• şənbə, 20 Aprel, 18:30
  • Baku Bakı 24°C

Dağları yuxuya verən şair

02.01.15 10:45 3214
Dağları yuxuya verən şair
Onun haqqında 26 il öncə yazmışdım. Kəlbəcərdə dünyaya gəlmiş şairin şeirlərindəki söz zərgərliyinin incəliyi məni elə tutmuşdu ki... Bir il idi dünyasını dəyişmişdi. Yoxluğuna inana bilmirdim. Yaradıcılıq üfüqləri çox geniş idi. Şeirlərindəki duruluq, təmizlik, hisslərin nəhayətsizliyi müəllifin öz portretini dolğun əks etdirirdi. Mənimlə yol gələn elə misraları var ki, həyatımın ölçüsünə çevrilib, illərdir dilimin əzbəridir:
Sözü söylə söz qanana-
Çəkilməsin söz qınına.
Gül üstünə hər qonana
Arı demək günahdır ha!

Fani dünyanın qüssəsi bəzən adamı çox sıxır. Unudulmuş unudulmazların varlığı, gözlərimizi döyənək etmişlərin çoxluğu- yəni, bu təzadların ağırlığı həyatın rənglərini qarışdırır. Ağlı –qaralı dünyanın hökmünə çevrilən bu hallar davam etməkdədir. Bəlkə də elə bu səbəbdən ötənlərə boylananda xatırladığım unudulmazların sırasında Ənvər Rzanın məhz öz yeri var. Aramızdan vaxtsız getmiş Ənvər Rza cəmi 48 il ömür sürüb. O, yadda qalan ali məktəb müəllimi, istedadlı şair, cəfakeş alim, tərcüməçi və hər şeydən öncə, gözəl qəlbə malik insan, altı bacının bir qardaşı, Filyar müəllimənin həyat yoldaşı, balalarının sevimli atası idi.
Yaxından tanıyırdım Ənvər Rzanı. Köksü şeirlə hörülü adam idi. O, vaxtı ilə işlədiyim “ Azərbaycan təbiəti” jurnalının redaksiyasına tez-tez gələrdi. Baş redaktorumuz Məmməd Araz onun şeir, sənət insanlıq qibləgahı idi. Şair Məmməd Aslanla da yaxın dostluqları var idi. Təbiətlə bağlı söhbətlərini dinləmişəm. Necə həssas adam idi, ilahi! Ucalıq aşiqi olan bu şairin söz-söhbətindən həmişə Kəlbəcər dağlarının ətri gələrdi. Sözünə bütöv idi. Mərd və təvazökarlığına görə hamı onu sevərdi. Şairi görənlər bilirlər ki, zahirən çox gümrah və dolu adam idi. İşıqlı, mülayim çöhrəsi xəyalımda eləcə yaşayır. Hardan tapdı o müdhiş və dəhşətli xəstəlik Ənvər Rzanı, heç bilmədik. Qəfil apardı… Amma özü hər şeyi sanki əvvəlcədən bilirmiş. Dərdini də, tez öləcəyini də. Şeirlərinin birində “taleyimdən şəhlənmişəm” deyirdi. Başqa birində isə:
Ənvər, həsrət oldu payın,
Ömrü gödək, ilin, ayın,
Ürəyimi soruşmayın-
Qaldı çoban tütəyində.

Moskvaya müalicəyə getməmişdən əvvəl ayrı-ayrılıqda bütün dost –tanışları ilə görüşərək halallaşıb. Özüylə bir qələm, bir bloknot da götürübmüş ki, əcəldən macal tapsa şeir yazsın, amma cəmi bircə bənd yazıb:
Yanğın düşmüş gur meşəyəm,
Çiliklənmiş bir şüşəyəm.
Boynu bükük bənövşəyəm,
Gödək oldu ömrüm mənim.

Başqa bir səhifədə isə aşağıdakı yarımçıq misralar var:
Əzrayıl giribdi külək donuna,
Döyür pəncərəmi, açan deyiləm.

Amma gücü çatmadı Ənvər Rzanın bu pəncərəni bağlı saxlamağa. Ürəyi dözümsüzlük göstərdi. Baharda dünyaya gəlmişdi, yayın əvvəlində də gözlərini əbədi yumdu. Vəsiyyətinə görə də son mənzili doğulduğu Kəlbəcər oldu. Mənə danışmışdılar ki, həyat yoldaşı Filyar xanım Bakıdan çoxlu böyük ağaclar aparıb əkmişdi əri uyuyan qəbrin yan-yörəsində. Heç biri də göyərmədi. Kəlbəcər torpağının öz sehri var. O, öz şair balasını qoynuna aldığı yerdə öz rəngində, öz ətrində neçə güllər bitirdi? Hamı heyrətə gəlmişdi. İndi möcüzəyə necə inanmayasan.
Ənvər Rza ötən əsrin 80-ci illərində indiki Azərbaycan Dillər Universitetində tərcümə kafedrasının rəhbəri olub. “İngilis poeziyasının Azərbaycan dilinə tərcümə məsələləri ( Bayronun Şərq poemalarının materialları əsasında)” namizədlik işi müdafiə etdib . Filologiya elmləri namizədi idi. Görəcəyi işlər çoxudu. Ömrü kimi hamısı da yarımçıq qaldı. Heyif! 48 il insan üçün nədi ki?!
Sağlığında cəmi iki kitabı çıxıb Ənvər Rzanın. Dörd il öncə isə “Kəlbəcərə gedən yollar” kitabı işıq üzü görüb. Əlövsət Ağalarovun yazdığı ön sözdəki düşüncələri ürəyimi tərpətdi: “ Şeirləri də özü kimi istiqanlı, təəssübkeş, bulaq suyu təki təmizdir. Sanki ulu dağların minbir qatından süzülüb. Qəlbi kimi şəffaf, özü kimi halal. Hər misrası Ənvərin bir baxışı, bir duruşu. Hər bəndi Kəlbəcərin bir mənzərəsi, görünüşü…”
Bu da yəhərləyib mindiyim boz daş…
Kövrəlmə, ürəyim, tab gətir, tablaş.
Ömrümün ləzzəti a köhnə dam-daş
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Bu xiffətli duyğular indi adama daha ağır təsir edir. Ənvər Rzanın sevdalısı olduğu, qoynuna çəkildiyi Kəlbəcər torpağı 23 ildir ki, erməni vandalları tərəfindən işğal olunub. Doğma yurdunda əzizlərinin ziyarətinə həsrət qalan, Vətəndə qərib məzara dönən- uyuduğu o yer möhnət ocağına çevrilib. Ağır və çəkilməz dərddir ki, ruhlarımız perik düşüb, dirilərimiz də gözləməkdən yorulub. Tabımız da tükənib, səbrimiz də…
Şairin 1985-ci ildə yazdığı şeirin bir bəndi məni elə titrətdi ki, vəsiyyətdimi, yoxsa xəbərdarlıq, anlamadım! Duyduğum bu oldu ki, Ənvər Rzanın həssas ürəyi çox şeyi əvvəlcədən hiss edirmiş:
Dağlar oğlu, dağa qoyma yağını,
Aldatdılar, uzaq sandıq yaxını.
Əritmişəm ürəyimin yağını
Ay batanda çıraq olam dağlara.

Kəlbəcər bütün gözəlliklərilə şairin şeirlərində poetik ünvan tapıb.Yalçın qayaları, xınalı daşları, möhtəşəm dağları, haçalı yolları, mərcanlı dərələri, zümrüd meşələri, qıjovlu çayları, lülpər bulaqları… misraların boyuna təbii libas kimi biçilib. Ənvər Rzanın anayla bağlı yazdığı şeirlər də çox təsirlidir:
Qüzeydə qar sulandı,
Ürəyim qarsılandı.
Yaz gəlməyib yalandı-
Anamsız da yaz olar?!

Cəfər Cabbarlıdan üzü bəri ana haqqında bütün şairlərimiz yazıb. Bu elə bir müqəddəs mövzudur ki, hər kəs ürəyinin səsini misralara çevirib. Bu şeirlər də ona görə uğur qazananaraq yaddaşa iz sala bilir ki, onların mayasınadakı niskili, xiffəti təsirləndirən ana məhəbbətinin bənzəri tapılmır. Ən zərif, zəif, qocalmış, yaşlaşmış ana da cəngavər gücündədi Ənvər Rza üçün. Şairə görə övlad o zaman güclü və əyilməzdir ki , onun arxasında dağ kimi dayanan anası olsun.
Həyatın qəfil acılıqlarını yaşayan Ənvər Rza əvvəlcə anasını itirdi. Sonra da özü bu son yolun yolçusu oldu. Ən dəhşətlisi odur ki, hazır olmadığımız bir itgi bizi indi diri gözlü öldürür. Beşiyimiz yellənən yerlərə nə əlimiz çatır, nə ünümüz yetir . Dözümsüzlük göstərib Anasının məzarını ziyarət etmək üçün doğma Kəlbəcərə üz tutan Dilqəm Əsgərov kimi oğullar da mənfur ermənilər tərəfindən girov götürülür. Bu haqsızlıq ürəyimizi və əzizlərimizin məzarlarını çatladır.
... Vaxtı ilə Ənvər Rzanın təbiətə oxuduğu şeirlər daşı da yumşaldardı. Niyə əzrayıla gücü çatmayıb, bilmirəm. Qolları dost kəməri idi, amma ömrü vaxtsız ölümlə əlbəyaxa imiş. Taleyini necə yazırmış, necə deyirmiş, heyrətlənirsən:
Dağlar xəbər tutsa buraxmaz məni,
Dağları yuxuya verib gedirəm.

Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər