• cümə axşamı, 18 aprel, 19:41
  • Baku Bakı 21°C

Cəbhəyə getmək istəyən sənətçilər

20.07.20 17:07 3207
Cəbhəyə getmək istəyən sənətçilər
"Bu torpaqda yaşamaq haqqını qazanmalıyıq”

Ölkə başçısı İlham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı çıxışından sonra Milli Orduda könüllü şəkildə qulluq etmək istəyənlərin sayı çoxaldı. Minlərlə gənc müvafiq hərbi komissarlıqlara müraciət etdilər. Onlar arasında incəsənət nümayəndələri də vardı. Komissarlığa müraciət edən bir neçə sənətçi ilə danışdıq və onlar bu günü uzun müddətdir gözlədiklərini qeyd etdilər.

İfaçı Rübail Əzimov bizimlə söhbətində bildirdi ki, özünü Azərbaycan vətəndaşı hesab edən hər bir şəxs bu vətən üçün əlindən gələni etməyə hazır olmalıdır: "İyulun 12-dən ürəyimiz Tovuzda, gözümüz xəbərlərdədir. Dünyasını dəyişən qardaşlarımıza Allahdan rəhmət diləyirik. İllərdir itirilmiş torpaqlarımızın həsrəti bizim ürəyimizi dağlayır. Dözürük, torpaqlarımızın geri qaytarılacağı günü gözləyirik. Ancaq torpaqlarımız bizə döyüşsüz geri qaytarılmayacaq. Biz də buna görə döyüşməyə və Ali baş komandanımızın yanında olmağa hazırıq. Düşünürük ki, artıq zamanı gəlib çatır. Ali baş komandanımızın efir vaistəsi ilə vətəndaşlara səslənməsi bizdə ruh yüksəkliyi yaratdı. Mən özümə borc bildim ki, komissarlığa yaxınlaşıb könllü olaraq adımı yazdırdım. Ehtiyac yaranarsa, hər bir Azərbaycanlı kimi vətənimiz, xalqımız, öz ailəmiz üçün düşmənlə vuruşmağa, onu məhv etməyə hazıram. Allah bizə bu günü yaşamağı qismət etsin və millətimizi qorusun".

Reper Fərid Eminov da könüllü döyüşə getməyə hazırlaşanlardandır: "Biz Azərbaycan vətəndaşlarıyıq. Döyüşmək qabiliyyəti olan insanlar vətəni üçün vuruşmalı, döyüşməlidir. Ən əsası, cəbhəyə döyüş qabiliyyəti olan adamlar getməlidir. Döyüş qabiliyyəti olmayan insan cəbhə xəttinə getməsinin tərəfdarı deyiləm. Kimin gücü, qüvvəti yerindədirsə və içində vətən sevgisi varsa, o, vətənini qorumaq üçün mütləq döyüşə gedəcək. Torpaq, vətən elə bir nemətdir ki, burda varlı, kasıb, alim, savadsız, məşhur, pinəçi tanımamalıdır. Yetər ki, ürəyi vətən üçün döyünsün. Biz bu günü uzun müddətdir ki, gözləyirdik. Torpaqlarımızın işğaldan azad olunması üçün döyüşə hər zaman hazırıq. Buna görə müraciət etmək lazım idi ki, onu da etdik. İndi isə Ali baş komandanımızın əmrini gözləyirik. Mən vuruşmasam, sən vuruşmasan, o vuruşmasa, doğma torpağı qoyub xarici ölkəyə getsək, bəs bu torpaqlar üçün kim vuruşacaq? Bizim namusumuz, qeyrətimiz torpağımızdır. Bu torpaqları biz qorumalıyıq. Necə anamızı, ailəmizi qoruyuruqsa, elə də torpaqlarımızı qorumalıyıq. Çünki bu torpaq hamımızın böyük ailəsi, evidir. Onu qorumaq isə bizim boynumuzun borcudur".

Aktrisa Arzum Kərimova da könüllü hərbiyə getmək istəyənlərdəndir. Deyir ki, tarixən də, indi də Azərbaycan xanımları qəhrəman və qorxmaz olublar. Bu günün gəncləri də onların davamçılarıdılar: "Son dönəmlər yaşananlar mənə, təbii ki, təsirsiz ötüşmədi. Tovuzda generalımızın, zabitlərimizin, əsgərlərimizin şəhid olması xəbəri isə məni çox sarsıtdı. Onlar bizim üçün canlarından keçirslərsə, biz bu torpaqda yaşamaq haqqını qazanmalıyıq. Əgər sabah müharibə elan olunarsa, mən də bu ölkənin vətəndaşı kimi əsgərlərimizə kömək etməyə hazıram. Çünki onlar rahat yaşamağımız üçün düşmən gülləsinin qarşısna keçirlər. Bu torpaq hamımızındır. Burda qadın, kişi söhbəti olmamalıdır. "Biz xanımıq, cəbhə bölgəsində nə işimiz var" deyə bilmərik. Bu günlərdə cəbhə xəttindən gələn xəbərləri eşitdikdə, evdə rahat oturmaq çətindir. Mən də könüllü olaraq qeydiyyatdan keçdim ki, ən azından döyüş başlayan zaman orada tibb bacısı kimi çalışb, əlimdən gələn nə varsa etməyə hazıram. Aslanın erkəyi, dişisi olmaz. Bizim xanımlar da bu qəbildəndirlər. Azərbaycan qadınları mərd və cəsurdur. Lazım gəlsə, ön cəbhədə də döyüşərlər".

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər