• çərşənbə axşamı, 19 mart, 13:37
  • Baku Bakı 8°C

"Danabaşlar" tamaşası Beynəlxalq Muğam Mərkəzində nümayiş olunacaq

02.05.19 13:37 13088
"Danabaşlar" tamaşası Beynəlxalq Muğam Mərkəzində  nümayiş olunacaq
5 may tarixində saat 19.00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Danabaşlar" tamaşası Beynəlxalq Muğam Mərkəzində nümayiş olunacaq. Tamaşada Teatr sənəti fakültəsində Dram teatrı və kino aktyoru ixtisası üzrə təhsil alan III kurs tələbələri çıxış edib.
Tamaşanın quruluşçu rejissoru kurs rəhbəri Əməkdar artist Yaqut Paşazadə, səhnələşdirmənin müəllifi Mir Sahib Ağazadə, kursun səhnə danışığı müəllimi dosent Nadir Hüseynovdur.
Səhnə əsərində Əlirza Kənani (Mirzə/Uçitel), Tunar Əlizadə (Xudayar bəy), Əbülfəz İsgəndərov, Fərid Bağırov (Qazı), Romən Hüseynov (Kefli İsgəndər), Asim Mərdanov (Vəli bəy/Kəblə Mirzalı), Elnur Tağıyev (Vəli bəy/Kəblə Fətəli), Fərid Abbasov (Nəçənnik/Poçtalyon), Aksana İskəndərova (Madmazel/Fatmanisə/Səbzalı), Çimnaz Bağırova (Məmmədhəsənin arvadı/Mustafa), Rəhimə Abdinova (Əhməd/Gülpəri), Səbinə Məmmədova (Şaban nənə/Səkinə) və Ayan Məmmədova (Əsəd) çıxış edir. Janrı "qəmli komediya” kimi təyin olunan "Danabaşlar” tamaşası Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları”, "Danabaş kəndinin məktəbi”, "Poçt qutusu” əsərləri və bir neçə felyetonun səhnələşdirməsi əsasında hazırlanıb. Səhnənin ortasında üzərində qara örtü ilə örtülən kitab isə müəllifin "Anamın kitabı” əsərini simvolizə edir.
Səhnələşdirmə çox təəssüf ki, bu gün də öz aktuallığını saxlayır. Belə ki, Mirzə Cəlildən bu yana Novruzəlilərin avamlığını, kor-koranə itaətini, Məmmədhəsənlərin mövhumatını, Xudayarların zülmü-istismarını, Qazilərin, Şeyx Nəsrullahların uydurma fitvaları ilə avtoritetini saxlamasını, şəriəti rəzilliklərinə vasitə etməsini inkişaf etmiş, müasir texnolojgiyalara yiyələnən orta stasistik azərbaycanlının həyatında hələ də görmək olar. Tamaşa qəmli komediya janrında hazırlanıb. Bu janr təyinini Mirzə Cəlilin bütün yaradıcılığına şamil etmək olar. Çünki ömrünün sonuna qədər qələmi iztehzalı gözü isə yaşlı olan Mirzə Cəlil son günlərini də tragikomik bir vəziyyətdə, əlyazmalarını sobada yandırıb istisinə qızınaraq keçirib.

banner

Oxşar Xəbərlər