Cənubi Qafqazda ölüm təhlükəsi
"Metsamor” Atom Elektrik
Stansiyası ilə bağlı məsələ yenidən gündəmə gəlib. Türkiyə mətbuatı yazır ki,
qəzalı vəziyyətdə olan bu stansiya bölgə üçün nüvə bombasıdır
Dünyanın atom elektrik stansiyaları arasında ən təhlükəlisi olan
"Metsamor”la bağlı Türkiyənin "Star" qəzeti yazır ki, texniki
cəhətdən istismar müddətini başa vurmuş stansiya təkcə Türkiyə üçün deyil,
bütün region və təbii ki, Ermənistanın özü üçün böyük təhlükə olaraq qalır. Elektrik
stansiyasını nüvə bombasına bənzədən qəzet xatırladır ki, Ermənistan
"Metsamor"la bağlı dəfələrlə öz üzərinə öhdəlik götürüb və beynəlxalq
standartlara uyğun tədbirlər görəcəyini bildirərək zavodun lisenziyasını
uzadıb. 2016-cı ildə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE)
"Metsamor"un uzunmüddətli istismarı üçün müntəzəm olaraq yenilənməyə
ehtiyacı olduğunu bildirib. 1977-ci
ildə Sovet İttifaqı tərəfindən tikilən stansiya Türkiyə-Ermənistan sərhədinin
yaxınlığında yerləşir. "Sərhəd şəhərimiz İğdırdan cəmi 16 km məsafədə olan
"Metsamor" eyni ildə açılmış Çernobıl AES kimi birinci nəsil AES-dir.
Bir faktı da qeyd edək ki, birinci nəsil stansiyalarının riskləri ABŞ və
Avropada aktual mövzu kimi qalır. Çernobıl kimi, onun da reaktorunun soyumasını
təmin etmək üçün kifayət qədər suyu olmadığı bildirilir. Nüvə yanacağını
qorumaq üçün hövzəsi olmayan "Metsamor"un arxitektura baxımından nasaz olduğu hətta
tikildiyi zaman mütəxəssislər tərəfindən diqqətə çatdırılıb. "Metsamor"
da Ağrı dağının qırılma xəttində yerləşir. Gümrü zəlzələsindən sonra 1989-cu
ildə təhlükəsizlik məqsədilə bağlansa da, 1993-cü ildə yenidən açılıb”, - deyə
qəzet yazır
Arpaçay və Araza axıdılan çirkli sular
1999-cu ilin sentyabrında Brüsseldə
Ermənistanla Avropa İttifaqı arasında "Metsamor" AES-in 2004-cü ilə
qədər bağlanması haqqında saziş imzalanıb. Ermənistan 2001-ci ildə Avropa
Şurasına üzv olarkən, 2004-cü ilə qədər "Metsamor" AES-i
bağlayacağına söz vermişdi. 2005-ci ildə elektrik stansiyası texniki istismar
müddətini başa vursa da, Ermənistan parlamenti qərar qəbul edərək stansiyanın
istismar müddətini 2016-cı ilə qədər uzadıb. 2016-cı ildə yalnız iqtisadi
səbəblərdən əlavə qərar qəbul edərək, stansiyanı 2026-cı ilə qədər işlətməyə
qərar verib. Bundan başqa, Ermənistanda radioaktiv tullantıların saxlanması ilə
bağlı şəffaflıq yoxdur. Mütəxəssislərin şərhinə görə, zəlzələ zonası olduğundan,
tullantıların saxlanılması üçün təhlükəsiz ərazi yoxdur. İnsan sağlamlığını
ciddi şəkildə təhdid edən bir çox radioaktiv maddələrin elektrik stansiyasından
sızması indi elmi cəhətdən məlumdur. Arpaçay və Araz çaylarından götürülən su,
elektrik stansiyasının soyudulmasına sərf edilir, daha sonra çaylara axıdılmaqla
suyu çirkləndirir. Bundan əlavə,
tullantı suları və reaktordan çıxan radioaktiv yanacaqlar Qarabağda basdırılıb
ki, bu da regionda ekoloji problemlər yaratmaqdadır. Elektrik stansiyası dərhal
bağlansa belə, onun yaratdığı ekoloji problemləri həll etmək üçün illər lazım
olacaq.
Ermənistanın siyasətindəki ziddiyyət
Məqalədə xatırladılır ki, Azərbaycan XİN də
dəfələrlə "Metsamor" AES-in dünyanın ən təhlükəli atom elektrik
stansiyalarından biri olmasına diqqət çəkib və dünya ictimaiyyətini stansiyanın
fəaliyyətini dayandırmağa çağırıb. "Gördüyümüz kimi, bütün risklərə və region
ölkələrinin, aidiyyəti qurumların və ekspertlərin xəbərdarlıqlarına baxmayaraq,
Ermənistan tikildiyi vaxtdan bəri çoxlu qəzalarla üzləşən elektrik
stansiyasının istismarında israrlıdır. Ən mühüm səbəb kimi də Ermənistanın
enerji ehtiyacı göstərilir. Belə ki, stansiya Ermənistanın enerji ehtiyacının
40 faizini ödəyir. Ermənistan bir tərəfdən Rusiyadan asılı olmayaraq enerji
mənbəyinə sahib olmaq istəyir, digər tərəfdən də bu enerji mənbəyinin xammalını
əldə etməklə Rusiyadan asılı ölkə kimi qalır. Ermənistanın bu siyasətində
mühüm ziddiyyət var. Bununla belə, ABŞ və Avropa İttifaqı Ermənistanın
alternativ enerji layihələrinə dəstək verməyə hazır olduqlarını bəyan edirlər.
Erməni "Metsamor” AES-dən əvvəlki illərdə də Türkiyə və Azərbaycana qarşı
təhdid kimi istifadə edib. Xüsusən də işğalçı və aqressiv siyasətinə görə
regionda həyata keçirilən layihələrdən kənarda qalan Ermənistan, stansiyanı
bağlamaq üçün bu layihələrdə yer almaq
istədiyini bildirib. Türkiyə də dəfələrlə MAQATE-yə müraciət edərək, elektrik
stansiyasının bağlanmasını tələb edib. Türkiyə kimi İran, Gürcüstan və
Azərbaycan da risk altında olan ölkələrdir”, - deyə məqalədə bildirilir.
Türkiyə 14 RESA qurub ki...
Ermənistanın da tərəfdarı olduğu Nüvə
Təhlükəsizliyi Konvensiyasının təftiş iclasları zamanı Türkiyə köhnə
texnologiya ilə işləyən elektrik stansiyasının bütün bölgə üçün real risk
faktoru olduğunu vurğulayıb. Bundan əlavə, Türkiyə Atom Enerjisi Agentliyinin
mümkün nüvə qəzası nəticəsində meydana gələ biləcək təbii radiasiya
səviyyəsinin artımından xəbərdar olması və müdaxilə edə bilməsi üçün bölgədə 14
"Radiasiya Erkən Xəbərdarlıq Sistemi Şəbəkəsi” qurub. RESA stansiyaları baş verə biləcək hər cür
nüvə qəzalarında erkən xəbərdarlıq edərək, radiasiyaya məruz qalan ərazidən
uzaqlaşmaq üçün lazımi vaxtı qazanmağı hədəfləyir.
Böyük fəlakət riskini necə
azaltmalı?
Məqalənin sonunda bir daha qeyd olunur ki,
AES təkcə Türkiyə üçün deyil, bütün region və təbii ki, Ermənistanın özü üçün
böyük təhlükə olaraq qalmaqda davam edir. Elektrik stansiyası nüvə bombasına
bənzədilir və bu elektrik stansiyasını bağlayıb, aktiv seysmik zonada yeni atom
elektrik stansiyası inşa etmək əvəzinə, Ermənistanın geoloji cəhətdən daha
təhlükəsiz bölgəsində yeni elektrik stansiyasının tikintisi, ya da alternativ
enerji mənbələrinin inkişafı təklif edilir. Bununla da, Türkiyənin şərq
bölgələrinə təsir edə biləcək böyük fəlakət riskinin xeyli azalacağı
vurğulanır.
Azər NURİYEV