• cümə axşamı, 28 mart, 23:52
  • Baku Bakı 13°C

Böyük Britaniya səfiri: "Azərbaycanda keçirilən islahatları dəstəkləyirik"

25.10.19 10:51 929
Böyük Britaniya səfiri: "Azərbaycanda keçirilən islahatları dəstəkləyirik"
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpın Report İnformasiya Agentliyinə müsahibəsi:
- Cənab səfir, Azərbaycandakı diplomatik fəaliyyətiniz bir neçə ay əvvəl başlayıb. Ölkəmizlə bağlı ilk təəssüratınız necədir?
- İlk təəssüratım fantastik dərəcədə müsbət idi. May ayında "Çelsi" ilə "Arsenal" arasında keçirilən Avropa Liqasının final matçında Bakıda idim. "Çelsi" 4:1 hesabı ilə qələbə qazandı, buna görə də bir "Çelsi" azarkeşi kimi bunun əla olduğunu deyə bilərəm!İkinci təəssüratım da çox müsbət oldu. Bakı, həqiqətən, gözəl Avropa şəhəri kimidir. Şəhər mərkəzindəki memarlıq heyrətamizdir, şəhər mərkəzində, sadəcə, binalara baxa-baxa gəzməyi sevirəm.Heydər ƏliyevMərkəzi isə, sadəcə, möhtəşəmdir!Burada özümü evdəki kimi hiss edirəm. İnsanlar çox gözəl və qonaqpərvərdir. Belə ki, bir çoxları Böyük Britaniyada təhsil alıb və ya ingilis dilində danışır. Azərbaycan xalqında əsl ailə, adət-ənənə və qonaqpərvərlik hissi var.Böyük Britaniya ilə əməkdaşlığa gəlincə, Böyük Britaniyanın Azərbaycana verdiyi töhfəni açıq şəkildə göstərən "Əsrin Müqaviləsi"nin 25 illiyinin qeyd edilməsindən bir qədər əvvəl buraya gəldiyimə görə şanslıyam. Burada olduğum üçün çox xoşbəxtəm,ölkəni və insanları kəşf etməyə davam etmək üçün növbəti üç ili gözləyirəm.
- Azərbaycan dilində kifayət qədər yaxşı danışırsınız. Dili harada öyrənmisiniz?
- Azacıq danışa bilirəm! Dili Londonda öyrənmişəm, azərbaycanlı müəllim mənə dərs verib. Bir neçə həftə Bakıda və Gəncədə də olmuşam.Düzünü desəm, Azərbaycan dili öyrənmək üçün çətindir. Ancaq bizdə -Xarici İşlər Nazirliyində dilləri öyrənmək cəhdləri ev sahibi ölkəyə hörmət əlamətidir.
- Azərbaycandakı diplomatik fəaliyyətinizin prioritetləri nələr olacaq?
- Səfirlik işçilərinə əsas mesajım dəyişiklik yox, davamlılıq olub. Əməkdaşlığımız, həqiqətən, əla münasibətlərə və səfirliklə Britaniya Şurasının gördüyü əla işə əsaslanır.Ancaq eyni zamanda gələcəyə də baxmalıyıq."Əsrin Müqaviləsi"nin 25 illiyinin qeyd edilməsi, əsasən, son 25 ilə nəzər salmaqla əlaqəli idi, amma biz növbəti 25, 30, 50 ili də səbirsizliklə gözləyirik. Çünki əsas prioritetimiz iqtisadi, sosial və siyasi planda ölkənin uzunmüddətli inkişafını dəstəkləmək olmalıdır.Görülməli çox şey var, gündəlikdəki məsələlər çoxdur, amma prioritet Azərbaycanın inkişafına dəstək verməkdir.Bundan əlavə, xarici siyasət məsələlərində daha çox şey edə biləcəyimizi düşünürəm. Azərbaycanla xarici siyasət və beynəlxalq məsələlər üzrə işləyirik, ölkənin getdikcə daha böyük beynəlxalq rolu olur.Məsələn, ötən həftə Bakıda türkdilli dövlətlərin sammiti keçirildi, bu həftə isə Qoşulmama Hərəkatının sammiti keçiriləcək.Buna görə də Azərbaycan beynəlxalq arenada daha vacib fiqura çevrildikcə əməkdaşlığımızı möhkəmləndirməyə çalışırıq. Məsələn, ölkənizin və xalqınızın daha yaxşı təsəvvürə sahib olduğuregional məsələlər var - məsələn, İran, Rusiya və Qafqaz regionu haqqında.Həmçinin daha geniş mənada, qlobal məsələlər üzrə əməkdaşlıq.Məsələn, Böyük Britaniya iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm rol oynayır. Biz 2050-ci ilə qədər "təmiz sıfır" (atmosferə karbon qazı tullantısı atmamaq) hədəfinə çatmaq üzrə öhdəlik götürən ilk böyük ölkə olduq. 2020-ci ilin noyabr ayında iqlim dəyişikliyi ilə bağlı növbəti böyük sammitə ev sahibliyi edəcəyik. Sammitdə bir çox ölkələrin karbon tullantılarının azaldılması üçün daha sərt öhdəliklərə razılıq verəcəklərini gözləyirik. Beləliklə, təşəbbüsü üzərimizə götürürük və bu sahədə Azərbaycanla daha çox işləmək istərdik.İnkişaf edib daha da çiçəkləndiyinə görə Azərbaycan həm də beynəlxalq yardımın donoruna çevrilir. Odur ki, bu məsələlər üzrə də əməkdaşlıq etmək imkanı var.
- Britaniya-Azərbaycan əməkdaşlığının hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, əməkdaşlığımızın səviyyəsi əladır. Əməkdaşlığımızın çox möhkəm təməli var və artıq dediyim kimi, indi diqqəti gələcəyə yönəldirik. Azərbaycanda aparılan islahatları dəstəkləyirik. Prezident açıq-aydın buna çox diqqət yetirir. Bu günə qədər tanış olduğum gənc və enerjili nazirlərə heyran qalmışam, onlar ölkədəki vəziyyəti dəyişmək istəyir. Onların çox müsbət baxışı, çox müsbət gündəmi var. Beləliklə, bir sıra sahələrdə birlikdə işləyə və daha çox iş görə bilərik.
- Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının, biznes mühitinin, aqrar-sənaye kompleksinin və s. inkişaf etdirilməsi istiqamətində bir sıra islahatlar aparılır. Onları necə qiymətləndirirsiniz və bu məsələdə Böyük Britaniya hansı töhfəni verə bilər?
