• cümə, 29 Mart, 04:16
  • Baku Bakı 7°C

Cəmiyyətdə süni gərginlik yaratmaq istəyənlərin məqsədi nədir?

25.04.19 19:37 1017
Cəmiyyətdə süni gərginlik yaratmaq istəyənlərin məqsədi nədir?
Xalq arasında "Qala” və ya sadəcə "Qədim şəhər” kimi tanınan İçərişəhər Bakının ən dəyərli incisi, həm də tarixi-memarlıq qoruğudur. 2000-ci ilin dekabrında İçərişəhər Qız Qalası və Şirvanşahlar Sarayı ilə birlikdə YUNESKO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Son günlər sosial şəbəkələrdə bu dəyərli incinin - İçərişəhərin qala divarının sökülməsi, yerində restoran tikilməsi barədə məlumat paylaşılır. Xüsusən də vəkil Aslan İsmayılov "Facebook”dakı səhifəsində davamlı olaraq video-fotolar paylaşır, İçərişəhərin qala divarlarının sökülməsi barədə rəy formalaşdırmağa çalışır. Lakin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) bu gün yaydığı açıqlamadan, İçərişəhər ərazisinə təşkil etdiyi media-turdan aydın olur ki, A.İsmayılov növbəti dəfə süni ajiotaj yaratmaqla gündəmə gəlməyə çalışır. Əvvəla ondan başlayaq ki, "İçərişəhər” DTMQİ ictimaiyyət üçün yaydığı məlumatda sosial şəbəkədə paylaşılan fotogörüntülərin həqiqətlə tamamilə ziddiyyət təşkil etdiyini, qərəzli addımların bir nümunəsi olduğunu bəyan edib. Qeyd edilib ki, İçərişəhərdə hal-hazırda fotoda görünən vəziyyətdən əsər-əlamət yoxdur və bunu açıq-aydın müşahidə etmək mümkündür.

İdarənin rəsmi məlumatına görə, "Facebookda” yayılan həmin fotoşəkillər 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilib. Məsələnin kökündə 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işlərinin durduğu bildirilib. Qeyd olunub ki, həmin vaxt Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirib və düz divarın çəkilməsi ilə nəticələnib. "İçərişəhər” DTMQİ fotoşəkil ilə bağlı yaradılan mənzərənin və əsassız ittihamların əksinə olaraq, 2011-2012-ci illərdə Qala divarlarının bərpasını həyata keçirib və bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görüb. Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilib, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənib hazırlanıb. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görmək mümkündür.

Bu açıqlama ilə yanaşı, "İçərişəhər” DTMQİ-nin mətbuat katibi Rahib Azəri jurnalistlərin iştirakı ilə dağıdıldığı iddia edilən qala divarının – bürcün yerləşdiyi ərazidə olub, video görüntü paylaşıb. Video-görüntüdən də aydın olub ki, vəkil A.İsmayılov və tərəfdarlarının davranışları süni ajiotaj yaratmaq cəhdindən başqa bir şey deyil. Belə ki, Qala divarlarının zədələnməsi ilə bağlı ittihamlar tam əsassızdır. Bəzi ərazilərdə Qala divarı boyunca quraşdırılan iaşə obyektlərinə gəlincə, bu tikililər əvvəllər də olub və sırf konstruksiyalardan ibarətdir. Həmin konstruksiya Qala divarlarından aralıda quraşdırılıb və məqsəd ondan ibarətdir ki, Qala divarlarına zərər vurulmasın. Bütün bunlar onu deməyə əsas verir ki, A.İsmayılov və tərəfdarları Azərbaycanda medianın, internetin azadlığından, insanların tarixi abidələrə olan həssaslığından sui-istifadə edir, məqsədli şəkildə bugünkü reallıqla uzlaşmayan fotolar paylaşır, cəmiyyətdə gərginlik yaratmağa cəhd edir.

Vəkil Sahib Məmmədov mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, istənilən halda mədəni-tarixi abidələr, arxitektura əhəmiyyətli binalar qorunub saxlanmalıdır və bunun əksi olduğu halda, ictimai qınağın özünü göstərməsi normal haldır. Bununla yanaşı, o, qeyd edib ki, 10 il öncə çəkilən hansısa fotonu ortaya atıb süni ajiotaj yaratmaq qəbuledilməzdir: "Elə məsələlər var ki, sivil dünya, ictimaiyyət ona münasibətdə çox həssaslıq nümayiş etdirir. Tarixi-memarlıq abidələrinə yanaşma da bu qəbildəndir. Düzdür, zamanla İçərişəhərdə qanunsuz əməllərə yol verilib. Lakin "İçərişəhər” qoruğu yaradıldıqdan sonra bunun qarşısı alınır, maksimum səviyyədə çalışırlar ki, hansısa pozuntulara yol verilməsin. Son günlər sosial şəbəkədə paylaşılan fotoya gəlincə, bunun üzərindən süni ajiotajın yaranmasına səbəblərdən biri də aidiyyəti qurumun ictimaiyyətə çox gec açıqlama verməsi, əsl həqiqətin nədən ibarət olmasını operativ dilə gətirməməsi oldu. Xatırlayıram ki, bundan əvvəlki illərdə də hansısa abidənin guya sökülməsi barədə süni ajiotaj yaradılmışdı. Bir müddət sonra Ermənistandakı və dünyadakı erməni mediası həmin materiallara istinad edərək Azərbaycan xalqını öz mədəniyyətinə, abidəsinə sahib çıxmayan xalq kimi təqdim edirdi. Bununla demək istəyirdilər ki, öz mədəniyyətinə hörmət etməyən azərbaycanlılar başqalarının da mədəniyyətinə hörmət etməyə qadir deyillər. Yəni erməni mediası həmin dezinformasiyalara istinad etməklə Azərbaycanı vandal bir ölkə kimi təqdim edirdi. Son günlər sosial şəbəkələrdə İçərişəhərin qala divarının guya uçurdulması ilə bağlı paylaşılan foto, həmçinin sahibsiz itlərin guya hazırda da öldürülməsini əks etdirən fotolar da bir qədər əvvəl söylədiyim məqsədə xidmət edir”.

S.Məmmədov bu günlərdə Sulutəpə qəsəbəsində sahibsiz küçə itinin azyaşlı uşağa hücum etməsini, onun üzünü parçalamasını xatırladıb. Deyib ki, bu zaman insanların körpə uşağa qarşı baş verən hadisədən hiddətlənməsi anlayışla qarşılanıb. Lakin həmin vaxt da bəzi məqsədli adamlar bu məsələni sosial şəbəkə və onlayn media üzərindən qızışdırıb, ardınca da səslənən aqressiv fikirləri toplayıb, itlərin güllələnməsi ilə bağlı köhnə video və şəkilləri də ona əlavə edib yayıb, öz mənbələrinə göndəriblər: "Bunun nəticəsində də heyvan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar məlumat yaydılar ki, hər il Formula-1 yarışması ərəfəsində Azərbaycanda sahibsiz itlər guya kütləvi şəkildə məhv edilir. Halbuki, İDEA İctimai Birliyi vasitəsilə küçə itləri ilə bağlı Azərbaycanda geniş miqyaslı işlər görülür. Amma bəlli adamlar və onların məlumat ötürdüyü beynəlxalq təşkilatlar bunları görmək istəmirlər. Yəni bəlli şəxslərin məqsədli şəkildə yaratdığı süni ajiotaj sonradan beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı təzyiq kimi istifadə olunur”.

Ekspert Azər Həsrət də qəzetimizə açıqlamasında Azərbaycanın dünyaca məşhur bir yarışa – Formula-1-ə növbəti dəfə ev sahibliyi edəcəyini xatırladıb. Bildirib ki, belə mühüm beynəlxalq əhəmiyyətli tədbir ərəfəsində bütün dünyanın gözü Azərbaycanda olur. Ekspertin fikrincə, məhz belə bir məqamda antimilli ünsürlər Azərbaycanı hansısa formada gözdən salmağa, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar: "Sosial şəbəkədə yayılan həmin şəkilləri mən də görmüşəm. Təəssüf ki, İçərişəhər qoruğunun məsul şəxsləri bu məsələ ilə əlaqədar zamanında və yetərli açıqlama verməkdə gecikdilər. Halbuki, onlar anındaca məsələyə reaksiya verə, televiziya kanallarını bəhs edilən əraziyə dəvət edə, geniş ictimaiyyətə əsl həqiqəti çatdıra bilərdilər. Təəssüf ki, onlar bu addımı çox gec atdılar. İçərişəhərin dağıdıldığı iddia edilən hissəsindən bu gün yayılan videodan da görünür ki, sosial şəbəkədə paylaşılan foto bu günün deyil, illər öncənin görüntüsüdür. Həmin vaxt isə bu işlərin nə məqsədlə görüldüyü, bərpa işlərinin aparıldığı da aydın şəkildə izah edilib. Bu, yetərli izahatdır. Sadəcə, aidiyyəti qurumlar hadisələrə münasibətdə çevik reaksiya verməyi bacarmalıdırlar. Onlar bunu etmədiyi təqdirdə, ortalığı qarışdırmaq istəyən, yanlış ictimai rəy formalaşdırmağa çalışan ünsürlər əl-qol açırlar. Beləliklə də, həmin ünsürlər Formula-1 ərəfəsində Azərbaycanı dünyaya mənfi obrazda təqdim edirlər. Bunun başqa adı yoxdur”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər