• çərşənbə axşamı, 23 aprel, 20:25
  • Baku Bakı 20°C

“Cavanlığımda görüşdüyüm qızların hamısı kitabxanaçı olublar”

12.05.15 06:11 1224
“Cavanlığımda görüşdüyüm qızların hamısı kitabxanaçı olublar”
Kainat nədir? Böyük teatr. Teatra isə tamaşaçı gərəkdir. Tamaşaçılar – bizik. Elə Yerdə həyat da tamaşadan həzz almaqdan ötrü yaradılıb. Bax, biz buna görə burdayıq! Pyesdən xoşunuz gəlmədiyi halda, cəhənnəm olub gedin!
Əgər insan gecə-gündüz oturub ölümü fikirləşsəydi, olardı Vudi Allen.
Yaxın illərdə biz Aya dönəcəyik. Marsa uçub yaxın bir-iki yüz ildə orada məskən salacağıq. Sonra isə Alfa Kentavra uçmaq barədə düşünməliyik.
İlk ortabab bir hekayəmi yazmaq mənim on il vaxtımı aparıb.
Biz Meqti ilə 60 il bundan əvvəl evlənəndə, pul-paramız yox idi. Bank hesabımızda cəmi 8 dollarımız vardı. Əvvəlki iki ildə heç telefonumuz da olmayıb. Biz Venisdə, benzindoldurma stansiyasının yaxınlığında bapbalaca bir mənzil tutmuşduq. Elə oradaca divarda mənim ilk telefonum asılmışdı. Mən ona tərəf qaçır, dəstəyi götürürdüm, adamlar isə elə bilirdilər ki, mənim evimə zəng edirlər.
Telefonum belə yox idi, maşından nə danışım?! Amma bilirsinizmi, nəyimiz vardı – sevgimiz.
Biz hamımız – zamanın maşınlarıyıq. Bax, elə buna görə, mən bütün ömrüm boyu qocaların hüsn-rəğbətini qazanmışam. Ona görə də bilirəm: bu dəqiqə zamanın məxfi düyməsini basıb 1900-cü ilə keçərəm. Ya da Vətəndaş müharibəsinə düşərəm... Uşaqlıq çağlarımda Vətəndaş müharibəsinin veteranlarını o qədər görmüşəm ki!
Gənclik illərimdə görüşdüyüm qızların hamısı kitabxanaçı olublar.
Uğurlu nikah qurmuş insanlar daim bir-birinə dərs keçirlər. Siz bir-birinizə həyat elmini öyrədirsiniz. Gündəlik təmasınızla, bir yastığa baş qoyaraq, bir-birinizə özünüzün də xəbəriniz olmadan təsir edirsiniz.
Ağılla yazmaq olmaz – yazı maşınında yaza-yaza yazdıqlarının içində yaşamalısan.
Bütün filmləri onların hay-küyü və bu kimi bayağılıqlarıyla izləməyə çalışmayın. Böyük rejissorların işlərinə tamaşa etmək lazımdır. Bax, bu yaxınlarda mən Devid Linin “Ərəb lourensi”ni yenidən seyr elədim. Ssenari yazmaqdan ötrü yalnız bu rejissora ürəyimi verərdim.
Yaxşı kinorejissor yazıçı olmalıdır. Hər şeyi təfərrüatına qədər bilməlidir.
Yeni il yolkasının altına qoyulacaq hədiyyələri ilə Milad bayramını səbirsizliklə gözləyən uşaq kimi yaşamaq olmaz. Bütün ömrüm boyu yuxudan ayılanda öz-özümə deyirəm: “Mən səbirsizliklə bax, bu günü gözləyirdim”.
Rusiya insanların özlərini sevməyi öyrəndikləri zaman qüdrətli dövlət olacaq. Məni bu qənaətə gətirən rus ədəbiyyatı, rus filmləridir.
Daim elə bir vəziyyətdə olmalısan ki, o halın sənin nəyəsə məftun olduğunu bildirsin. Mənim halımda bu, kitablara, yaradıcılığa aiddir.
Sevmədiyin işi görmə. Ya da əksinə, sevdiyin işə can qoy.
Mən Hollivuda qəbula gedəndə, məşhur rejissorlarla və prodüserlərlə görüşürəm. Geri qayıdanda isə mədəmdən soruşuram: “Hə, vəziyyət nə təhərdi?” Hərdən mədəm belə cavab verir: “E-e-e-eh”. Elə olanda, ora heç ayağım da dəymir. Mədəm bilir ki, mən ya yalançının, ya oğrunun, ya da sadəcə, gicin birisinin üzünü görüb gəlmişəm.
Mən ölüm haqda düşünmürəm, ona görə ki, özüm də həmişəlik buralıyam. Filmlərimlə dolu olan bu yeşik və kitablarımın yığıldığı rəflər əmin edir ki, mənim yüz illik-filanlıq ehtiyatım var.
Ölüm – füsunkar qaydada sağ olmağınla bağlı sənin Kosmosla haqq-hesabının formasıdır.
Öz-özümə bilirəm ki, mən səksən illik ömrümün hər günündə yaxşı işlər görmüşəm. Bu, lap ağıllı fikirdir, deyilmi?
Tərcümə edəni: Zeynəb Əliqızı
banner

Oxşar Xəbərlər