- Prezidentlə görüşdə qeyri-neft sektorunun inkişafının vacibliyindən danışdıq. Bəllidir ki, ölkələrimiz arasında aktiv enerji əməkdaşlığı qurulub, BP və digər Britaniya şirkətləri bu sektorda işləyirlər. Ancaq artıq dediyim kimi, gələcəyə, karbohidrogen, neft və qazdan başqa sahələrə baxırıq.Artıq müxtəlif sektorlarda çoxlu sayda Britaniya əməkdaşlığı qurulub, lakin qeyri-neft sektorunun inkişafı baxımından, hesab edirəm ki, ilk növbədə, Azərbaycan Dövlət Neft Fondu gələcək nəsillərin təmin edilməsindəmühüm rol oynayır. Yəni hökumət indi bütün pulları xərcləmir, gələcək nəsillərin neft sərvətlərindən faydalanması üçün necə qənaət etmək lazım olduğunu düşünür.İkinci istiqamət iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafıdır. Artıq bu prosesə cəlb olunmuşuq, dəstək və məsləhətlərimizi veririk. Məsələn, bu il Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Böyük Britaniyaya səfər etdi. ASAN Xidmət ilə Britaniya hökumətinin Rəqəmsal Xidməti arasında Anlaşma Memorandumu imzalamağa hazırlaşırıq.Həmçinin səhiyyə sahəsində də əməkdaşlıq edirik və gələn ilin fevral ayında Azərbaycandan Böyük Britaniyaya böyük nümayəndə heyəti gələcəyini gözləyirik. Eyni zamanda Britaniyada tibb öyrənmək üçün ilk dəfə "Chevening" təqaüdünü də maliyyələşdirdik.Digər bir sahə - kosmosdur. "Azərkosmos" ilə Avropanın aparıcı kosmik agentliyi olan Britaniya Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanmasına çalışırıq.Memarlıq və dizayn sahəsində də əməkdaşlıq edirik. Bildiyiniz kimi, Heydər Əliyev Mərkəzinin layihəsini britaniyalı memar Zaha Hadid tərtib edib.Təhsil və mədəniyyət mübadiləsi sahəsində də fəal əməkdaşlıq mövcuddur. Burada Britaniya Şurası böyük iş görür: ingilis dilini tədris etmək, ali təhsil sahəsində universitetlər arasında əlaqələri inkişaf etdirmək, peşə hazırlıq kursları keçirmək və yaradıcılıq sahələrini dəstəkləmək. Səfirlik gənc azərbaycanlıların Böyük Britaniyada təhsil alması üçün "Chevening" təqaüdü verir.Hər il bir neçə azərbaycanlını istənilən sahədə Brityaniyanın qabaqcıl təhsil müəssisələrində magistr pilləsində təhsillərini davam etdirmək üçün göndəririk.Sosial sahədə məhdud fiziki imkanlı insanlara dəstək, gender bərabərliyi məsələləri və KİV-ə dəstək kimi sahələrdə əməkdaşlıq edirik. Britaniyadakı Mətbuat Assosiasiyasının rəhbəri ölkənin inkişafının təbliğində media plüralizmi və media azadlığının əhəmiyyəti barədə danışmaq üçün bu yaxınlarda buraya gəlmişdi.Ətraf mühitin dəstəklənməsi bizim üçün başqa vacib sahədir, məsələn, tullantıların idarə olunması, bərpa olunan enerji mənbələrindən istifadə və birdəfəlik plastik məhsulların istifadəsinin azalması. Həmçinin Böyük Britaniyada nəqliyyat planlaşdırmasının öyrənilməsi üçün təqaüd də maliyyələşdirmişik, ümid edirik ki, o, çirklənmə problemlərinin həllinə kömək edəcək. Qeyd edim ki, BP də bərpa olunan enerji mənbələri sahəsində fəal çalışır.Beləliklə, dəstəklədiyimiz bir sıra müxtəlif məsələlər var. Bu, böyük və vacib gündəmdir. Bilirəm ki, hökumət də dəstəyimizi yüksək qiymətləndirir və bəzi KİV-də Azərbaycanın sabitliyini pozmağa çalışdığımız barədə deyilənlər tamamilə cəfəngiyatdır. Biz hər zaman Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirik və əsas məqsədimiz ölkənin inkişafına dəstək olmaqdır.
- Azərbaycan turizm sektorunu da fəal inkişaf etdirir. Sizcə, britaniyalı turistləri Azərbaycanda daha çox nə cəlb edə bilər? Nəyə diqqət etməliyik?
- Turizm dünyada həqiqətən vacib və inkişaf edən sahədir. Hər il Britaniyaya 40 milyona yaxın insan gəlir, London hava limanları şəbəkəsi isə dünyanın ən yüklənmiş şəbəkəsidir. Buna görə turizm sferası çox vacibdir.Bir çox üstünlükləriniz var. Azərbaycan mədəniyyət qovşağındadır - ölkə coğrafi baxımdan Avropada yerləşsə də, Yaxın Şərqin, Asiyanın dadı duyulur. Buna görə də fərqli ölkələrdən olan insanlar Azərbaycana gəlməyə çox maraq göstərirlər. Həmçinin gözəl təbiətiniz - fantastik dağlar, dağ kəndləriniz var. Qonaqpərvərliyiniz çox təsiredicidir.Hər bir ölkənin öz turizm strategiyası var. Sizdə Körfəz ölkələrindən, Rusiyadan və İrandan çox sayda turist olur. Ancaq sualınız Azərbaycanın Böyük Britaniyadan və Qərbi Avropadan necə daha daha çox turist cəlb edə biləcəyi ilə bağlıdırsa, cavab verərdim ki, "Formula-1" yarışı kimi böyük tədbirlər keçirməklə artıq bunu etməyə başlamısınız. İnsanlar bura gəlir, bir neçə gün keçirir və ölkəni daha yaxından tanıyırlar. Haqqında danışdığım insanların bəziləri bunu ediblər və həqiqətən təsirləniblər, Azərbaycana səfərləri çox xoşlarına gəlib.Digər ideya ekoturizmin inkişafı ola bilər. Bu yaxınlarda azərbaycanlı tələbəyə Britaniyaya səfər etmək və bu sahədə magistr dərəcəsi almaq üçün daha bir "Chevening" təqaüdü təqdim etdik. Turizmdə belə ixtisaslaşma çox dəyərli ola bilər. Daha çox insanın gələ bilməsi üçün Avropaya daha çox reyslər açmaq da çox faydalı olardı. Ancaq təbii ki, hökumət öz strategiyasını müəyyənləşdirməlidir. Biz bu sahədə kömək edirik: Britaniya Şurası mehmanxana sektorunda müvafiq peşəkar hazırlıq təmin edib. Həmçinin noyabrın əvvəlində Londonda keçiriləcək "World Travel Market"də Azərbaycandan geniş nümayəndə heyəti də iştirak edəcək.
- Sizcə, hazırkı "Brexit" böhranı" Böyük Britaniyaya üçüncü ölkələrlə, o cümlədən Azərbaycanla münasibətlərə lazımi diqqət yetirməyə mane olmurmu, müvafiq olaraq, onlarla əlaqələri zəiflətmirmi?
- Deməzdim ki, bu, böhrandır. Üç il yarım əvvəl referendum keçirildi və o vaxtdan bəri hökumət Avropa İttifaqı ilə birlikdən çıxış barədə çoxdetallı saziş və Aİ ilə gələcək əlaqələrə dair siyasi bəyannamə imzalanması ətrafında danışıqlar aparır. Əlbəttə, son bir neçə həftə ərzində çox şey baş verib. Ancaq ümumi proses uzunmüddətli idi.Buna baxmayaraq, bunun Azərbaycan kimi ölkələrlə münasibətlərimizə təsir edəcəyini düşünmürəm.İki məqamı qeyd edərdim. Birincisi, Azərbaycanla münasibətlərimiz Aİ-dən keçmir. Çox güclü ikitərəfli münasibətlərimiz var və Aİ sadəcə bunun bir hissəsidir, amma Azərbaycanla münasibətlərimizin mərkəzi deyil.Çox güclü ikitərəfli münasibətlərimiz var və bu, bundan sonra da belə davam edəcək.İkinci məqam ondan ibarətdir ki, biz böyük ölkəyik: BMT Təhlükəsizlik Şurasının, NATO-nun, Millətlər Birliyinin, eləcə də G7 və G20-nin üzvüyük. Ona görə də bütün digər öhdəliklərimizlə yanaşı, "Brexit"in də öhdəsindən gələ bilərik.Əslində biz başqa ölkələrdə daha çox iş görməyə çalışırıq. "Brexit" strategiyasının bir hissəsi olaraq, dünyadakı səfirliklərimizin sayını artırdıq və Xarici İşlər Nazirliyinin işçilərinin sayını artırdıq, çünki "Brexit" bizə dünyanın digər hissələrinə daha çox resurs yönəltmək imkanı verir. Buna görə də Azərbaycanla münasibətlərimizə çox müsbət baxıram.Ona görə də burada olmaq, bu gələcəyin bir hissəsi olmaq və buna necə töhfə verə biləcəyimizi görmək baxımından mənim üçün gözəl vaxtdır.
banner

Oxşar Xəbərlər