• çərşənbə axşamı, 16 aprel, 16:12
  • Baku Bakı 19°C

Dağlar qoynunda yanan işıq - Fotolar

25.01.19 12:45 3687
Dağlar qoynunda yanan işıq - Fotolar
Lahıca - qocaman, sıldırım dağlarla əhatələnmiş İsmayıllı rayonunun dillər əzbəri olan bu qəsəbəsinə səfərimiz həm Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının ilk dəfə elan etdiyi 24 Yanvar - Beynəlxalq Təhsil Gününə təsadüf etdi, həm də Gəndov kəndində inşa edilən modul tipli ümumi orta məktəb və Lahıc qəsəbəsində bu il istifadəyə verilən tam orta məktəblə tanışlıq üçün fürsət oldu. Təhsil Nazirliyinin təşkil etdiyi media-tur ümumilikdə qəsəbənin təhsil mühiti ilə yaxından tanışlığa imkan yaratdı.

Gəndov kənd məktəbi dağlar qoynunda yerləşir. Bu balaca kənddə istifadəyə verilən modul tipli məktəb təkcə şagird və müəllimlərin və kənd camaatının deyil, qonşu kəndlərdə yaşayanların da sevincinə səbəb olub. Belə ki, ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində tətbiq edilən modul tipli məktəb təcrübəsi, bu kənddən də yan keçməyib. Qeyd edək ki, 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106, 2018-ci ildə isə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb. Ümumilikdə, keçən ilin avqust ayında qəsəbəyə qaz veriləndən və asfalt yol çəkiləndən sonra ərazidə bir canlanma yaranıb. Şəhərdən-kəndə axın da bu yeniliklərlə əlaqələndirilir.
Balaca Ümidin ümidi...

Gəndov kəndi yeni inşa edilən məktəbin sevincini yaşamaqdadır. 56 şagird yerlik məktəb 7 sinif və bir müəllim otağından ibarətdir. Yaxın beş kəndin - Köhnə Daxar, Dərə, Namzagah, Kənəy, Mişgəmir kəndlərinin uşaqlarının da bu məktəbdə təhsil alacaqlarını nəzərə alsaq, onda bu sevinci təsəvvür etmək çətin deyil. Bundan əvvəl isə onlar iki otaqlı vaqonun içərisində dərs keçiblər. İndi istilik sistemi, kompüterlərlə təchiz olunan təmirli otaqlar onları daha yaxşı işləməyə və oxumağa həvəsləndirir. Məktəbin dəhlizi tarixi hadisələrimizi - Milli Ordumuzun rəşadətini, Cümhuriyyət tariximizi əks etdirən şəkillərlə, görkəmli şəxsiyyətlərin portretləri ilə bəzədilib. Bu şəkillər şagirdlərə keçmiş və bu günümüz haqqında məlumat vermək baxımından əhəmiyyətlidir. Məktəbdə 44 şagirdin təlim-tərbiyəsi ilə məşğul olan 14 müəllimdən 7-si kişi müəllimlərdir. Müəllimlərin əksəriyyəti isə gənclərdir.


1-4 sinif şagirdlərinin təhsil aldığı komplekt sinifdə söhbətləşdiyim uşaqların əksəriyyəti polis olmaq istədiklərini söylədilər. Ümid Bağırlı adlı şagird "Mən böyüyəndə cinayətkarları həbs etmək istəyirəm” deyərək, polis işçisi olmaq istəyini belə əsaslandırdı. Parta yoldaşı Faiq Şərifov, İdris Bağırov da onun arzusunu təkrarladı: "Polis olmaq istəyirik”. Onlar rahat, müasir sinif otaqlarında dərs keçmələrinin sevincini də bölüşdülər: "Əvvəllər sinfi odun sobası ilə isidirdik. İndi isə istilik sistemi var. Sinif otaqları təmiz və istidir. Biz də dərsə həvəslə gəlirik”. 3-cü sinifdə oxuyan Familə Bağırova isə hər gün qonşu Köhnə Dərə kəndindən məktəbə at belində gəlir. Atası qızının təhsildən geri qalmaması üçün 4 km yolu atla qət edərək övladını dərsə çatdırır: "Atam məni atın belində məktəbə gətirir. Oxumağa böyük həvəsim var”- deyə Familə uşaq sevinci ilə danışır.

Köhnə Daxar kəndindən isə məktəbin birinci sinfində Mirzə Mikayılov adlı bir uşaq oxuyur. Hər gün bir neçə kilometr yolu gəlməyin onun üçün çətin olmadığını deyir: "Mən hər gün dərslərimi hazırlayır və yağışda da, qarda da məktəbə həvəslə gəlirəm”. Balaca Mirzənin yaşadığı Dərə kəndində cəmi üç ailə məskunlaşıb.

Bu uşaqların gözlərindəki sonsuz sevinc, ürəklərində gələcək üçün yaşatdıqları arzulara qarışıb. Bir gün onlar böyüyəcək, məktəbi bitirəcək, bu ucqar dağ yollarından geniş məkanlara çıxacaqlar. Bunun üçünsə onların öz hekayələri var: "Biz də müəllimlərimiz kimi oxumaq istəyirik”- deyə balaca ürəklərinin böyük arzularından danışırlar. "Onlar hər gün 4-5 kilometr yolu qət edərək məktəbə gəlirlər. Bu kənddə kontingent mürəkkəbdir. Çünki uşaqlar müxtəlif kəndlərdən gəlirlər”- deyə rus dili müəllimi Seyidəli Əliyev deyir: "Sevinirik ki, nəhayət normal siniflərdə dərs keçirik. Məktəb istilik sistemi, texniki təchizat və avadanlıqlarla təchiz olunub. Belə bir şəraiti görən uşaqlar da, müəllimlər də məktəbə həvəslə gəlirlər”.

30 illik pedaqoji təcrübəyə malik ibtidai sinif müəllimi Fayiz Şərifov da əvvəllər çox acınacaqlı şəraitdə dərs keçdiklərini deyir: "Vaqonda, qəzalı binada çalışırdıq. İndi artıq müasir tələblərə cavab verən məktəbimiz var. Şagirdlər IX sinfi bitirəndən sonra kollecə və ya təhsillərini davam etdirmək üçün qəsəbə məktəbinə gedirlər. Məktəbin iki şagirdi təhsillərini tam orta məktəbdə başa vurub bu il ali məktəbə qəbul olublar”. Müəllim dərsliklərdəki qüsurlara da toxunur: ”Düzdür, dərsliklərimizdə müəyyən qüsurlar var. Hesab edirəm ki, bunlar da zamanla aradan qalxacaq”.


Ən faydalı iş - uşaqlarla işləmək

Məktəbin direktoru Xuraman Qurbanova deyir ki, müəllimlərin əksəriyyəti gənc və vakansiya ilə gələnlərdir. Belə ki, qonşu kənddən, başqa rayonlardan da dərs deməyə gələnlər var: "Müəllimlər əsasən vakansiya ilə gəlirlər. Onların, müəllimlərin müsabiqəsindəki orta balı 50 üzərindədir”. V-IX siniflərdə dərs deyən coğrafiya müəllimi Orxan Kamallı da belə müəllimlərdəndir. Ucqar dağ kəndində müəllim işləməsindən də məmnun görünür: "Hər kəs müəllim işləyə bilməz. Bunun üçün insanda ilk növbədə peşəsinə sevgi olmalıdır. Artıq müəllimlərin işə qəbulu və imtahanları şəffaf keçirilir. Biz də hüquqdan yararlanmışıq” - deyir.

Məktəbin gənc müəllimləri mənə görkəmli dramaturq İlyas Əfəndiyevin "Körpüsalanlar”, "Söyüdlü arx” romanlarının qəhrəmanlarını xatırlatdılar. Onları da gəncliyin romantikası bu ucqar dağ kəndinə gətirib. Məktəbin Ana dili və ədəbiyyat müəllimi Ceyhun Əsgərov Bakının Şağan qəsəbəsindəndir. Müəllimlərin müsabiqəsində topladığı 48 balla bu məktəbdə çalışmağa başlayıb. Peşəsinə sevgisini belə bölüşür: "Universitetin təyinatı ilə Şamaxıda müəllim kimi fəaliyyətə başladım. Artıq 9 ildir ki, müəllim işləyirəm. Tədricən çalışdığım rayonlara öyrəşdim. Artıq 5 ildir İsmayıllı rayonunda işləyirəm. Darıxmıram. Asudə vaxtımda da oxuyub öyrənirəm. Əmək haqqından əlavə, bizə istiqamət pulu verilir. Bu da kirayə haqqına və məişət xərclərinə kömək edir. Bizə göstərilən diqqətə görə korluq çəkmirik. Mənim tapdığım ən faydalı iş uşaqlarla işləməkdir”.
130 yaşlı məktəb

Lahıc qəsəbə tam orta məktəbi də bu il istifadəyə verilib. Məktəbin açılışında ölkə başçısı iştirak edib. Tikintisinə 2017-ci ilin dekabr ayında başlanılan təhsil müəssisəsində 2018-ci ilin avqust ayında tikinti-quraşdırma işləri başa çatdırılıb. Üç mərtəbəli, 400 yerlik məktəbin daxilində hər mərtəbədə şagird və müəllimlər üçün ayrı-ayrılıqda sanitar qovşaqlar, idman zalı üçün də xüsusi olaraq paltardəyişmə otağı, duş və sanitar qovşaqlar tikilib. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, ərazisində isə qazanxana, nasosxana, transformator yarımstansiyası, yeraltı içməli su anbarı və çirkab su anbarı mövcuddur. Otaqlar mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub.

