizamı yumşaltdıq. Yenə də
qaydalara riayət edirdik. 2 ay evdə gərgin karantin qaydalarına əməl etdikdən
sonra banka getməli oldum. O gün evdən çıxdım və gördüyüm mənzərə heç də xoş
deyildi. Belə ki, bankların qarşısında insanlar toplaşmışdı. Bu insanlar
arasında sosial məsafə qorunmurdu, heç bir qayda-qanuna riayət olunmurdu. İnsanlar
tıncıxır, maskanı ağzından çıxarırdı... Biri deyirdi "mən xəstəyəm, buraxın gedim”,
o biri deyirdi "özümü yaxşı hiss etmirəm, getməliyəm” və sair. Mənə elə gəlir ki,
bu virusa elə bankda yoluxdum. Əvvəllər polislər bu işlərə nəzarət edirdi. Amma
gün keçdikcə insanların hövsələsi daralır və bu qayda-qanunlara riayət olunmur.
Mən banka elə bir vaxtda getmişdim ki, insanlara sosial kartlar verilirdi. Buna
görə də bankın qarşısında böyük bir növbə düzülmüşdü.
- Nədənsə biz filmlərdən, sosial şəbəkələrdən,
mətbuatdan belə xəbərlər alanda, elə düşünürük ki, bizim başımıza belə hadisə gələ
bilməz.
- Mən
özümü qoruyurdum. Ancaq dırnaqarası baxırdım. Hesab edirdim ki, bu da qripin bir
növüdür. Bu virusla bağlı bir çox materialları izlədim. Ancaq oxuduqlarımdan yola
çıxaraq içimdə bir inamsızlıq vardı. Bu qədər ciddi olduğunu düşünmürdüm. Mənim
böyük qızım hara getməyindən asılı olmayaraq, əlini-üzünü spirtləyirdi. Evdə bütün
qaydalara güclü riayət olunurdu.
- Həkimlər sizin sağlamlığınızla bağlı nələr
deyirlər?
- Əsas
təhlükə sovuşdu. Oksigenim çatmırdı və bunun üçün məni bir neçə gün reanimasiyada
saxladılar. Aparata qoşdular. Allah həkimlərimizdən razı olsun. Mən burda həkimlərin
vəziyyətini görüb, insanlardan xahiş edirəm ki, heç olmasa, onların əziyyəti xatirinə
özlərini qorusunlar. 3 aydır bu həkimlər ailələrini görmürlər. Hər səhər avtobus
onları otelə aparır, ordan da xəstəxanaya gətirirlər. Özü də qalın kombinezonda,
saçlarından tutmuş, ayaqlarına qədər tərin-suyun içində bizə qulluq edirlər. Təsəvvür
edin ki, o paltarlarda bizə sistem qoşur, iynə vururlar. Vəziyyət göründüyündən
də çətindir. Həkimlərimiz müharibə qanunları ilə işləyirlər. Burdan sizin
vasitənizlə bütün həkimlərə minnətdarlığımı bildirirəm. Hazırda palatadayam, otaqda
təkəm və burdan çıxmağa icazə vermirlər. Özümü qorumalıyam. Hər gün xəstəxanaya
yeni yoluxan insanlar gətirilir. Onların bir-biri ilə əlaqə qurması, münasibət saxlaması
qadağandır. Mən ürək və şəkər xəstəliyindən əziyyət çəkdiyim üçün yenidən o xəstəliyə
yoluxa bilərəm. Ona görə də özümü hər şeydən təcrid etmişəm.
- Yəqin ki, elə bu xəstəliklərə görə də virusa
tez yoluxmusunuz.
- Həkimlər
deyir ki, şəkər, ürək, ağciyər xəstələri və xroniki xəstəliyi olan insanların immuniteti
çox aşağı olduğu üçün onlar tez yoluxurlar. İnsanlar var ki, dözümlüdür, həkimə
belə müraciət etmirlər. O prosesi ev şəraitində keçirə bilirlər. Mən də evdə beş
gün o prosesi keçirdim. Amma gördüm ki, vəziyyətim yaxşılaşmır. Əməkdar artist
Şəfəq Əliyeva da bu virusa yoluxmuşdu və mən ona zəng etdim, gördüm ki, onun dediyi
bütün simptomlar məndə var. Mənə dedi ki, özünü yubanmadan həkimə çatdır. Çünki
mənim ciyərlərimdə artıq pnevmoniya yaranıb. İki gün tez müraciət etsəydim, daha
yaxşı effekt ala bilərdim.
İndi günü-gündən
vəziyyətim yaxşılaşır, artıq qızdırmam yoxdur. 8 gün idi ki, qızdırmam düşmürdü.
Çox şükür, qızdırmam yoxdur, iy bilirəm, dad bilirəm. Virusa yoluxan insan iy, dad
bilmir. Dünən gecə axır ki, yata bilmişəm. Öskürürdüm, yata bilmirdim, danışa bilmirdim.
Danışarkən bir cümləni bitirməyə gücüm çatmırdı. İki gün ölümün düz astanasında
oldum və nəticədə qalib gəldim. Hiss edirdim ki, artıq gedirəm. Son anda
həkimlər məni aparata qoşdular. Karantin günlərində evdə qalmaq daha yaxşı idi,
nəinki gəlib xəstəxanalarda qalmaq. Bu, psixoloji bir travmadır. Burdan çıxandan
sonra, qərara almışam ki, gedib meşələrdə qalım. Ucqar kəndlərdə dincəlmək istəyirəm.
Ehtiyac olmadıqca, evdən çölə çıxmayın. Gedəndə də mütləq maska taxın, sosial məsafəni
saxlayın. Hər kəs daşıyıcı ola bilər. Həkimlər deyir ki, insanlar daşıyıcı olduğundan
xəbərdar olmur.
- Nədənsə sənət adamının yaradıcılığında
qazandığı uğurlardan az danışılır, nəinki şəxsi, belə bir məqamda başına gələn
hadisələrdən.
- Elədir.
Martın 6-da Dağıstan teatr tarixində ilk dəfə Dərbənd Dövlət Dram Teatrında İftixar Piriyevin "Eşqin tikan
dairəsi” əsəri əsasındatamaşa nümayiş etdirdik. Dağıstanın nazir
müavini çıxışında dedi ki, mən neçə illərdir nazir müaviniyəm, ancaq belə mistik,
fəlsəfi tamaşa görməmişdim. Orada iki il ərzində yeddi tamaşa hazırladım, bu tamaşalara
sosial şəbəkələrdə elə də reaksiya verən olmadı. Adi bir şəkil qoyanda, daha çox
reaksiya verilir, nəinki yaradıcılıqla bağlı nəsə paylaşanda. Bu virusa yoluxandan
sonra telefonlarım dayanmır, məni axtarır, araşdırır, maraqlanırlar. Media nümayəndələri
mənimlə maraqlanır, hər birinə təşəkkür edirəm. Çox istəyərdim ki, yaradıcı insanın
yaradıcılığı ilə maraqlansınlar. Düzdür, cansağlığı həyatda hər şeydən üstündür.
Sənət adamı üçün ən sevindirici hal onun yaradıcılığına verilən dəyərdir. Onun yaradıcılığının
işıqlandırılması daha xoş olardı. Ancaq dar günündə insanın yanında olmaq, ona dəstək
olmaq da gözəl hisslərdir. Buna görə də hər kəsə təşəkkürümü bildirirəm.
- Dediniz ki, ölümün astanasından dönmüsünüz.
O an gözünüzün qarşısından nələr gəldi keçdi?
- O anı
sözlə təsəvvür etmək istəmirəm. Sadəcə, həmin an ancaq "ay ana” deyirdim. Anam indi
gecə-gündüz mənim üçün dua edir. 54 yaşım var. İnsan nə qədər yaşlanırsa-yaşlansın,
düşdüyü bütün çətin anlarda, problemlərdə anasını çağırır.
- Karantin günləri bitdikdən sonra koronavirus
pandemiyası ilə bağlı hər hansı bir tamaşa hazırlamağı düşünürsünüzmü?
- Mütləq.
Hansısa roman və ya povesti götürüb, onun üzərində mövzuya tamam başqa cür yanaşacam.
Açığı, bu virusa yoluxmamışdan əvvəl də belə bir şey düşünürdüm. Artıq bu hissləri
yaşadıqdan sonra hesab edirəm ki, daha yaxşı alınacaq. Həkimlərin bu virusa və xəstəliyə
qarşı mübarizəsi, sözün əsl mənasında bir fədakarlıqdır. Təsəvvür edirsinizmi, gənc
həkimlər, tibb bacıları üç aydır övladlarını görmür, bütün günü bizim qulluğumuzdadırlar.
Nə var, nə var, biz maska taxmağı özümüzə rəva bilmirik. Kimsə maska taxmırsa, mütləq
ona reaksiya verilməlidir. İnsanları başqa necə məlumatlandırmaq lazım olduğunu
bilmirəm. Qoy görsünlər ki, insanlar nələr çəkir. Bu xəstəlik var, özü də bir bəladır.
- Bundan sonranı ikinci həyat hesab etmək olarmı?
- Mən
bu hadisələrdən sonra sanki yenidən doğuldum, həyata ikinci dəfə qayıtdım. Bəzən
eşidirdim ki, pandemiyadan sonra yeni dünya olacaq. Mənim həyata baxışım da dəyişib.
Özümə gələndən sonra düşünürəm ki, bu xəstəlikdən yaxa qurtarandan sonra özümü cəmiyyətdə
necə aparacam. Kim maska taxmasa, reaksiya verəcəm. Lazım gəlsə, müvafiq
qurumlara xəbər verəcəm. Bu işə ciddi yanaşmırlar. Bu dəyişiklik
yaradıcılığımda da özünü göstərəcək.
- Bu yaxınlarda dövlət başçısı tərəfindən Prezident
mükafatına layiq görüldünüz. Gözə və nəzərə inanırsınızmı?
- Mən
Ağdamda baş rejissor olanda, prezident məni bu mükafata layiq görmüşdü. O zaman
ürək əməliyyatı keçirdim və aldığım o pulu iynə-dərmana xərclədim. Kənardan
baxıb bəxtəvərlik verənlər çoxdur. Əslində gözə də, nəzərə də inanıram. Nənəm
hər zaman bir şey olanda, üzərlik yandırardı. İnsanların da haqqına girmək
istəmirəm. Heç kimin heç kəsdə gözü yoxdur. Amma kiminsə qəlbindən keçir ki, o
da mükafata layiq görülsün.