• çərşənbə axşamı, 16 aprel, 11:37
  • Baku Bakı 14°C

Böyük ürək və xeyirxah məqsəd

05.03.19 18:29 847
Böyük ürək və xeyirxah məqsəd
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb. Açığı, bu görüş ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandı və geniş əks-səda doğurdu. Müxtəlif rəylər, fikirlər yazılmaqda, səslənməkdə hələ də davam edir. Əslində belə bir görüşün təşkili təəccüblü deyil, çox vacib idi. Əlbəttə, cənab Prezidentin müxtəlif vaxtlarda ölkəmizin görkəmli mədəniyyət xadimləri ilə bir çox görüşlərinin şahidiyik. Mədəniyyət ocaqlarının açılışında, tədbirlərdə, mükafatlandırma mərasimlərində Prezidentimizin belə şəxsiyyətlərlə necə səmimi görüşüb söhbət etdiyini çoxumuz unutmamışıq. Bu görüş isə daha geniş və əhatəli formatda idi. Televiziya vasitəsilə maraqla izlədiyim bu ünsiyyət məndə qəribə bir xiffət doğurdu. Yadıma ulu öndərimizin teatrlarda tamaşadan, mədəniyyət ocaqlarında keçirilən konsertdən, ayrı-ayrı mərasimlərdən sonra pərdə arxasına keçərək mədəniyyət işçilərilə görüşləri düşdü. Bu cür müzakirələrin əhəmiyyəti çox böyükdür. Tutduğu vəzifəsindən, peşəsindən asılı olmayaraq, vətəndaş özünü yaxşı hiss edir. Ölkənin rəhbəri ona qulaq asır, arzu və təkliflərinin, xahişlərinin yerinə yetirilməsinə, reallaşmasına rəvac verir. Gəlin etiraf edək ki, mədəniyyət xadimləri çox həssas olurlar, hətta bəzən bir könül xoşluğu da onlar üçün yetərlidir. Çünki əsil səmimiyyət çox vaxt bütün çətinliklərin kilidinə açar ola bilir. Rəhbər sözünün qüdrəti, qətiyyətli mövqeyi və verdiyi qərarların ağası olması, hər kəsə böyük ürəklə qulaq asması, diqqətlə dinləməsi, uğurla yekunlaşan nəticə hamımızı sevindirir. İstər-istəməz qürur duyur, sevinir, itmiş inamımızın qayıtdığını duyuruq: bizi eşidən və düşünən Prezidentimiz var! Allah onu qorusun!
Bu görüşdə müxtəlif sahələrdə həyata keçirilən islahatlardan və onun müsbət nəticələrindən danışan cənab İlham Əliyev bildirdi ki, mədəniyyətlə də bağlı bir sıra mühüm tədbirlər görülüb. Bir sıra mədəniyyət ocaqları əsaslı təmir olunub, bölgələrdə yeni teatr binaları tikilib, müxtəlif profilli muzeylər fəaliyyətə başlayıb. Mənəvi dünyamızın rahatlıq tapdığı məscidlərin əsaslı şəkildə təmiri, bərpası, yenidən qurulması mili irsimizə olan böyük qayğıdan və diqqətdən xəbər verir. Latın qrafikasına keçidlə əlaqədar Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin (xüsusilə klassiklərin-F.X.) əsərlərinin Prezident sərəncamı ilə yenidən çap edilməsi həyata keçirilən islahatların mənəvi dünyamıza saldığı işığın necə sönməz olduğunu bir daha təsdiqləyir. Bəs bu görüşdə əsas məqsəd nə idi? Nitqinin sonunda İlham Əliyev böyük hörmət və səmimiyyətlə, ən başlıcası qətiyyətlə istəyini bəyan etdi: "…Mən istəyirəm ki, bundan sonra da mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq. Əlbəttə ki, sadəcə olaraq mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifadə edə bilməz. Biz bu məsələlərə daha geniş kontekstdə baxmalıyıq”. Elə bu niyyətlə də ölkə rəhbəri yaradıcı təşkilatların rəhbərlərini, mədəniyyət xadimlərini diqqətlə dinlədi və elə ordaca öz rəyini bildirdi, qərarını verdi. Önəmli cəhətlərdən biri də məhz bu oldu ki, mədəniyyət sahəsindəki mövcud vəziyyət və gələcək planlar birlikdə müzakirə olundu, mədəniyyət xadimləri arzu və təkliflərini ürəklə ölkə başçısına çatdıraraq gözlədikləri dəstəyi də ala bildilər.
Diqqət çəkən məqamlardan biri də Xalq yazıçısı Anarın klassik şarimiz Füzuli və böyük ədibimiz Cəlil Məmmədquluzadə ilə bağlı təklifləri oldu. O, Bakıda Cəlil Məmmədquluzadənin heykəlinin qoyulmasını və ədəbiyyatımızın təbliği ilə əlaqədar Füzuli Mərkəzinin açılmasını arzu etdi. Dövlət başçısı təkliflərə baxılacağını və Anar müəllimi dəstəklədiyini bildirdi. Bu il həm də Mirzə Cəlilin anadan olmasının 150 ili tamam olur. Bu yubileyin dövlət səviyyəsində qeyd olunması üçün İlham Əliyev tərəfindən sərəncam da imzalanıb. Abidənin qoyulması bu mübarək günə dövlət tərəfindən ən gözəl ərməğan olacağı şəksizdir. Bura da bir məsələni də qeyd edim ki, Mirzə Cəlilin Bakıdakı ev-muzeyinin də əsaslı təmirə, bərpaya böyük ehtiyacı var.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin həmin görüşdə qaldırdığı məsələ isə dərhal həll olundu. Firəngiz xanım Abxaziya qaçqını, 90 yaşlı bəstəkar Yaşar İmanov üçün ev istədi. Prezidentin cavab nitqindəki bir cümlə çox qaranlıq mətləblərə işıq saldı: "Yaşar İmanovun mənzil probleminin həlli ilə bağlı bu gün Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş veriləcək. Əgər mən bunu əvvəldən bilsəydim, çoxdan bu məsələ həll olunardı”.
İlham Əliyev bir daha qətiyyətlə söylədi: "Xalq qarşısında, dövlət qarşısında xidmətlər göstərmiş, xalqın sevgisini qazanmış mədəniyyət xadimləri dövlət tərəfindən mütləq dəstəklənməlidir. Bu görüşün məqsədlərindən biri də məhz ondan ibarətdir ki, mən sizdən təkliflər eşidim və bu təkliflər nəticəsində biz düzgün qərar qəbul edək”. Bu, cənab Prezidentin böyük ürəyi və xeyirxah məqsədi!
Görüşdə Xalq artisti Afaq Bəşirqızının mərdanə çıxışı insanlığın var olduğunu bir daha təsdiqləyir: "Sizə demək istəyirəm ki, bəli, Afaq Bəşirqızına ev, mükafat, fəxri ad verilib. Çox sağ olun. Amma Afaq Bəşirqızı tək deyil. Afaq Bəşirqızı özündən sonrakıları da fikirləşməlidir… Canım Prezidentim, çox xahiş edirəm, imkansız aktyorların maaşı və bir də evlə təmin olunması məsələsinə diqqət yetirilsin…” Bu bir xanım sənətkarın arzusu idi və dövlət başçımız tərəfindən də müsbət qarşılandı.
Xalq artisti Şəfiqə Məmmədova da məhz Kinematoqrafçılar İttifaqının problemlərindən danışdı. İlham Əliyevin bu məsələyə də dərhal reaksiya verməsi, Prezidentimizin sənəti, sənətkarı necə dəyərləndirməsinin və qətiyyətinin təsdiqidir, desəm, yanılmaram. Yerindəcə dinləmək və göstəriş vermək, yeni-yeni təkliflər istəmək qarşındakına olan ehtiram və inamdan qaynaqlanır. Əməkdar artist Bəhram Bağırzadənin səmimiyyəti nəinki görüş iştirakçılarına, hamıya xoş təsir bağışladı. Şəxsi heç bir xahişi olmadı. "…Çox istərdim ki, Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılsın.” Dövlət başçısının xatırlatması isə bu istəyin nə qədər yerində olduğunu açıqlayır: "Hacı Zeynalabdin Tağıyev böyük insan, böyük xeyriyyəçi olub. Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyətdir…”
Əlbəttə, mən bütün çıxış edənlərdən sitat gətirmək fikrində deyiləm. Biləndə ki, məhz bu görüşdən sonra Bakıda unudulmaz bəstəkarımız Süleyman Ələsgərovun adına küçə olacaq, çox sevindim. Nə gizlədim çıxış edən mədəniyyət xadimlərinin əksəriyyəti elə məsələlərə toxundular ki, həqiqətən də həlli vacib problemlərdir. Amma indiyə kimi birbaşa bu işlərin sahmana qoyulması üçün məsuliyyət daşıyanlar niyə fəallıq göstərməyiblər? Görünür ki, humanitar siyasətimiz uzun illər ancaq riyazi hesablamalar aparıb, nəhayət indi-indi işlər yoluna düşür. Mən burada ölkəmizin birinci xanımı Mehriban Əliyevaya da minnətdarlığımı bildirmək istərdim ki, həmişə xalqın arasında olur, insanların yaşayış tərzindən tutmuş, ən kiçik problemlərinə kimi maraqlanır. Onun gördüyü faydalı işlər bir dastanlıqdır. Bir etirafı da edim ki, mən bu görüşü həsəd və qibtə hissi ilə seyr etdim. Biz jurnalistlərin də qəribə taleyi olur. Kaş ki, belə bir görüş jurnalistlərlə də keçirilsin - əməyi, zəhməti, imzası olanlarla. Özümün də orda olmağını çox istərdim.
Arzum budur ki, bu tarixi görüşün ikincisi tezliklə Qarabağda, özü də Şuşada keçirilsin. Qoy onda İmanov qardaşları bir də yada salsınlar ki, şəhərdə Süleyman Ələsgərovun abidəsi qoyulmalıdır. Böyük Məmməd Arazın xəbərdarlığıdır: "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı.” Gəlin, həqiqətən Vətəndaş olmağı özümüzə əbədi deviz seçək! Onda hər bir mükəmməl islahatın işığı mənəviyyatımızda bərq vurar. Ulu öndər Heydər Əliyev necə gözəl deyirdi: "Ocağınız sönməsin, suyunuz kəsilməsin, ağaclarınız qurumasın…” Təhnəniz çörək ətirli olsun!

Flora XƏLILZADƏ,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər