• cümə axşamı, 28 mart, 21:26
  • Baku Bakı 13°C

Cəbhədəki silahları facebook-da süngüyə çevirək

08.04.16 11:30 2235
Cəbhədəki silahları facebook-da süngüyə çevirək
Aprel ayının ilk beş günü ərzində cəbhə xəttində yaşananlar, xüsusən də Ermənistan qoşunlarının təxribatlara əl atması, mövqelərimizə soxulmağa çalışması, Azərbaycan Silahlı Qüvvələrinin düşmənin qarşısını rəşadətlə alması, əks-hücuma keçərək erməni yaraqlılarını geri oturtması hələ uzun müddət danışılacaq, müzakirəsi aparılacaqdır. Həmin günlər ərzində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində ermənilərin birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, işğal altındakı bir neçə yaşayış məntəqəsi, həmçinin strateji əhəmiyyətə malik Talış, Seysulan, “Lələ təpə” və sair yüksəkliklər üzərində nəzarət bərpa olunub, möhkəmləndirmə işləri aparılıb. Hazırda da həmin ərazilər ordumuzun nəzarəti altındadır. Müdafiə Nazirliyimizin yaydığı məlumata görə, sarsıdıcı zərbə alan düşmən vahimə içində geri çəkilərkən 200-ə yaxın əsgər və zabitini, çoxsaylı hərbi texnikasını, artilleriya qurğularını itirib, 500 nəfərə yaxın erməni hərbi qulluqçusu yaralanıb. Xankəndidəki terrorçuların “Twitter”dəki mikrobloqlarında yazdıqlarından isə aydın olur ki, aprelin 1-dən 5-ə qədər davam edən döyüşlərdə 29 qarabağlı erməni hərbçi həlak olub, 101 nəfər yaralanıb, 28 qarabağlı erməni itkin düşüb. Bununla yanaşı, separatçı rejimin “ordusuna” məxsus 14 tank vurulub, 36 tank faktiki olaraq sıradan çıxarılıb, 6 “Qrad” reaktiv artilleriya qurğusu, 19 D-30 topu, onlarla 82 mm və 120 mm çaplı minaatan yararsız hala salınıb. Ermənistandakı hərbi ekspertlər belə, etiraf ediblər ki, Dağlıq Qarabağdakı separatçı rejimin itkiləri rəsmi açıqlamalardan dəfələrlə çoxdur.
Bütün bu faktlar onu deməyə əsas verir ki, Cənubi Qafqazın ən qüdrətli ordusu sayılan Azərbaycan Silahlı Qüvvələrinin yalnız ön cəbhə xəttində yerləşən cüzi hissəsi cəmisi 5 gün ərzində qarşısına qoyulan strateji missiyanı tam yerinə yetirə bilib. Bu da həm Azərbaycan cəmiyyətində, həm də ordumuzda özünə inamı, vətənpərvərlik hissini, mübarizə və qələbə əzmini daha da artırıb. Atəşkəs razılaşmasından sonra üzərinə götürdüyü öhdəliyə bu günə qədər sadiq qalan, hətta ermənilərin atəşkəsi pozması hallarına yüngül silahlarla cavab verən, səbir və təmkin nümayiş etdirən, münaqişənin yenidən alovlanmasını istəməyən, humanizm və beynəlxalq hüquq normalarından çıxış edərək, problemin yalnız sülh yolu ilə həllinə tərəfdar olan Azərbaycan tərəfi son addımları ilə dünyaya sübut edib ki, əgər bu danışıqlar bir nəticə verməyəcəyi halda öz ərazi bütövlüyünü hərbi yolla tam bərpa etməyə əməldə də qadirdir. Azərbaycan Ordusunun uğurlu əməliyyatları, strateji yüksəklikləri ələ keçirməsi həm də sərhədyanı zonada, təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrimizin ermənilərin daimi təxribatından qurtarması, dinc əhalinin təhlükəsiz şəkildə yaşamasının təmin olunması deməkdir. Çünki qeyd olunan strateji mövqelərə nəzarətin bərpa olunması artıq təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini erməni hərbçilərinin hədəfinə çevirmir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin nümayəndəsi, Xocalıdan olan deputat Elman Məmmədovun bu günlərdə qəzetimizə verdiyi müsahibədən də aydın olduğu kimi, Talış kəndi ətrafındakı yüksəkliklərin, eləcə də Seysulan məntəqəsinin düşmən qüvvələrindən tam təmizlənməsi Goranboy rayonu və Naftalan şəhəri üçün yarana biləcək bütün təhlükələrin aradan qalxması deməkdir. Deputatın sözlərinə görə, bu yüksəkliklərdə 20 ildən artıq idi ki, ermənilər möhkəmlənmişdi və düşmən buradakı mövqelərindən Tərtər və Goranboy rayonlarının, o cümlədən Naftalan şəhərinin yaşayış məntəqələrini daim atəşə tuturdu. Bu rayonlar ərazisindəki bir sıra kəndlər düşmənin atəşkəsi pozması nəticəsində çoxsaylı dağıntılara, itkilərə məruz qalırdı. Kənd əhalisi öz gündəlik həyatlarını yaşaya bilmir, əkin-biçinlə, heyvandarlıqla məşğul olmaqda çətinlik çəkirdilər. İndi isə belə bir təhlükə yoxdur, əhalinin təhlükəsizliyi tam təmin olunub. Bu günə qədər ermənilərin əlində olan mövqelərin işğalçılardan azad olunması nəticəsində ordumuz düşmən üzərində nəzarəti bir qədər də artırıb. Millət vəkilinin fikrincə, “Lələ təpə” adlandırılan yüksəkliyin bölmələrimizin nəzarətinə keçməsi isə Horadiz şəhərinin düşmən təhlükəsindən qorunmasına xidmət edir. Eyni zamanda, bu yüksəklik Füzuli rayonu istiqamətində yerləşən geniş ərazini nəzarətdə saxlamağa imkanı verir, ordumuz üçün strateji əhəmiyyət daşıyır. Ordumuzun bu mövqedə möhkəmlənməsi imkan verir ki, 15-20 kilometr əraziyə tam nəzarət etmək imkanı olsun.
Qeyd edək ki, hazırda yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilib, yeni səngərlər qazılıb, bütün mövqelərdə möhkəmləndirmə işləri aparılıb. Düşmənin bundan sonra baş verə biləcək bütün təxribat və hücum cəhdlərinin qarşısının layiqincə alınması üçün də hazırlıqlar görülüb. Sadalanan yüksəkliklərin düşməndən təmizlənməsi təmas xəttində reallığı tamamilə dəyişdirib. İndi Azərbaycan hərbçiləri böyük əraziyə nəzarəti həyata keçirməklə bərabər, yüksəkliklərin digər tərəfində mövqe tutan erməni hərbçilərini daim təhdid altında saxlaya bilirlər. Bu da gələcəkdə baş verə biləcək hər hansı döyüş zamanı ordumuzun daha üstün olması ilə bərabər, düşmən üçün psixoloji zərbədir. Bundan başqa, son hadisələrdən sonra adları çəkilən yüksəkliklərə yaxın ərazilərdə yaşayan ermənilər kəndləri boşaldır və digər yerlərə köçürlər. “Azadlıq” radiosunun erməni redaksiyasının, eləcə də bəzi əcnəbi KİV təmsilçilərinin qarşı tərəfdən hazırladıqları reportajlardan, çəkdikləri foto və video görüntülərdən bütün bunlar açıq-aydın görünür. Rusiyanın “Russia Today” televiziya kanalının Dağlıq Qarabağda olan müxbiri Murad Qazdiyevin hazırladığı videokadrlardan da görünür ki, ermənilər ev əşyalarını yük maşınlarına yükləyərək yaşadıqları kəndləri kütləvi şəkildə tərk edirlər.
Baş verən son hadisələr nəticəsində beynəlxalq aləmdə, xüsusən də ATƏT-in Minsk Qrupunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barəsində təsəvvürlər dəyişib. Artıq heç kəs Dağlıq Qarabağ problemini dondurulmuş münaqişə kimi qəbul etmir. İntensiv atışmaların hər gün müşahidə olunduğu, insanların öldüyü bu vəziyyətin sonsuza qədər davam etməyəcəyini, əvvəl-axır hansısa məqamda böyük insan tələfatına səbəb ola biləcək hərbi əməliyyatların başlanacağını hamı real sayır. Buna görə də Minsk qrupu mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətindədir və bu fikir açıq deyilir, həmçinin həmsədrlər danışıqlar prosesini uzatmaq fikrindən daşınıblar. Proseslərdən də göründüyü kimi, ordumuzun cəbhə xəttindəki uğurlu əməliyyatından sonra Azərbaycan bir neçə istiqamət üzrə kifayət qədər üstün mövqeyə sahiblənib. Belə olan halda ən doğru seçim atəşkəsi qoruyub diplomatik danışıqları davam etdirmək, beynəlxalq ictimai rəyin lehimizə olmasından istifadə edərək Ermənistanı güzəştə getməyə məcbur etməkdir. Əgər hərbi ritorikaya üstünlük verib Azərbaycan cəmiyyətində müharibə çağırışlarını davam etdirsək, cəbhədə hücumlar təşkil etsək, beynəlxalq ictimai rəyin əleyhimizə dəyişməsinə, Ermənistanın haqlı çıxmasına səbəb ola bilərik. Ölkəmiz beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin qınaq hədəfinə çevrilə bilər, Azərbaycana qarşı sanksiyalar tətbiq olunar və məcburetmə tədbirləri həyata keçirilər. Eyni zamanda, Azərbaycan beynəlxalq arenada təklənər, Ermənistana isə beynəlxalq miqyasda kömək göstərilər. Ona görə də hadisələrdən düzgün nəticə çıxarmaq, cəbhədəki silahları sosial şəbəkələrə yönəltmək, bütün mümkün vasitələrdən istifadə edərək ermənilərə qarşı informasiya müharibəsini gücləndirmək, təxribatlara uymamaq, diplomatik sahədə əks hücuma keçərək qələbə qazanmaq daha düzgün yoldur.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər