• cümə axşamı, 25 aprel, 07:33
  • Baku Bakı 14°C

Böyük siyasətçi, xalqın xilaskarı, qüdrətli rəhbər - Fotolar

08.05.19 19:56 2468
Böyük siyasətçi, xalqın xilaskarı, qüdrətli rəhbər - Fotolar
Azərbaycanın otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. O, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma yurdunun daim tərəqqisi naminə çalışıb, gələcək nəsillərinin taleyini düşünüb. Ulu öndər H.Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. Məhz bu kimi xidmətlərinə görə H.Əliyev böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə, dünya azərbaycanlılarının ümummilli liderinə çevrilə bilib. Ulu öndər H.Əliyev fenomeni dünya dövlətlərinin və liderlərinin də diqqətini daim özünə cəlb edib, onun siyasi fəaliyyəti beynəlxalq mediada geniş işıqlandırılıb.


Məlumat üçün qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub. H.Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.


1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib. 1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda H.Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
H.Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında Siyasi Büronun üzvü seçilən H.Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən H.Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib. H.Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.


H.Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı il iyulun 20-də Bakıya qayıdan H.Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib. 1991-ci il sentyabrın 3-də H.Əliyev Naxçıvan MR Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

H.Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı H.Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub. H.Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində H.Əliyev Azərbaycan Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş H.Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. 2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri H.Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub. H.Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.Azərbaycan xalqı ulu öndər H.Əliyevin xidmətlərini daim yüksək qiymətləndirib, onun xatirəsini hər zaman hörmətlə anıb.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi H.Əliyev dünya miqyaslı böyük siyasətçi, mənsub olduğu xalqın xilaskarı və qüdrətli rəhbəri kimi böyük şöhrət qazanıb. Millət vəkilinin sözlərinə görə, dünyanın görkəmli dövlət xadimləri və böyük siyasətçiləri ulu öndər Heydər Əliyevin çoxillik və çoxcəhətli tarixi xidmətlərini yüksək qiymətləndirib, ondan beynəlxalq miqyasda qəbul olunan liderlərdən biri kimi söz açıblar: "XX əsr ərzində bütün tarixi mərhələlərdə görkəmli dövlət xadimi Heydər Əliyevin şərəfli tarixə çevrilmiş dövlətçilik fəaliyyəti və mübarizəsi böyük siyasətçilərin, elm xadimlərinin də həmişə diqqət mərkəzində olub. Bu cəhətdən Heydər Əliyev qədər haqqında dünya miqyasında yüksək sözlər deyilən, şəxsiyyətinə və xidmətlərinə böyük qiymət verilən dövlət xadimləri çox deyildir. Heydər Əliyev dünya xəritəsində kiçik yer tutan bir ölkənin böyük rəhbəri olub, dünya liderləri səviyyəsində qiymətləndirilən görkəmli dövlət xadimidir. Yer kürəsinin ən görkəmli dövlət və siyasi xadimlərinin, o cümlədən Corc Buş, Bill Klinton, Barak Obama, Vladimir Putin, Hi Tszintao, Kraliça II Yelizaveta, Jak Şirak, Toni Bleyr, Süleyman Dəmirəl, Nursultan Nazarbayev, Eduard Şevarnadze, Leonid Kuçma, Henri Kisincer, Zbiqnev Bjezinski kimi məşhur simaların Heydər Əliyevə verdikləri yüksək qiymət geniş mənada şəxsiyyət və zaman, lider və xalq, siyasət və cəmiyyət kimi aktual məsələlərin dəyərləndirilməsinə dair ciddi və əhəmiyyətli mülahizələr olub, Azərbaycan xalqının ümummilli liderinin beynəlxalq aləmdəki yerini və miqyasını təsəvvür etməyə imkan yaradır”.


Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, ulu öndər H.Əliyev haqqında danışanda yalnız həyatı və fəaliyyəti barədə deyil, dövlət idarəçiliyində təmsil olunduğu və Azərbaycan xalqının mühüm tarixi dövrünü əhatə edən bütöv bir qərinədən bəhs etmək lazım gəlir. Millət vəkili qeyd edib ki, ulu öndər H.Əliyev bütün ömrünü mənsub olduğu xalqa, onun inkişafına, minilliklərin süzgəcindən keçib gələn milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılmasına həsr edib: "Birmənalı şəkildə demək olar ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlər göstərib. Onun xidmətləri tarixin yaddaşına qızıl hərflərlə yazılıb və bundan sonra mövcud ola biləcək digər siyasi ideologiyalar və ya siyasətçilər bu xidmətləri şübhə altına ala, onlara kölgə sala bilməyəcəklər. Buna cəhd göstərsələr belə, uğursuzluğa düçar olacaqlar. Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük dühalardan biridir. O, öz fəaliyyəti ilə təkcə böyük şəxsiyyət olduğunu nümayiş etdirməyib, həm də malik olduğu qətiyyət və siyasi iradə sayəsində mənsub olduğu xalqı və qurduğu dövləti dünya miqyasında tanıda bilib. Azərbaycan xalqı yaşadıqca onun şüurunda, təfəkküründə və yaddaşında ulu öndərin özünəməxsus yeri olacaq. Onun xidmətləri zaman-zaman müzakirə predmeti, araşdırma və tədqiqat obyekti olacaq. Gələcək nəsillər, o cümlədən Heydər Əliyev irsinə müraciət edən şəxslər bu irsin zəngin çalarlarını və bütün tərəflərini üzə çıxarmaqla yanaşı, bu şəxsiyyətin zəngin irsindən bəhrələnəcəklər. Ən nəhayət, ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri hər zaman minnətdarlıqla xatırlanacaq”.

Millət vəkili, politoloq Hikmət Babaoğlu deyib ki, ulu öndər H.Əliyev Azərbaycan xalqı üçün ümummilli lider, dünya üçün ümumbəşəri dəyərdir. Onun sözlərinə görə, ulu öndər H.Əliyev həyata keçirdiyi böyük siyasətlə təkcə Azərbaycan xalqının deyil, post-sovet məkanında olan bugünkü bir çox xalqların həyatında çox mühüm rol oynayıb: "Heydər Əliyev Azərbaycan dövlətçiliyinin əsaslarını yaradıb. Ümummilli lider Azərbaycan mədəniyyətini, mənəviyyatını, dilini həmişə mühafizə edib. Onun hakimiyyətdə olması tarixin iki ziddiyyətli mərhələsini əhatə etsə də ancaq Heydər Əliyevin amalı bir olub. Ulu öndər həmişə Azərbaycan xalqının intibahı, onun inkişafı üçün çalışıb. Ulu öndərimizin bizə qoyub getdiyi ən böyük miras müstəqil Azərbaycan dövlətidir və Azərbaycançılıq ideologiyasıdır. Bu iki məsələ bir-biri ilə çox sıx bağlıdır. Çünki ictimai həmrəyliyi təmin edəcək ümummilli ideologiya olmasa dövləti qurmaq olmaz. Dövlət varsa mütləq onun ideologiyası olmalıdır və ideologiyasız da dövlət yaşamaz. Bax, bu iki komponent hazırda Azərbaycanın inkişafını təmin edən institusional və ideoloji əsaslardır. Təbii ki, Azərbaycan bu əsaslarda da inkişaf edir. Bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib, ölkəmizin iqtisadiyyatı böyüyüb və beynəlxalq nüfuzu artır. Bu gün Azərbaycan xalqının sayı 10 milyona çatıb. Bütün bunlar Azərbaycan xalqının əldə etdiyi tarixi nailiyyətlərdir ki, bu nailiyyətlər məhz bundan sonrakı tarixi mərhələdə də ölkəmizin inkişafını təmin edəcək. Ötən hər gün biz ümummilli liderin böyüklüyünü bir daha görürük və onun şahidi oluruq. Onun ən böyük əsəri olan Azərbaycanda yaşamaqdan qürur hissi keçiririk”.
Alpər TURAN


banner

Oxşar Xəbərlər