AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Dağlıq Qarabağ münaqişəsini həll edirik“

“Dağlıq Qarabağ münaqişəsini həll edirik“

Siyasət
17 Dekabr 2012, 18:15 1950
"Avropa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirakçılardan biridir. Belə ki, Avropanın təkcə Ermənistan və Azərbaycan arasında deyil, həmçinin Dnestryanı və Gürcüstanda münaqişələrinin həll edilməsi üzrə xüsusi nümayəndəsi var". Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının 13-cü iclası ərəfəsində "EU Reporter"ə müsahibəsində deyib.

"Avropa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini diqqətlə izləyir və mövcud münaqişənin həll edilməsinə dair Ermənistan və Azərbaycan arasında danışıqlarda fəal iştirak edir. Təəssüf ki, biz irəliləyiş əldə edə bilmirik. Ümid edirəm ki, bu hələlikdir, çünki münaqişəni həll edirik", - Məmmədyarov qeyd edib.

Nazir bildirib ki, danışıqların əsas iştirakçıları ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir (ABŞ, Rusiya və Fransa) və bu ölkələr BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Hər üç ölkə münaqişənin nizamlanmasında əsas maneələrdən birinin Azərbaycan ərazisindəki erməni qoşunları olduğunu dərk edərək, 1993-cü ildə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması haqqında 4 qətnamənin qəbul edilməsinin lehinə səs verib.

Məmmədyarov vurğulayıb ki, TŞ-nin qətnamələrinin əsas hissələrindən biri Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına çağırışdır.

"Biz qonşu Emənistana izah etməyə çalışırıq ki, status-kvo qəbuledilməzdir və bunu ATƏT-in Minsk qrupunun üç ölkəsinin prezidentləri də öz bəyanatlarında təsdiq edirlər. Başa düşmək lazımdır ki, bu münaqişənin həll edilməməsi regionda inkişaf və sabitliyə təhdiddir", - Məmmədyarov deyib.

Fransanın Minsk qrupunda həmsədr ölkə qismində əvəz edilməsi mümkünlüyünə toxunan nazir qeyd edib ki, Azərbaycanın xarici siyasəti istənilən ölkə və ya subyektin daxili məsələlərinə müdaxilə etməməyə istiqamətlənib və bu məsələni Avropa parlamentinin üzvləri həll etməlidirlər.

"Xarici işlər naziri kimi, mənim üçün işğal edilən ərazilər məsələsində ən vacibi nəticədir", - nazir deyib.