Cümhuriyyətə gedən yolu əks etdirən nəşr
![Cümhuriyyətə gedən yolu əks etdirən nəşr](https://kaspi.az/storage/posts/large/6237372e41484.jpg)
Gənc tədqiqatçı Samir
Xalidoğlunun "I Dünya Müharibəsi illərində Azərbaycan mətbuatı (1914 may-1918)”
adlı monoqrafiyası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilib.
Azərbaycan mətbuat tarixinin görkəmli tədqiqatçısı, professor Şirməmməd
Hüseynovun elmi redaktorluğu ilə "Qanun” nəşriyyatında işıq üzü görən kitabın
rəyçiləri professor Şamil Vəliyev və professor Nəsiman Yaqubludur. Zəngin arxiv
sənədləri və dövrü mətbuat materialları ilə əhatə olunan monoqrafiyada, I Dünya
müharibəsi illərində çap olan milli mətbuatımızdan, onun mövzu dairəsindən,
aparıcı jurnalistlərin, publisistlərin fəaliyyətindən və. s. məsələlərdən bəhs
edilir. Tədqiqata əsasən 1914-cü ilin iyunundan - müharibənin başlanmasından
1918-ci ilin mayına - Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinə qədər
olan cəlb edilmişdir.
"Azərbaycan Xalq
Cümhuriyyətinə gedən yol məhz bu dövrdən (1914-1918-ci illər) keçir. Çünki
Cümhuriyyətimizin elmi, nəzəri və ideoloji konsepsiyası bu zaman kəsiyində həm
yaranmış, həm də formalaşmışdır. Bu proses əsasən mətbuat səhifələrində özünü
büruzə vermişdir” - söyləyən müəllif, haqlı olaraq qeyd edir ki, müharibə dövrü
jurnalistikası Azərbaycan xalqının milli şüurunun formalaşmasında, milli
özünüdərkin meydana gəlməsində misilsiz rola malikdir. Ona görə də, müəllif
əsərində Azərbaycan Xalq Cümhuriyyəti dövrünə qədər (xüsusən 1914-1918)
Azərbaycan mətbuatının keçdiyi tarixi, sosial, siyasi inkişaf yoluna nəzər
salır və bu dövrün məhrumiyyətləri, mübarizələri haqqında geniş məlumat
verir.
Məhz bu dövrü "həm Azərbaycan milli hərəkatında, həm də mətbuat
tarixində xüsusi çəkisi olan dövr” adlandıran müəllif, milli mətbuatımızın fəaliyyətinə
yonəldilən süni maneələrdən, çətinliklərdən, cərimələrdən geniş şəkildə söhbət
açır. Həmin maneələri sadalayarkən "ən dözülməzi”nin senzura olduğunu
bildirərək "mətbuatın həm mülki, həm də hərbi senzorlarla çəkişmək
məcburiyyətində qaldığını” qeyd edir. Hökumət dairələrinin azad sözə qarşı
dözümsüzlüyü pik həddə çatsa da, dövrün görkəmli jurnalist və publisistləri
milli ruhlu mətbuatımızın fəaliyyətini davam etdirməkdə idi. "Yerli-yersiz,
təqiblər, cərimələr, həbslər, mühakimələr, sürgünlər” onları milli istiqlal
uğrunda mübarizədən döndərə bilmədi və bütün bu çətinliklərə baxmayaraq
jurnalist və publisistlərimiz də qəzet və jurnal çapında nə qədər israrlı,
istəkli, inadkar olduqlarını aşkar etdilər.
Müntəzəm olaraq senzuranın nəzarətində olan "Açıq söz”, "İqbal”,
"Yeni iqbal”, "Sədayi-həqq”, "Sədayi-Qafqaz”, "Bəsirət”, "Doğru söz”,
"Dirilik”, "Tutu”, "Babayi-Əmir” kimi mətbu orqanları çətin də olsa,
qarşılarına qoyduqları məqsədləri oxucularına çatdıra bildilər. Xüsusən də "Açıq
söz” və "İqbal” qəzetləri Azərbaycan siyasi şüurunda istiqlal düşüncələrinin
möhkəmləndirilməsində xüsusi rol oynadılar. Onlar Azərbaycan milli istiqlal
hərəkatının təkanverici, ideyalarını təbliğ və tərənnüm edərək, xalqı milli
şüura, milli siyasi birliyə istiqamətləndirdilər.
Arxiv sənədlərindən və dövrü mətbuatda çap olunan materiallardan
aydın olur ki, müharibə dövründə (1914-1918) Azərbaycan milli mətbuatı
tarixinin ən ağır və kəşməkəşli dövrünü yaşasa da, fəaliyyətindən də qalmayıb.
Əksinə, S.Xalidoğlunun yazdığı kimi, bu mətbuat həm kəmiyyət, həm keyfiyyət
göstəriciləri ilə özündən qabaqkı dövrləri üstələməyi bacararaq, geniş xalq
kütlələrini öz milli-demokratik ideyaları ətrafında birləşdirərək, ilk milli
Cümhuriyyətimizin yaranması üçün ideoloji baza rolunu oynaya bilmişdir. Məhz bu
dövrdə mətbuatda millilik, millətçilik, türkçülük məsələləri çox ciddi şəkildə
qoyulduğu üçün milli dövlətçiliyin bərpasına yol açıldı. Bu da Azərbaycan Xalq
Cümhuriyyətinə gedən yolda ilk addım kimi dəyərləndirilir.
Monoqrafiyada həmin dövrdə
anadilli mətbuatın tərəqqisinə səbəb olan mətbəə və nəşriyyatların iş prosesi
də geniş təhlil olunur. Müəllif yazır: "Müharibə illərində mətbəə və nəşriyyat
işi özünəqədərki dövrlərlə müqayisədə xeyli dərəcədə təkamül prosesi
keçmişdir”. Müəllif əsərində bütövlükdə o dövrün mətbuat problemlərini
hərtərəfli şəkildə işıqlandırmağa çalışmış və buna nail də olmuşdur. Bunun üçün
o, ilk olaraq diqqəti, dövrün sosial-siyasi, mənəvi-psixoloji hadisələrinə
yönəldərək, onların mətbuat səhifələrindəki əks-sədasının mənzərəsini açıqlaya
bilmişdir. Nəticədə oxucunun gözü qarşısında müharibə dövrünün mətbuatı ilə
birlikdə sosial-siyasi qüvvələri və onların fəaliyyətlərinin istiqamətlərini,
xarakterini canlandırmışdır. Müəllif araşdırmasında
təkcə ictimai-siyasi yönümlü mətbu orqanlarını deyil, satirik xarakterli
nəşrləri də nəzərdən keçirib.
Öz fikir və mülahizələrini irəli sürərkən konkret faktlara, arxiv
sənədlərinə, dövrü mətbuat nümunələrinə və özündən əvvəl bu məsələlərə müraciət
edən tədqiqatçıların elmi-nəzəri mülahizələrinə istinad edən gənc tədqiqatçının
əsəri, bütövlükdə dolğun təsir bağışlayır. Təqdirəlayiqdir ki, o, müraciət
etdiyi dövr haqqında maraqlı, dolğun, sanballı və diqqətçəkən mülahizələr
söyləyir. Bütün bunlar S.Xalidoğlunun işgüzarlığını, tədqiqatçılıq məharətini
əks etdirir. 2005-ci ildə BDU-nun jurnalistika fakültəsinin magistr pilləsini
fərqlənmə diplomu ilə bitirən S.Xalidoğlu, müntəzəm olaraq Azərbaycan mətbuat
tarixinin tədqiqi ilə məşğuldur. 15-dən çox kitabın transliterasiya redaktoru
olan gənc tədqiqatçı, həm də iki biblioqrafiyanın həmtərtibçisidir. Onlarla
elmi məqalənin müəllifi, Azərbaycan mətbuatının həm çətin, həm də şərəfli
dövrlərindən birini əks etdirən bu əsərini ərsəyə gətirmək üçün illərlə
arxivlərdə, kitabxanalarda gərgin axtarışlar aparmış, aydın elmi-nəzəri
fikirlər söyləmiş və nəticədə belə sanballı əsər ərsəyə çıxmışdır. Odur ki,
əsərin oxucular tərəfindən rəğbətlə qarşılanacağına inanırıq və müəllifə bu
yolda daha böyük uğurlar arzulayırıq!
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
![banner](/images/kaspibanner.jpg)