AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Cümhuriyyətin təhsil üçün xaricə göndərdiyi yüz nəfərdən biri

Cümhuriyyətin təhsil üçün xaricə göndərdiyi yüz nəfərdən biri

Mədəniyyət
22 May 2021, 14:00 759
Onu iki dəfə sürgün ediblər

Yüz üç illik yubileyini qeyd etdiyimiz, cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün sahələrdə olduğu kimi, xalq təhsilinin inkişafı sahəsində də böyük işlər görülmüşdür. Ölkədə ali təhsilli kadrların hazırlanması üçün Azərbaycan Parlamenti 1919-cu ilin 1 sentyabrında Bakı Dövlət Universitetinin açılması haqqında qanun qəbul etdi. Bu qanunla bərabər, 1919-1920-ci tədris ilində dünyanın müxtəlif ölkələrinin ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xaricə göndərilməsi haqqında qərar qəbul edildi və bunun üçün 7 milyon manat ayrıldı. Dövlət hesabına təhsil alacaq tələbələr ali məktəbi bitirdikdən sonra dörd il icbari qaydada Azərbaycan hökumətinin təyinatına əsasən göndərildiyi yerdə işləməli idilər. Tələbələrin ilk dəstəsi 1920-ci ilin 14 yanvar günü sürət qatarı ilə təntənəli şəkildə yola salındılar.

Azərbaycan Xalq Cümhuriyyətinin xaricə ali təhsil almaq üçün göndərdiyi 100 nəfərdən biri də Əhməd Məşədi Cabbar oğlu Rəcəbli idi. Onun ömrünün 14 illik məhsuldar və şərəfli bir dövrü Zaqatala ilə bağlı olmuşdur. Bu illər ərzində Ə.Rəcəbli rayonumuzda elmin, təhsilin, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafında böyük xidmətlər göstərmiş, ictimai-siyasi, mədəni həyata fəal iştirak etmişdir.

Ə.Rəcəbli 1898-ci il avqustun 28-də İrəvanda anadan olmuşdur. O, 1907-ci il sentyabrın 15-də İrəvan kişi gimnaziyasına daxil olmuş və 1916-cı ildə tam səkkizillik kursu gümüş medalla başa vurmuşdur. Cümhuriyyət tələbəsi olan Ə.Rəcəbli AXC tərəfindən İtaliyaya təhsil almağa göndərilmişdir. O, 1923-cü ildə İtaliyanın Peruca şəhərində Ali Kral Eksperimental Aqrar İnstitutunu müvəffəqiyyətlə başa vurmuşdur. 1924-cü ildə gənc kadrı Zaqatala mahalına aqronom göndərirlər. Onu Zaqatala Kənd Təsərrüfatı texnikumuna direktor təyin edirlər. İstedadlı alim 1937-ci ilə qədər texnikuma rəhbərlik edir. 1922-ci ildə yaradılan Zaqatala Kənd Təsərrüfatı texnikumu ölkədə kənd təsərrüfatı sahəsində orta ixtisas təhsilli kadrlara olan ehtiyacı yerinə yetirmək istiqamətində fəaliyyət göstərirdi. Ə.Rəcəbli texnikuma rəhbərlik etdiyi illər ərzində onun maddi-texniki bazasının yaradılması və möhkəmləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkənin qabaqcıl tədris müəssisələrindən birinə çevrilməsi sahəsində böyük işlər görmüşdür. Öz şəxsi nümunəsi, peşəsinə vurğunluğu, yüksək intellektual səviyyəsi ilə o, müəllim və tələbələrin sevimlisinə çevrilmişdir.

1922-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumuna daxil olan və orada 6 il təhsil alan Azərbaycanın görkəmli alimi və tanınmış dövlət xadimi olan akademik İmam Mustafayev sevimli müəllimi Ə.Rəcəbli ilə bağlı xatirələrində yazırdı: "Heç şübhəsiz, bu təhsil ocağını rövnəqləndirən çoxsaylı müəllimlər içərisində öz xüsusi əzəməti ilə seçilən texnikumun direktoru Əhməd Rəcəbli idi. Bu əzəmətli şəxsiyyət bütün məktəbi ovsunlamışdı. Hərdənbir siniflərə gəlişi, nəhəng fizionomiyası, asta yerişi, işıq saçan gözləri fövqəladə təsir gücünə malik idi. O, şəxsi təşəbbüsü ilə texnikumun həyətində bağ, Pərzivanda təcrübə sahəsi yaratmışdı. Onun elmi mülahizələrinin hamısı təcrübədə öz əksini tapırdı. Məndə elmi yaradıcılığa yol açan bunlar idi”.
 
Əhməd Rəcəblinin yüksək istedadını, dərin elmi biliklərini nəzərə alaraq rayonumuzda yenicə yaradılmış və Sovetlər Birliyində yeganə olan fındıqtəmizləmə zavoduna məsləhətçi təyin edirlər. Bacarıqlı mütəxəssis rayon və ölkə iqtisadiyyatında mühüm rol oynayan bu müəssisənin fəaliyyətinin genişləndirilməsində, ölkədə tanıdılmasında, yerli kadrların yetişdirilməsində müstəsna xidmətlər göstərir.

Əhməd Rəcəbli, həmçinin kənd təsərrüfatının gəlirli sahələrindən biri olan tütünçülüyün rayonumuzda geniş yayılmasında böyük xidmətlər göstərmişdir. Sovetlərin ilk illərində kollektivləşmə ilə əlaqədar ölkədə və Azərbaycanda ilk kollektiv təsərrüfatlar və kooperativlər yaradılırdı. Tütünçülüyün gəlirli sahə olduğunu və rayonumuzun iqlim şəraitinə uyğunluğunu görən istedadlı aqronom, bu sahənin inkişafına da öz töhfələrini vermişdir. Məhz onun təşəbbüsü və iştirakı ilə rayonumuzda "Zaqatala-Car tütünçüləri” yoldaşlıq kooperativi yaradılır. Ə.Rəcəbli uzun illər kooperativin inkişafına diqqət və qayğı göstərir, təcrübəli aqronom kimi öz biliklərini yerli mütəxəssislərdən və tütünçülərdən əsirgəmir.
 
Hazırda Pərzivanda fəaliyyət göstərən zona təcrübə stansiyası da görkəmli alim Ə.Rəcəblinin təşəbbüsü ilə 1926-cı ildə yaradılmışdır. İstedadlı alim 1937-ci ilin iyuluna kimi bu elmi müəssisəyə rəhbərlik edir. Ə.Rəcəbli Zaqatalada fəaliyyət göstərdiyi 14 il ərzində rayonumuzda və şəhərimizdə aparılan abadlıq-quruculuq işlərində də fəal iştirak etmişdir. 1935-ci ildə elmi-praktiki fəaliyyətindəki xidmətlərinə görə Ali Attestasiya Komissiyasının qərarı ilə Ə.Rəcəbliyə professor adı verirlər.
 
İstedadlı alimin sevincli günləri uzun sürmür. 30-cu illərin repressiyası Cümhuriyyət tələbəsi olan Ə.Rəcəblidən də yan keçmir. 1937-ci ildə "İnqilab əleyhinə” fəaliyyətinə görə o, 8 il müddətində məhkum olunur və Maqadana sürgün edilir.
Sibirdə sürgündə olan Əhməd Rəcəbli orada da elmi fəaliyyətini davam etdirir, meyvəçiliyin gözəl nümunələrini yaradır.
 
Minlərlə ziyalımızın faciəsinə çevrilmiş 37-38-ci illər tufanının qurbanı olan Ə.Rəcəblinin ilk harayına çatanlardan biri sevimli şagirdi, akademik İmam Mustafayev olur. O zamanlar respublikada müxtəlif məsul vəzifələrdə çalışan İmam müəllimin ciddi fəaliyyətindən sonra Ə.Rəcəbli az bir müddətə olsa da, sürgündən azad edilir. Akademik bu barədə xatirələrində belə yazır: "Mən M.C.Bağırovun ovqatının xoş vaxtında Ə.Rəcəblinin sürgündən gətirilməsinə nail olsam da, az sonra yenidən geri göndərildi”.
 
İmam Mustafayev sevimli müəlliminin elmi fəaliyyətini hər zaman yüksək qiymətləndirir, onun tələbəsi olması ilə həmişə fəxr edirdi. Azərbaycanın görkəmli dövlət xadimi, uzun illər bir çox rəhbər vəzifələrdə çalışmış (Azərbaycan SSR Nazirlər Soveti Sədrinin birinci müavini, Azərbaycan KP MK-nın ikinci katibi, Dövlət Plan Komitəsinin sədri və s.) professor Həsən Seyidov İ.Mustafayevlə bağlı xatirələrində yazır: "İmam müəllim söhbətlərində həmişə fəxrlə sevimli müəllimi Ə.Rəcəblini dünya şöhrətli seleksiyaçı-genetik alimlərdən biri kimi qiymətlədirirdi”.
 
1945-ci ildə sürgündən qayıtdıqdan sonra o, Azərbaycan Elmi Tədqiqat Çoxillik Bitkilər İnstitutuna elmi işçi, sonra şöbə müdiri təyin edilir. Ancaq bu dəfə də qara buludlar Ə.Rəcəblinin başı üstündə cövlan edir. Onu yenidən həbs edərək Cambula (Qazaxıstan) sürgün edirlər. 1955-ci ildə Ə.Rəcəbli bəraət alır.
O, 1958-1962-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyasının akademiki, bitkiçilik bölməsinin akademik katibi olmuşdur. Akademik Əhməd Rəcəbli 1963-cü ildə Moskvada vəfat etmişdir. Respublika Nazirlər Kabinetinin 6 mart 1962-ci il tarixli fərmanı ilə Zaqatala Kənd Təsərrüfatı Texnikumuna akademik Əhməd Rəcəblinin adı verilmişdir. Texnikum 2002-ci ilə kimi fəaliyyət göstərmişdir. Respublika Nazirlər Kabinetinin 26 avqust 2002-ci il 140 saylı qərarı ilə Zaqatala Kənd Təsərrüfatı Texnikumu bazasında Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci yaradılmışdır.
 
Ölkəmizin paytaxtı Bakı şəhərindəki küçələrdən biri akademik Ə.Rəcəblinin adını daşıyır. Mənalı və şərəfli ömrü nəsillərə nümunə olan Ə.Rəcəblinin əziz xatirəsi nəsillərin yaddaşında əbədi olaraq yaşayacaqdır.

Həşim İsmayılov,
Pedaqogika üzrə fəlsəfə doktoru