CASCFEN sonuncu seminarını Sabunçu rayonunda keçirib
Orta Asiya
və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İctimai Birliyinin Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Təhsil müəssisələrində
informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" mövzusunda
layihə çərçivəsində yerlərdə seminarların keçirilməsi başa çatıb. Bu silsilədən
sonuncu seminar Bakı şəhəri Sabunçu rayonu 311 nömrəli orta məktəbdə keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə Əlaqələr sektorunun
müdiri Bəşarət Məmmədovun, həmçinin KİV təmsilçilərinin, müəllimlərin və digər
qonaqların iştirak etdiyi tədbiri giriş sözü ilə açan məktəbin direktoru Esmira
Muradova bu cür seminarların keçirilməsinin əhəmiyyətli olduğunu
bildirib.
Tədbirdə
çıxış edən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin
sədri Nadir İsmayılov öncə layihənin reallaşdırılmasına verilən dəstəyə görə
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasına təşəkkür edib. Təşkilat sədrinin layihə haqqında
məlumatından sonra söz ekspertlərə verilib.
Filologiya üzrə fəlsəfə
doktoru, Əməkdar jurnalist Nüşabə Hüseynli "Media ilə iş
bacarıqları", Jurnalist
Araşdırmaları Mərkəzinin rəhbəri, tanınmış jurnalist Seymur Verdizadə isə
"İnformasiya açıqlığının təmin edilməsi" mövzusunda hazırladığı geniş
təqdimatla çıxış edib. Təqdimatlarda müasir dünyamızda hər bir kəsin həyat və
fəaliyyətinin media üçün mövzu və müzakirə obyektinə çevrildiyi bildirilib,
faktların, hadisələrin təhrif edilməməsi, həqiqətin olduğu kimi təqdim
olunması, şəffaflığın təminatı məqsədilə media ilə iş qurmağın, əməkdaşlıq
etməyin artıq günün tələbi sayıldığı vurğulanıb.
Tədbirdə çıxış edən BŞTİ-nin
sektor müdiri Bəşarət Məmmədov isə təhsil sektorunda həyata keçirilən
islahatlar, ictimaiyyətlə əlaqə işinin daha səmərəli təşkili, vahid informasiya
mübadiləsinin təmin olunması, məktəblərin fəaliyyətinin ictimaiyyətə təqdim
olunmasındakı açıqlıq və media ilə iş sahəsində atılan addımlarla bağlı ətraflı
məlumat verib. Sektor müdiri təmsil etdiyi qurumun məktəb rəhbərləri üçün
seminar və treninqlər keçirdiyini, KİV nümayəndələrinin təhsil müəssisələrinə
pressturlarının təşkil edildiyini də diqqətə çatdırıb.
Sonra hər iki mövzu üzrə
səmərəli fikir mübadiləsi aparılıb. Müzakirələrdə fəal iştirak edən müəllimlər
belə seminarların təşkilinin əhəmiyyətini vurğulamaqla yanaşı, bu cür
tədbirlərin davamlı olaraq keçirilməsini təklif ediblər.
Maraqlı müzakirələrin
aparıldığı tədbirin sonunda seminarın keçirilməsində yaxından dəstək olanlara
diplomlar, iştirakçılara isə sertifikatlar təqdim edilib.