“Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabı təqdim edildi

Bu gün AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun konfrans zalında
"Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai
Birliyinin təşkilatçılığı ilə "Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” adlı
kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa
Həbibbəyli açıb və kitab haqqında geniş məlumat verib. Daha sonra Layihənin
rəhbəri C.Cabbarlı Ev Muzeyinin direktoru, təşkilat sədri Qəmər Bağırova
bildirib ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Təhsil
müəssisələrində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusuna həsr
olunan əsərlərin, vətənpərvərlik ideyalarının təbliği” layihəsi çərçivəsində
"C.Cabbarlı adına mədəniyyət,elm və təhsilin inkişafına yardım” İctimai Birliyi
tərəfindən hazırlanıb. Onun sözlərinə görə, kitabın müəllifi filologiya elmləri
doktoru, professor Asif Rüstəmlidir.
Kitabda görkəmli dramaturq, peşəkar yazıçı, istedadlı şair, istiqlal
mücadiləsinin fəal üzvlərindən biri Cəfər Cabbarlının Azərbaycan Xalq
Cümhuriyyəti dövrü, ondan əvvəlki və sonrakı fəaliyyət sferası, sovet rejiminə
qarşı qeyri-leqal mübarizədə Milli İstiqlal Hərəkatına (1920-1923) qoşulması,
gizli "İstiqlal” (1922-1923) qəzetinin nəşri prosesində iştirakı, məhbəs həyatı
zəngin arxiv materialları əsasında geniş tədqiq və təqdim olunub. Kitab təhsil
işçiləri, ali məktəb tələbə və magistrlər, elmi işçilər, ədəbiyyatşünaslar,
tədqiqatçılar, tarixçilər, mədəniyyət və incəsənət xadimləri o cümlədən
intellektual oxucular üçün nəzərdə tutulub.
Tədbirdə filologiya elmləri doktoru, professor Rəhim Əliyev, Yaşar
Qasımbəyli, Qəzənfər Paşayev, Gülər Abdullabəyova, Asif Rüstəmli, filologiya üzrə fəlsəfə doktoru Almaz Ülvi və
Almaniyadan gəlmiş tədqiqatçı Orxan Araz çıxış ediblər.
