• cümə, 29 Mart, 01:33
  • Baku Bakı 7°C

Ceyhun Məmmədov: Səhiyyə sistemində köklü yenidənqurma aparılır

24.06.20 09:15 1986
Ceyhun Məmmədov: Səhiyyə sistemində köklü yenidənqurma aparılır
İyunun 11-dən etibarən Mərkəzi Gömrük Hospitalı yalnız koronaviruslu xəstələri qəbul etməyə başlayıb. Dövlət qurumunun tabeliyində olan nüfuzlu xəstəxana koronavirusla mübarizədə hökumətə kömək etmək məqsədilə öz işini tamamilə yenidən qurub.AZƏRTACbununla bağlı Mərkəzi Gömrük Hospitalının tabe olduğu Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru, Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun müsahibəsini təqdim edir.
- Ceyhun müəllim, məlumdur ki, DGK və onun tibb xidməti ilk günlərdən etibarən pandemiya ilə mübarizənin ön sıralarındadır. Bu barədə daha ətraflı məlumat verərdiniz.
- Əminliklə deyə bilərik ki, Azərbaycanda ilk olaraq COVID təhlükəsi ilə üz-üzə gələn gömrükçülər olub. Qeyd edim ki, 2008-ci ildən başlayaraq məhz Gömrük Komitəsi sərhədyanı buraxılış məntəqələrində sanitar nəzarət üçün cavabdehlik daşıyır. Bəli, koronavirusun vurduğu zərbəni ilk olaraq bizim sərhəddəki gömrük əməkdaşları öz üzərinə götürdü və məhz onların fədakarcasına çalışması sayəsində başlanğıc mərhələdə infeksiyaya yoluxanların sayını minimum səviyyədə saxlamaq, ölkənin əks-epidemioloji tədbirlərə hazırlanması üçün vaxt qazanmaq mümkün oldu. Bunu da əlavə edə bilərəm ki, gömrük sərhəd buraxılış məntəqələrində sanitar nəzarətin gücləndirilməsi məqsədilə bizim Tibbi Xidmət İdarəsinin nəzdində xüsusi Sanitar-Karantin Xidməti yaradılıb. Epidemioloji risklərin artdığı dövrdə belə bir xidmətin yaradılmasını, ölkəmizə xüsusi təhlükəli infeksiyaların "idxalının" qarşısının alınması, eyni zamanda, gömrükçülərin sağlamlığının qorunması üçün vaxtında görülmüş və effektiv tədbir hesab edirəm. Bu xidmət çərçivəsində bizim tərəfimizdən periferik dayaq tibb məntəqələri infrastrukturunun yaradılması nəzərdə tutulub ki, bununla da ölkənin bioloji təhlükəsizliynin təmin edilməsi üçün mövcud olan imkanlarımız daha da gücləndiriləcək. Hazırda bu xidmətin qurulması prosesi gedir, kadrların seçilib təyin olunması və müəyyən təşkilati məsələlərin həlli həyata keçirilir. Belə planlaşdırırıq ki, ən yaxın zamanda bizim Sanitar-Karantin Xidməti tam gücü ilə fəaliyyət göstərməyə başlayacaq.
- Bu gün hər kəsin diqqəti Gömrük Hospitalında koronavirusla qarşılaşmış həmvətənlərimizin taleyinə yönəlib. Hospitalın Azərbaycanda müasir texnologiyalara malik qabaqcıl bir xəstəxana kimi ən ağır xəstələrin müalicəsini üzərinə götürməsi çox şey deyir. Hospitalın bugünkü fəaliyyəti nədən ibarətdir?
- İyunun 11-dən etibarən Mərkəzi Gömrük Hospitalı COVID-19 xəstələrinin müalicəsinə başlayıb. Buna biz hələ fevral ayından hazırlaşmağa başlamışdıq və belə proqnozlaşdırırdıq ki, müəyyən şərtlər daxilində koronaviruslu xəstələrin müalicəsində bizim də köməyimiz tələb oluna bilər. Qısa müddət ərzində Hospitalda 2-ci dərəcəli bioloji müdafiəyə malik PZR laboratoriya təşkil edilib, palatalarda əlavə oksigenvermə xətləri təmin olunub, əlavə avadanlıqlar, o cümlədən süni tənəffüs və EKMO cihazları alınıb, COVID-19 xəstələrinin müalicəsi və idarə edilməsi üçün müvafiq protokollar tərtib edilib, qoruyucu vasitələrdən