• cümə, 26 Aprel, 22:40
  • Baku Bakı 22°C

Cibində pul, əlində kart olsa da...

05.06.21 11:30 1719
Cibində pul, əlində kart olsa da...
"BakıKart”a ödəniş etmək Yaponiyadan onlayn maşın almaqdan çətindir”
Demək olar ki, hər gün hansısa avtobuslarda gediş haqqının "BakıKart”a inteqrasiya edilməsi xəbərlərini oxuyuruq. Bunlar bizi sevindirir. Çünki avtobuslardakı gediş haqqı davaları, narazılıqları, ödəniş etməyənlərlə bağlı müzakirələr nağdsız ödənişlər vasitəsilə keçmişdə qalır. Düzdür, bu, bizim işimizi asanlaşdırır. Lakin indi də karta ödəniş edə bilməməklə bağlı narazılıqlarla üz-üzə qalırıq. Bu məsələ sərnişinləri ciddi şəkildə narahat edir. Cibində pulu olan nə avtobusa minə, nə də avtobus kartına pul yükləyə bilir. Çünki "BakıKart” balansını artırmaq üçün terminallar avtobuslar qədər əlçatan deyil. Bu səbəbdən ictimai nəqliyyatdan istifadə edənlərin "BakıKart”a pul yükləməklə bağlı vaxtaşırı şikayətləri səslənir. Bəzi dayanacaqlarda ya ümumiyyətlə terminal yoxdur, ya da var, amma işləmir.

Sosial şəbəkələrdəki şikayətlərin bir qismini nəzərinizə çatdırırıq:"Marşrut xətlərinə yeni avtobuslar buraxmaqla hər şey həll olunmur. İnsanlar avtobuslara ödənişsiz minib düşmürlər. Avtobusa minmək üçün pul yükləyə bilmirik. Pul yükləmək üçün istidə, soyuqda 1 kilometr yol gedirik. Əgər terminal quraşdıra bilmirsinizsə, onlayn ödəmə sisteminə keçin”.

"Bundan 3 il əvvəl bakıkart.az saytı ilə rastlaşmışdım. Saytdakı onlayn ödəmə sistemində "yaxın zamanda onlayn ödəmək mümkün olacaq” yazılmışdı. Hələ də eyni formada qalıb. 3 ildir ki, mümkün ola bilmir”.


Hətta bir çox sosial şəbəkə istifadəçisi nəinki gediş haqqı yükləmək, aparatlarda yeni kart ala bilməmələrindən də şikayətlənirlər.

Murad da ödəniş terminallarının olmamasından şikayətlənir: "Cibimdə pulum, əlimdə kartım var. Amma avtobusdan istifadə edə bilmirəm. Çünki kartımda balans yoxdur. Ödəniş terminalı olmadığı üçün pulum cibimdə qalır, kartım əlimdə. Hər dəfə marşrut dayanacağına yaxınlaşanda adam axtarıram ki, o, öz kartı ilə mənim yerimə ödəniş etsin, mən də ona qəpik verim. Artıq 4 avtobus gəlib, gedib. Amma minə bilməmişəm. Buna görə də gedəcəyim yerə gecikirəm”.

Şikayətlərlə bağlı siyahını uzatmaq olar. Bəs nə üçün bu problem həll olmur? Əgər terminalların quraşdırılması və qorunması mümkün deyilsə, nə üçün karta onlayn ödəniş etmək mümkün deyil?


Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, "BakıKart”ın balansının onlayn qaydada artırılması Bakı Nəqliyyat Agentliyinin gündəmindəki ən əsas məsələlərdən olsa da, pandemiyaya görə bu istiqamətdə işlər ləng gedir: "Bu gün "BakıKart”ın balansının artırılması ilə bağlı sərnişinlərimizin rastlaşdığı çətinliklər bizə də məlumdur və bu hal onlar qədər bizi də narahat edir. Onlayn ödəmə sisteminin olmasının zəruriliyini bilirik və bu istiqamətdə mümkün olan bütün addımları atırıq. Sizə də məlumdur ki, pandemiyadan doğan müəyyən obyektiv səbəblər var. Bütün xətlər üzrə avtobusların "BakıKart”a inteqrasiyası üçün texniki məsələlərin böyük bir qismi həll olundu və marşrut xətlərinin mərhələ ilə "BakıKart”a inteqrasiyasına başlanıldı. Lakin pandemiya səbəbindən bu işlər bir qədər gecikir. Pandemiyada əsas diqqət daşınmaların təşkilinə yönəldi. Son 1 ay ərzində 10-dan artıq marşrut xətti artıq "BakıKart”a inteqrasiya olunub. Hazırda yoluxma ilə bağlı vəziyyət nisbətən stabilləşdiyi üçün onlayn ödənişlə bağlı da məsələ qısa müddətdə öz həllini tapacaq”.

BNA rəsmisi vurğulayır ki, hər dayanacaqda terminalın qoyulması səmərəli deyil: "Terminalların quraşdırılması bir qədər zaman alan məsələdir və hər dayanacaqda terminalın qoyulması iqtisadi baxımdan da səmərəsiz olduğu üçün POS-terminallar qoyulur. Bu POS-terminallar, əsasən qəsəbələrdə hamının tanıdığı hamı üçün əlçatan olan marketlərdə, dükanlarda razılıq əsasında qoyulur. Həmin obyektlərin önündə məlumat da yerləşdirilib. Biz tövsiyə edərdik ki, vətəndaşlarımız "BakıKart”ın balansını artırarkən bir qədər tədbirli davransınlar. Karta həftəlik və ya ongünlük gediş haqqı vurularsa, bu zaman hər dayanacaqda terminal axtarmağa da ehtiyac olmaz. Bu, sərnişinlərimizin öz rahatlığı və əlavə vaxt itkisi yaşamaması baxımından da vacibdir”.

Nəqliyyat eksperti Ərşad Hüseynov isə hesab edir ki, kartlardan ümumiyyətlə imtina edilməlidir: "Dünyanın bir çox ölkələrində kart ümumiyyətlə yığışdırılır. İnsanlar mobil telefonları ilə pul ödəyir. Ödənişin müasir üsullarını tətbiq etmək lazımdır. Sərnişinlər əziyyət çəkirlər. Ehtiyac olan yerlərə terminallar quraşdırılmalıdır. Həmçinin, sərnişinlər də işlərini ehtiyatlı tutsunlar. Karta heç olmasa 10-15 gedişlik pul yükləməlidirlər”.

Ekspert Elməddin Muradlı deyir ki, bu gün biz Azərbaycanda oturub Amerikadan, Yaponiyadan onlayn qaydada maşın alır, məsələni 5-10 dəqiqəyə həll edirik. Amma "BakıKart”a ödəniş etmək bundan çətindir: "BakıKart” Azərbaycanda tətbiq edilən yeni bir sistemdir. Əslində 10 il bundan öncə Nəqliyyat Nazirliyi kart sistemini yaratmaq istəyirdi amma o vaxt bu baş tutmadı. Bunu Bakı Nəqliyyat Agentliyi həyata keçirdi. Amma təbii ki, işin icrasında nöqsanlar var. Nöqsan da yüklənmə məsələsi və avtobusların bir çoxunun hələ də "BakıKart”a keçməməsi idi. Amma son vaxtlar görürük ki, "BakıKart”a keçid intensivləşir. Artıq son bir ay ərzində demək olar ki, hər gün hansısa marşrut xəttinin "BakıKart”a inteqrasiya etdirilməsi ilə bağlı xəbərlər yayılır. Amma pul yüklənməsi məsələsi problemə çevrilib. Burada metronun işləməməsinin də müəyyən təsiri var idi. Onlayn ödəniş sisteminin olmaması, bank kartından ödəniş məsələsi, bir çox ödəmə terminallarında bu funksiyaların olmaması problem yaradır”.


Ekspert vurğulayır ki, dünyanın heç bir ölkəsində hər bir avtobus dayanacağına ödəniş terminalı quraşdırmırlar: "Bu, həm texnoloji cəhətdən, həm də maliyyə baxımdan mümkün deyil. Lakin müəyyən dayanacaqlarda bu terminalları quraşdırmaq lazımdır. Son vaxtlar mövcud terminalların da işləməməsi ilə də bağlı şikayətlər var. Əlbəttə, bu, ciddi bir qüsurdur. Bakı Nəqliyyat Agentliyi bu məsələyə çox ciddi şəkildə yanaşmalıdır. Bunu terminalları quraşdıran şirkət həyata keçirməlidir. Əgər texniki qulluq işləri ilə hansısa problem yaranırsa, onda bu şirkət öz öhdəliklərini yerinə yetirə bilmir və texniki xidmət üçün digər bir şirkətlə əməkdaşlıq edilməlidir”.

Həmsöhbətimizin sözlərinə görə, insanlar da öz məsuliyyətlərinin fərqində deyil: "İnsanlarımızın arasında məsuliyyətsizlik edən da olur. Məsələn, apardığımız araşdırmalar nəticəsində məlum olub ki, bir adam gündə 15 dəfə avtobusa minir və 15 dəfə də kartın balansını artırır. Bunu sistemdə görmək çətin deyil. Yəni bu insan hər dəfə avtobusa minəndən əvvəl bir gediş üçün ödəniş edir. Axı rahat hərəkət etmək üçün gün ərzində istifadə olunan avtobus haqqını əvvəlcədən karta yükləmək olar... Belə insanlar həmişə tələb edir ki, bütün dayanacaqlarda terminallar quraşdırılsın, az qala desinlər ki, evimizin qapısının yanında da bir terminal olsun”.


Məsələ ilə bağlı "BakıKart”la əlaqə saxlamağa çalışsaq da, nə zənglərimizə cavab verdilər, nə də yazdığımız maillərə.

Məlumat üçün bildirək ki, hazırda Bakıda 1331 nəqliyyat vasitəsi "Bakıkart” sisteminə qoşulub. Paytaxtda ümumilikdə 388 ədəd ödəmə terminalı mövcuddur. Bu terminallardan 148-i Bakı Metropoliteni stansiyalarında yerləşir. Eyni zamanda, avtobus dayanacaq məntəqələrində "BakıKart”a məxsus 51 ödəmə terminalı var. Sərnişinlərin rahatlığı nəzərə alınaraq "BakıKart” sisteminin inteqrasiya olunduğu "MilliÖn” terminallarının sayı isə 189-dur.

Aygün ƏZİZ

Foto Firudin Səlimov/ Global Media Group

banner

Oxşar Xəbərlər