• cümə, 04 Iyul, 09:01
  • Baku Bakı 22°C

Daha mühafizəkar qonşu?

04.06.21 17:00 915
Daha mühafizəkar qonşu?
Namizədlər arasında Cənubi Azərbaycandan olan siyasətçi də var
İran İslam Respublikasında iyunun 18-nə təyin edilən seçkilərə iki həftədən bir qədər az vaxt qalıb. Yeddi nəfər iddialı olsa da, onlardan biri ictimai rəy sorğularının nəticələrinə görə liderdir. Bəllidir ki, mayın 25-də altı hüquqşünas və altı ruhanidən ibarət İran Konstitusiya Keşikçiləri Şurası İranda prezident seçkilərinə buraxılacaq namizədlərin siyahısını təsdiq edib. Seçkilərin favoriti qismində 60 yaşlı İbrahim Rəisi göstərilir. İran, Rusiya, Qərb mətbuatında prezidentliyə əsas namizəd olaraq məhz o göstərilir. Qeyd edək ki, ayətullah Əli Xamneyiyə yaxınlığı ilə seçilən Rəisi İranda mühafizəkar qüvvələrin sevimli nümayəndəsi hesab olunur, xüsusilə də, ölkədə əsas söz sahibi olan dini liderin yaxın adamının yeni dövlət başçısı olacağı əminliklə bildirilir. İbrahim Rəisi İran İnqilab Keşikçiləri Korpusunun da güclü dəstəyinə malikdir. Məhkəmə hakimiyyətinin rəhbəri olan bu şəxs, kampaniyasını daha çox korrupsiya ilə barışmaz mübarizə üzərində qurur. Və "ağır yumruq”la mübarizə aparacağına səbəblər də var. Ötən əsrin 80-ci illərində Rəisi terrorçuluqda ittiham olunan bir neçə min məhbus barəsində ölüm hökmü çıxaran hakimlərin sırasında olub. Bu səbəbdən də ölkədə daha çox "ayətullahi genosid” ləqəbi ilə məşhurdur. Rəisi qalib olmaq üçün bütün imkanlara sahibdir. Növbəti seçkilər, sanki onun qələbə qazanması üçün planlaşdırılıb. Həm müxtəlif kompromatlarla islahatçı rəqibləri sıradan çıxarılıb, həm də mühafizəkar namizədlərdən bəziləri onun xeyrinə iddialarından geri çəkiləcəklərini açıqlayıb. Rəisini radikal mühafizəkar qanadın lideri, Qərblə güc yolu ilə danışmağın tərəfdarı kimi tanıyırlar. Bu siyasətçi ilə İran siyasi elitasının ən sağ yönümlü fraksiyası uzun müddətə hakimiyyətdə möhkəmlənə bilər. Lakin seçkilərində iki ciddi namizədi də fərqləndirmək olar: Səid Cəlili və Mohsen Rezai. Hər iki siyasətçi daha əvvəl prezidentliyə iddiasını ortaya qoysa da, uğursuzluğa düçar olublar.
7 namizəd arasında Cənubi Azərbaycandan olan siyasətçi də var. Sözügedən şəxs Mohsen Mehrəlizadədir. Şərqi Azərbaycan ostanında dünyaya gəlmiş Mehrəlizadənin İranın növbəti prezidenti seçilmə ehtimalı isə digər namizədlərə nisbətən xeyli aşağıdır.
