• cümə, 26 Aprel, 05:21
  • Baku Bakı 16°C

Cəmiyyətimizdə pafosa böyük bir maraq var

25.09.19 09:30 1021
Cəmiyyətimizdə pafosa böyük bir maraq var
Xəbər başlıqlarında "Tanınmış ifaçı”, "Tanınmış yazar”, "Məşhur rəssam”, "Azərbaycanlı məşhur müğənni” kimi ifadələrlə tez-tez rastlaşırıq. Saytlarda yerləşdirilən şəkillərdən bir şey anlamasaq da, həmin "tanınmış”, "məşhur” insanları axtarsaq da, xəbərin içində o məşhurları tapa bilmirik. Əgər haqqında xəbər hazırlanan şəxs tanınmışdırsa, bəs onda biz onu niyə tanımırıq? Yəni "tanınmış” yazmaqla, bu insanı hər kəs tanımış olurmu? Və əgər layiqli olmayan şəxslərə "tanınmış, məşhur” deyiriksə, bu əsl tanınmışlara, məşhurlara hörmətsizlik deyilmi? Görəsən "tanınmış, məşhur” ifadələri hansı kriteriyalara görə müəyyənləşdirilir?

Mövzu ilə bağlı Müsavat.com saytının baş redaktoru Xalid Kazımlı qeyd edir ki, bu epitetlər yersizdir: "Biz də o cür titullardan istifadə edirik. Şəxsən mən özüm o cür epitetləri ixtisar edirəm. Bəzən elə adamların adının önündə "məşhur" yazırlar ki, adam qapıdan içəri girsə, tanımarıq. Sadəcə, o adamlar öz cameələrində, sferalarında tanınırlar. Misal üçün, biz sırf jurnalistlər mühitində tanınırıq, amma geniş ictimaiyyət bizi tanımır. Hansısa yazıçını yalnız ədəbi ictimaiyyət tanıyır. Futbolçuları və müğənniləri isə daha çox adam tanıya bilər, çünki onlar daim tv ekranlarındadır, amma yenə də bu, o demək deyil ki, onları ölkədəki 10 milyon əhalinin hamısı tanıyır. Təkcə ona görə ki, bu gün televiziyaya baxmayan, futbol izləməyən, yerli müğənniləri dinləməyən milyonlarla adam var. Biz sadəcə, hələ sovet vaxtından kimisə oxuculara, tamaşaçılara təqdim edəndə, çalışırıq ki, təqdimat bir az təmtəraqlı olsun. Ona görə də belə yazırıq”.

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, kiməsə xoş gəlmək üçün, yaxud hər hansı bir başqa səbəbdən şişirdilmiş epitetlər işlədilir: "Epitetlərin bu cür işlədilməsi heç də yaxşı hal deyil. Azərbaycan mühiti üçün arzuolunmaz bir şeydir. Bunun biz təkcə mətbuatda deyil, el şənliklərində, konsertlərdə də şahidinə çevrilirik. Belə ki, kimisə təqdim edəndə bu cür hay-küylə, şişirdərək səhnəyə dəvət edirlər. Sonradan məlum olur ki, bu insan heç kim imiş. Bu da o deməkdir ki, cəmiyyətimizdə pafosa böyük bir maraq var. Ucuz pafoslar pis qarşılanır. Belə bir pafos həm də ölkədəki dəyərlərin arzuolunan səviyyədə olmamasının göstəricisidir. Bu da mənəviyyatdan irəli gəlir. Təəssüf ki, yalançılıq, yaltaqlıq artdıqca, pafos çoxalır. Pafosun çoxalmağı ilə yaltaqlıq arasında bir əlaqə var. İnsanlar hər zaman yaltaqlandıqları adamı çalışırlar ki, bir az şişirdərək təqdim etsinlər. Mədəniyyətimizdə yaltaqlıq elementləri çoxaldıqca, pafosa meyl daha çoxalır. Bir insanın başqasından bir təmənnası olanda çalışır ki, onu hay-küylü təqdim etsin. Təəssüf ki, bu bizim poeziyamızda da öz əksini tapır”.

Ə.Qəşəmoğlu belə təqdimatların mənəviyyatımıza bir yüngüllük gətirdiyini qeyd etdi. Fikirlərinə bunların mənəvi dəyərləri aşındırdığını bildirərək davam etdi: "Belə nüanslarda bir az həssas olmaq lazımdır. Cəmiyyətdə olan indiki xoşagəlməz halların kökü mənəvi dəyərlərin aşınması ilə bağlıdır. Biz çalışmalıyıq ki, istənilən sahədə bu pafosdan yaltaqcasına danışmağı öz mədəniyyətimizdən kənar edək. Bu yaxşı göstərici deyil. Ona görə çalışmaq lazımdır ki, hər bir insanı təqdim edəndə, layiq olduğu səviyyədə müraciət olunsun”.
Azvision.azxəbər portalının baş redaktoruVüsal Məmmədov bunu özünü sığortalamaq cəhdi hesab edir: "Bir var sən heç kimin tanımadığı aktyor haqqında xəbər yazırsan, bir də var onun adının qarşısına "tanınmış”, "məşhur” ifadələri əlavə edib, özünü sığortalayırsan ki, yəni, mən boş işlərlə məşğul olmuram, tanınmışlardan yazıram. Xarici ölkələrdə belə ifadələrdən istifadə etmək üçün obyektiv kriteriyalar tapmaq olar. Satılan kitabların, albomların, çəkdiyi filmlərin sayı çox ola bilər. Bizdə bu, subyektiv anlayış olduğu üçün obyektiv dəyər vermək mümkün deyil”.

Müsahibimizlə bəzən həmkarlarımızdan biri yeni işə təyin olunduqda, onlar haqqında yazılan "Tanınmış jurnalistdə vəzifə verildi” kimi təqdimatddan da də danışdıq. V.Məmmədov yarızarafat deyir ki, vəzifənin canı, şüuru olsaydı, bu media nümayəndələrini məhkəməyə verərdi: "Vəzifə sözü artıq hörmətdən düşüb. Əvvəllər vəzifə deyəndə, ağlımıza sanballı bir mövqe gəlirdi, sözün hörməti, çəkisi vardı. İndi xəbərdə yazılır ki, jurnalistə, yaxud da hər hansı şəxsə vəzifə verildi, oxuyanda görürsən ki, hansısa şöbədə müşavir təyin edilib. Bu, vəzifə deyil axı... Jurnalistin hansı işlə təmin olunduğu başlıqda qeyd olunsaydı, daha məntiqli olardı. Jurnalist düşünür ki, mən öz xəbərimi daha dəyərli edə bilərəm, məsələni olduğu kimi yazsam, xəbərin dəyəri azalacaq və bu adi, sıradan bir xəbər olacaq. Ancaq yazsam ki vəzifə verildi, bu daha böyük səslənir. Ancaq anlamaq lazımdır ki, mahiyyəti bölüşməklə özünü qeyri-ciddi göstərir və jurnalisti gülünc vəziyyətə qoyursan, vəzifə sözünü isə hörmətdən salırsan. Bununla heç nəyə nail olunmur. Bu ifadələr sözün həqiqi mənasında tanınmış, məşhur insanlara haqsızlıqdır. Belə getsə, onlar tanınmış ifadəsindən etiraz edəcəklər”.

Bəzən isə "tanınmış, məşhur” sözlərinin qarşısında "azərbaycanlı” ifadəsi ilə rastlaşırıq. V.Məmmədov bildirir ki, bu, jurnalistlərin özlərinin yaratdıqları problemdir: "Əvvəl hansısa xarici bir müğənninin kim olduğunu dəqiqləşdirmədən onun haqqında sensasion xəbər yayırdılar. Misal üçün, müğənni yeddinci ərinə xəyanət etdi. Açıb oxuyanda görürsən ki, burada Fransanın hansısa müğənnisindən söhbət gedir. Bir dönəm oxucunu bu yolla istismar etdilər. Oxucu artıq bu hiyləni başa düşdü, gördülər ki, artıq bu başlıqla oxucunu tutmaq olmur. Onda həmin müğənninin adının qarşısına "azərbaycanlı” sözünü əlavə etdilər ki, biz sizi aldatmırıq, hadisələr doğrudan Azərbaycanda baş verib. Yəni, özləri özlərinə qazdıqları quyuya düşdülər”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər