• cümə, 29 Mart, 05:05
  • Baku Bakı 7°C

Böyük Britaniya Azərbaycana bərpa olunan enerji mənbələri sahəsində təcrübə təklif edə bilər

13.12.21 09:45 250
Böyük Britaniya Azərbaycana bərpa olunan enerji mənbələri sahəsində təcrübə təklif edə bilər
Trend BİA-nın Böyük Britaniya baş nazirinin Azərbaycandakı ticarət elçisi baronessa Emma Nikolsonla özəl müsahibəsi
-Azərbaycanla Böyük Britaniya arasında ticarət münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Fasiləsiz ikitərəfli ticarətin təmin olunması üçün hansı tədbirlər görülür?
- İlk növbədə demək istəyirəm ki, Trend BİA-ya yenidən müsahibə verməkdən məmnunam və Azərbaycana növbəti səfərimi səbirsizliklə gözləyirəm. Səfər COVID-19-la bağlı məhdudiyyətlər yaranmayacağı təqdirdə 2022-ci ilin əvvəlində nəzərdə tutulub. COVID-19-a və hər iki ölkənin iqtisadiyyatlarına zərbəyə baxmayaraq məmnunluqla qeyd edirəm ki, ölkələrimiz arasında ticarət ümumilikdə stabil səviyyədə qalıb və hazırda iqtisadiyyatlar dirçəlir. Biz Böyük Britaniyada səmərəli bərpa proqramını reallaşdırdıqca, Azərbaycanın da pandemiyadan sonra səmərəli bərpa üzrə səylərində aparıcı rol oynamağa çalışırıq. Biz ölkələrimiz üçün daha sıx ticarət əlaqələri sayəsində əldə olunacaq daha yaxşı gələcəyə ümid edirik.Ticarət əlaqələrimizin genişləndirilməsi üçün əsas alətlərdən biri də 2016-cı ildən etibarən hər il toplaşan Birgə hökumətlərarası komissiyadır. Məqsəd ticarət münasibətlərimizdə istənilən problemləri birgə həll etmək və yarana biləcək çətinliklərin öhdəsindən gəlməkdir. 2021-ci ilin iclasında komissiya ilk dəfə neft və qazla bağlı olmayan məsələlərə diqqət yönəltdi. Biz bərpa olunan enerji mənbələri, rəqəmsal xidmətlər və transformasiya, eləcə də kənd təsərrüfatı daxil olmaqla 14 müxtəlif sahə üzrə əməkdaşlıq barədə razılığa gəldik. Bu sahələr Azərbaycanda insanlar və biznes, eləcə də Böyük Britaniya əhalisi üçün əhəmiyyət daşıyan sahələrdir.Mən həmçinin, xatırlatmaq istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanı Qarabağda bərpa işlərində iştirak etməyə həvəsləndirib. Bir sıra Britaniya şirkətləri artıq bərpa üzrə səyləri dəstəkləyir, amma biz daha çox şirkət görmək istərdik. Böyük Britaniya smart-texnologiyalarla və bərpa olunan enerji mənbələri ilə bağlı geniş çeşiddə xidmətlər təklif edir. Ümid edirik ki, bunlar bu ərazilərdə insanların həyatın bərpa etməyə kömək edəcək.
-Böyük Britaniya qaz böhranının öhdəsindən necə gəlir? Böyük Britaniya ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi üçün hansı tədbirlər görür?
- Biz Böyük Britaniyada artıq qaza tələbatın böyük hissəsini Şimal dənizindəki Britaniya və Norveç yataqları hesabına təmin edirik. Bu baxımdan mən Azərbaucanın Avropaya tədarüklərin şaxələndirilməsində oynadığı müsbət rolu alqışlayıram. İndi Trans-Adriatik boru kəməri ilə İtaliya da daxil olmaqla, Avropa ölkələrinə böyük həcmdə təbii qaz daxil olur.Amma biz Böyük Britaniyada bərpa olunan enerji mənbələri sahəsini sürətlə inkişaf etdirməyə çalışırıq. Böyük Britaniyada təbii qaza tələb 2004-cü ildə pik həddə çatıb və o vaxtdan tədricən azalmaqdadır. Az karbon tərkibli mənbələr, o cümlədən bərpa olunan mənbələr hazırda Böyük Britaniyada elektrik enerjisi istehsalının 59 faizdən çoxunu təmin edir və bu göstərici artmaqda davam edir.Mən bilirəm ki, Azərbaycan hökuməti də bərpa olunan enerji mənbələri sahəsinin inkişafında maraqlıdır, artıq bir neçə pilot layihə, o cümlədən bp-nin iştirakı ilə bir layihə reallaşdırılır. Böyük Britaniya bərpa olunan enerji mənbələri sahəsində öz bilik və təcrübələrini təklif edə bilər və mən bu işdə iştirak etməkdən çox məmnun olaram.
-Böyük Britaniya və Azərbaycan enerji sahəsində əməkdaşlığı necə genişləndirə bilər? Bərpa olunan enerji sahəsində nə perspektivlər var?
- Azərbaycan hökuməti ilə bp arasında "Əsrin müqaviləsi”nin imzalanmasından təxminən otuz il keçib. Bu layihə həm Azərbaycanın, həm də Böyük Britaniyanın enerji sahəsində sıx əməkdaşlıqdan necə səmərə qazana biləcəyini göstərdi. Hazırda Azərbaycanda Britaniyanın 300-400 enerji şirkəti fəaliyyət göstərir ki, bu da Azərbaycanın enerji sektoruna maraq səviyyəsinin göstəricisidir. Bu şirkətlər Azərbaycan vətəndaşları üçün minlərlə iş yeri yaradır, milyardlarla manat vergi daxilolmalarını təmin edir və Azərbaycanın işçi qüvvəsinə yeni bilik və bacarıqlar verməyə kömək edir.Gələcəyə baxsaq, Böyük Britaniya Azərbaycanın başlıca enerji tərəfdaşı olmaq istəyir, çünki biz bərpa olunan və təmiz enerji mənbələri erasına qədəm qoyuruq. bp və digər şirkətlər Azərbaycanda şərtlər uyğun olacağı təqdirdə bərpa olunan enerji mənbələri bazarına çıxmaq niyyətindədir.Məmnunluqla qeyd edim ki, Azərbaycan hökuməti investisiyaların cəlb olunması məqsədilə ölkənin enerji bazarının islahatları üzrə fəal addımlar atır. Bu prosesi dəstəkləmək üçün Böyük Britaniya hökuməti Azərbaycanla "təmiz” enerjiyə keçid sahəsində əməkdaşlıq barədə anlaşma memorandumu imzalayıb. Bunun vasitəsilə tərəflər "təmiz” enerji, enerji səmərəliliyi, azkarbonlu texnologiyaların tətbiqi üzrə öncül təcrübə mübadiləsi apara bilər. Məsələn, Böyük Britaniyanın Qaz və eletrik enerjisi bazarları idarəsi hazırda Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinə enerji bazarının liberallaşdırılmasında dəstək göstərir. Böyük Britaniya hökuməti də Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsinin hazırlanmasının maliyyələşdirilməsində kömək göstərir. Böyük Britaniya offşor külək enerjisi sahəsində dünya lideridir və Xəzər dənizi Azərbaycan üçün nəhəng enerji mənbəyi ola bilər.
-Bu il Böyük Britaniyada BMT-nin iqlim dəyişikliyi üzrə 26-cı konfransı, COP26 keçirildi. İqlim dəyişikliklərinin fəsadlarının yumşaldılması üzrə Britaniya-Azərbaycan əməkdaşlığı üçün hansı imkanlar mövcuddur?
- Ölkələrimiz iqlim dəyişikliklərinin fəsadlarının yumşaldılması sahəsində artıq əməkdaşlıq edir. Bütün hökumətlər bilir ki, hər bir ölkə 2030-cu ilədək tullantıları kəskin azaltmalı və bərpa olunan enerji mənbələrinə keçməlidir. COP26-nın yekunlarından göründüyü kimi, bu hədəflərə çatmaq üçün real addımlar atmaq lazımdır. Böyük Britaniya aydın göstərdi ki, iqlim dəyişikliyi ilə mübarizə üzrə tədbirlər iqtisadi artımla əl-ələ getməlidir. 1990-cı ildən 2019-cu ilədək Böyük Britaniya "təmiz” enerji sahəsində rekord artıma nail oldu. Bu müddət ərzində iqtisadiyyatımız 78 faiz artıb, tullantılarımız isə 44 faiz azalıb. Bu G7 ölkələri arasında ən sürətli azalma olub. Biz Azərbaycana bərpa olunan enerjiyə keçiddə kömək etməyə hazırıq.Azərbaycan COP26-da öz üzərinə doqquz öhdəlik götürüb ki, bunlardan beşi "təmiz” enerji ilə əlaqədardır. Böyük Britaniya bu öhdəliklərin icrasında Azərbaycana kömək etməyə hazırdır.
-Britaniya-Azərbaycan strateji dialoqunu və birgə hökumətlərarası komissiyanın növbəti iclasını nə vaxt keçirməyi planlaşdırırsınız?
- Mən Azəbaycana dəfələrlə səfər etmişəm və Azərbaycan qonaqpərvərliyindən heyran qalmışam. Gələn il strateji dialoqu və komissiyanı qəbul etmək Böyük Britaniyanın növbəsidir. 2022-ci il həm də hər iki ölkə üçün vacib ildir, belə ki, martın 11-də Azərbaycan-Britaniya münasibətlərinin qurulmasının 30 illiyi qeyd olunacaq. Biz ölkələrimizə rifah gətirmiş və xalqlarımız arasında dostluğu möhkəmləndirmiş əməkdaşlığın 30 illiyini qeyd edəcəyik.
banner

Oxşar Xəbərlər