• cümə axşamı, 28 mart, 13:44
  • Baku Bakı 16°C

Cəlil Xəlilov: Ermənistan siyasi meydanda təklənib

15.10.19 15:38 426
Cəlil Xəlilov: Ermənistan siyasi meydanda təklənib
Prezident İlham Əliyevin də iştirak etdiyi MDB Dövlət Başçıları Şurasının Aşqabad iclasının gündəliyindəki məsələlərdən biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar dövlət başçılarının Birlik ölkələri xalqlarına və dünya ictimaiyyətinə müraciəti idi. Bu, dünyada sülhün və əmin-amanlığın qorunması, İkinci Dünya müharibəsində qələbə irsinin ötürülməsi baxımından mühümdür. Azərbaycan Prezidentinin iclasdakı nitqi dünyada, xüsusən də MDB məkanında sülhün hər zaman qorunmalı olduğuna və bu yolda faşizm, neofaşizm ideyalarını öz əqidələrinə çevirənlərin haqlı olaraq kəskin tənqidinə istiqamətlənib. Prezident İlham Əliyevin hər zaman sülhpərvərliyi, tolerantlığı və multikultural dəyərləri ilə tanınan Azərbaycan xalqının Qələbənin əldə edilməsində ön və arxa cəbhələrdə göstərdiyi şücaətləri haqda fikirləri tarixi faktlara söykənirdi.
AZƏRTACxəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin nitqi Ermənistanda faşizm ideologiyasının bu gün də mövcud olduğunu təsdiq etdi. İrqçilik, faşist ideologiyası kimi tanınan erməni siyasətinin nəticəsindən ən çox əziyyət çəkən məhz Azərbaycan xalqıdır. Torpaqlarımızın işğalı, vətəndaşlarımızın tarixi torpaqlarımızdan çıxarılması, Xocalı soyqırımı və bu gün də həllini tapmayan münaqişənin mənbəyi Ermənistanın dəstəklədiyi faşizm və ya ondan fərqi olmayan neofaşizmdir. Prezident İlham Əliyevin Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulmasını kəskin tənqid etməsi MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupunun Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirməsinin məntiqi davamıdır.
Polkovnik Cəlil Xəlilov qeyd edib ki, dövlətimizin başçısı Aşqabaddakı iclasda 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyinin "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzəsindən sitat gətirib. Eyni zamanda, Ermənistanın neofaşizm siyasətinin dünyada sülhə təhdid yaratdığını ortaya qoydu. Həmçinin bu fikrin məntiqi davamı kimi Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik "1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının "Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş "Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” məqaləsindən mövzu ilə bağlı nüansı səsləndirməsi Ermənistan tarixinin və bugünkü siyasətinin reallığını əks etdirdi.
"Ermənistan baş nazirinin məntiqsiz açıqlamasına arqumentlərlə cavab verən və mövqeyindən dönməyən Prezident İlham Əliyevin siyasi nitqi dünyada faşizmi dəstəkləyən və yaşadanların heç bir şeyə nail olmayacaqlarını sübut etdi. 2016-cı ildə Azərbaycan veteranları erməni faşizminin simvollarından biri olan Qaregin Njdenin heykəli ilə bağlı bəyanat qəbul edərək din və siyasət xadimlərinə göndərdi. Ermənistan siyasi meydanda təklənib, onların mənfur siyasətini təkcə biz deyil, bütün dünya tənqid edir. İnanırıq ki, ardıcıl olaraq Ermənistana siyasi təzyiqlər daha da artacaq, malik olduqları mənfur "ideologiya” dəstəklədikləri faşizm kimi məhv olacaq”, - deyə C.Xəlilov vurğulayıb.
banner

Oxşar Xəbərlər