• çərşənbə axşamı, 16 aprel, 18:47
  • Baku Bakı 18°C

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının fəallığı çox önəmlidir

12.12.19 19:18 950
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının fəallığı çox önəmlidir
Ekspertlərin fikrincə, İcmanın fəaliyyəti münaqişənin həllində öz sözünü deyəcək

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda bəzən bu ərazidə yaşayan azərbaycanlıların fikir və təklifləri beynəlxalq müstəvidə nəzərə alınmırdı. Təbii ki, bu məsələdə ermənilərin də rolu az deyil. Çünki erməni diasporu və lobbisi beynəlxalq aləmdə rəy yaratmışdı ki, guya Dağlıq Qarabağda ancaq ermənilər yaşayıb. Lakin zaman-zaman həyata keçirilən tədbirlər nəticəsində ermənilərin bu yalanı ifşa olundu və Dağlıq Qarabağda yaşayan azərbaycanlıların hüquqlarının qorunması məsələsi gündəmə gəldi.
Bu səbəbdən də "Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi yaradıldı və bu bölgədən olan azərbaycanlıların maraqları təmin edilməyə başladı. Son zamanlar isə Dağlıq Qarabağın Azərbaycanlı İcması beynəlxalq təşkilatlarda, ayrı-ayrı ölkələrdə görüşlər keçirir və Azərbaycanın haqlı səsini dünyaya çatdırır. Bəs görəsən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bu fəallığı Azərbaycana hansı dividentlər gətirir? Bütövlükdə münaqişənin həllinə nə kimi təsir göstərir?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, İcma Qarabağ münaqişəsində həlledici qüvvə deyil: "Ancaq azərbaycanlı icması bu məsələdə maraqlı tərəfdir. Əlbəttə ki, azərbaycanlı icması öz fəaliyyəti ilə Qarabağ həqiqətlərinin çatdırılması, ermənilərin iç üzünün açılması, onlar tərəfindən törədilən qətliamlar, soyqırımları və bugünkü dövlət siyasətinin beynəlxalq aləmə çıxarılması istiqamətində işlər həyata keçirir. Təbii ki, bu fəaliyyət problemin həlli ilə bərabər aparılan işlərə dəstəkdir, köməkdir. Əlbəttə ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması o səlahiyyətdə, gücdə deyil ki, hansısa məsələnin həllinə nail olsun. Ancaq bütün bunlarla yanaşı, icma öz səlahiyyəti çərçivəsində fəaliyyət göstərir. Bütövlükdə icmanın varlığı, fəallığı və gördüyü işlər ümumi işlərə bir təkandır”.
E.Məmmədov qeyd etdi ki, Dağlıq Qarabağın erməni icması bütün bu illər ərzində icmalar səviyyəsində görüşlərdən imtina edib və heç bunu istəmir: "Onlar qeyd edirlər ki, biz "dövlət” yaratmışıq və icma səviyyəsində azərbaycanlı icması ilə heç görüşmək də istəmirik. Əslində, bu da ermənilərin yürütdüyü işğalçılıq siyasətinin əsl mahiyyətini ortaya qoyur”.
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması son zamanlar xeyli fəallaşıb: "Bu da təbii ki, Azərbaycanın maraqlarına tam cavab verən bir addımdır. Uzun illər ərzində bəzi ölkələr belə başa düşürdü ki, Dağlıq Qarabağda ancaq erməni icması yaşayır və onlar Azərbaycanın tərkibindən çıxmaq məsələsini qoyanda, belə əsaslandırırdılar ki, guya hüquqları pozulub və sair. Lakin biz Azərbaycan olaraq sübut edə bildik ki, Qarabağda tək ermənilər yaşamayıb. Həmin ərazi Azərbaycan torpağı olduğu üçün orada həm də xeyli azərbaycanlılar yaşayıb və onlarla hesablaşmaq lazımdır. Əgər erməni icması danışıqlarda iştirak etmək niyyətini bildirirsə, deməli, azərbaycanlı icması da burada tam fəal şəkildə iştirak etməlidir, sözünü deməlidir”.
F.Sadıxov vurğuladı ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəallaşması birmənalı olaraq bu problemin həllinə yaxın zamanlarda təkan verməsə belə, hər halda bu münaqişənin əsas komponentinə çevrilir: "Yəni, Qarabağdakı azərbaycanlı əhali öz sözünü deyir, təbliğ edir, Azərbaycanın maraqlarına uyğun addım atır. O cümlədən beynəlxalq müstəvidə Dağlıq Qarabağla bağlı çıxışlar edir, aksiyalar keçirir. Şübhə etmirəm ki, bu addımların münaqişə ilə bağlı məsələlərin müsbət həllinə gec-tez təsiri olacaq”.
Politoloq Əhməd Əlili bildirdi ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması çox vacib funksiyalardan birini ifadə etmək üçün lazımdır: "Bu, Dağlıq Qarabağdakı azərbaycanlıların spesifik olaraq rəyini ifadə edən bir qurumdur. Çox zaman Ermənistan tərəfi Dağlıq Qarabağdakı ermənilərin rəyini ayrıca ifadə edir və Azərbaycan tərəfi buna balans yaratmaq üçün Dağlıq Qarabağın Azərbaycanlı İcmasının fəaliyyətini çoxdan aktivləşdirməli idi. Biz şadıq ki, hazırda bu istiqamətdə çox ciddi işlər gedir. Dağlıq Qarabağın Azərbaycanlı İcması, ümumiyyətlə Dağlıq Qarabağdan və ətraf rayonlardan olan tanınmış şəxslərin, ictimai xadimlərin bu layihələrdə iştirakını təmin etməklə, ermənilərdə və beynəlxalq təşkilatlarda azərbaycanlı icmasının mövqeyi ilə bağlı düzgün rəy formalaşdıra bilir”.
Ə.Əlilinin sözlərinə görə, İcmanın başqa bir faydası ondan ibarətdir ki, çox zaman həm ermənilər, həm də beynəlxalq təşkilatlar Bakının bütün proseslərə nəzarət etməsi ilə bağlı Azərbaycanı ittiham edirdilər: "Bildirirdilər ki, rəsmi Bakı hər bir məsələdə öz diktəsini ifadə edir və burada Dağlıq Qarabağ ermənilərinin rəyini nəzərə almır və sair. Qeyd etdiyim kimi, belə bir iddia irəli sürürdülər və deyirdilər ki, bu heç də Dağlıq Qarabağın azərbaycanlı əhalisinin istəyi ola bilməz, onlar "reallığı” bilirlər. Eləcə də, guya Bakının dediyi ilə Dağlıq Qarabağ azərbaycanlılarının dediyi üst-üstə düşmür. Belə olan halda, Dağlıq Qarabağdan olan azərbaycanlıların fikirlərinin ifadə olunması və bunu da öz təşkilatlarının adından etmələri, əlbəttə ki, prosesə Azərbaycan tərəfdən pozitiv dinamika gətirən məqamdır. Hazırda Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ictimai birlik kimi statusa malikdir. Düşünürəm ki, proseslərdə onun iştirakını artırmaq üçün statusun bir qədər dəyişilməsi və daha çox hüquqi şəkildə icma kimi statusunun müəyyənləşməsi prosesə pozitiv impuls gətirə bilər. Konkret olaraq, icma adından danışmaq çox vacib məqamdır”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər