• cümə, 29 Mart, 15:42
  • Baku Bakı 14°C

COVAX-ın Azərbaycana vəd ediləndən az sayda vaksin verəcəyi ilə bağlı açıqlaması anlaşılan deyil

27.03.21 18:15 969
COVAX-ın Azərbaycana vəd ediləndən az sayda vaksin verəcəyi ilə bağlı açıqlaması anlaşılan deyil
COVID-19 pandemiyasına qarşı mübarizə təkcə dövlətin iqtisadi gücündən deyil, həm də onun bəşəri dəyərlərə hansı səviyyədə malik olmasından asılıdır. Dünyanın aparıcı dövlətləri və Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın pandemiyaya qarşı apardığı mübarizəni təqdir edib. Pandemiya ilə mübarizə çərçivəsində Azərbaycanın təşəbbüsü ilə müxtəlif səviyyəli beynəlxalq tədbirlər də keçirilib. Ötən ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası məhz bu qəbildəndir. Sessiyanın təşkili bir daha təsdiqlədi ki, Azərbaycan koronavirusla mübarizədə nəinki regionda, eləcə də dünyada öncül ölkələrdəndir. Bu sessiya həm də beynəlxalq ictimaiyyətin birgə fəaliyyətinin koordinasiyası baxımından dəyərlidir.
Azərbaycan vaksinlərin ədalətli bölgüsü, ölkəyə gətirilməsinin təmin edilməsi məqsədilə yaradılan COVAX təşəbbüsünə dəstək verən ölkələrdən biridir. Bəs o zaman beynəlxalq təşkilat tərəfindən ölkələrin vaksinlərlə təmin edilməsində meydana çıxan ədalətsizlik nə ilə izah olunmalıdır?
AZƏRTACxəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib.
Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti çıxışlarında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı təkcə Azərbaycan üçün deyil, dünya üçün gərəkli olan fikirlər bildirib, bu istiqamətdə birgə səylərin önəmini vurğulayıb. Dövlətimizin başçısı demişdi ki, bəzi dövlətlərin öz tələbatlarından bir neçə dəfə çox vaksin almağa cəhd göstərməsi inkişaf etməkdə olan ölkələri vaksin çatışmazlığı problemi ilə üz-üzə qoyacaq. Belə də oldu. Bu fikirlər dünyanı pandemiyadan xilas etməyə yönəlmiş bəşəri xatırlatmadır. Bu xatırlatmanın nəticəsidir ki, BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı qətnamə Qoşulmama Hərəkatı adından irəli sürülüb və bu il martın 23-də qəbul edilib.
Səbinə Xasayeva ölkəmizə qarşı ikili standartların ermənilərin Azərbaycan torpaqlarına iddia etdiyi dövrdə də hökm sürdüyünü diqqətə çatdırıb. O deyib: "Uzun illər Azərbaycan həqiqətlərinə göz yumuldu, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə birtərəfli münasibət nümayiş etdirildi. Bu səbəblərdən münaqişəni sülh yolu ilə həll etmək mümkün olmadı, münaqişənin həlli 28 il çəkdi. Beynəlxalq təşkilatların həll etməli olduğu münaqişəni Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə aradan qaldırdı. COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərində də buna oxşar münasibət görünməkdədir. Azərbaycanın bəşəri əhəmiyyətə malik minlərlə tarixi abidəsinin dağıdılmasına göz yuman beynəlxalq ictimaiyyət COVAX-ın fəaliyyətini də ədalətlə qiymətləndirmir. Dünya ictimaiyyəti dünyəvi problemin həllində bəşəri dəyərlərin pozulmasına ciddi münasibət bildirməlidir ki, pandemiyanın aradan qaldırılması prosesi sürətlənsin, daha az insan bu bəlanın qurbanı olsun”.
Deputat vurğulayıb ki, Azərbaycan digər dövlətlərlə bir sırada koronavirusla mübarizə tədbirləri barədə ciddi düşünür, öz vətəndaşlarının qeydinə qalır. Bəs, məramı bu bəladan qurtuluş olan COVAX nə edir?
Pandemiya ilə mübarizədə bütün mövcud resursları hərəkətə gətirən, mübarizənin aparılmasında daha səmərəli təşəbbüslər göstərən, 30 ölkəyə yardım edən Azərbaycan COVAX-a qoşulan ilk dövlətlərdən biri olsa da, o, verdiyi vədi yerinə yetirmir.
"COVAX vaksinlərin Azərbaycana əvvəlcədən razılaşdırılmış qaydada təhvil veriləcəyini bildirmişdi. Xeyli vaxt keçsə də, COVAX vədinə əməl etmir. Onun Azərbaycana vəd ediləndən az sayda vaksin verəcəyi ilə bağlı açıqlaması isə anlaşılan deyil.
Azərbaycanda insan amili dövlət siyasətində ən mühüm və başlıca prioritetdir. Ölkəmiz bu bəşəri bəladan da mütləq xilas olacaqdır. Dövlətimizin iqtisadi gücü və vətəndaşlarımızın Liderinə inamı buna imkan verir”, - deyə deputat əlavə edib.

banner

Oxşar Xəbərlər