Cümhuriyyətə gedən yolda mətbuatın rolu
Gənc tədqiqatçı Samir Xalıqoğlu (Mirzəyev) yazır: "Jurnalistika
tariximizdə Birinci Dünya müharibəsi illərinin mətbuatı xüsusi çəkiyə malikdir.
Çünki bu zaman kəsiyi Azərbaycan milli hərəkatında mühüm dövrlərindən birini
təşkil edir və milli müstəqilliyə, Azərbaycan Xalq Cümhuriyyətinə aparan yol,
məhz bu illərdən keçir. Cümhuriyyətimizin elmi konsepsiyası əsasən, sözügedən
dövrdə meydana gəlmişdir”.
Mətbuat səhifələrində siyasi maarifçiliklə başlanan bu mübarizə birinci
Rusiya inqilabı dövründə açıq müstəviyə keçdi. Eyni zamanda Azərbaycanın öndə
gedən aydınları, fikir adamları milli oyanış və ictimai fəallıq baxımından
Krım, Volqaboyu tatarları ilə ittifaqa girərək, güclü blok yaratmağa nail
oldular. Tezliklə, siyasi partiyaya çevrilən bu bloku, tatarlar tərəfindən
İ.Qaspıralı, Azərbaycan türkləri tərəfindən isə Ə.Topçubaşov təmsil edirdi.
Odur ki, Azərbaycan milli ruhlu mətbuatının tarixi, xalqımızın
azadlıq, müstəqillik hərəkatı tarixi ilə qırılmaz sürətdə bağlıdır. Bu
hərəkatın yaranması, inkişaf yolu, xüsusiyyətləri milli ruhlu mətbuatımızın da
inkişaf yolunu müəyyən etmiş, ona təkan vermişdir. Müxtəlif dövrlərdə intibah
və tənəzzül halları keçirən Azərbaycan mətbuatı, Azərbaycan xalqının və
Azərbaycan mədəniyyətinin məruz qaldığı bütün siyasi, ictimai, ideoloji
təbəddülatları bilavasitə öz üzərində hiss etmişdir.
20-ci yüzilliyin ikinci on illiyində Azərbaycanda ədəbi-bədii
düşüncənin daha uğurlu axtarışlar aparmasınd, milli ictimai şüuru tənzimləyən
mətbuat, güclü təsir göstərir, ədəbi prosesin cəmiyyət həyatına müdaxiləsinə
meydan açırdı. Bu zaman mətbuatın ictimai fikir institutuna çevrilməsi, azad
söz, haqq-ədalət uğrunda mübarizə yolunda əvəzsiz vasitə rolunu oynaması, onun,
cəmiyyətdə nüfuzunun artmasına, dəyərinin yüksəldilməsinə səbəb oldu və
Azərbaycanda mükəmməl mətbuat sisteminin yaranması prosesi başladı. Doğrudur,
bu çox çətin oldu. Çətinliklərlə inkişaf yolu keçən Azərbaycan milli hərəkatı
ana dilli mətbuatın nəşri uğrunda mübarizədən başlamış söz, mətbuat, şəxsiyyət
azadlığı, sosial demokratiya, milli ərazi muxtariyyəti və nəhayət, müstəqil
dövlətçilik səviyyəsinə qədər yüksələn bir inkişaf mərhələsi keçdi.
Tədqiqatçı alim Xəqani Məmmədov "Azərbaycan milli hərəkatı
(1875-1918-ci illər)” adlı monoqrafiyasında yazır: "Azərbaycan milli
hərəkatının 1875-1918-ci illəri əhatə edən dövrü başlıca olaraq 3 mərhələni
əhatə edir:
1.Milli hərəkatın oyanış
dövrü (1875-1905)
2.Milli hərəkatın yüksəliş
dövrü (1905-1914)
3.Milli hərəkatın təkamül
dövrü (1914-1918)
Sözsüz ki, bu mərhələlər şərti səciyyə daşıyır və "Azərbaycan milli
hərəkatı ötən əsrin son rübündən başlayan bir prosesdir. Amma bu da danılmaz
faktdır ki, hər üç dövrdə milli hərəkatın yüksəlişində və istiqlal məfkurəsinin
təbliğində mətbuat çox böyük rol oynayıb. Və heç də təsadüfü deyil ki,
1917-1920-ci illər Azərbaycan mətbuatında "milli-azadlıq hərəkatı dövrü” kimi
səciyyələndirilir.