istifadə ilə bağlı personala xüsusi təlimlər keçirilib, infeksion xəstələrin qəbulu üçün ayırıcı zonalar nəzərdə tutulub və digər işlər həyata keçirilib. Qeyd etməliyəm ki, Dövlət Gömrük Komitəsi rəhbərliyinin bizə göstərdiyi və göstərməkdə davam etdiyi dəstək olmasaydı, bütün bunlar mümkün ola bilməzdi.Bu gün isə hospitalın işi yalnız COVID-19 xəstələrinin müalicəsinə həsr olunub. Hospitala əsasən ağır və ya çox ağır xəstələr daxil olur. Biz bilərəkdən məhz ağır xəstələrin qəbul edilməsinə razılıq verdik. Çünki başa düşürük ki, hospital çox güclü reanimasiya briqadası ilə fərqlənir. Çünki bu briqadanın üzvləri, adi vaxtlarda çox mürəkkəb kardiocərrahi əməliyyatlardan və orqan köçürülməsi əməliyyatlarından sonrakı "çətin" xəstələrə yardım göstərən təcrübəli həkim və tibb bacılarıdır. Bundan başqa, Dövlət Gömrük Komitəsinin dəstəyi sayəsində hospital yüksək texnologiyalı tibbi avadanlıqlarla kifayət qədər yaxşı təmin olunub. Təsadüfi deyil ki, məhz Mərkəzi Gömrük Hospitalı Azərbaycanda koronaviruslu xəstənin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) aparatını tətbiq etmiş ilk və hələ ki, yeganə tibb müəssisəsidir. Bunu da söyləməliyəm ki, bizim bugünkü qəhrəmanlarımız yalnız reanimatoloqlar deyil, hospitalın bütün tibb işçiləridir. Növbə zamanı bir çox saat ərzində qoruyucu kombinezon, maska və üzlükdə işləmək əsl fədakarlıqdır və mən, bu gün belə çətin şəraitdə çalışan bizim hər bir əməkdaşımıza buna görə səmimi qəlbdən təşəkkür edirəm. Eynilə də bu günlərdə ölkənin digər xəstəxanalarında koronaviruslu xəstələrə yardım göstərən hər bir tibb işçisinə öz dərin hörmətimi və minnətdarlığımı bildirmək istəyirəm.
- Prezident İlham Əliyevin dediyi kimi, biz birlikdə güclüyük! Bugünkü vəziyyətdən çıxmaq üçün bütün imkanların birləşdirilməsi, millətin tam birliyi tələb olunur. Lakin sözsüz ki, əsas ağırlıq səhiyyə sisteminin üzərinə düşür. Bu kontekstdə ölkəmizdəki ayrı-ayrı qurumlara aid idarə tibb müəssisələrinin rolu və onların perspektivləri barədə fikrinizi söyləyərdiniz.
- Bu gün ölkəmizin səhiyyə sistemində, müasir dünyanın reallıqlarına və insanların tələblərinə tam cavab verə bilmək üçün köklü yenidənqurma aparılır. Bu zaman yalnız zəif həlqələri yenidən qurmaq deyil, ilk növbədə, bizdə artıq mövcud olan yaxşı və güclü sahələri saxlamaq və möhkəmləndirmək çox vacibdir. Bu baxımdan ayrı-ayrı qurumlara məxsus olan tibb müəssisələrinin rolu barədə qoyulan sual yeni deyil. Lakin bəlkə də yalnız indi, pandemiya şəraitində biz bu əlavə səhiyyə resursunun necə zəruri və effektiv olduğunun əyani şahidi ola bildik. Şübhəsiz ki, bizim idarə ölkənin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyan, hazırkı qloballaşan dünyada aktuallığı get-gedə artan bir çox funksiyaları yerinə yetirir. COVID-19 ilə bağlı vəziyyət buna parlaq misaldır. Ölkə üçün kritik bir məqamda Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi öz tibb xidmətini yenidən qura və bütün potensialını koronavirusla mübarizəyə səfərbər edə bilib. Düşünürəm ki, bu, son dərəcə müsbət bir təcrübə olmaqla bərabər, ölkənin rifahının yüksəlməsində mühüm rolu olan strukturlara tibbi yardım göstərilməsi üçün qurumlararası tibbi xidmətin yaradılmasına da əsas ola bilər.
banner

Oxşar Xəbərlər