AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

COVID-19-a qarşı peyvəndləmə ilə bağlı yayılmış miflər

COVID-19-a qarşı peyvəndləmə ilə bağlı yayılmış miflər

Müsahibə
24 İyun 2021, 18:00 277
Peyvəndlə bağlı müxtəlif miflərin mövcudluğu yeni bir hadisə deyil. Ancaq bu hal koronavirus infeksiyası dövründə geniş miqyas alıb. Məlum məsələdir ki, bu vəziyyət xəstəliyin qısa zaman ərzində geniş yayılması səbəbindən baş verdi. Təəssüf ki, cəmiyyətin bir hissəsi bu cür qeyri-adi vəziyyətlərə cavab axtararkən, bəzi insanlar müxtəlif nəzəriyyələri, şayiələri həqiqət kimi qəbul edirlər. Azərbaycan Tibb Universitetinin professoru, Milli İmmunlaşdırma Ekspert Məsləhət Komissiyasının sədri Hüseyn Qabulov COVID-19-a qarşı peyvəndləmə ilə bağlı yayılmış miflərə münasibətini bildirib. Kaspi.az həmin müsahibəni təqdim edir:

- Ən çox rast gəlinən mif odur ki, COVID-19-a qarşı peyvəndlər qısa müddətdə istehsal olunduğu üçün təhlükəlidir. Sizin buna münasibətiniz necədir?
- Bu fikir doğru deyil. COVID-19-a qarşı peyvəndlərin nisbətən qısa müddətdə hazırlanmasına baxmayaraq, onların istehsalı beynəlxalq elmi əməkdaşlıq, nəhəng maliyyə və insan resurslarının nəticəsidir. Bu cür peyvəndlərin istehsal texnologiyası on illərdir mövcuddur. Eyni zamanda, COVID-19-a qarşı peyvəndlərin istehsalında, ümumi qəbul edilmiş qaydalara, standartlara və etik meyarlara uyğun olaraq, on minlərlə könüllü də daxil olmaqla, bütün lazımi laboratoriya və klinik sınaqlar aparıldı. Ümumbəşəriyyət üçün gözlənilən təhlükə qarşısında peyvəndlər aidiyyəti orqanlar tərəfindən sürətlə təsdiqləndi.

- Bəzi insanlar peyvəndin COVID-19-dan qorumadığını düşünürlər. Bu fikrə münasibətinizi öyrənmək istərdik.
- Məlum məsələdir ki, 100 faiz təsirli peyvənd yaratmaq, demək olar ki, mümkün deyil. Bunun səbəbi virusların yeni mutasiyalarının üzə çıxması və hər bir orqanizmin fərdi keyfiyyətlərə malik olmasıdır. Peyvəndlərin təsir mexanizminə gəldikdə, vaksinlər həm infeksiyanın inkişafının qarşısını almaq, həm də xəstəliyin şiddətini azaltmaq üçün çox vacibdir. Yəni, peyvəndlənmiş şəxs də xəstəliyə yoluxa bilər, lakin xəstəliyi çox yüngül keçirəcəkdir. Məsələn, bir peyvəndin 90 faiz təsirli olduğu təsdiq edilirsə, bu, peyvəndlənmiş insanın peyvənd edilməmiş insana nisbətən xəstəliyin simptomlarına 90 faiz daha az məruz qalacağı deməkdir.

- Bəzən COVID-19-a qarşı vaksinin insanın DNT-sini dəyişdirə biləcəyini eşidirik. Bu haqda nə deyə bilərsiniz?
- Bu, məlumat RNT-si (mRNT) olan peyvəndlər haqqında deyilir. Bu elm sahəsində çalışan mütəxəssislər peyvəndlərdən alınan RNT-nin fiziki olaraq DNT-nin (deoksiribonuklein turşusu) olduğu hüceyrə nüvəsinə nüfuz edə bilmədiyini bilirlər. DNT genlərimizi və irsi materiallarımızı daşıyır. RNT-peyvəndlər hüceyrənin sitoplazmasına daxil olur, amma DNT-yə daxil olmur. Başqa sözlə desək, vaksinasiya zamanı DNT-hüceyrələrin hər hansı bir təhlükə ilə qarşılaşması mümkün deyil.

- COVID-19 peyvəndinin sonsuzluğa səbəb olduğuna dair fikirlər də var. Bu iddialara yanaşmanız necədir?
- Bu ifadə əsassızdır. Hazırda koronavirus peyvəndi alan qadınların müvəffəqiyyətlə hamilə qaldıqlarına dair çox nümunə var. Həmçinin hamilə qalmağı planlaşdıran qadın könüllülər arasında da tədqiqat işləri aparılıb. Bu tədqiqatlar da öz növbəsində COVID-19 peyvəndinin qadınların reproduktiv sağlamlığına mənfi təsiri barədə iddiaların yalan olduğunu təsdiqlədi.

- Həqiqətən insanların bu mövzuda düşüncələri həddindən artıq çoxdur. Hətta hamiləlik dövründə peyvəndlənən qadınların hamiləliyinin sonlanmasına gətirib çıxardığını iddia edirlər.
- Dünya təcrübəsinə baxsaq, bir çox qadın hamiləlik dövründə peyvənd olunub və sağlam körpələr dünyaya gətirib. Bunlara klinik sınaqlara qatılan və vaksinasiyadan sonra hamilə qalan qadınlar, həmçinin hamiləlik dövründə peyvənd olunmuş qadınlar daxildir.

- Tez-tez rast gəlinən sual: COVID-19 xəstəliyini keçirən insan vaksin oluna bilərmi?
- Əlbəttə, elə xəstəliklər var ki, onlardan sonra kifayət qədər uzunmüddətli və ya ömürlük immunitet yaranır və bu infeksiyaya məruz qalan insan artıq xəstələnmir. Lakin praktikada immuniteti uzun müddət davam edə bilməyəcək bir çox xəstəliklər var. Birincisi, xəstəliyin törədicisi mutasiya edə bilər (quruluşunu və ya xüsusiyyətlərini dəyişdirir) və insanın immun sistemi onu tanıya bilmir. İkincisi, müəyyən bir mikroorqanizm haqqında bir orqanizmin immunoloji "yaddaşı" qısa müddətli ola bilər. Koronavirusa gəldikdə isə onun qeyri-adi bir patogen olduğu ortaya çıxdı. Qısa müddət ərzində bu virus dəfələrlə mutasiya etdi. Bundan əlavə, bu infeksiyaya yoluxmuş bir çox insan sağaldıqdan sonra bədəndə koronavirusa qarşı anticisimlərin tədricən azaldığının və ümumiyyətlə tamamilə yox olduğunun şahidi olduq. Bir nüansı nəzərə almaq lazımdır ki, bir virusa yoluxma yalnız müəyyən bir patogenə qarşı immuniteti təmin edərkən, bir peyvənd müxtəlif növ dəyişdirilmiş viruslardan yoluxma riskini azalda bilər.

- COVID-19 peyvəndinin ciddi yan təsirləri varmı?
- Vaksin olunmuş vətəndaşlarda inyeksiya yerində ağrı, başağrısı, üşütmə, yorğunluq, yuxululuq, əzələ ağrısı, bədən hərarətin qalxması halları müşahidə oluna bilir və belə halların baş verməsi bütün peyvəndlər üçün keçərlidir. Bir qayda olaraq, bu reaksiyalar qısamüddətli olur. Hazırda ciddi yan təsirlə bağlı hər hansı hal müşahidə edilməyib.

- Nə üçün bəzi yoluxucu xəstəliklərə qarşı təkrar peyvəndləmə lazımdır?
- Etibarlı immun cavabı formalaşdırmaq üçün təkrar peyvəndləmə vacibdir. Nümunə olaraq, uşaqların poliomielit, hepatit B, difteriya, göy öskürək və s. xəstəliklər əleyhinə təkrar peyvəndləməni göstərə bilərik. Mütəxəssislər bunu yaxşı bilirlər. Hər bir spesifik infeksiyaya qarşı immunitetin formalaşması və qorunması üçün zəruri olan vaksinasiyaların və revaksinasiyaların tezliyi çoxsaylı elmi və klinik tədqiqatlarla müəyyən edilib.