AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Daha bir NATO ölkəsindən təklif

Daha bir NATO ölkəsindən təklif

Siyasət
19 Fevral 2021, 15:00 753
Ekspertlərin fikrincə, Böyük Britaniyanın Azərbaycanla hərbi əməkdaşlığına region ölkələri mane ola bilməz
 
 
Azərbaycan Böyük Britaniya ilə əməkdaşlığa üstünlük verib. Bu, xüsusilə enerji sahəsində özünü daha çox göstərir. Belə ki, 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi” buna bir sübutdur. Eyni zamanda, Azərbaycan həm də NATO çərçivəsində Böyük Britaniya ilə əməkdaşlıq edib. 44 günlük Vətən Müharibəsində isə Böyük Britaniya Azərbaycana ciddi siyasi dəstəyini əsirgəmədi və birmənalı olaraq ölkəmizin ərazi bütövlüyünün tərəfdarı olduğunu nümayiş etdirdi. Bu günlərdə işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarında isə Böyük Britaniyanın iştirak edəcəyi bəlli olub. Hətta, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ölkəsinin Azərbaycanla hərbi əlaqələrin inkişafında maraqlı olduğunu elan edib. Bu da ondan xəbər verir ki, Böyük Britaniya strateji cəhətdən xüsusi əhəmiyyət daşıyan, Cənubi Qafqaz ölkəsi olan Azərbaycanla daha yaxın hərbi münasibətlərə ciddi maraq göstərir.
 
"Deyli Breyf” nəşri də fevralın 12-də bu məsələyə toxunaraq qeyd edib ki, Azərbaycanın xarici hərbi təmaslara daha çox maraq göstərəcəyi və hərbi əlaqələrini daha da genişləndirəcəyi gözlənir: "Böyük Britaniya Azərbaycanın işğaldan azad edilmiş ərazilərini minalardan təmizlənməsi təşəbbüsünə kömək etməkdə maraqlı olduğunu göstərir və bu niyyəti ilə bağlı rəsmi Bakıya açıq siqnallar verir. Bundan əlavə, potensial Ermənistan tərəfdarı olan Rusiyanın bölgədəki təsirini balansda saxlamaq üçün Bakının Ankara ilə əlaqələrini daha da dərinləşdirəcəyi ehtimal olunur”.
Göründüyü kimi, Britaniyanın hərbi baxımdan Azərbaycana daxil olmaq ehtimalı getdikcə ciddiləşir. Böyük Britaniyanın bu istəyini necə qiymətləndirmək olar? Bu əməkdaşlıq regiona necə təsir edəcək? Əgər bu əməkdaşlıq baş tutarsa, Azərbaycana hansı dividentlər qazandıracaq?
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycanla Böyük Britaniyanı tarixi əlaqələr birləşdirir: "Tarixən iki ölkə arasında münasibətlər olub və yüz il əvvələ nəzər saldıqda da bunu görə bilərik. Azərbaycan müstəqillik qazandıqdan sonra Böyük Britaniya ilə sıx əlaqələr qurub. Bu ölkənin ən böyük şirkəti "British Petroleum" enerji şirkəti Azərbaycanla böyük anlaşmalara imza atıb və bu əməkdaşlıq bu gün də davam edir. Onu qeyd edək ki, BP hazırda Azərbaycanın ən böyük investorlarından biridir. 44 günlük Vətən Müharibəsi dövründə də Fransa və Almaniyadan fərqli olaraq Böyük Britaniya Azərbaycan əleyhinə siyasət yürütmədi. Tam əksinə olaraq, BMT Təhlükəsizlik Şurasında daimi üzvlər Azərbaycan əleyhinə hər hansı bir qətnamə qəbul etmək istədikdə, 5-ci daimi üzv kimi Böyük Britaniya bunun qarşısını aldı. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. Həmçinin müharibənin getdiyi günlərdə Böyük Britaniyanın baş naziri Boris Conson Türkiyə prezidenti Ərdoğanla telefonla danışdı, Qarabağ məsələsini müzakirə etdi. Müharibədən sonra da Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha ifadə etdi, nümayəndə heyətləri Bakıya gəldi. O cümlədən Böyük Britaniyanın Azərbaycandakı səfiri torpaqların işğaldan azad olunması münasibətilə ölkəmizi təbrik etdi. Üstəgəl də, Böyük Britaniya şirkətləri işğaldan azad olunmuş bölgələrdə çalışmalara başlayacaqlar. Bu da, həm ölkəmiz, həm də Azərbaycan-Böyük Britaniya əməkdaşlığı üçün vacibdir”.