Məktəbin keçdiyi böyük tarixi mərhələ yalnız indi müasir və rahat şəraiti ilə bir-birini tamamlayır. Təhsil ocağı beş, yeddiillik təhsil sistemindən keçib, Rus-müsəlman məktəbi kimi fəaliyyət göstərib. Yaşı 130-u haqlayan məktəbin 500 nəfərdən artıq yetirməsi tanınmış alim, yazıçı-şair, mədəniyyət və incəsənət xadimi kimi tanınıb. 120 nəfərdən çox elmlər doktoru və professor, 4 akademik bu məktəbin yetirməsidir. Məktəb 15 dən çox xarici ölkə ilə əlaqə saxlayır. Qarabağ müharibəsində Vətən yolunda şəhid olan 8 nəfər də bu məktəbin məzunu olub.

Hazırda məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 44 müəllim məşğul olur. 32 ildir məktəbdə direktor işləyən Hikmət Haqverdili bildirdi ki, müəllim çatışmazlığı var: "Müəllimlər gəlir, müqavilə müddəti başa çatan kimi çıxıb gedirlər. Əvvəllər müəllimlər daimi işləməyə gəlirdi. Məsələn, bizdə ingilis dili, rus dili, bədən tərbiyə müəllimlərinə böyük ehtiyac var. Bu məsələ həll olunsa, problemimiz olmaz”.

Məktəbin gənc müəllimi Rəna Əlisəfili Sumqayıtdan gəlib. Elə bu məktəbdə qalıb ibtidai sinif müəllimi işləmək niyyətindədir.

"Məktəbimiz ölkənin təhsil tarixində öz sözünü demiş, layiqli alimlər yetişdirmiş təhsil müəssisəsidir. Bizim məktəbdə texniki fənlərin həmişə yüksək göstəricisi olub”- deyə Əməkdar müəllim Rövşən Əliyev bildirir: "Məktəbin şagirdləri hər il müxtəlif müsabiqələrdə qalib gəlir. O cümlədən, 7 şagirdimiz olimpiadalarda qalib adını qazanıb. Təhsilin informasiyalaşdırılması nəzərə alınaraq, məktəb texnoloji avadanlıqlarla təchiz olunub”.

Əgər uşaq hər gün yeni nəsə öyrənirsə...

İbtidai sinif müəllimi Günay Cəbrayılovanın açıq dərsdə yeni metodla tədrisi təhsil ekspertlərinin də diqqətini çəkdi: "Uşaqlarla işləmək daha çətindir. Kurikulum metodu müəllimin üzərinə böyük məsuliyyət qoyur”. G.Cəbrayılova hər gün evə gedəndə "Bu gün şagirdlər nə öyrəndilər?”- deyə formalaşdırdığı sualın cavabını uşaqlara tədris etdiyi bilik və bacarıqla verir: "Əgər uşaq hər gün yeni nəsə öyrənirsə, bu, müəllim üçün də, şagirdlər üçün də irəliləyiş deməkdir”. Açıq dərsdə iştirak edən professor Şahlar Əsgərov müəllimin dərsə yanaşma metodunu belə şərh etdi: "Adətən məktəblərdə uşaqlara bilik öyrədilir, emosiya boğulurdu. Mən dərs prosesi zamanı həm bilik, həm də emosiyaların aşılanmasını müşahidə etdim. Uşaqlara düşünməyə şərait yaradılır və modifikasiya onları daha yaxşı oxumağa sövq edir”. Təhsil eksperti Etibar Əliyev iki məktəbin timsalında ölkə təhsilində keyfiyyətin, coğrafiya faktorundan götürülməyə başladığını qeyd etdi: "Artıq bölgələrdə də istər modul tipli, istər nümunəvi məktəbin təşkil olunması və yüksək keyfiyyətli dərslərin təşkili bunun əyani sübutudur. Məktəblərdə yaxşı təhsil mühiti yaradılıb. Şagirdlər bu mühitdən bəhrələnməlidirlər. Məktəblərdə yaxşı müəllim- şagird münasibətlərini müşahidə etdik. Bu da təhsilin inkişafına kömək edən amillərdəndir”.

9-cu siniflərin məktəbin Tarix Muzeyində keçilən dərsi də maraq doğurdu. İndi Lahıcda qar yağıb. Hava şaxtalı olsa da, geriyə bir dünya hərarətlə qayıtdıq. Bu, məktəb uşaqlarının yanan gözlərindən, arzu dolu ürəklərindən süzülən sevincin hərarəti, eşqi idi...
Təranə Məhərrəmova
Bakı-Lahıc


banner

Oxşar Xəbərlər