AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Cüdoçularımız Türkiyədən möhtəşəm qələbə ilə qayıdıblar

Cüdoçularımız Türkiyədən möhtəşəm qələbə ilə qayıdıblar

İdman
19 Aprel 2013, 16:28 1285
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Türkiyənin Ərzurum şəhərində cüdo üzrə beynəlxalq turnir keçirilib. Yarışda iştirak edən Gəncə idmançıları möhtəşəm nəticəyə imza atıblar. Birinciliyə 1 saylı UGİM-dən məşqçi Araz Muxtarovun rəhbərliyi altında 10 idmançı ilə yollanan cüdoçularımız eyni sayda medal qazanıblar.

Yarış 3 yaş qrup – uşaq, yeniyetmə və gənc oğlanlar arasında düzənlənib. 2001 – 2004 –cü il təvəllüdlü cüdoçuların mübarizəsində 30 kq çəki dərəcəsində Elçin Rzayev və 34 kq-da Zamin Hacızadə 3-cü yeri tutub. 1999-2000-ci il təvəllüdlü yeniyetmələrin yarışında 38 kq-da Etibar Rəfizadə bürünc, 42-də Ümüd Dərgahov gümüş, Şahmar Mehdiyev bürünc medala sahib çıxıb. Bu yaş qrupunda çıxış edən digər idmançılarımızdan 46 kq-da Emin Rzayev 3-cü olduğu halda Turan Azadov 2-ci yerə çıxıb.

50 kq-da isə finalda iki Gəncə cüdoçusu - Məhəmməd Tağıyevlə Elnur Qəmbərov üz-üzə gəlib. Daha yaxşı güləşən Tağıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beynəlxalq turnirin qalıbi Məhəmməd Tağıyev: “İlk görüşümdə tam üstünlüklə qalib gəldim. 2-ci görüşümdə isə rusiyalı idmançını yendim və yenidən gürcü cüdoçuya rəqib oldum. Onu yuko xalı ilə yenərək yarımfinala yüksəldim. Burada rəqibim türk idmançı idi. Çətinliklədə olsa, ona qalib gələrək finala yüksəldim. Burada rəqibim komanda yoldaşım oldu, onu da üstələyərək çempion oldum”.

1996-98–ci il təvəlüddən olan cüdoçuların birinciliyinə cəmi 1 idmançı ilə qatılan Nizami yurdunun komandası 60 kq-da baş mükafata sahib çıxıb. Ruhin Əkbərli Ərzurumda rəqib tanımayıb:

“Yarış çox çətin keçdi. 5 görüş keçirdim. Ən çətin görüşüm finalda Azərbaycan idmançısı ilə oldu. Lakin mən ona da qalib gələrək beynəlxalq turnirin qalibi oldum”.

Yetirmələrinin çıxışından razı qalan gənc məşqçi Araz Muxtarov bu uğurun təsadüfi olmadığını bildirərək, bunun gərgin məşqlərin bəhrəsi olduğunu əlavə edib.

Məşqçi Araz Muxtarov: “Demək olar ki, bu nəticə məni çox qane etdi. Yarışda 10 idmançı ilə iştirak etdik və 10 medal gətirdik. Bunların 2-si qızıl, 3-ü gümüş, 5-i isə bürünc medaldır. Yarışa getməzdən öncə biz 1 ay yarım gündə 2 dəfə səhər və axşam məşqlər keçdik və bu da sonda öz bəhrəsini göstərdi”.

Türkiyə yarışının mükafatçıları artıq məşqlərə başlayıblar. Cüdoçular qarşıdakı aylarda iştirak edəcəkləri növbəti turnirlərdən də medalla dönmək uçun böyük həvəslə çalışırlar.

Qeyd edək ki, bu cüdoçuları may ayında daha bir mötəbər turnir gözləyir. Belə ki, Araz Muxtarovun yetirmələri Ukraynanın Odessa şəhərində keçiriləcək klublararası dünya kubokuna qatılacaq.