Cari ildə valyuta bazarında sabitlik davam edəcək

Cari ildə valyuta bazarında sabitlik davam edəcək

İqtisadiyyat
14 Yanvar 2020, 18:33 2519
İqtisadçılar dedollarizasiya prosesinin davam edəcəyini və manatın həm kredit, həm də depozit portfelindəki çəkisinin artacağını proqnozlaşdırırlar
 
"Dollarlaşma azalmaqda davam edir, bu, daha çox əmanətlərdə hiss olunur. Əmanətlərdə faiz dərəcələri daha yüksəkdir. Biz görürük ki, kreditlərdə təxminən 3 faizə qədər, əmanətlərdə daha çox, 6 faizə qədər dollarlaşma səviyyəsi aşağı düşüb”. Bu fikirləri yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxışı zamanı səsləndirib.
O, həmçinin qeyd edib ki, kreditlərin dollarlaşması 38 faizdən 35 faizə düşüb, fiziki şəxslərin əmanətlərində isə 62 faizdən 54 faizə enib: "Təxminən 12 faizə qədər düşüb. Uçot dərəcəsi də iki dəfə aşağı düşüb. İnflyasiya səviyyəsindən, inflyasiya proqnozunun yerinə yetirilməsindən asılı olaraq yumşaltma prosesi davam etdirilə bilər. Bu da iqtisadiyyatın sağlamlaşdırılmasını, kreditlərin ucuzlaşmasını özündə əks etdirəcək. Bütövlükdə əmanətlər də artıb. Manatla müddətli əmanətlər 27 faiz artmışdır. Bu, onu göstərir ki, sosial sahədə atdığınız addımlar nəinki əhalinin yüksək istehlak səviyyəsini təmin edir, həm də əhalinin yığımları da təmin olunur”.
E.Rüstəmov deyib ki, cari ilin əsas vəzifəsi, təbii ki, yenə də inflyasiyadır: "Cənab Prezident, siz bu məsələnin əhəmiyyətini qeyd etdiniz. Bu, həm əhalinin gəlirlərinin formalaşmasında, həm manatın alıcılıq qabiliyyətinin qorunmasında, həm də əhalinin aktivlərinin, yığımlarının dəyərsizləşməsinin qarşısının alınmasında olduqca prinsipialdır”.
Dollarlaşmanın azalma səbəbini və manata inamın daha da möhkəmləndirilməsi üçün hansı işlərin görülməsi gərəkdiyini öyrənməyə çalışdıq.
 
İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, ümumiyyətlə, ölkəmizdə nə qədər ki sabit məzənnə siyasəti həyata keçirilir, manatla bağlı risklər qalmaqdadır: "Çünki insanların böyük əksəriyyəti üzən məzənnə rejimində formalaşan dəyəri daha real hesab edirlər, nəinki sabit məzənnə rejimində. Bu baxımından da risklər davamlı olaraq qalacaq. Amma buna baxmayaraq, 2017-ci ilin aprel ayından etibarən formalaşmış sabit məzənnə və eyni zamanda neftin qiymətinin Azərbaycanın fiksal maraqları çərçivəsində formalaşması məzənnəni uzunmüddətli şəkildə sabit saxlamağa şərait yaradır. Bu siyasət 2020-ci ildə də davam etdiriləcək. Həm dövlət rəsmilərinin açıqlamasında, həm də hökumətin növbəti üç il üçün makroiqtisadi proqnozlarında müvafiq qeydlər aparılmışdır. Bu onu göstərir ki, 2020-ci ildə sabit məzənnə rejimi davam etdiriləcək. Beləliklə, manata ictimai inamı təmin edən faktor kimi olacaq. İl ərzində mümkündür ki, dedollarizasiya prosesi davam etsin və manatın müəyyən qədər həm kredit, həm də depozit portfelindəki çəkisində artma müşahidə edilsin”.
Hökumətin hazırkı məzənnə siyasətinə təsir edən yeganə faktorun məhz neftin qiyməti olduğunu deyən iqtisadçı bildirir ki, bu baxımdan, heç bir halda sabit rejim dayanaqlı inamı formalaşdıra bilməz: "Bu, çox çətin bir prosesdir və dünyanın hər bir ölkəsində də bənzər formada baş verir. Amma Mərkəzi Bank da daxil olmaqla, aidiyyatı qurumların ictimai kommunikasiyanı daha etibarlı şəkildə qurması, proqnozların düzgün açıqlanması müəyyən qədər bu sahəyə olan inamı formalaşdıra bilər. Eyni zamanda, hökumət manatla əmanətlərin sığortalanması, onların faiz dərəcələrinin daha yüksək tutulması kimi addımlarla manata güvənin bərpa olunmasına, xüsusi çəkisinin artmasına təsir göstərə bilər”.
 
İqtisadçı Pərviz Heydərov qeyd edir ki, milli valyutanın dəyəri tədiyyə balansından asılıdır: "2016-cı ilin sonundan, xüsusən də 2017-ci ilin əvvəlindən etibarən ölkənin valyuta bazarında sabitlik müşahidə olunmaqdadır. Artıq 2018, 2019-cu illər də daxil olmaqla, 3 ildir ki, həmin sabitlik davam edir. Valyuta bazarındakı bu sabitliyin əsasında dünya bazarlarında neftin qiymətinin stabilləşməsi durur. Hansı ki, neftin qiyməti 2017-ci ildən etibarən stabilləşdi. Əvvəl 50 dollar və ya ondan bir qədər yüksək şəkildə möhkəmləndi və getdikcə 60 dollara qədərə qalxdı. Bu da o deməkdir ki, ölkəmizin gəlirləri 2014, 2015, 2016-cı illərdə olan təzyiqdən xilas oldu və ölkədən çıxan valyutanın həcmi daxil olanın həcmindən aşağı düşdü. Həmçinin xarici ticarət dövriyyəsinin həcmi də müsbətə doğru dəyişdi. Bütün bunlar manatın məzənnəsinin möhkəmlənməsinə zəmin yaratdı. Milli valyutanın dəyəri tədiyyə balansından asılıdır. Tədiyyə balansı ölkədən çıxan valyuta həcmi ilə daxil olan xarici valyutanın nisbətidir. Əgər ölkədən çıxan valyuta həcmi daxil olandan çox olarsa, bu zaman məzənnə devalvasiyaya meyilli olur, yəni ucuzlaşmağa doğru gedir”.
 
Müsahibimiz cari illə də bağlı fikirlərini bölüşdü: "2020-ci ildə bazarda neftin qiymətinin stabilliyi gözlənilir. Həm də büdcəmizdə neftin qiymətinin 60-dan 55 dollara düşməsi ilə əlaqədar olaraq valyuta bazarında stabillik davam edəcək. Manatın məzənnəsi ilə bağlı heç bir dəyişiklik baş verməyəcək. Bu il ərzində də manata inamın bərpa prosesi davam edəcək”.
 
Günel Azadə