Cenevrədə multikulturalizm və tolerantlığın Azərbaycan modelinə dair beynəlxalq konfrans keçirilib

İsveçrənin Cenevrə şəhərində geniş qeyd olunan "Sülh həftəsi”
çərçivəsində "Palais des Nations” sarayında yerləşən BMT ofisində keçirilən
konfransda mədəniyyətlərarası və dinlərarası dialoqun Azərbaycan modeli digər
ölkələr üçün nümunə kimi göstərilib. 7 noyabr tarixində təşkil olunan tədbir
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi, Azərbaycan Respublikası
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Cenevrədə yerləşən Azərbaycanın BMT
və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən təşkil
edilib."Mədəniyyətlərarası dialoq yolu ilə münaqişələrin həlli, Azərbaycanın
təcrübəsi" adlı konfransa müxtəlif diplomatik nümayəndəliklərin,
QHT-lərin, elmi-tədqiqat qurumlarının və beynəlxalq təşkilatların təmsilçiləri
ilə birlikdə 70-dən artıq iştirakçı qatılıb.
Tədbirdə qeyd olunub ki, dini və etnik zəmində yaranan münaqişələrlə qarşılaşan müasir dünyanın
getdikcə gərginləşən və qütbləşən təbiətini nəzərə alaraq, Asiya ilə Avropanın
kəsişməsində yerləşən Azərbaycanın multikulturalizm modelindən nümunə kimi isifadə
olunmalıdır. Ta qədim zamanlardan bəri azərbaycanlılar təbiətcə tolerant olub və
hazırda multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətidir. Azərbaycan
hökuməti digər təşkilatlarla yanaşı BMT-nin Mədəniyyətlərarası Alyansı (UNAOC),
UNESCO və Avropa Şurasının dəstəklədiyi
Bakı Beynəlxalq Humanitar forumları və Mədəniyyətlərarası Dialoq üzrə dünya forumlarınının
təşkilatçısı olmuşdur.
Bakı, həmçinin Avropa Olimpiya Komitələrinin himayəsi
altında keçirilmiş Bakı - 2015 Avropa Oyunları
və İslamiada-2017 İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq və çoxmədəniyyətli
tədbirlərə ev sahibliyi etmişdir.
Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət
Komitəsinin Beynəlxalq münasibətlər departamentinin direktoru Nicat Məmmədli əvvəlcə
Azərbaycanın multikulturalizm və dinlərarası dialoqunu əks etdirən qısametrajlı
film nümayiş etdirib. Daha sonra o, Florensiyada yerləşən Avropa
Universitetinin professoru Roy Olivierdən sitat gətirərək deyib: "Bu gün Azərbaycan
hələ də qarışıq məscidlərin olduğu, şiə və sünnilərin birlikdə ibadət etdiyi
yeganə ölkədir.
Azərbaycanda dini tolerantlığın tarixi bizim eranın
beşinci əsrinə gedib çıxır. Həmin vaxt yəhudilərə sığınacaq verilmiş, Zərdüştlük
dövründən sonra xristianlıq Qafqaz Albaniyasının dövlət dini olmuşdur. Burada
müsəlman azərbaycanlılar və xristian gürcülər birgə dualar edir. Dövlət dəstəyi
ilə yeni yəhudi sinaqoqu və katolik kilsəsi inşa edilmişdir.
Azərbaycanda İslamın interpretasiyası sufizm üzərində
qurulub ki, bu da sevgi, qardaşlıq və ümumi insanlıq ruhuna hörmət ehtiyacını
vurğulayır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə
baxmayaraq, Bakıda yerləşən erməni kilsəsi hələ də yerindədir və Azərbaycan
dövləti tərəfindən restavrasiya edilmişdir”, - deyə, Nicat Məmmədli qeyd edib.
Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter
öz nitqində qeyd edib ki, dünyəviliyin Azərbaycan modeli və onun sülhpərvər
dinlərarası dialoq təcrübəsi, xüsusilə qloballaşma və günümüzün təhlükəsizliyə
dair qlobal risklər kontekstində, unikal və uğurlu bir model kimi nəzərdən
keçirilməlidir.
Təmsil etdiyi təşkilatın Avropa və Azərbaycanda dini
tolerantlıq və multikulturalizmə dair həyata keçirdiyi layihələr haqqında məlumat
verən L.Zetter 2016-cı ildə "Dördgünlük müharibə” zamanı azad edilmiş Cocuq Mərcanlı
qəsəbəsinə səfəri barədə danışıb. O, qəsəbənin yenidən qurulması üçün görülən
işlərdən, insanların dogma yurdlarına böyük həvəslə qayıdışı haqqında tədbir
iştirakçılarına geniş məlumat verib.
O, daha sonra deyib: "Bu gün BMT-də bu mövzuda
danışmaqdan şərəf duyuram. Amma unutmamalıyıq ki, BMT Təhlükəsizlik Şurası 24
il əvvəl erməni işğalını qınayan dörd qətnamə qəbul edib və bunlar hələ də
yerinə yetirilməmişdir. Münaqişənin həll ediləcəyi təqdirdə, azərbaycanlılarla
ermənilər yenidən yanaşı yaşaya bilərlər.”
Roma Sapienza Universitetinin tədqiqatçısı Dr. Daniel
Pommier Vinçelli qeyd edib ki, Azərbaycan Demokratik Respublikasının (ADR)
nümayəndələri beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın müstəqilliyinin
tanınması üçün yorulmadan çalışırdılar. O dövrdə Dağlıq Qarabağ Ermənistanın tərkibində
deyildi.
Vinçellinin sözlərinə görə, Ermənistanın Dağlıq
Qarabağın onun yurisdiksiyasına ”geri döndüyünü” bildirməyi yanlışdır. Bu vəziyyət
1960-cı illərin ortalarında Ermənistanda etnik milliyətçiliyin baş qaldırdığı
zaman meydana çıxdı. Bu, 1980-ci illərin sonlarında, Sovet İttifaqının uçurumun
kənarında dayandığı bilindikdə aydın oldu.
BMT-ninParlamentlərarasıİttifaqının (IPU)
Parlament Nümayəndələri və Xarıcı Əlaqələr üzrə direktoruAnda Filip Bakıya
səfəri zamanı zəngin tarixi keçmişə söykənən ənənə və müasirliyin vəhdət təşkil
etməsindən təsirləndiyini bildirib. Diplomatın bildirdiyinə görə, Azərbaycanda
müxtəlifliyə və bərabərliyə dərin hörmət vardır. Əhalinin bütün təbəqələri özlərini
tam ifadə etmək hüququna malikdir və ayrıseçkilik aradan qaldırılmışdır.
BMT-nin İnsan Hüquqları və Qlobal Dialoq üzrə Cenevrə
Mərkəzinin icraçı direktoru Idris Jazairi 2017-ci ildəBakıda keçirilən
Beynəlxalq Humanitar Forum zamanı Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sitat gətirib. Prezident qeyd edib ki, müxtəliflik təhlükədədir.
Dünyada artmaqda olan ksenofobiya, diskriminasiya, irqçilik, islamofobiya və
antisemitizm kimi meyllər çox təhlükəlidir. Dünya siyasətçiləri bunlara çox böyük diqqətlə
yanaşmalıdırlar.
Idris Jazairi Azərbaycan Prezidentinin baxışlarına,
21-ci əsrdə ksenofobiya, fərqli fikir sahiblərinə qarşı dözümsüzlük və irqçilik
üçün zəmin yaranmamalı kimi fikirlərə şərik çıxdığını dilə gətirib.
Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb. Müzakirələr
zamanı Azərbaycanın mədəniyyətlərarası dialoq və dini tolerantlıq modelinin,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək
edə biləcək vasitə olduğu vurğulanıb.



