• cümə, 29 Mart, 01:12
  • Baku Bakı 7°C

Cəmiyyət həyatının yenilikləri təhsil prosesindən keçir

19.09.19 10:00 574
Cəmiyyət həyatının yenilikləri təhsil prosesindən keçir
Hər bir yeni yaradılan dövlətin, müstəqillik qazanmış bir respublikanın ən ümdə vəzifələrindən biri öz milli təhsil sisteminin yaradılmasına nail olmaqdır, cəmiyyət buna hazırlanmalıdır. Müstəqil Azərbaycanın yeni təhsil qanunun olmasına böyük ehtiyac duyulurdu. Yeni təhsil qanunu dünya standartlarına cavab verir, dövlətin və millətin ideologiyası ilə bağlıdır. Dövlət başçısının ümumi təhsilin inkişafı naminə gördüyü işlər məktəb sisteminin uğurlu gələcəyinə, məktəblərimizin bilik-savad mərkəzlərinə çevriləcəyinə cəmiyyətdə böyük inam yaradıb. Danılmaz faktdır ki, respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişikliklərin baş verməsi, inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsi dövlət başçısının təhsilə göstərdiyi müntəzəm diqqət və qayğısı nəticəsində mümkün olmuşdur.
Təhsil cəmiyyətin inkişafında ən mühüm komponentlərdən biri hesab olunur. Belə ki, cəmiyyətin səviyyəsi bununla ölçülür. İnsan yalnız təhsil sayəsində yaşadığı zamanının tələbləri səviyyəsinə çata bilər. Təhsilin ölkəmizin aparıcı sahələrindən biri kini Azərbaycanın sosial-iqtisadi, ictimai həyatında rolu danılmazdır. Təhsildə qloballaşma mövcud təhsil sistemlərinin vahid ümumdünya təhsil sisteminə qovuşmasıdır. Bu prosesdə mənəvi simalardan biri də müəyyən peşə keyfiyyətlərinə malik olan müəllimdir.
Dövlət başçısı haqlı olaraq göstərir ki, XXI əsrdə respublikamızın inkişaf strategiyasında təhsilə, elmə, biliklərin potensialı və yayılmasına ən prioritet istiqamətlərdən biri kimi baxılmalıdır. Keçmiş Sovetlər birliyində təhsil sistemi əsasən biliklərin əldə edilməsinə, mütəxəssisin birtərəfli, dar çərçivədə formalaşmasına istiqamətləndiyindən, şəxsiyyətin hərtərəfli inkişafını tam təmin edə bilmirdi və təhsildə səmərəli əks əlaqəni yaratmaq mümkün olmurdu.
Əsrimiz təhsil əsridir, bütün ölkələrdə olduğu kimi, bizim respublikamızda da təhsil sahəsində çox böyük islahatlar gedir. Cəmiyyət həyatında baş verən yeniliklər təhsil prosesindən keçir. Artıq kurikulum islahatlarının həyata keçirilməsinə başlanıb. Təhsil sahəsindəki islahatlar struktur dəyişikləri ilə öz işini bitmiş bilmir, bir-birindən maraqlı məqamlar vüsət alır...Fərd inkişaf edərək sosial təcrübə qazanır, bunun əsasında isə kompleks bilik və qabiliyyətlər mənimsəyir.
Təhsil islahatları ilə bağlı danışarkən müəllim kadrların hazırlanması və onların işə qəbulu ilə bağlı konkret fikir belədir ki, müəllimlər üçün mütləq sınaq müddəti qoyulsun və heç vədə pedaqoji sahəni bilməyənlər məktəbdə işləməsinlər. Təhsil kimi çoxşaxəli, mürəkkəb bir sahənin saysız-hesabsız problemlərinin həlli yalnız güclərin səfərbər olunmasındadır. Prezident İlham Əliyev müəllim şəxsiyyətinə böyük qiymət verir, onların şərəfli və yorulmaz, eyni zamanda çətin əməyini bu cür dəyərləndirir: "Gələcək nəslin yetişdirilməsi, onların tərbiyə olunması, Azərbaycana bacarıqlı kadrların hazırlanması çox böyük vəzifədir və ölkəmizin inkişafı məhz bu bilik səviyyəsindən asılı olacaqdır.”
"Azərbaycanın gələcəyinin təhsilli insanların çiyinləri üzərində qurulacağını” böyük inamla vurğulamış ulu öndər Heydər Əliyevin ideyalarını əldə rəhbər tutan və onların həyata keçməsinə çalışan Birinci Vitse-prezident Mehriban xanım Əliyeva təhsilə xüsusi diqqət yetirir. Mehriban xanım Əliyevanın istər xeyriyyəçilik, istərsə də ictimai fəaliyyətinin əsas istiqamətləri sırasında təhsil və səhiyyənin mühüm yet tutması qətiyyən təsadüfi deyil. Heydər Əliyev Fondu yaradılan vaxtdan elmin və təhsilin inkişafı, milli-mədəni irsimizin qorunmasını fəaliyyətinin əsas prioritet istiqaməti kimi müəyyən etmişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə elm və təhsilin inkişafı üçün həyata keçirilən məqsədyönlü və səmərəli fəaliyyət proqramı respublika ictimaiyyəti tərəfindən böyük razılıq və rəğbət hissi ilə qarşılanır.
Bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətti də məhz milli genefondun qorunması kimi xarakterizə edirik. Fond cəmiyyətdə yalnız sağlam ənənələrin, zəngin əxlaqi dəyərlərin möhkəmlənməsinə çalışdığını göstərir və buna da yüksək səviyyədə nail olur.
Bütün inkişaf proqramlarının və yeni layihələrin reallaşması yüksək təhsil və elmi nailiyyətlərdən asılıdır. Bir çox ölkələrdə təhsilin səviyyəsi tədris müəssisələrinin səviyyəsi ilə ölçülür. Azərbaycanda təhsil orta səviyyədə olsa da, bəzən bir çox meyarlara görə, digər dövlətlərə nisbətdə xeyli geri qalır. Təhsil sektorunda aparılan islahatlar əvvəlcə ictimai müzakirəyə çıxarılmalı və ekspertlərin rəyi alınmalıdır. Digər tərəfdən yeni qaydalar orta məktəblərin yeganə səlahiyyətini də əlindən aldı.
İşin səviyyəsi kollektivin uğurlarından asılıdır, elə bu uğurların qazanılmasında da məktəb rəhbərliyinin tələbkarlığı və təşkilatçılığının tutumu əsas vacib şərtdir. Məktəbdaxili nəzarətin təşkilinib doğru-düzgün həyata keçirilməsi hesabına işlər ardıcıl və sistemli vəziyyət alar. Məktəb rəhbərləri də müəllimin dərs planını təhlil edərkən təlim məqsədlərinin hansı parametrlər əsasında və nə qədər uğurlu müəyyən edildiyinə əhəmiyyət verməlidirlər. Təlim məqsədinin düzgün müəyyən edilməsi, təlimin təşkilinin uğuruna zəmanət verən amildir.
Təhsil sistemində, xüsusilə məktəbin idarə olunmasında direktor valideynlərin iştirakına geniş yer verməli, onların arzu-istəyini, tələblərinin mümkün olanını nəzərə alaraq həyata keçirməli, dərslərdə əyləşməsinə şərait yaratmalı, ”açıq qapı” günlərini təşkil etməli, onları dəyirmi masalara dəvət etməli, anket sorğular keçirib şagirdlərin, müəllimlərin müxtəlif məsələlər, problemlər barədə fikirlərini öyrənməlidir. Bunlar da şagirdlərin düzgün təlim-tərbiyəsinin təşkili və formalaşmasına təsirsiz ötüşmür. Direktorun qapısı həmişə açıq olmalıdır, şagirdlər üçün qəbul saatı müəyyənləşdirilməlidir.
Yaşlı nəsil yeniliklərdə maraqlı deyil, gənc nəsil də ənənələri qoruyub saxlamaqda, onları möhkəmləndirməkdə o qədər səy və təşəbbüslü olmur. Dövr və zamanın diktəsi, tələbi qaçılmazdır, meyarlar itəndə narazılıq başlanır...Yeniliklərin qəbulu problemsiz ötüşmür, yeni təlim metoduna keçidin öz çətinlikləri olur, bunu hər müəllim iş prinsipinə, fəaliyyətinə görə bir cür qarşılayır və həll edir.
Kadr hazırlığının ən vacib şərti maddi bazanın formalaşmasıdır. Əksər ali və orta ixtisas məktəblərində bu, yoxdur, yaxud primitivdir, bəsitdir, yarıtmazdır və s. Mühazirə və seminar ilə kadr yetişmir. Ali və orta ixtisas üzrə pedaqoji məktəblərə, xüsusilə ibtidai təhsilin metodikası və pedaqogikası fakültə və şöbələrinə qəbul qaydalarının dəyişdirilməsinə zərurət duyulur, bunu mütəxəssislər də tez-tez vurğulayır və əsaslandırmağa çalışırlar.
Yenidənhazırlama və ixtisasartırma kurslarının indiki durumundan xeyli giley-güzar eşidilməkdədir. İxtisasını dəyişib ibtidai sinif müəllimliyinə gələnlərlə, baxmayaraq ki, onların sırasında özünü yaxşı müəllim kimi tanıdanlar çoxluq təşkil edir, məktəblərdə tez-tez rastlaşırıq, sadəcə bu məsələnin doğru-düzgün, yaxud formal xarakter təşkili bizi maraqlandırır. Əksər ixtisas müəllimlərinin deməsinə rəğmən bu qənaətə gəlirsən ki, 4 il, ya 6 il bu ixtisas alanlarla başqa ixtisas adamlarının 6 aylıq kurs keçməklə gəlib onların yerlərini tutmaları ədalətli deyil.
Hər bir müəllimin başlıca vəzifəsi təlimin keyfiyyətini daim yüksəltməkdən ibarətdir. Söz yox ki, həmin iş, əsasən, müəllimin praktik fəaliyyəti ilə həyata keçirilir. 1992-ci ildə qəbul olunan qanunda bununla bağlı maddə əksini tapıb. Qeyd olunub ki, müəllimlərin əməkhaqqı orta əməkhaqqı səviyyəsindən yüksək olmalıdır...Ölkəmizdə minlərlə sayda müəllim çatışmazlığı mövcuddur, digər tərəfdən isə bir müəllimə 9 şagird düşür. Türkiyədə bu rəqəm 24, ABŞ-da 17, Yaponiyada və Böyük Britaniyada 16, Gürcüstanda 11-dir. Təhlil göstərir ki, kəndlərdə müəllim çatışmazlığı problemdirsə, şəhərlərdə, xüsusilə Bakı şəhərində müəllim çoxluğu problemdir. Problemin həlli ən əvvəl əmək haqqına bilavasitə təsir göstərəcək.
Müəllim təkcə şagirdə bilik öyrətmir, həm də onda xarakterin formalaşmasına kömək edir. Kişi müəllimlərin təhsildən uzaqlaşmasına səbəb olan əsas faktor, onların aldığı maaşın azlığıdır. Hazırda ümumtəhsil məktəblərində işləyənlərin təxminən 80-90 faizi qadınlardır. Bu cəhət gələcəkdə oğlanların psixikasında müəyyən problemlər yaradır ki, bu problemlərin rüşeymlərinin məktəbdə, cəmiyyətdə hiss edirik.
Müəllim ordusunun əsasən qadınlardan ibarət olması uşaqların tərbiyəsində öz təsirini göstərir. Xüsusən ibtidai siniflərdə müəllimlər əsasən qadınlar olur. Bu da kiçik yaşlarından uşaqların formalaşmasına mənfi təsirini göstərir.
Sözardı. Dünyanın 180 ölkəsindən təqribən 125-i gender bərabərliyinə nail olmağa doğru irəliləyir. Bu isə minilliyin inkişaf məqsədləri çərçivəsində BMT-nin qoyduğu məqsəddir. Paytaxtın 34 minə yaxın müəllimindən nə az, nə çox, düz 88 faizini qadınlar təşkil edir.
Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş tədbirlər müəyyənləşdirilir, müasir təlim metodları, yeni pedaqoji texnologiyalar və innovasiyalar tətbiq edilir. Maddi baza şagirdin yaxşı oxuması üçün əsas deyil, əsas məsələ müəllim kadrların yetişməsidir. Müəllim tərbiyə işinin planlaşdırılmasında, şagirdlərdə şəxsiyyətin inkişafında və sinif kollektivinin təkrarsız fərdililiyinin formalaşmasında iştirak edir. Şagirdlərin marağına uyğun dərslərin qurulmasını, pedaqoji nöqteyi-nəzərdən çox düzgün yanaşma hesab edirik.
Artıq məktəb təhsilin yeganə məkanı, müəllim isə ictimai təcrübənin daşıyıcısı və ötürücüsü deyil. İndi məktəbdə elə təhsil mühiti formalaşmalıdır ki, şagird onun köməyi ilə qlobal təhsil mühitində öz fərdi təhsil trayektoriyasını qura bilsin, müəllim məktəbdə təlim mühiti yaratsın. Əvvəllər müəllimin vəzifəsi, əsasən, şagirdlərə müəyyən miqdarda bilik vermək, bu biliyin qavrama dərəcəsini yoxlamaq, müvəffəqiyyət dərəcəsini və biliklərin keyfiyyətini qiymətləndirməkdən ibarət idi.
Aparılan araşdırmalar da ilkin müəllim hazırlığının məzmununun yüklü olduğunu təsdiq edir. Pedaqoji struktur hələ də müasir standartlara uyğun qabiliyyətlərin formalaşmasına deyil, əsas biliyin verilməsinə istiqamətlənmişdir. Cəmiyyətdə yaranmış müəllim obrazı humanizmin, insanpərvərliyin, əməllərinin nəticəsindən həzz alan və gənclik üçün daim nümunə olan bir sənət adamının ifadəsidir.
Bu gün müəllimin qarşısında daha ciddi məsələlər durur. O, şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etməsi üçün şərait yaratmalı, onlara müstəqil düşünməyi və suallar formalaşdırmağı öyrətməli, öyrənməyə, inkişaf etməyə həvəs yaratmalıdır.
Müəllimin potensial bilikləri ilə yanaşı, onun peşəkarlığı da çox vacib olan bir şərt kimi dəyərləndirilir. Səriştəli olmaq, apardığı pedaqoji işi böyük ustalıqla həyata keçirmək zəruri keyfiyyətlərdən hesab olunur. Müasir müəllim klassik təcrübəyə söykənməklə, eləcə də, qabaqcıl təcrübələr əsasında işini qurmaqla yanaşı, həm də zamanın müasirlik aynasında özünü görə bilməli, istiqamətləri müəyyənləşdirməyi bacarmalıdır. İlkin müəllim hazırlığında müəllim şəxsiyyətinin formalaşdırılmasına həm də öz növbəsində müasir ruhda qurulan və yeni parametrlərlə həyata keçirilən pedaqoji proses də təsir edir.
İxtisaslı kadrların əməyi intellektual əmək hesab olunur, intellektual əmək isə ən vacib, ən dəyərli resurs sayılır. Yeni təlim metodlarını öyrənəndən sonra burda mütərəqqi cəhətlər daha çoxdur. Günün tələbləri ilə yanaşanda müəllim əməyi formaca dəyişir, məzmunca dəyişməyə məcbur edilən isə şagirddir, ona olan münasibətdir. Dünyaya inteqrasiya olunan bir dövrdə sovet dəyərləri ilə şagirdə yanaşmaq yolverilməzdir. Şəxsiyyətyönümlü təlimdə uşaq şəxsiyyətinə hörmət edən müəllim, onun nə ilə və necə məşğul olmağı seçmək hüququnu qəbul edir. Uşaqların fəaliyyətini müşahidə edən müəllim, yalnız o zaman kömək edir ki, bu, onun sonrakı inkişafı üçün zəmin yaradır.

İslam Əsgəroğlu

banner

Oxşar Xəbərlər