Dövrü materiallarla tanış olarkən bəlli olur ki, ictimai-siyasi
hadisələrlə zəngin olan bu dövrdə milli mətbuat yeni inkişaf mərhələsinə qədəm
qoyur və müxtəlif siyasi partiyaların, cəmiyyətlərin mətbu orqanları açıq
fəaliyyətə başlayır. Çünki Azərbaycan Xalq Cümhuriyyəti hökuməti
jurnalistikasının inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi, ölkənin
ictimai, siyasi, mədəni, iqtisadi inkişafını təmin etmək üçün mətbuatın
fəaliyyəti ilə bağlı bir çox demokratik islahatlar aparmış, mühüm işlər
görmüşdür.
Mətbuatla bağlı qanunvericilik aktları: sərəncamlar, qərarlar, hüquqi
aktlar hazırlanmışdır. Məhz ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə
Azərbaycan mətbuatı Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli sərəncamı
ilə senzuradan azad oldu. Azərbaycan oxucusu azad sözün, azad mətbuatın
nəfəsini duydu. Cəmiyyətdə mətbuatın yerini və rolunu gözəl dərk edən
Cümhuriyyət liderləri, Azərbaycan mətbuatının inkişafı üçün hüquqi bazanın
yaradılması istiqamətində mühüm addımlar atdı. Bunların arasında özünün
siyasi-hüquqi və sosial mədəni əhəmiyyətinə görə, xüsusi diqqət çəkən "Mətbuat
haqqında nizamnamə”dir.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən 1919-cu ilin 30
oktyabrında qəbul olunan "Mətbuat Haqqında Nizamnamə” milli demokratik
mətbuatımıza dair ilk rəsmi hüquqi sənəd olmaqla yanaşı, həm də kütləvi
informasiya vasitələrinin fəaliyyətini tənzimləyən ilk qanunverici akt oldu.
Avropa ölkələrinin hüquqi standartlarına uyğun olan bu Nizamnamə informasiya
məkanının yad təsirlərdən qorunmasına, ölkədə normal KİV sisteminin
yaradılmasına, onun formalaşmasına yol
açdı.
Ölkədə mətbuatın azad və sərbəst fəaliyyəti üçün şəraitin yaranması,
Azərbaycan mətbuatının keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsinə,
cəmiyyətdə fikir plüralizminin formalaşmasına və mətbuatın böyük bir hissəsinin
demokratik xarakter daşımasına səbəb oldu.
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri
M.Ə.Rəsulzadə yazırdı: "Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası
bizi özümüzə tanıtdı. Birlik və istiqlaliyyətimizin işarəsi olaraq əlimizdə
türklüyümüzü, müsəlmançılığımızı, çağdaş bir xalq olduğumuzu göstərən istiqlal
bayrağı vardır. Yazıqlar olsun ki, ...canımız və malımız qorxusundan bu
istiqlal bayrağımızı bir bezə dəyişdik”.
1918-ci il mayın 28-də Azərbaycanın öz müstəqilliyini qazanmasında,
milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olan
milli mətbuatın çox böyük rolu olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin bütün
xadimlərinin həm bir lider kimi formalaşmasında, həm də onların siyasi
fəaliyyətinin gerçəkləşdirilməsində mətbuatın böyük xidmətləri vardır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ümummilli platformadan çıxış edən
"Azərbaycan” qəzetinin Ceyhun və Üzeyir Hacıbəylilər tərəfindən nəşr edilməsi,
ictimai-siyasi proseslərin milli mədəniyyətin inkişafı ilə nə qədər bağlı
olduğunun ən bariz nümunəsidir. Əslində, Cümhuriyyət dövrü mətbuatının
fəaliyyəti Həsən bəy Zərdabi ideyalarının, "Əkinçi” prinsiplərinin həyata
keçirilməsinin yeni və mühüm mərhələsi idi. Çox təəssüf ki, bu mərhələnin ömrü
az oldu.
Müxalif ideya-siyasi istiqamətə malik olan bu mətbuatın arasında daha
çox oxucu auditoriyasına malik olan, Azərbaycan Xalq Cümhuriyyətinin
ideyalarını təbliğ edən milli mətbuat olub. Heç şübhəsiz, Azərbaycan Xalq
Cümhuriyyəti dövrünün jurnalistikası 1918-1920-ci illər üçün səciyyəvi olan
bütün xüsusiyyətləri, demək olar ki, özündə əks etdirib. Ona görə də, haqqında
qeyd olunan dövrün mətbuatının, tarixinin əhatəli öyrənilməsi, ən kiçik
detallarına qədər təhlil olunması üçün ilk növbədə bu dövrün ayrı-ayrı
jurnalistlərinin, mətbu orqanlarının fəaliyyəti müstəqil şəkildə tədqiqata cəlb
edilməli və öyrənilməlidir.
Bu dövrün mətbuat aləmində formalaşmış tanınmış insanların
əksəriyyəti həm də dövrün siyasi xadimləri idi: M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə,
Ə.M. Topçubaşov, X.İbrahim, H.Ağayev, C.Hacıbəyli, Ü.Hacıbəyli, F.Ağazadə və
başqalarının müstəqillik, dövlətçilik tariximizə dair onlarla publisistik,
ədəbi-tənqidi məqalələri, elmi-nəzəri fikirləri mühüm əhəmiyyət kəsb edir.
Onların bu əsərlərində dövrün tarixinə milli mənafe baxımından yanaşılmış və
düzgün konsepsiya müəyyənləşmişdir.
Azərbaycanın
ictimai-siyasi, ədəbi-mədəni fikir tarixində mühüm rol oynayan, görkəmli
nümayəndələrindən biri M.Ə.Rəsulzadə, Azərbaycan Xalq Cümhuriyyətinin qələbə
çalmasında mətbuatın oynadığı rolu
məqalələrində, çıxışlarında dönə-dönə qeyd edirdi. 1903-cü ildən Azərbaycan
Xalq Cümhuriyyətinin süqutuna qədər olan dövrdə, ədib, daha çox ədəbi-tənqidi
və siyasi-publisistik məqalələrə üstünlük verib. Belə məqalələrin əksəriyyəti
ölkəmizdə milli mətbuatın fəaliyyətinə, azad və müstəqil mətbuatın nəyə qadir
olmasına və s. məsələlərə həsr edilib. "Mətbuat azadlığı insan azadlığının əsas
sütunudur” söyləyən ədib, xalqın azadlığı üçün mətbuatın azadlığını ən böyük
qüvvə hesab edirdi. Ədəbiyyatın, mətbuatın inkişafını "milli qüvvə” adlandıran
M.Ə.Rəsulzadə "Azərbaycan istiqlal məfkurəsinin yayılması və təbliğində
Cümhuriyyət dövründə çap olunan milli mətbuatın fəaliyyətini xüsusi
qiymətləndirirdi.
Əslində, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixi ilə milli
mətbuatının tarixini bir-birinə sıx bağlayan tellər var. Çünki Azərbaycan
mətbuatı öz inkişafında mədəni maarifçilikdən milli-mədəni dirçəlişə, milli
oyanışdan milli azadlıq hərəkatına doğru zəngin bir yol keçmişdir. Bu mənada
Azərbaycan demokratik dövlətinin qurulmasında mətbuatın xidmətləri böyükdür və
bu dövr mətbuatının tarixini düzgün, ətraflı, sistemli şəkildə öyrənmək,
aparılan tədqiqatları araşdırmaq, dəqiqləşdirmək çox vacibdir. Məhz bu yolla Azərbaycan
xalqının ictimai, siyasi, mədəni inkişafının hansı mərhələlərdən keçdiyini və
bu hadisələrdə mətbuatın rolunu aydınlaşdırmaqla, bu gün müstəqil dövlətimizin
qorunmasına, yaşamasına dəstək olmaq, dünənin müsbət təcrübəsindən bəhrələnmək
çox vacib amillərdəndir.
Professor Şirməmməd
Hüseynov qeyd edir: "Bu bir həqiqətdir ki, müstəqil Azərbaycan Demokratik
Respublikası olmasaydı, indiki müstəqil Azərbaycan da yaranmazdı”. "Mətbuat və
jurnalistika tariximizin qızıl dövrü” adlandırılan bu dövr, xalqın ictimai,
siyasi, mədəni, iqtisadi, ədəbi, azadlığı tarixində çox mühüm işlər görən, milli
arzuların, istəklərin ifadəçisi olan nüfuzlu ziyalıları öz ətrafında sıx
birləşdirə bilmiş və nəticədə Cümhuriyyətə gedən yolda qələbə əldə edilmişdir.
Bu qələbəni daima yaşatmaq naminə bu gün də ziyalılarımız müstəqil və azad
dövlətimizə hər sahədə dəstək olmalıdırlar.
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist