• çərşənbə, 24 Aprel, 06:48
  • Baku Bakı 13°C

COVİD-19 xəstəsi evdə müalicə olunursa...

07.07.20 19:44 4290
COVİD-19 xəstəsi evdə müalicə olunursa...
Mütəxəssislər bildirirlər ki, bu zaman ev qapalı xəstəxana kimi olmalıdır

Artıq СOVİD-19 pandemiyası ölkəmizdə elə həddə çatıb ki, heç də bütün xəstələrin klinikalarda müalicəsi mümkün deyil. Bir qisim xəstələrə evdə müalicə olunmaq tövsiyə edilir. Evdə müalicəni bir qisim insan daha məqsədəuyğun hesab etsə də, bir qisim yüngül halda olsa belə, klinikada qalmağın vacib olduğunu düşünür. Ev və klinika müalicəsi arasına hansı fərqlər var? Evdə müalicə olunan xəstələrin müalicəsi üçün nələrə diqqət olunmalıdır?

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə ilk olaraq evdə hansı xəstələrin müalicə oluna biləcəyi haqqında məlumat verdi: "COVİD-19-a yoluxan xəstələr ağırlıq dərəcəsinə görə qruplaşdırılır: yüngül, orta ağır, ağır və çox ağır. Bir də simptonsuz - əlamətləri olmayanlar. İlk olaraq xəstələr çeşidlənir və ona uyğun müalicə aparılmasına başlanır. Simptonsuz xəstələrdə kliniki əlamətlər olmur. Onlar cəmiyyət üçün təhlükəlidirlər. Onlara heç bir müalicə aparılmır. Sadəcə, cəmiyyətdən təcrid olunmalıdırlar ki, başqalarına yoluxdurmasınlar.
Yüngül formasında quru öskürək, boğazda ağrı, temperatur kimi əlamətlər olur. Bu xəstələrin ağciyərində bəzən bir, bəzən ikitərəfli pnevmoniya əlamətləri müşahidə edilə bilər. Belə hallarda xəstələrin müalicəsinin ev şəratində aparılması mümkündür və aparılır da. Vitaminlər, antibiotiklər, venadaxili məhlullar, hərarətsalıcı preparatlar təyin olunur.
Vəziyyəti orta ağır olanlar isə ilk olaraq rentgen, yaxud kompüter tomoqrafiyasından (KT) keçirilir. Ağciyərin vəziyyətinə baxılır. Pnevmoniya əlamətləri varsa, ancaq xəstədə təngənəfəslik, boğulma yoxdursa, onları da evdə müalicə etmək olar. Yox, əgər xəstələrdə "buzlu şüşə” aşkar edilirsə, təngənəfəslik, boğulma varsa, mütləq xəstəxanaya götürülməlidir.
Ağır xəstələr isə ev şəraitində müalicə olunmamalıdır. Xəstəxanada onlara oksigen qoşulur. Ola bilər ki birbaşa süni tənəffüs aparatı təyin edilir. Müalicə xəstəxanada getməlidir. Bu xəstələrdə 90-95 hallarda "buzlu şüşə” aşkar edilir. Onları evdə müalicə etmək mümkün deyil. Çox ağırlar isə xəstəxanaya daxil olan kimi birbaşa reanimasiya şöbəsinə verilir. Bu izahı ona görə verdim ki, heç də bütün xəstələr ev şəraitində müalicə olunmamalıdırlar”.

Həkim-terapevt Məlahət Hümmətqızı deyir ki, yüngül və orta vəziyyətdə olan xəstələr üçün klinikada tətbiq edilən müalicə şəraiti evdə də yaradıla bilər: "Mən həmin şəraitdə çalışdığım üçün müqayisə imkanım var. İlkin yüngül və orta vəziyyətdə olanların klinikada aparılan müalicəsini evdə də təmin etmək olur. Yəni həmin şəraiti evdə də yaratmaq mümkündür. Yataq şəraiti, xəstəyə antivirus əleyninə, antibakterial dərmanlar, vitamin terapiya və digər lazımi müalicələr aparılacaq. Pəhriz yeməkləri olacaq. Təbii ki mütəmadi şəkildə həkim nəzarəti olmalıdır. Xəstənin temperaturu, təzyiqini tez-tez ölçülməli və həkimlə məsləhət edilməlidir”.

Virusa yoluxma varsa, insanlar ağciyərlərinin durumu ilə bağlı narahat olurlar və KT-yə üz tuturlar. Pediatr Aytən İsmayılzadədeyir ki, KT-yə zəruri hallarda müraciət etmək olar: "Evdə müalicə ilə bağlı tövsiyələrdə deyilir ki, xəstə özündə narahatlıq hiss etmirsə, sadəcə temperatur varsa və risk qrupu deyilsə, həmin an KT müayinəsinə getməyə ehtiyac yoxdur. KT ağciyər sahələrinin spesifik şəkildə zədələnmiş olduğu halda koronavirus ehtimalı göstərir. Ağciyərdə heç bir dəyişiklik baş verməsə də, adam koronavirusla xəstələnmiş ola bilər. Risk qrupuna daxil olmayan, heç bir əlaməti olmayan cavan şəxslərin, qadınların KT-dən keçməsi məsləhət deyil. Əsasən risk qrupu kimlərdir? Əvvəllər 65-yaşdan yuxarı deyirdik. Artıq virus mutasiyaya uğrayıb, 35 yaşdan yuxarı kişilərdə də, müəyyən yanaşı xəstəlikləri olan, immun sistemi zəif cavanlarda da pis nəticələr göstərə bilir. Hərarət düşmürsə, bir həftədir davam edirsə, halsızlıq varsa, bəzən rentgenə, bəzən KT-yə göndəririk. Yanaşı şəkərli diabet, piylənmə, ürək-qan damar sistemi xəstəliyi varsa, yaşı da 50 üzərindədirsə, çox gecikdirmədən mütləq KT məsləhət görürük”.
Aytən İsmayılzadə bildirdi ki, COVİD-19-a yoluxanlarda iy, dadbilmə azalır, ürəkbulanma yaranır, iştah olmur və yemək istəmirlər: "İştah olmadığı üçün yeyə bilmirlər, bunu başa düşürəm. Biz onlara yüksək dozada Vitamin C, D, sink, selen təyin edirik. Ancaq hər bir halda qidalanma mütləqdir”.
Vüqar Cavadzadə deyir ki, hər bir xəstəyə uyğun qidalanma rejimi təyin olunmalıdır: "Vitaminli, zülallı qidalara üstünlük verilməlidir. Burda da hər bir xəstəyə fərdi yanaşmaq lazımdır. Xəstənin şəkərli diabeti varsa, biz ona zəngin vitaminli, kalorili qidalar verə bilmərik. Yaxud böyrək problemi varsa, duzlu qida olmaz. Qaraciyər, öd yollarının xəstəliyi olanlar yağlı qidalardan uzaq durmalıdırlar. Qida rejimi də xəstənin yanaşı xəstəlikləri nəzərə alınaraq müəyyənləşdirilməlidir”.
Məlahət Hümmətqızı deyir ki, evdə COVİD-19-lu xəstə varsa, evi qapalı xəstəxana kimi insanlardan təcrid etmək lazımdır: "Evdə müalicə alan şəxs kənar şəxslərdən tədric olunmalıdır. Ev bir növ qapalı xəstəxana olmalıdır. Evdəki insanlarla da məsafə saxlamalı, maska taxmalıdır. Evdə olan digər insanlar da maskada olmalıdırlar. Tez-tez əlləri yumaq, yuyunmaq, spirtlənmək lazımdır. Çünki qulluq edən insanın yoluxma ehtimalı çox olur”.
Vüqar Cavadzadə deyir ki, koronavirus xəstəsi müalicə olunan evdə virusun digər şəxslərə keçmə riski çox yüksəkdir: "İkiotaqlı mənzildir, bir otaqda xəstə qalır, digərində ailənin sağlam üzvü. Ancaq istər-istəməz mətbəxdən, sanitar qovşaqdan müştərək istifadə edəcəklər. Ona görə, yoluxma riski yüksəkdir. Buna baxmayaraq, xəstə üçün ayrıca otaq ayrılmalı, evdəki hər kəs maskadan istifadə etməlidir, xüsusilə N95 maskasından. Birlikdə istifadə etdikləri sanitar qovşaq, mətbəx gündəlik dezinfeskiya olunmalı, evin havası tez-tez dəyişilməlidir. Buna baxmayaraq, yolxuma şansı yüksək olaraq qalır”.
Aytən İsmayılzadə qeyd etdi ki, evdə müalicənin mənfi tərəfləri də az deyil. Bunları aradan qaldırmaq üçün isə koronavirusla mübarizədə idarəetmə sistemi düzgün şəkildə qurulmalıdır: "Sənə heç nə lazım deyil, evdə qal, ağırlaşma olsa bizə xəbər et” deməklə bu iş həll olmur. Sistemləşmiş şəkildə olmalıdır. Evdə müalicənin mənfi tərəfləri çoxdur. Xəstə zəng edir ki, həkim, halsızam, temperaturum var, başım ağrıyır, mənə elə gəlir ki, koronavirusa yoxulmuşam. Biz ona önləyici tədbirlər görməyi məsləhət bilirik. Vitamin və başqa nələrsə yazırıq. Adam özü gedib aptekdən dərman, marketdən yemək alır. Çünki o, nəzarətsizdir. Biz məsləhət verəndə, "özün getmə, başqasına etdir” desək də, bizə "yaxşı” deyib, gedə bilər. Çünki mən ona söz vermirəm ki, evdə qal, dərmanını göndərəcəm.
Səyyar poliklilik xidmətlə evdə müalicə alan xəstələrə nəzarət edilməlidir. Evlərə bir-bir gedilməli, yoxlamalı, analiz götürülməli, dərmanlar təyin edilməlidir. Dərmanları əlbəəl vermək məcburi deyil, qapıdan da verilə bilər. Xəstəxanaya götürülmürsə, onlar dərmanla təmin olunmalıdır.
Evdə müalicə üçün o şəxslərə xidmət göstərən tibb bacıları olmalıdır. Çünki iynə vurulmalı, infuziya və s. edilməlidir. Bunu evdə özləri edə bilməz axı. Elə bir xidmət olmalıdır ki, bu xəstələr tibb bacısına ehtiyac yarandıqda müraciət edə bilsinlər, evdə onlara xidmət göstərilsin.
Bundan başqa, evdə müalicə zamanı laboratoriya testləri lazım olar, onları gəlib evdə xəstələrdən götürüb aparmalıdırlar. Bəzi yaşlı insanlar var ki, həkimlər laboratoriya testlərinə əsasən onların vəziyyətini dəyərləndirirlər, müalicənin hansı istiqamətdə davam edəcəyini bildirirlər. Bu, laborator testləri verməkdən ötrü hansısa klinikaya yaxınlaşanda, başqa insanları da yoluxdururlar. Tibb bacısının gəlib evdən götürüb getməyi daha məsləhətlidir”.
Aytən İsmayılzadə qeyd etdi ki, evdə müalicə alan şəxslərə mütləq psixoloji dəstək də göstərilməlidir: "Panik-atak olanları, hamiləsi, süd verəni var. Özləri də yoluxurlar, uşaqları da yoluxur. Gərgin olurlar, stress keçirirlər. Bu da onların immun sisteminin zəifləməsinə gətirib çıxarır. Bu səbəbdən psixoloji dəstək də önəmlidir”.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər