Cibimizdə daşıdığımız bomba - Araşdırma
Mobil telefonlar müasir dövrdə ən yaxın köməkçimizə
çevrilib. Ağıllı telefonlar həyatımızın bütün anlarında bizimlədir və işlərimizi
asanlaşdırır. Okeanın o tayı ilə danışır, yemək sifariş verir, mail yazır, demək
olar ki, bütün işlərimizi həll edirik. Lakin bəzən arzu olunmayan hallar da
yaşana bilər. "Ağıllı” telefonların bomba kimi partlaması, öz-özünə alışıb
yanması ilə tez-tez rastlaşırıq. Bir çox hallarda bu hadisələr faciə ilə nəticələnir.
Hətta mütəxəssislər bizim ağıllı "dostumuzu” cibimizdə gəzdirdiyimiz bomba da
adlandırırlar.
Xəyal da bu "bomba”nın qurbanı olub. Telefonu cibində
partlayıb və ayağının bir hissəsi yanıb: "Nə baş verdiyini başa düşmədim. Mən
telefondan çox istifadə edirəm. Demək olar ki, bir an belə əlimdən yerə
qoymuram. Yay vaxtı idi, hava çox isti idi. Çöldə gəzdiyim yerdə telefon cibimdə
partladı. Bir aydan çox xəstəxanada yatdım. O hadisədən sonra telefonumda istilik
hiss edən kimi ustaya gedirəm”.
Bəs telefonların alışmasının, partlamasının səbəbi
nədir? Təhlükədən sığortalanmaq üçün nə etməliyik?
Telefon təmirçisi
Aqşin Abdullanın
sosial şəbəkədə paylaşdığı statusu ilə rastlaşıram. Deyir ki, texnologiya nə qədər
inkişaf etsə də, diqqəti əldən vermək olmaz: "Cibinizdə bomba daşıyırsınız, xəbəriniz
yoxdur. Batareyası şişmiş telefonlar partlamağa meyillidir. Çünki batareyadakı
lityum və başqa turşular qaz ifraz edirlər ki, bu da alışan maddədir.
Telefonunuzu mənşəyi bəlli olmayan, 2-3 manat dəyəri olan adapterlərə qoşmayın
və ən əsas telefon deformasiya olduqda ilkin olaraq batareyanı gözdən keçirin, əzilmə
və ya fərqli qoxu gəlirsə, bu, onun partlamaq riskini artırır”.
"Telefonun
evini "yıxan” nüans”
Həmsöhbətimiz deyir ki, metro keçidlərində satılan,
ucuz şarj alətlərini almaq qətiyyən olmaz: "Onlarda işıq oynamasına davamiyyət
yoxdur. Bu, çox ziyandır. Orijinal adapterlər buna uyğun işləyir və özünü tənzimləyə
bilir. Saxta şarj alətlərində isə qoruyucu olmur, birbaşa telefonu yandırır”.
Usta deyir ki, telefonun evini "yıxan” əsas
nüanslardan biri də gecə səhərə qədər şarj alətində qalmasıdır: "Telefonu gecə
səhərə qədər şarja qoymaq olmaz. Məsələn, ayfonlarda bir telefon batareyası 500
dəfə şarj edilməyə hesablanıb. Yəni bir batareya 500 dəfə dolub, boşala bilər.
Gecə səhərə qədər qoyulması 3 dəfə dolub boşalmağa bərabərdir. Telefonun oyun
oynayarkən enerji alətində qalması ziyandır. Oyun oynamaq şarja qoymaqdan da
betərdir. Batareyanı qızmaqdan, isti yerlərdən qorumaq lazımdır”.
Telefonu
yastığın altına qoymayın!
Ustamızın əlində dəfələrlə telefon partlayıb: "Bir
dəfə müştərilərdən biri telefon gətirmişdi. Telefon şişmişdi. Açmaq istəyəndə, əlimdə
partladı və üzümü yandırdı. 3 gün işləyə bilmədim. Bu yaxınlarda isə ofisdə
poverbank (güc bankı) partladı. 5 metr radiusda hər yeri qaraltmışdı. Alov
püskürürdü. Hətta ofisdə bəzi əşyaları da yandırdı. Xoşbəxtlikdən həmin vaxt mən
ofis daxilində deyildim. Poverbank alanda da metal korpuslu almaq lazımdır ki,
metal onu mümkün qədər saxlasın, alov çölə püskürməsin. Şarjda çox qalan
telefonların partlama ehtimalı çoxdur və yanmağa meyilli olur. "Ayfon”da yanmaq
ehtimalı milyardda bir, "Samsung”da milyonda bir, Çin istehsalı olan ucuz telefonlarda
da mində birdir. Amma hər ehtimalı nəzərə almaq lazımdır. İstifadəçilərin ən
böyük səhvləri telefonu yastığın altına qoymalarıdır. Öz istiliyin və telefonun
istiliyi batareyanı ikiqat qızdırır. Bu da telefonu partlada bilər”.
"Telefon əsasən
ustada partlayır”
İT sahəsi üzrə
ekspert Qafar Əhmədov
deyir ki, telefon əgər enerji saxlamırsa, bu bir çox hallarda batareyanın şişməsi
səbəbindən olur: "Telefon partlamalarının ən əsas səbəbi batareyanın şişməsidir.
Batareya şişərkən telefonun korpusunu, yaxud ekranını yerindən oynadır və
yuxarı istiqamətə qaldırır. Telefonlar elə yığılır ki, hər şey orada sıx
oturur, orada şişən batareyaya yer olmur. Korpus dəmirdirsə, şişməni hiss etmək,
fiziki olaraq mümkün olmur. Şişmənin yaxud batareyanın xarab olduğunu telefon
şarj saxlamamasından da bilmək olar. Telefon əgər əvvəl bir gün, gün yarım
enerji saxlayır, daha sonra tez bitirsə, deməli, batareyada problem var.
Batareya şişəndə, növbəti etap partlama ilə nəticələnə bilər. Əksər vaxtlar
telefon müştərinin özündə deyil, telefon ustasında partlayır. Çünki telefonun
batareyası şişəndə onu sıxanda yaxud üzərində əməliyyat aparanda daha çox
reaksiya verir”.
Telefonu şarj
edərkən nələrə diqqət etmək lazımdır?
Son model telefonlar şarj edib bitirdikdən sonra
özü özünü cərəyandan ayırır. Amma bu o demək deyil ki, telefonu günlərlə, saatlarla
cərəyanda saxlaya bilərsiniz. Batareya özünü cərəyandan ayırsa belə, telefonun
digər korpusu, qapağı, yaxud başqa detalları qoşulu vəziyyətdədir. Şarj yerində
yuvada problem varsa, yaxud adapter orijinal deyilsə, o telefon cərəyan keçirə
bilər. Telefon əgər qaydasındadırsa, hər şeyi orijinaldırsa, düzgün işlədiyindən
əminsizsə, gecədən səhərə kimi şarj alətində saxlamaq olar. Amma telefon artıq
bir ildən çox alınıbsa, yaxud ən azından bir dəfə adapteri dəyişilibsə, onda
şarj edərkən də diqqət etmək lazımdır. Yaxud batareya dəyişibsə, diqqətli olmaq
lazımdır. Bəzən müştəri özü batareyanı dəyişməyə gəldikdə deyir ki, ən ucuzu nədirsə,
onu qoyun. Bu, ən təhlükəli sözlərdən biridir. Çünki ucuz batareyalar həm
partlamaya meyilli olur, həm də özünü elektrikdən ayırmaq funksiyası olmur. Digər
məsələ telefon yuvasının su çəkməsidir. Yəni su çəkildiyi halda enerji yığmağa
qoyulursa, bu, avtomatik olaraq batareyanı şişirdir. Bundan əlavə, şarj edərkən
telefonu çox qalın, silikon, yaxud rezin kabura keçirilibsə, bu da batareyanı
şişirdir. Bu zaman şarj müddətində kaburanı çıxarmaq lazımdır. Çünki telefonu
sıxır və isidir. Çox qalın kaburalar zərbələrdən qorusa belə, zərərləri
çoxdur”.
"Batareya
istidən "qorxur””
Ekspert vurğuladı ki, aksesuar alarkən ucuz mallara
qaçmaq olmaz: "Ümumiyyətlə, elektriklə işlədiyin zaman söhbət hər hansı bir
partlaya bilən, yana bilən cihazdan gedirsə, gərək həmin cihazlar keyfiyyətli
olsun. Keyfiyyətsiz cihazlar istənilən mənfi hadisəyə səbəb ola bilər. Hava çox
isti və soyuq olanda gərək telefonu çıxarıb onunla işləməyəsən. Çünki litium
batareyalar həm çox soyuqdan, həm də çox istidən qorxur. Məsələn, biz müşahidə
edirik, telefonların qızması əsasən yay aylarında olur. Çünki telefon özü tam
gücündə işləyir, həm hava istidir, həm də telefonu əlində tutduğu üçün insanın
öz bədən temperaturu buna təsir edir. Bu zaman telefonun qızması normaldır.
Müştərilər ən çox yayda telefonun qızması ilə bağlı müraciət edirlər. Bu,
batareyanı tez xarab edir. Yaxud çox soyuq havada telefonu işlətmək olmaz.
Soyuqdan istiyə çıxarılanda batareya şişməyə başlayır”.
"Bu, telefonu
məhv edir”
Həmsöhbətimizin sözlərinə görə, ən böyük səhvimiz telefonu
tez-tez şarj etməyimizdir: "Məsələn, telefon 50-70 faizə düşən kimi şarj alətinə
taxırlar. Telefon həftədə bir dəfə ən azı 5-1 faizə qədər tam boşalmalıdır,
söndürülüb-yandırılmalıdır. Amma telefonu çox şarjda saxlamaq, şarj bitdikdən
sonra da kənara atmaq olmaz. Bu, telefonu məhv edir. Ən azı 30 faizə düşməsə, şarja
qoymaq olmaz. Bundan əlavə, telefonun şarjı 20 faizdən az deyilsə, enerjiyə qənaət
rejiminə qoymaq olmaz. Çünki bu zaman prosessor tam zəif gücdə, batareya isə
güclü rejimdə işləyir bu da telefona, əsasən də batareyaya ziyandır. 70-80
faizdə bu rejimə qoymaq olmaz. İstifadəçilər elə bilir ki, enerjiyə qənaət
rejimində telefona qənaət edir, amma tam səhv fikirdir”.
Aygün ƏZİZ