İran qambiti
Sərt xətt tərəfdarı olan "qırğı prezident sarayını 2017-ci ildə fəth etməyin bir addımlığında idi. O zaman Rəisi seçkilərdə 38 faiz səs toplamaqla Həsən Ruhaniyə məğlub oldu. Bundan bir il sonra isə ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişindən imtina etməklə bütün dünyanı təəccübləndirən qərar qəbul etmişdi. Bu qərar iqtisadi fəlakətdən çıxmağa ümid edən Ruhani üçün fəlakətli oldu. Halbuki, 2016-cı ildə - sövdələşmədən dərhal sonra İran iqtisadiyyatı 12 faiz yüksəldi. Lakin 2018-ci ildə 5,4 faiz, 2019-cu ildə isə 7,6 faiz düşdü. Hadisələrin bu cür gedişini (Qərblə uğursuz yaxınlaşmanı) mühafizəkar qanad da proqnoz edirdi. İndi Rəisi də bəyan edir ki, nüvə razılaşmasının tərəfdarıdır, lakin bunu da mübahisəli sayır. Sərt xətt tərəfdarlarının fəaliyyəti ölkəni başqa istiqamətə sürükləyir, danışıqlar prosesini çətinləşdirir. Artıq bir ildir ki, İran, üzərinə düşən öhdəliklərdən imtina edir - uranın zənginləşdirilməsini davam etdirir, anbarlarında bu xammalın sayını artırır və nüvə obyektlərinə əcnəbilərin buraxılma qaydalarını dəyişir. Ruhani hələ hakimiyyətdə olsa da, mühafizəkar qanad Qərbə sərt yanaşma nümayiş etdirməkdədir. Bu fonda Rəisidən siyasi olimpdə "qırğılar”ı möhkəmləndirəcəyi gözlənilir var. Hüquqi-prosessual nöqteyi-nəzərindən bu, baş verməyə də bilər. Lakin belə bir yanaşma tam mümkündür. Yeddi namizəddən beşi məhkəmə sisteminin rəhbəri ilə birlikdə mühafizəkar qüvvələri təmsil edir. İki mühafizəkar namizəd - siyasi çəkisi, heç bir dəstəyi olmayan şəxslərdir. Keçirilən rəy sorğularının nəticəsi göstərir ki, Rəisinin əsas opponenti siyasi apatiyadır. İntriqa yaşanmayacaq, seçici fəallığı isə aşağı olacaq. Bu tendensiya hələ 2020-ci ildə - ölkədə səs verə biləcək seçicilərin yalnız 42 faizinin parlament seçkiləri zamanı məntəqələrə gəldiyi zaman aşkar oldu. Sorğulardan biri də üzə çıxarıb ki, bu dəfə nəticə daha pis ola bilər - 27%. İran siyasətinin veteranı olan Mohsen Rezai seçkiqabağı yarışmaya canlanma gətirməyə çalışır. Əvvəlki prezident seçkiləri kampaniyalarında uğursuz bir iştirakçı ("Rezai olmadan seçkilər soğansız kabab kimidir" - deyə iranlı bloqosfer zarafatla yazır) kimi tanınan Rezai ruhlandırıcı, lakin iqtisadi cəhətdən sual doğuran bir proqramla çıxış edir: yerli valyutanı islam dünyasında ehtiyat valyuta statusuna qaldırmaq (dollar və avrodan sonra üçüncü) və ev təsərrüfatları ilə məşğul olan qadınlara maaş verməyi təklif edir. İnternetdə bu təkliflər geniş müzakirə olunur. Spesifika ondadır ki, məhkəmə hakimiyyətinin sədri ilə opponentlərinin fikirləri üst-üstə düşür. Favoriti, daha çox danışıq qabiliyyətinin pis olmasında tənqid edirlər. "Kütlə qarşısında çıxış etmək və sonra namizədliyini geri götürmək yaxşıdır” - mühafizəkar namizədlər üçün bu ssenarini müşahidəçilər mümkün hesab edir.
Qərblə "barışıq partiyası” etimadını tam itirib?
İbrahim Rəisinin hakimiyyətə gəlməsi ilə İranda dəyişikliklərin baş verəcəyi gözləniləndir. Məhz bu səbəbdən də ali dini lider ayətullah Əli Xamneyinin nəzarət etdiyi İran Konstitusiya Keşikçiləri Şurası seçicilərə intriqasız səsvermə təklif edir. 82 yaşlı dini lider qocalıb. Ona varis lazım olacaq. Bu, həddən artıq vacib bir məsələdir, çünki İran kimi ölkədə ali dini lider prezident postundan da vacibdir. Siyasi hakimiyyət məhz rəhbərin əlində cəmləşib. Keçid dövrünü proqnoz etmək çox çətindir - hər şey Xamneyinin səhhətindən asılı olacaq. Aydındır ki, dini lider üçün sabitlik lazımdır, prezident kreslosunda isə etibarlı və mümkün əvəzedici gərəkdir. Və çox mümkündür ki, yeni rəhbər elə Rəisi özü olsun. O da dini qanada aiddir. Onun dini lider olacağı barədə mətbuata bir neçə dəfə xəbər sızdırılıb. May ayında Xamneyinin dəstəyi qatı mühafizəkar qanadın yolunu tam şəkildə təmizləyib. Çoxluğun təəccübünə səbəb olacaq addımlar atıldı - islahatçı, keçmiş spiker Əli Laricani və eks-prezident Mahmud Əhmədinejadı seçkilərə buraxmadılar. Hər ikisinin uzaqlaşdırılması ilə intriqalara son qoyuldu və bu da avtomatik olaraq gərginliyi azaltmış olur. Lakin Tehranda bunun hesabını da verməyə hazırdırlar. Prezident Həsən Ruhani açıq şəkildə dini liderə müraciət edərək daha bir neçə namizədin seçkilərə buraxılmasını xahiş etsə də, müraciəti nəticəsiz qaldı. Əgər ölkənin ən nüfuzlu şəxsinin qərarı belədirsə, bu o deməkdir ki, Qərblə "barışıq partiyası” onun gözündə etimadını tam itirib.
Sövdələşmə naminə nələr edərsən?
İranda mühafizəkar qanadın hakimiyyətə gəlməsi (daha çox dönməsi - axı onlar bir neçə dəfə hakimiyyətdə olub) Ağ Evi çətin duruma salır. Prezident Co Bayden ölkəsinin İranla nüvə razılaşmasına qayıtmasına çalışır. Bu da, praktiki olaraq ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb ola bilər. Lakin Vaşinqtonu əvvəlki razılaşma qane etmir. 2021-ci ilin yazından etibarən Vyanada danışıqlar yeni, "daha güclü” aparılır. Bayden hökuməti əvvəlki xətti davam etdirəcəksə, Yaxın Şərqdə yenidən gərginlik gözləməyinə dəyər. İranın müttəfiqləri - Yəməndə husilər, Fələstin islam cihad təşkilatı son vaxtlar aktiv fəaliyyətə başlayıb. Lakin bu da azdır. İlk dəfə uzun illərdən sonra Çin də regionda siyasi iradə ortaya qoymağa başlayıb. Pekin fələstinlilərin hüquqlarının pozulduğu, tələblərinin qulaqardına vurulduğunu bəyan edib.
Antverpen universitetinin müəllimi, Yaxın Şərq üzrə mütəxəssis Tom Sauer hesab edir ki, əgər mühafizəkarlar hakimiyyətdə olarlarsa, o zaman İranın ABŞ-la münasibətlər qurması çətin olacaq: "Belə olan halda Rusiya və Çin yerli siyasətə müdaxilə etmək üçün daha geniş imkanlara malik olacaq. Bu səbəbdən də, hətta mühafizəkar hökumət belə əvvəlki siyasətə qayıda bilər. Bayden, Trampdan fərqli olaraq Səudiyyə Ərəbistanı və İsraili dəstəkləməyə az meyillidir. Bu da, bütövlükdə regiona təsir edir. Artıq Səudiyyənin iranlılarla münasibətləri bərpa etmək yönündə işartılar var. Bütün bunlar pozitiv nəticələrə səbəb ola bilər - İranda nüvə silahı yaradılması istəyənlərini səsini azalda və nüvə razılaşmasına qayıtmaq istəyənlərini şansını artıra bilər”.
Ekspert David Menaşri hesab edir ki, bütövlükdə İranda iki siyasi qüvvə mübarizə aparır. Bir qismi praqmatik və yaxud islahatçılar tərəfdarı, digərini mühafizəkarlar və yaxud "qırğılar” adlandırırlar: "Sərt xətt tərəfdarlarının bir çox üstünlükləri var – onlar islam adından danışır, təhlükəsizlik qüvvələrinə nəzarət edir. Mühafizəkarlar bu nəzarəti saxlamağa çalışır. Məhkəmə sistemi üzərində nəzarəti ələ alan Rəisi parlament və prezident səlahiyyətlərini də ələ alacaq. Bir məsələ də var ki, əvvəlki liderlər Ruhani və Hatəmi hər zaman əl-qollarının bağlı olmasından şikayətlənirdilər. Hətta birinci baş nazir Mehdi Bazarqan 1979-cu il inqilabından sonra bildirmişdi ki, ona hakimiyyət yerinə, tutacağı olmayan bıçaq veriblər”. Ən əsası odur ki, indi İranı Çinlə əldə olunan razılaşmanın detalları maraqlandırır. Bu sazişin gələcək nəticələri hamını düşündürür. Qərbə və yaxud Şərqə istiqamət götürmək məsələsində İran cəmiyyəti həddən artıq bölünmüş vəziyyətdədir. Praqmatiklər və islahat tərəfdarları Qərblə əlaqələrin, "qırğılar” isə Çin, Hindistan, Yaponiya və əlbəttə ki, Rusiya ilə əlaqələrin qurulmasına çalışır.
Son olaraq onu bildirək ki, İranın sürprizlər ölkəsi olduğunu da unutmaq olmaz. Mümkündür ki, ali dini rəhbər dünyada gedən proseslərin nəbzinə uyğun olaraq heç kimin gözləmədiyi birinə xeyir-dua versin. Azərbaycan qonşu dövlət olaraq İranda sabitliyin tərəfdarıdır və bu səbəbdən də, seçkilərin sakit keçməsini və İran xalqının mövqeyini əks etdirməsini istəyir. Bu ölkə ilə bizi çoxsaylı iqtisadi, siyasi layihələr birləşdirir. Və baş verəcək hər hansı bir siyasi gərginlik, qonşu dövlət olan Azərbaycanda arzulanan deyil.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər