• çərşənbə, 17 Aprel, 03:06
  • Baku Bakı 14°C

Daha çevik və daha şəffaf iqtisadiyyat

02.08.19 20:08 15953
Daha çevik və daha şəffaf iqtisadiyyat
"Bir neçə il bundan əvvəl dünyanı sarsıdan və bizə də təsirsiz ötüşməyən iqtisadi-maliyyə böhranı artıq arxada qalıb. Biz bu böhrandan şərəflə çıxa bilmişik. Öz valyuta resurslarımızı qoruya bilmişik və artırmışıq. Təkcə altı ay ərzində 4 milyard dollar əlavə valyuta ehtiyatları toplamışıq. Əlbəttə ki, bu, bizim gələcək işlərimiz üçün də yaxşı şərait yaradır. Ancaq vergi, gömrük sistemində aparılan islahatlar, inzibatçılıq sahəsində görülən işlər və daxilolmaların artımı, əlbəttə ki, büdcəmizin əsas mənbəyi olmalıdır. Biz vəsaitdən çox qənaətlə istifadə etməliyik. Xüsusilə dövlət investisiya layihələrinə çox ciddi nəzarət olmalıdır. Dövlət şirkətlərində korporativ idarəetmə sistemi yaradılmalıdır. Bu məsələ ilə bağlı göstərişlər verilib. Hesab edirəm ki, biz tezliklə müasir korporativ qaydalarla idarə olunan şirkətləri görəcəyik" – bu sözləri Prezident İlham Əliyev iyulun 31-də keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə səsləndirib.
Əslində, dövlət şirkətlərində korporativ idarəetmə sisteminin yaradılması önəmli məsələdir. Bəs hazırda bu istiqamətdə ümumi vəziyyət necədir? Dövlət şirkətlərində korporativ idarəetmə sisteminin yaradılmasının şirkətlər, ölkə iqtisadiyyatı üçün önəmi nədən ibarət olacaq?
Millət vəkili Azər Badamov deyir ki, Azərbaycan iqtisadiyyatının 4-cü sənaye inqilabına uyğunlaşdırılması istiqamətində işlər gedir, bu məqam da onun bir parçasıdır: "Biz ölkəmizin iqtisadiyyatını müasir elmi əsaslarla qururuq və dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatlarının təcrübəsinə uyğunlaşdırırıq. Son vaxtlar Azərbaycanda iqtisadiyyatın idarə edilməsində çoxlu islahat həyata keçirilib. Bu islahatlar ölkə iqtisadiyyatının inkişafında yeni mərhələ açıb. 2018-ci ilin yanvar ayından başlayaraq Strateji Yol xəritələrinin icra olunması bugünkü uğurlarımızın əsasında böyük rola malikdir. Strateji Yol xəritələri 2020-ci ilə qədər icra olunacaq. 2021-ci ildən isə yeni iqtisadi model ortaya qoyulacaq. Bu iqtisadi modelin üzərində hazırda işlər gedir. Bunun üçün xarici mütəxəssislər də cəlb olunub. Təcrübəli mütəxəssislərin iştirakı ilə yeni iqtisadi model ortaya qoyulacaq. Burda şirkətlərin idarə olunmasında korporativ metodlardan istifadə edilməsi, onların idarə olunmasının müasir əsaslar üzərində qurulması nəzərdə tutulur. Birinci növbədə kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində işlərin davam etdirilməsi və başa çatdırılması hədəflənir. Həm də iqtisadiyyatımızı 4-cü sənaye inqilabına uyğunlaşdırırıq. Daha çevik, daha operativ, daha şəffaf iqtisadiyyatın qurulması istiqamətində işlər görülür”.
A.Badamov bildirdi ki, dövlət şirkətlərində korporativ idarəetmə sisteminin qurulması hazırda keçid mərhələsindədir: "Həm köhnə sistem üzrə fəaliyyətlərini davam etdirirlər, həm də şirkətlərdə paralel olaraq yeni struktur islahatları həyata keçirilir. Bu islahatlarla köhnə idarəetmə sistemində olan mexanizmlərin - həlqələrin ixtisar olunması, yeni həlqələrin daxil edilməsi prosesi gedir. Düşünürəm ki, bu korporativ idarəetmə sistemində yeni həlqələr daha da aktiv fəaliyyətə başlayacaq və şirkətlərin fəaliyyətində rentabellik səviyyəsini yüksəldəcək”.
Millət vəkili bildirdi ki, idarəetmə sistemini anidən dəyişmək olmur, bunun üçün müəyyən qədər zaman lazımdır: "Heç bir idarəetmə sistemini bir gün ərzində dayandırıb yenisinə keçirmək olmur. Çünki bunun üçün yeni mütəxəssislər cəlb olunmalı, yetişdirilməli, yeni sistem ortaya qoyulmalıdır və ona uyğunlaşma prosesi getməlidir. O da müəyyən qədər vaxt aparır. Keçid prosesi başa çatandan sonra şirkətlərin idarəetməsində yeni bir atmosfer hiss olunacaq”.
İqtisadçı alim Vüqar Bayramov deyir ki, korporativ idarəetmənin formalaşması şirkətlər və Azərbaycan iqtisadiyyatı üçün çox vacibdir: "Biz daim olaraq hökumətə etdiyimiz təkliflərdə də korporativ idarəetmənin formalaşdırılmasının inkişafını əsas fikir kimi təqdim edirdik. Müşavirədə qeyd olunan məqam bu gün müasir çağırışlar baxımından kifayət qədər prioritet məsələdir. Çünki əvvəla, korporativ idarəetməni tətbiq edən şirkətlərin sayı təəssüf ki, çox deyil. Həm bank, həm iqtisadiyyatın digər sektorlarında (xidmət, istehsal) fəaliyyət göstərən şirkətlərin çoxu korporativ idarəetmədən istifadə etmir. Bu da həmin şirkətlərin tam şəffaf fəaliyyət göstərməsinin qarşısını alır, vergidən yayınmaya imkan yaradır, vəsaitlərin hərəkətinin izlənməsini xeyli dərəcədə çətinləşdirir. Bəzi hallarda korporativ idarəetmənin olmaması şirkət və ya sahibkarlıq subyekti daxilində qərarların verilməsi mexanizmini çətinləşdirir. Gizli iqtisadiyyatla mübarizə baxımından da bu, vacib islahatdır. Gizli iqtisadiyyatın aradan qaldırılması prezident tərəfindən son müşavirələrdə hədəf olaraq müəyyənləşdirilib. Bununla bağlı prezidentin göstərişi var. O baxımdan, gizli iqtisadiyyatın həcminin minimallaşdırılması həm də korporativ idarəetmənin hansı dərəcədə tətbiq edilməsindən asılıdır. Eyni zamanda şirkətdaxili liberallaşma və qərarların qəbulunda, xüsusilə səhmdar cəmiyyətlərdə cəmiyyət üzvlərinin iştirakının təmin edilməsi baxımından vacibdir”.
İqtisadçının sözlərinə görə, korporativ idarəetmənin formalaşmasının tezləşməsi və reallaşması üçün bəzi addımların atılmasına ehtiyac var: "Banklarda korporativ idarəetmənin formalaşması məcburi xarakter almalıdır. Bununla bağlı sənədlər var, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklarla bu istiqamətdə işlər aparılır. Korporativ idarəetmənin tətbiqi ilə əlaqədar maliyyə qurumları (yalnız banklar deyil, sığorta şirkətləri, digər maliyyə xidməti təşkil edən, bank olmayan kredit təşkilatları) ilə bağlı müəyyən bir zaman müəyyənləşdirilməsi və bunun məcburi xarakter almasına ehtiyac var. Çünki banklar kredit verən zaman korporativ idarəetməyə malik olan sahibkarlıq subyektlərinə üstünlük verməlidir. Sahibkarlıq subyektləri korporativ idarəetmə formalaşdıqdan sonra kommersiya banklarına maliyyə resursları üçün müraciət etmək hüququ qazanarlar.
İkincisi, dövlət güzəştli kreditlər verir, fərqli proqramlar var. Həmin proqramlarda sahibkarlıq subyektlərinin iştirakı zamanı korporativ idarəetmənin formalaşdırılması bir meyar olmalıdır. Və yalnız həmin meyara cavab verən şirkətlər dövlət təşviqindən istifadə etmək hüququ qazanmalıdır ki, bu da korporativ idarəetmənin daha tez reallaşmasına səbəb olar.
Və nəhayət, korporativ idarəetmənin formalaşdırılması ilə bağlı dövlət tərəfindən - İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank tərəfindən təlimlərin keçirilməsi, məlumatlandırma kampaniyalarının aparılmasına ehtiyac var. Çünki bu gün korporativ idarəetmənin formalaşmamasının səbəblərindən biri də şirkətlərdə və sahibkarlıq subyektlərində bu istiqamətdə məlumatlılığın və biliklərin aşağı səviyyədə olmasıdır. O baxımdan, dövlət tərəfindən də məlumatlandırma işinin aparılmasına ehtiyac var ki, sahibkarlıq subyektləri korporativ idarəetməni formalaşdıran imkanlara malik ola bilsinlər”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər