• şənbə, 20 Aprel, 02:07
  • Baku Bakı 15°C

Cəfakeş alim, istedadlı Zərdabişünas

26.12.17 09:30 1631
Cəfakeş alim, istedadlı Zərdabişünas
Doğrudur, mən uzun illərdir böyük mütəfəkkir Həsən bəy Zərdabinin elmi irsinin tədqiqi ilə məşğulam. Lakin bununla belə, etiraf edirəm ki, H.Zərdabinin çox zəngin və koloritli etnoqrafik görüşlərinin istedadlı tədqiqatçısı olan Esmira xanım barədə söz söyləmək zərurəti yaranarkən, Həsən bəy Zərdabinin ideyalar aləminə, «söz sarayı»na yenidən baş vurmalı oldum.

Hazırda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi əməkdaş qismində çalışan Esmira Cavadovanı lap çoxdan tanıyıram, yəni Bakı Dövlət Universitetində tələbə olduğu vaxtlardan. Qısası, mən Esmira xanıma fəlsəfədən dərs demişəm. Lakin sonradan Esmira xanımla elmi ünsiyyətimizdə yeni maraqlı məqamlar ortaya çıxdı. Təklif gəldi ki, Esmira xanımın "Həsən bəy Zərdabinin əsərlərində Azərbaycan xalqının məişəti və mədəniyyəti” mövzusunun elmi araşdırmasına həsr olunmuş namizədlik dissertasiyası üzrə rəsmi opponent kimi çıxış etməyə razılıq verim. Əlbəttə, təklifə müsbət cavab verdim. İş bunda idi ki, Esmira Cavadovanın müdafiəsi Belorusun paytaxtında - Minsk şəhərində Sənətşünaslıq, etnoqrafiya və folklor İnstitutunda olmalı idi, çünki iddiaçı oranın dissertantı olmuşdu. Bir xeyli vaxt keçdikdən sonra heç də kiçik olmayan bir qrupla - görkəmli dilçi alim, professor Musa Adilov, professor Vaqif Arzumanlı, Esmira xanımın həyat yoldaşı, tarix üzrə fəlsəfə doktoru Qəmərşah müəllim və daha bir neçə nəfərlər Minsk şəhərinə getdik. Bizi çox mehriban və səmimi qarşıladılar. Opponentlərdən biri də Moskvadan gəlmiş adlı-sanlı rus alimi idi. Müdafiə çox gözəl təşkil olunmuşdu. Esmira xanım uğurla müdafiə etdi. Müdafiə Şurasının üzvləri yekdilliklə ona səs verdilər. Beləliklə, Esmira xanım elmlər namizədi olaraq, tam əminlik hissi ilə doğma Bakıya qayıtdı. İndi ailədə iki alim vardı. Esmira xanım və həyat yoldaşı Qəmərşah müəllim. Amma necə deyərlər, görünür ki, bu, az imiş! Çox keçmədən ailənin böyük oğlu G.Cavadov Azərbaycanda xeyriyyəçilik hərəkatının elmi tədqiqinə həsr olunmuş çox maraqlı dissertasiya yazıb, ortaya qoydu. Müdafiə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş tutdu. O vaxtlar mən Bakı Dövlət Universitetində beynəlxalq əlaqələr üzrə prorektor işləyirdim. G.Cavadovun avtoreferatına mən də müsbət rəy yazaraq, İdarəçilik Akademiyasının Müdafiə Şurasına göndərmişdim.

İndi isə Esmira xanımı istedadlı alim, zərdabişünas kimi təqdim etmək istəyirəm. Hər şeydən əvvəl, onun «Həsən bəy Zərdabinin etnoqrafik görüşləri» kitabı («Elm və təhsil», Bakı-2012) diqqəti cəlb edir. Esmira xanım, əvvəldə dediyimiz kimi, namizədlik dissertasiyası yazıb, fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Maraqlı budur ki, Esmira Cavadova bəhs etdiyimiz problemlə bağlı elmi araşdırmalarını davam etdirərək, dəyərli bir monoqrafiya yazıb. Monoqrafiyanı fərqləndirən ümdə cəhət bundan ibarətdir ki, müəllif H.Zərdabinin əsərlərinə, konkret kitab və məqalələrinə, böyük mütəfəkkirin Azərbaycan EA Əlyazmalar İnstitutunda saxlanılan materiallarına əsaslanaraq, Azərbaycanda etnoqrafik fikrin inkişaf tarixinə, əlbəttə, H.Zərdabinin görüşləri kontekstində, çox qiymətli bir elmi-tədqiqat əsərini oxucularına ərməğan etmişdir. Hesab edirəm ki, haqqında bəhs etdiyimiz tədqiqat ali məktəb tələbələri üçün dəyərli tədris vəsaiti rolunu oynaya bilər. Esmira Cavadovanın tədqiqində H.Zərdabinin etnoqrafik görüşlərinin bir sıra konkret məqamları, məsələləri üzərində dayanaq. Müəllifin qeyd etdiyi kimi, H.Zərdabi xalq məişətini, adət və ənənələrini, toy büsatlarını həm müsbət planda, həm də tənqidi səpgidə incəliklərinə qədər, «bəzəksiz-düzəksiz» təsvir etmişdir. Yaşayış evləri, xalq geyimləri, yeməkləri, əkinçilik, bağçılıq, növbəli əkin, baramaçılıq, ipəkçilik, maldarlığın inkişafı və yaxşılaşdırılması, ətlik və südlük mal-qara cinslərinin yaxşılaşdırılması və s. barədə H.Zərdabinin baxışları çox dəqiq, mütəfəkkirin konkret məqalələri əsasında şərh olunur. Düşünürəm ki, etnoqrafik fikirlə bağlı bu qədər bəs eləyər.

Esmira Cavadovanın elmi yaradıcılıq nümunəsi ola biləcək digər bir əsərinə də müraciət etməyi məqsədəuyğun sayırıq. Söhbət Esmira xanımın «Həsən bəy Zərdabi (Məlikov) Elmi-köməkçi biblioqrafik göstərici» adlı çox dəyərli kitabından («Elm və təhsil», Bakı-2016) gedir. 410 səhifəlik bu maraqlı kitabın elmi məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktoru filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlidir. Əlbəttə, kitabın bu cür nəfis, çox səliqəli bir tərtibatda oxuculara təqdim edilməsində «Elm və təhsil» nəşriyyatının direktoru, professor Nadir Məmmədlinin nəcib əməyini də müsbət qiymətləndirmək istərdik. Səmimi etiraf edirəm ki, mən uzun illərin Zərdabişünası kimi E.Cavadovanın H.Zərdabinin həyatına, elmi yaradıcılığına həsr olunmuş bu «Elmi-köməkçi biblioqrafik göstərici» kitabını çox dəyərli hesab edirəm. Hətta, özüm də bu bu kitabla tanış olduqdan sonra yenidən Zərdabinin elmi araşdırıcısına çevrilmək istəyirəm. Əlbəttə, bu, böyük mütəfəkkirin titanik fəaliyyətinin, elmi yaradıcılığının müxtəlif aspektlərinin tədqiqi ilə məşğul olanlar, həmçinin belə bir tədqiqata girişmək istəyən cavanlarımız üçün çox qiymətli mənbə ola bilər. Esmira xanımın bu kitabı bəzən rastlaşdığımız boş, «ünvansız» romantikadan uzaqdır. Bu kitab H.Zərdabi ilə yenidən tanış olmaq istəyənlər üçün yol göstəricisi ola bilər.

Kitabda çox zəngin informatik material, H.Zərdabinin zəngin dünyagörüşünü aydın təsəvvür etməyə yardımçı ola biləcək məlumatlar yer almışdır. Kitabın ilk səhifələrində H.Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 iyun 2012-ci il tarixli sərəncamı, H.Zərdabinin muzeyində əsaslı təmir aparılması haqqında Prezidentin 19 iyul 2012-ci il tarixli sərəncamı, Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyi haqqında Prezidentin 2 iyun 2015-ci il tarixli sərəncamı yer alıb. Əlbəttə, bunu məntiqi hesab edirəm. Vaxtilə Ulu öndər Heydər Əliyev, hazırda da hörmətli Prezidentimiz İlham Əliyev Azərbaycan mədəniyyətinin «dan ulduzu» olan Həsən bəy Zərdabinin elmi irsində yer almış bilik, idrak, zəka incilərinin layiqincə araşdırılmasına, Milli Mətbuatımızın tarixinin öyrənilməsinə, onun milli-mənəvi mədəniyyətimizdə oynadığı böyük rola ciddi əhəmiyyət vermişlər.

Esmira Cavadovanın oxuculara təqdim etdiyi «Elmi-köməkçi biblioqrafik göstərici»nin idraki əhəmiyyəti olduqca böyükdür. Milli mədəniyyətimizin, ictimai-siyasi, ədəbi-fəlsəfi fikir tariximizlə maraqlanan, o cümlədən H.Zərdabinin fikir dünyası ilə tanış olmaq istəyən hər bir kəs - gənc tədqiqatçılarımız üçün dəyərli bələdçi, yol göstəricisidir. Kitabda H.Zərdabinin əsərlərinin mənbələri müəllif şərhi ilə birlikdə, «Əkinçi» qəzetində dərc olunmuş materialların ixtisas bölmələri ilə nizamlanması, H.Zərdabi haqqında yazılmış dissertasiyaların, elmi məqalələrin çox anlaşıqlı biblioqrafiyası verilmişdir. Kitabda həmçinin rus dilindəki əsərlərin elmi-köməkçi göstəriciləri öz əksini tapmışdır.

Həvəslə deməyə tam haqqım vardır ki, Esmira Cavadova hamının (elmi araşdırıcıların) həsrətlə gözlədiyi, lakin üzrlü səbəblərdən edə bilmədiyi bir işi çox uğurla yerinə yetirə bilmişdir. Söhbət Həsən bəy Zərdabinin 10 il müddətində Bakı şəhər Dumasında göstərdiyi nəhəng fəaliyyətindən gedir. Doğrudur, mən namizədlik (1961), doktorluq (1972) dissertasiyalarımda, kitablarımda, elmi məqalələrimdə H.Zərdabinin ictimai-siyasi görüşlərindən, mədəniyyət quruculuğunda göstərdiyi xidmətlərindən, Bakı şəhər Dumasındakı fəaliyyətindən bəhs etmişəm, yığcam şərhlər vermişəm. Lakin Esmira xanımın bu sahədə gördüyü iş xüsusi qiymət tələb edir. Belə hesab edirəm ki, onun tərtibatında və ön sözün də müəllifi olaraq çap etdirdiyi «Deyatelnost Qasan Beka Melikova (Zardabi) v Bakinskoy Qorodskoy Dume (1897-1907)» kitabı (555 səh.) olduqca qiymətlidir. Bu monumental, sanballı toplunun redaktoru filologiya üzrə elmlər doktoru Paşa Kərimov, resenzenti isə tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının dövlət mükafatı laureatı Hacı Həsənovdur. Kitab 2015-ci ildə «Elm və təhsil nəşriyyatı» tərəfindən çap edilmişdir, özü də Azərbaycanın ilk milli mətbu orqanı olan «Əkinçi» qəzetinin 140 illik yubileyinə həsr edilmişdir. Nəşriyyatın direktoru professor Nadir Məmmədlinin nəcib əməyini də dəyərləndirirəm. Kitabın çapı, bədii tərtibatı yüksək təəssürat doğurur. Ən qiymətlisi budur ki, «Deyatelnost Qasan Beka Melikova (Zardabi) v Bakinskoy Qorodskoy Dume (1897-1907)» kitabından göstərilən illərdə Azərbaycanda ilk parlament strukturu – Bakı Şəhər Duması haqqında aydın təsəvvür və konkret bilik əldə etmək olar. Bu kitab Bakının inkişafı, o dövrün sosial reallıqları, Bakı camaatının yaşayış səviyyəsi və həyat tərzi haqqında lazımi məlumatlar, Bakı şəhərinin taleyini həll etməyə cavabdeh olan hakim dairələrlə xalqını sevən, onun səadəti, maariflənməsi, şəhərimizin abadlaşdırılması, sivilizasiya məkanına daxil olması problemlərini önə çəkən mütərəqqi qüvvələr arasında gedən mübarizə barədə məlumat əldə etmək üçün çox dəyərli, faydalı məlumatlar toplusudur, vəsaitdir. Əlbəttə, haqqında söhbət gedən kitabla bağlı indiki yazımda geniş şərhlər vermək fikrində deyiləm. Ən başlıcası budur ki, kitab Həsən bəy Zərdabinin öz xalqının, Bakı şəhərinin, onun zəhmətkeş əhalisinin həyatının başlıca problemlərinin həlli uğrunda çox nəhəng fəaliyyəti haqqında dolğun, əhatəli təsəvvür formalaşdırmaq üçün olduqca qiymətli, üstəlik də zəngin məlumatların toplusudur. Yerinə düşər deyim ki, Həsən bəy Zərdabinin kürəkəni, «Kaspi» qəzetinin redaktoru Əlimərdan bəy Topçubaşov da Şəhər Dumasının üzvü idi. Dumada baxılan məsələlərin müzakirəsində fəal iştirak edirdi.

Arzum budur ki, bu kitab Azərbaycan dilinə tərcümə edilib, oxucuların sərəncamına verilsin. Hesab edirik ki, Esmira Cavadovanın gələcək üçün əlavə yaradıcılıq planları var. Arzu edək ki, yeni-yeni yazıları, elmi şərhləri ilə oxucularını bir daha sevindirəcək. Bu günlərdə Esmira xanımın 75 illik yubileyi də təntənə ilə qeyd edilir. Fürsətdən istifadə edib, ona möhkəm can sağlığı, ailə səadəti arzulayıram. Xoş günlər sizi heç bir zaman tərk etməsin, Esmira xanım!
İzzət Rüstəmov
Fəlsəfə elmləri doktoru, Həsən bəy Zərdabi diplomçusu,
professor
19 dekabr 2017-ci il

banner

Oxşar Xəbərlər