E.Şahinoğlu qeyd etdi ki, Böyük Britaniya şirkətləri Füzuli aeroportunun tikiləcəyi ərazidə minatəmizləmə əməliyyatlarında iştirak ediblər: "Yəni haradan baxsaq, Böyük Britaniya Azərbaycana dəstəyini ifadə edir. Bu da ölkəmiz üçün çox vacibdir. Çünki Böyük Britaniya Avropa İttifaqını tərk etsə də, Avropanın başlıca dövlətlərindən biri sayılır. Düşünürəm ki, gələcəkdə də Azərbaycan-Böyük Britaniya əlaqələri bundan sonra daha çox inkişaf edəcək.
Onu vurğulayım ki, Türkiyənin özünün də Böyük Britaniya ilə sıx əlaqələri mövcuddur. İki ölkənin çox yaxşı münasibətləri var. Məsələn, Türkiyənin Fransa ilə münasibətlərindən fərqli olaraq, Böyük Britaniya ilə münasibətləri çox istidir. Bu baxımdan, Böyük Britaniyanın Azərbaycanla sıx əlaqələri Türkiyənin də maraqlarına cavab verir. Rusiya və İrana gəldikdə isə İranın Böyük Britaniya ilə elə bir ciddi problemi yoxdur. Amma Rusiyanın var, sanksiyalar tətbiq edilib. Böyük Britaniyanın Rusiya siyasəti sərtdir. Amma Böyük Britaniya Azərbaycanla əməkdaşlıq etməsinə Rusiya mane ola bilməz. Çünki Böyük Britaniyanın ən iri şirkəti 30 ilə yaxındır Azərbaycanda fəaliyyət göstərir. Bu, reallıqdır və bunu Rusiya qəbul etmək məcburiyyətindədir”.
 
Hərbi ekspert Ramil Məmmədli bildirdi ki, Azərbaycanla Böyük Britaniya arasında hərbi-siyasi əməkdaşlığın tarixi 1918-ci ilə gedib çıxır: "Hələ 1918-ci ildə Azərbaycan Ordusu yeni yaranmağa başlayanda və formalaşma dövründə Azərbaycan Böyük Britaniyadan bir neçə təyinatlı hərbi vasitələr almışdı. Yaxud da Böyük Britaniya bu hərbi vasitələri Azərbaycana hədiyyə etmişdi. Məsələn, hərbi dəniz qüvvələri üçün kiçik ölçülü gəmilər və sair buraya daxildir. Sonrakı dövr bəllidir, SSRİ hökuməti idi və əməkdaşlıq mümkün deyildi. Amma 1991-1992-ci ildən başlayaraq Azərbaycan Böyük Britaniya ilə siyasi əlaqələri genişləndirməyə başladı. Növbəti dövrdə - yəni 1994-cü ildən başlayaraq Azərbaycanla Böyük Britaniya arasında NATO çərçivəsində hərbi əməkdaşlıq formalaşmağa başladı. Bu dövrdə Azərbaycan, əlbəttə ki, NATO çərçivəsində bir sıra layihələrdə, təlimlərdə iştirak etdi. Azərbaycan Ordusunun zabit heyəti, xüsusilə yüksək rütbəli hərbçiləri mərhələli şəkildə Böyük Britaniyanın hərbi kurslarında ixtisasartırmaya cəlb olundular. Səhv etmirəmsə, bu proses bu gün də davam edir. Yəni hərbi sahədə Azərbaycanla Britaniya arasında əməkdaşlığın olması, mövcudluğu artıq var. Gələcəkdə bu prosesin hərbi-texniki müstəviyə keçməsinə isə mane olan hər hansı bir məqam yoxdur. Əlbəttə ki, burada Rusiya tərəfdən maneələrin, problemlərin yaradılmasını söyləyənlər ola bilər. Haradasa, bu fikirlərdə də həqiqət var. Lakin Azərbaycan 1994-cü ildən başlayaraq NATO çərçivəsində Böyük Britaniya ilə də əməkdaşlığı həyata keçirir. Bu gün də bu prosesin ikitərəfli formatda inkişaf etməsində heç bir problem yoxdur”.

R.Məmmədli vurğuladı ki, Azərbaycan Böyük Britaniya ordusunun istifadə etdiyi və müasir standartlara cavab verən hərbi təyinatlı vasitələrin əldə olunmasını reallaşdıra bilər: "Yaxud da birgə hərbi vasitələrin istehsalının həyata keçirilməsi də mümkündür. Burada ilk növbədə hər iki tərəf müəyyən dividentlər qazana bilər. Eləcə də, Böyük Britaniyanın regionda fəaliyyəti üçün müəyyən qapılar açılacaq. Əlbəttə ki, buna qədər Gürcüstan artıq Böyük Britaniya ilə böyük əməkdaşlıq təcrübəsinə malikdir. Azərbaycanın da bu sahədə Böyük Britaniya ilə əməkdaşlıq etməsi, birgə layihələrin, istehsalın həyata keçirilməsi üçün hər hansı bir problem olmayacaq. Bu, ancaq Azərbaycan Ordusunun hərbi-texniki təkmilləşməsinə gətirib çıxara bilər. Onu qeyd edək ki, Böyük Britaniya ordusu dünyanın ən inkişaf etmiş və texniki təchizatı yüksək olan ordularından biridir. Azərbaycan Ordusu da uzun illərdir özünün inkişaf dövrünü keçir və bu dövrdə Böyük Britaniya ilə əməkdaşlığın reallaşması da Azərbaycana yalnız və yalnız xeyir verə bilər. Həmçinin hərbi-siyasi sahədə də Böyük Britaniya kimi imkanları geniş olan ölkə ilə əlaqələrin inkişaf etdirilməsi müsbət haldır. Bir məqamı vurğulayım ki, 44 günlük Vətən Müharibəsi dövründə Böyük Britaniya Azərbaycana bu və ya digər formada öz siyasi dəstəyini verdi”.
 
BƏXTİYAR