• cümə axşamı, 28 mart, 13:45
  • Baku Bakı 16°C

Cavadxan küçəsində narazılıq Reportaj Fotolar

28.09.13 09:53 1728
Cavadxan küçəsində narazılıq Reportaj Fotolar
Bu günlərdə redaksiyamıza Nəsimi rayonu, Cavadxan küçəsi, bina 3-də yaşayan sakinlər adından şikayət məktubu daxil oldu. Məktubda qeyd olunur ki, həmin binanın 20-ci mənzilində yaşayan Novruzbəyov Tariyel adlı şəxs binanın həyətində istədiyi qanunsuzluğu edir, hətta istədiyi, daha doğrusu, istəmədiyi, ona “mane olan” ağacları kökündən çıxarır. Məsələ ilə əlaqədar qeyd olunan ünvana yollandıq. Bina sakini Rasim Quluzadə söylədi ki, T.Novruzbəyov özünü həyətin ağası hesab edir. Həyəti abadlaşdırmaq adı ilə istədiyi yeri dağıdır, həyətdə icazəsiz qazıntı işləri aparır: “O adam həyətə beton bloklar düzür və asfalt örtüyünü traktor vasitəsilə dağıdıb dərin çalalar qazır. Uşaq meydançasında isə dirəklər basdırıb öz maşını və digər bu həyətə aidiyyəti olmayan, pul aldığı adamların maşınları üçün talvar düzəldir”.
“Sahə müvəkkilimiz belə onunla bacarmır”
Digər bina sakini İlhamə Quliyevanın sözlərinə görə, həyətdəki skamyada oturduqları zaman həmin şəxs dəfələrlə onları sulayaraq oradan uzaqlaşmağa məcbur edib. Oğlu Rəhim Quliyev isə dedi ki, T.Novruzbəyov həyətdəki turniki yerindən çıxardıb və ümumiyyətlə, uşaqlara həyətdə oynamağı qadağan edib: “Bizi öz məhəlləmizdən qovub deyir ki, gedin başqa yerdə oynayın. Bura oynamaq yeri deyil. Görmürsünüz iş görürəm?”
Bina sakini Aleksuşina Raisa bildirdi ki, şikayətçi olduqları şəxslə bundan əvvəl Rəsulzadə qəsəbəsində qonşu olublar. Buna görə də onu yaxşı tanıyır: “Bu ailə və bu şəxs haqda polis bölmələrində başqa şikayətlərin də olduğunu dəqiq deyə bilərəm. Ümumiyyətlə, onlar özlərini aparmağı, qaydalara tabe olmağı bacarmırlar. Hətta sahə müvəkkilimiz belə onunla bacarmır. Deyir ki, Tariyelə bir söz deyəndə gedib məndən şikayət edir”.
Bina sakini Kəmalə Quluzadə isə dedi ki, həmin şəxsə iradlarını bildirdikdə nalayiq söyüşlər eşidirlər: “O tək bizi yox, həm də dövlət orqanlarını təhqir edir, hədələyir və digər qanunsuz hərəkətlərə yol verir. Heç kim onunla bacarmır. Gördüyünüz kimi, Tariyel həyətdəki bir neçə ağacı kəsib. Biz mane olduqda isə gecələr onların dibinə dizel yanacağı tökərək qurudur. Bundan başqa, binanın arxasında təxminən 100 kvadrat metr ərazidə dərinliyi 3 metr olan çala qazıb. Müraciət etmədiyimiz orqan qalmayıb. Bakı şəhər İcra Hakimiyyəti qazıntı işlərinin dayandırılması və çalanın doldurulması haqda qərar çıxardıb. Amma sakinlər ərazidə qanunsuz olaraq tikinti aparılmasına hazırlıq getməsindən narahatdırlar. Dərd odur ki, bütün bunlar sahə müvəkkilinin və 23 nömrəli MİS-in önündə baş verir. Lakin onlar deyirlər ki, biz Tariyellə bacarmırıq”.
Yalnız binanın qarşısındakı çala doldurulub
Bina sakinləri Güllübəyim Ağamalıyeva, Nazilə Abbasova, Elman Məmmədov, Günay İsgəndərova, Alisa Süleymanova və digərləri qonşularının sözlərini təsdiqləyərək əlavə etdilər ki, T. Novruzbəyov vaxtilə Nəsimi RİH tərəfindən quraşdırılan uşaq əyləncə qurğularını sökərək metal qəbulu məntəqələrinə satıb. Sakinlər binanın qarşısındakı və arxasındakı çalanı, buraya başqa yerdən gətirilən dirəkləri, kəsilmiş ağacları göstərərək bildirdilər ki, onların şikayətləri təmin olunmur.
Bina sakinləri Nəsimi rayon İcra Hakimiyyətindən başqa, Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsinə, həmçinin Memarlıq və Şəhərsalma İdarəsinə müraciət ediblər. Həmin qurumlardan onlara gələn cavab məktublarında qeyd olunub ki, (Həmin məktubların surətləri redaksiyamıza da təqdim olunub –Ş.T.) problem yoluna qoyulub və qanunsuzluğun qarşısı alınıb. Lakin sakinlər bildirdilər ki, yalnız binanın qarşısındakı bir çala icra hakimiyyəti tərəfindən sementlə doldurulub.
Bina sakinləri park salınmasını istəyirlər
Həqiqətən də, Cavadxan küçəsi, 3 saylı binanın arxa tərəfində böyük çala var və hətta orada köhnə sistemli, dəmirdən hazırlanmış qaraj da yerləşdirilib. Yan tərəfə isə üst-üstə dəmir dirəklər və ağaclar yığılıb. Bina sakinlərinin sözlərinə görə, bunların hamısını T.Novruzbəyov edib və o, tikəcəyi “stayanka” üçün hazırlıq işlərini rahat şəkildə davam etdirir.
Bina sakinlərinin şikayətçi olduğu Taryel Novruzbəyovla da əlaqə saxladıq. Telefonla açıqlama vermək istəməyən bu şəxs bildirdi ki, ondan 15 nəfər şikayətçi varsa, 115 nəfər də tərəfkeşi var. Çalanı onun qazıb-qazmadığını soruşduqda o, bunu nə təsdiq, nə də təkzib etdi. Qonşuların şikayət etdiyi şəxs kəsilən ağaclarla bağlı da danışmaq istəmədiyini bildirdi.
Əvvəlcə həmin ərazinin sahə müvəkkili ilə əlaqə saxladıq. O, qısa cavab verərək tapşırılan göstərişləri yerinə yetirdiklərini dedi. 23 saylı MİS-in əməkdaşı isə söylədi ki, müdirləri xəstə olduğu üçün ümumiyyətlə işə çıxmır.
Sakinlər hesab edir ki, vəziyyətdən ən yaxşı çıxış yolu burada parkın salınmasıdır. Onlar aidiyyəti qurumlardan binanın qarşısında uşaq, arxasında isə böyüklər üçün park salınmasına sərəncam verilməsini xahiş edirlər. Yalnız belə olan halda bu ərazidən gözlər çəkilər, sakinlər rahatlıq tapa bilərlər.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər