Cəmil Həsənli ermənilərlə ortaq mövqeyi bölüşür
Millət vəkillərinin qənaətincə, hər iki tərəf saxta ittiham və
qərəzli açıqlamalarla Azərbaycanın nüfuzuna zərbə vurmağa çalışırlar
Radikal müxalifətin,
xüsusən də AXCP və Milli Şuranın Azərbaycanın milli-dövlətçilik maraqlarına
zidd "siyasi fəaliyyət” ortaya qoyması barədə dəfələrlə yazmışıq. Bildirmişik
ki, Əli Kərimli və onun bilavasitə təsiri altında olan, məhz AXCP sədrinin
göstərişlərini yerinə yetirən Cəmil Həsənli vətənpərvər olmağı bacarmır, siyasi
hakimiyyətlə mübarizəni Vətənə, dövlətə, xalqa qarşı mübarizədən ayırd edə
bilmirlər. İnkarı inkar etməklə tez-tez gündəmə gələn bu antimilli dəstə öz
davranışları ilə ermənilərlə ortaq mövqedən çıxış edirlər. Oktyabrın 31-də
Vaşinqtonda Milli Şura sədri Cəmil Həsənli və AXCP sədrinin mətbuat katibi
funksiyasını yerinə yetirən Sevinc Osmanqızının təşkil etdiyi növbəti tədbir
söylənilənlərə daha bir nümunədir. Həmin tədbirdə çıxış edən C.Həsənli ölkəmiz
barədə qeyri-obyektiv, qərəzli fikirlər səsləndirərək, dünya ictimaiyyətini Azərbaycana
qarşı "Maqnitski aktı”na bənzər sanksiyalar tətbiq etməyə səsləyib.
Diqqət çəkən başqa bir
məqam budur ki, C.Həsənli və ətrafı ABŞ-da ölkəmizə qarşı tədbir təşkil etdiyi
vaxtdan bir gün öncə ermənilər də təxminən eyni mövzuda bəyanatlar
səsləndiriblər. Belə ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş
Dağlıq Qarabağ ərazisində yaradılmış qondarma qurumun nümayəndə heyəti
Konqresdə və digər instansiyalarda görüşlər keçiriblər. Həmin görüşdə erməni
separatçıları Azərbaycanla bağlı neqativ rəy formalaşdırmağa, ölkəmizə qarşı
sərt tədbirlərin görülməsinə cəhdlər ediblər. Qondarma qurumun "rəhbərinin”
oktyabrın 30-da Konqresin binasında keçirdiyi tədbirə ABŞ-da yaşayan bir qrup
azərbaycanlılar etiraz etsələr də, özlərini demokrat, vətənpərvər, xalq-millət
fədaisi kimi qələmə verən C.Həsənli və tərəfdarlarından heç biri bu etiraz
aksiyasına dəstək verməyib, milli-dövlətçilik maraqları naminə həmrəylik
nümayiş etdirməyiblər. Bu fakt bir daha onu göstərib ki, üzdə demokratiya
libasına bürünən radikallar əsl reallıqda öz davranışları ilə ermənilərdən heç
də fərqlənmirlər.
Mövzu ilə bağlı "Kaspi”
qəzetinə açıqlama verən Milli Məclisin
deputatı Aydın Hüseynovtəəssüflə bildirib ki, Milli Şura sədri C.Həsənli ABŞ-da olarkən Azərbaycana
qarşı sanksiya tətbiq edilməsini tələb edib. Onun sözlərinə görə, Milli Şura
sədrinin görüşdükləri adamlar arasında erməni və ermənipərəstlər də olub: "ABŞ-da
olan Cəmil Həsənli keçirdiyi görüşlərdə Dağlıq Qarabağda yaradılan qondarma
qurumun "rəsmi şəxsinin” Amerikada səfərdə olmasına, bununla Azərbaycanın ərazi
bütövlüyünə edilən hörmətsizliyə hər hansı münasibət bildirməyib. Əksinə, onun ABŞ-da
keçirdiyi görüşdəki çıxışı Azərbaycanın əleyhinə çalışan erməni lobbisinin
fikirlərindən əsla fərqlənməyib. Cəmil Həsənlinin fikri erməni lobbisinin
təsirində olduğu şübhə doğurmayan "Amnesty İnternational"ın nümayəndəsi
Balsonun sözləri ilə də eyni olub. Hər iki tərəf saxta ittiham və qərəzli
açıqlamalarla ölkəmizin nüfuzuna zərbə vurmağa çalışıblar. Hər ikisi
Azərbaycanda media azadlığının olmadığını iddia edib, qanunsuz keçirilən aksiyaların
qarşısının polis tərəfindən alınmasını zorakılıq kimi qələmə veriblər. Bununla
da radikal qüvvələrin xalqa və dövlətə olan düşmən münasibəti bir daha özünü
qabarıq şəkildə göstərib. Amma xarici və daxili düşmənlərimiz unutmamalıdırlar ki,
Azərbaycanın beynəlxalq aləmdə sivil bir ölkə kimi tanınır”.
Millət
vəkili, siyasi şərhçi Sahib Alıyev isə bildirib ki, onu,
Milli Şura sədrinin anti-Azərbaycan mövqeyi deyil, nə vaxtsa milli-dövlətçilik
marağından çıxış etməsi təəccübləndirə bilər: "Məni təəccübləndirən Cəmil
Həsənlinin milli-dövlətçilik nöqteyi-nəzərindən mövqe bildirməməsi yox, ondan
belə bir mövqenin gözlənməsidir. Çünki, haylara yaxın çevrələrlə sıx təmasda
olanlar, onlardan informasiya, maliyyə və lobbiçilik dəstəyi alanlar Dağlıq
Qarabağdakı qanunsuz rejimin təmsilçisinin Vaşinqtona səfərinə narazılıqlarını
dilə gətirə bilməzlər. Siz bir gün eşitsəniz ki, onlar həmin Vaşinqtonda
mailyanlarla gizli görüşüb əməkdaşlıq haqda anlaşıblar, buna da heç
təəccüblənməyin”.
Milli
Məclisin deputatı Cavid Osmanov Milli Şura sədri C.Həsənlinin öz ölkəsinə, xalqına,
iqtisadiyyatına qarşı ayrı-ayrı dövlətlərin sanksiya tətbiq etməsini acınacaqlı
hal kimi dəyərləndirib. Bildirib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının "erməni
soyqırımı” ilə bağlı qətnaməsi bütün türk dünyasını sarsıdıb, bununla bağlı
Azərbaycan tərəfi rəsmi mövqe bildirib, lakin radikal müxalifət ümummilli
məsələdə vahid mövqedən çıxış etməyi bacarmayıb: "Belə bir ümummilli məsələnin
ortada olduğu, bütün türkdilli dövlətlərin qardaş Türkiyəyə dəstək verdiyi
halda Cəmil Həsənli ABŞ-da Azərbaycana qarşı görüşlər keçirib. Onun görüşdüyü adamlar
arasında erməni və ermənipərəstlər də olub. Maraqlıdır, Cəmil Həsənli hansı
başla ABŞ-da çağırışlar edir ki, Azərbaycana qarşı sanksiyalar tətbiq edilsin?!
Həqiqətən də öz xalqını, dövlətini sevən, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini
istəyən heç bir şəxs bunu etməzdi. Bu sanksiyalardan kim əziyyət çəkəcək? Azərbaycan
dövləti, xalqı, vətəndaşları. Xalqın yaxşılığını, rifahını istəyən hansı insan
belə bir arzuya düşər? İndi o Cəmil Həsənli, radikal müxalifət, xüsusilə, Əli Kərimli
hansı üzlə çıxıb xalq uğrunda mübarizə apardıqlarını deyəcəklər?”.
Deputatın sözlərinə görə, C.Həsənli
bir daha göstərib ki, o və onun ətrafında olanlar Azərbaycanı sevmir, xalqımızın
taleyi, ölkəmizin ərazi bütövlüyü, Dağlıq Qarabağ problemi onları qətiyyən düşündürmür:
"Bu adamlar xalqımıza qarşı düşmənçilik siyasəti apardıqlarını aydın şəkildə
göstərdilər. Sadəcə, bunların məqsədi erməni lobbisinin, Ermənistan tərəfinin
verdiyi sifarişləri hər hansı bir yolla həyata keçirməkdir. Onlar istəyirlər ki,
anarxiyanı, özbaşınalığı, iqtisadi tənəzzülü Azərbaycanda həyata keçirsinlər.
Amma Azərbaycan xalqı heç zaman bu radikalları dəstəkləməyəcək. Azərbaycan
xalqı artıq onları tarixin layiq olduqları yerinə atıb. Bu qara qüvvələr
xalqımız tərəfindən boykot olunur. Xalqımız bu gün dövlətçiliyimizin,
müstəqilliyimizin keşiyindədir və Prezident İlham Əliyevin apardığı daxili və
xarici siyasəti dəstəkləyir”.
Rufik
İSMAYILOV