• cümə axşamı, 25 aprel, 09:15
  • Baku Bakı 14°C

Əcnəbi tələbələrlə görüş keçirilib

28.11.22 15:15 486
Əcnəbi tələbələrlə görüş keçirilib

2022-2023-cü tədris ilində Azərbaycan Respublikasının təhsil qrantı proqramları çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin ölkəmizdə təhsil almaq hüququ qazanmış bir qrup vətəndaşı ilə görüş keçirilib. Görüş Elm və Təhsil Nazirliyinin və Xarici İşlər Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbər və məsul şəxslərinin iştirakı ilə baş tutub.

Bu barədə Kaspi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Görüşdə təhsil qrantı qalibləri ilə yanaşı, onların təhsil aldığı Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti və Xəzər Universitetinin nümayəndələri də iştirak ediblər.

Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, şöbənin sektor müdiri Müjdat Həsənov və Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin (AIDA) rəis müavini Aliyə Ağazadə görüş zamanı təhsil qrantı proqramlarına dair zəruri məlumatları əcnəbi tələbələrlə bölüşüb və onların suallarını cavablandırıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr təhsil alır. Belə ki, 2018-2022-ci illər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış 200-yə yaxın təqaüd proqramı çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazanıblar. Təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, aylıq təqaüd, tibbi yardım və beynəlxalq nəqliyyat xərclərini əhatə edir.

2022-2023-cü tədris ilində yerli ali təhsil müəssisələrində 40 tələbə təhsil qrantı çərçivəsində təhsil almaq imkanı əldə edib.

banner

Oxşar Xəbərlər