AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

COVID-19 pandemiyası saxta dərmanlar qaçaqmalçılığına rəvac verib

COVID-19 pandemiyası saxta dərmanlar qaçaqmalçılığına rəvac verib

Təfsilat
09 İyul 2020, 15:51 349
COVID-19-a qarşı mübarizə üçün zəruri dava-dərmana və tibbi avadanlığa tələbatın kəskin artdığı indiki şəraitdə termometrlərdən saxta dərmanlara və keyfiyyətsiz süni tənəffüs aparatlarına qədər müxtəlif saxta mallar bazara yol tapır.

AZƏRTAC BMT saytına istinadla xəbər verir ki, BMT-nin Narkotiklərə və cinayətkarlığa qarşı mübarizə idarəsinin yeni araşdırmasında bu problemlərdən bəhs edilir.

Transmilli cinayətkar qruplar tibbi materialların və preparatların çatışmamasından, qanunvericilikdəki boşluqlardan istifadə edərək, həmçinin qeyri-müəyyən və təhlükəli vəziyyətə düşmüş insanların əhvalını "nəzərə alaraq” ümumi bəla hesabına varlanmağa başlayıblar. Tibbi təyinatlı saxta mallar qaçaqmalçılığı bütün dünyada geniş vüsət alıb.

Argentina hüquq-mühafizə orqanları müvafiq lisenziyaları olmadığı halda tibbi maskalar, dezinfeksiyaedici vasitələr və digər fərdi müdafiə əşyaları istehsal edən şirkətin fəaliyyətini araşdırırlar.

Sloveniya hökuməti aprel ayında Bosniya və Herseqovinada bir şirkətə 3 milyon maska sifariş verib və beh kimi 300.000 avro ödəyib. Lakin indiyə qədər heç bir maska alınmayıb.

Almaniyanın səhiyyə orqanları mart ayında İsveçrə və Almaniyada fəaliyyət göstərən firmalardan 15 milyon avroluq maska alınması barədə müqavilə bağlayıblar. Sonradan məlum olub ki, bu firmaların veb-saytı İspaniyada legitim olan bir şirkətin saytının saxta surəti imiş.

Nigeriyanın hakimiyyət orqanları bu ölkədə külli miqdarda xloroxin maddəsi yaranmasını qeydə alıblar. Bu fakt orada saxta preparatlar olmasını güman etməyə əsas verir.

Rusiyada keyfiyyətsiz və ya saxta süni nəfəs aparatlarının satışı ilə bağlı dələduzluq təhqiq edilir. Belə hallar Böyük Britaniyada, həmçinin Bosniya və Herseqovinada da aşkar edilib.

Tailandda üçüncü dövlətlərdən daxil olmuş 3300 yararsız termometr tutulub.

COVID-19 ilə bağlı cinayətkar sxemlər amerikalı istehlakçılara bu ilin birinci rübündə 13,4 milyon dollara başa gəlib.

Böyük Britaniyada təkcə mart ayı ərzində 2000 onlayn-dələduzluq faktı, o cümlədən qaçaq mallar satan 471 "mağaza” aşkar edilib.

Dələduzlar hətta hələ mövcud olmayan vaksini də satmağa çalışırlar. ABŞ-da COVID-19 əleyhinə vaksini reklam edən veb-sayt aşkar olunub.

Narkotiklərə və cinayətkarlığa qarşı mübarizə idarəsinin icraçı direktoru Qada Vali deyib: "Əhalinin qorxuya düşməsi ilə manipulyasiya edən, dərmanlara və fərdi qorunma vasitələrinə tələbatın artmasından istifadə edərək COVID-19 pandemiyası hesabına varlanan cinayətkarlar insanların həyatını və sağlamlığını təhlükə altına qoyur. Transmilli cinayətkar qruplar qanunvericilik və nəzarət sahəsində mövcud boşluqlardan istifadə edərək tibbi təyinatlı saxta və keyfiyyətsiz malları satırlar”.

Onun sözlərinə görə, ölkələrdə hüququn tətbiqinə nəzarətin möhkəmlənməsinə kömək etmək, cinayət hüququ sistemlərinin imkanlarını genişləndirmək, əməkdaşlığı nizamlamaq və ictimaiyyəti məlumatlandırmaq lazımdır.

Cinayətkarlar "rəqəmsal yalan” ilə məşğul olmaq imkanını da əldən vermirlər: fişinq, onlayn-dələduzluq, işgüzar elektron poçtların dağıdılması, alıcıların etimadını qazanmaq üçün legitim şirkətlərin veb-saytları ilə manipulyasiya – bütün belə hallar pandemiyanın daha geniş yayılmasına şərait yaradır.

İdarənin ekspertləri xəbərdarlıq edirlər ki, COVID-19-a qarşı vaksin yaradılanda cinayətkarların davranışı da dəyişəcək. Onlar çox ehtimal ki, qoruyucu vasitələrin qeyri-leqal satışından vaksin qaçaqmalçılığına keçəcəklər. İdarədə belə hesab edirlər ki, pandemiyaya qarşı mübarizə məqsədilə, o cümlədən dərmanların və materialların alınması üçün cəlb olunmuş infrastrukturlara kiberhücumların ardı-arası kəsilməyəcək.

BMT-də vurğulayırlar ki, belə cinayətlərə qarşı mübarizə aparmaq üçün normativ-hüquqi bazanı möhkəmlətmək, tibbi təyinatlı saxta mallar istehsalının və qaçaqmalçılığın kriminallaşdırılması işində razılaşdırılmış qlobal yanaşmadan istifadə etmək lazımdır.