• cümə axşamı, 28 mart, 18:55
  • Baku Bakı 13°C

Buz adam

23.12.19 14:30 2772
Buz adam
Mən buz adama ərə getmişəm. Onun kimi birisiylə tanışlıq üçün ən uyğun yer xizəkçilik kurortu ola bilərdi və odur ki, ilk dəfə elə orada da biz tanış olduq. Otelin foyesi hay-küy qoparan gənclərlə dolu idi, Buz adam isə hamıdan uzaqda, buxarının yanında təkbaşına oturub kitab oxuyurdu. Günorta yaxınlassa da, onun həndəvərində mən qış səhərinin ayazlı işığını sezməkdəydim.
Rəfiqəm mənə pıçıldadı: "Bir bax, oradakı Buz adamdır!”. Həmin ana qədər mən Buz adamın necəliyindən tamamilə xəbərsizdim. Heç rəfiqəm də bu sözlərin nələr ifadə elədiyini dəqiq bilmirdi. Rəfiqəm tam ciddiyyətlə: "Hər halda buzdan yaradıldığına görə o, belə adlanır” dedi, sanki söhbət bir kabusdan və ya infeksiyalı xəstədən gedirdi.
Buz adam hündürboylu idi, dimdik duran saçlarını sanki don vurmuşdu. Üz cizgiləri cavan birisinə xas olsa da, gur saçlarındakı dənlər hələlik əriməyən qar dənəciklərini xatırladırdı. Diqqəti cəlb edən almacıqları ayaz vurmuş qayalara bənzəyirdi, barmaqlarını isə sanki heç vaxt əriməyəcək qırov tutmuşdu. Başqa cəhətlərinə görə o, adi adamlardan əsla seçilmirdi. Yaraşıqlı birisi sayılmazdı əlbəttə, amma diqqətlə baxanda, onun cazibədarlığını inkar eləmək çətin idi. Ondakı anlaşılmaz bir şey ürəyimi yerindən oynatmağa qadir idi. Ən çox da gözləriydi məni çəkən, lal və nüfuzedici baxışları qış səhəri sırsıraların arasından süzülən işıq qədər sərinlik aşılayırdı mənə. Sanki süni bədənində həyat işartısına sahib tək şey - bu baxışlar idi.
Aralıda dayanıb, bir müddət ona göz qoydum. O isə başını qaldırıb, ətrafına da baxmadı. Elə səssiz-səmirsiz oturub, kitab oxuyurdu ki, sanki çevrəsində bir kimsənin olmadığına özünü qəti inandırmışdı.
Səhəri gün günorta yeməyindən sonra o, yenə də elə həmin yerdəcə oturub, kitab oxuyurdu. Mən nahar yeməyi üçün yeməkxanaya gələndə və daha sonra - hamı ilə birgə xizək sürməkdən dönəndə də o, üzündə eyni ifadə ilə, dünənki stulda oturub, bütün diqqətini həmin kitaba cəmləmişdi. Sabahı gün də eyni mənzərə birə-bir təkrarlandı. Gün keçsə də, gecə düşsə də, o, yalqızbaşına, eynilə bayırdakı quş kimi, səssizcə stulunda oturub, qiraətlə məşğul idi.
Dördüncü gün günortadan sonra mən bir bəhanə uydurub, xizək sürməyə getmədim. Oteldə təkbaşına qaldım. Atılmış şəhəri xatırladan foyedə bir müddət gəzdim, dolaşdım. Ora isti və rütubətli idi. Havadakı cansıxıcı qoxu müştərilərin ayaqqabılarıyla gətirdikləri qarın buxarının istisində əriməsindən yaranmışdı yəqin. Pəncərədən küçəni seyr eləyəndən sonra bir az qəzetləri vərəqlədim, ardından isə Buz adama yanaşıb, onunla danışmağa başladım.
Yad birisiylə danışmaq üçün böyük bir məcburiyyətim yoxdursa, mən adətən susmağa üstünlük verə-lərdənəm. Ancaq həmin anlarda mən Buz adamla, həm də nəyin bahasına olursa olsun, danışmaq istəyirdim. Bu, oteldəki son gecəm idi. Əgər bu şansı da qaçırtsaydım, onunla bir daha danışa bilməyəcəkdim.
Üzümə laqeyd bir ifadə verərək soruşdum:
- Siz xizək sürmürsünüz?
O, ağır-ağır başını qaldırıb, başqa səmtə baxdı, üzündə elə ifadə vardı sanki uzaqlardan qulağına bir külək vıyıltısı dəyib. Sonra həmin baxışlarını mənə dikib, sakitcə başını yellədi:
- Yox, sürmürəm. Beləcə qarı süzüb, kitab oxumam da məndən ötrü yetərlidir, - dedi. Onun bu sözləri, eynilə manqa rəsmlərindəki mətn yeri üçün saxlanan bəmbəyaz bulud kimi havadan asılı qaldı. Mən bu sözləri də öz gözlərimlə görən kimi oldum və bu, barmaqlarımdakı qırovu çırpana qədər beləcə davam elədi.
Daha nə deyəcəyimi bilmədiyimdən pörtdüm və elə durduğum yerdəc quruyub qaldım. Buz adam gözlərimin düz içinə baxıb, xəfif gülümsədi. Ancaq orası dəqiq deyildi ki, o, həqiqətən gülümsədi, yoxsa bu, mənə elə göründü.
Buz adam dilləndi:
- Əgər istəyirsinizsə, oturun, söhbət eləyək. Gördüyüm qədəriylə mənimlə maraqlanırsınız, yəni Buz adam necə olurmuş, öyrənmək istəyirsiniz, eləmi?
Azca ara verib, əlavə elədi: "Ürkməyin, mənimlə söhbətdən sonra sətəlcəmə tutulmazsınız!”
Beləcə, Buz adamla danışmağa başladım. Keçib foyenin küncündəki divanda yanaşı əyləşdik, pəncərənin o biri üzündə uçuşaraq yerə enən qar dənəciklərindən gözlərimizi çəkmədən söhbət elədik. Mən isti kakao sifariş elədim, o isə heç nə içmək istəmədi. Elə o da mənim kimi söhbətcil biri deyilmiş. Bir də ki söhbət üçün ortaq mövzumuz da yox idi: əvvəlcə bir az havadan söz etdik, sonra isə oteldə yaradılmış şəraitdən. Soruşdum:
- Buraya tək gəlmisiniz?
- Hə, - dedi. - Xizək sürməyi sevirsiniz?
- Elə də yox. Buraya da sırf rəfiqələrimin təkidiylə gəlmişəm. Düzünə qalsa, ara-sıra xizək sürənəm.
Onun barəsində çox şey öyrənməyə can atırdım: doğrudanmı bədəni buzdandır? Nə yeyir? Yayı harada keçirir? Ailəsi vardırmı? Buna bənzər məqamlar. Ancaq Buz adam özü barədə danışmağa çox da həvəs göstərmirdi. Əgər o, özündən söz etməyi xoşlamırsa, onda şəxsi məsələlərlə bağlı sualları ona necə verə bilərdim ki?!
Bunun əvəzinə o, mənə özümlə bağlı xeyli məqamı anlatdı. İnanmaq xeyli çətin olsa da, o, barəmdə çox şeydən agah imiş: ailəm və ya yaşım, sevimli məşğuliyyətlərim və ya səhhətim, məktəbim və rəfiqələrim haqda bütün təfərrüatları sadaladı. Bunların çoxunu heç mənim özüm də xatirimdə belə dəqiq tutmuram, vallah.
Çaşqın halda:
- Heç nə anlamadım! - dedim. Sanki mən hamının gözü qabağında soyundurulmuşdum. - Barəmdə bütün bunları necə və haradan öyrənmisiniz? Yoxsa siz başqalarının fikirlərini oxuyursunuz?
- Yox, başqalarının fikrindən keçənləri oxumasam da, hər şey mənə bəllidir. Sadəcə bəllidir, - dedi. - Sadəcə bilirəm. Belədə mən sanki buz təbəqəsinin dərinliklərinə nüfuz edirəm. Sizə də zənlə baxanda haqqınızdakı bilgiləri tam dəqiqliyi ilə oxuya bildim.
Soruşdum:
- Hətta gələcəyimi də görürsünüz?
Yenə soyuqqanlı tərzdə:
- Gələcəyi görə bilmərəm, - deyib, başını yırğaladı. - Əslində, gələcəyi öyrənməyə heç həvəsim də yoxdur. Daha dəqiq desəm, mənim aləmimdə "gələcək” adlı anlayış yerli-dibli yoxdur, çünki buzun da gələcəyi ola bilməz. Onun sahib olduğu tək şey - içində həbs etdiyi keçmişdir. Həm də buz sahib olduğu ən müxtəlif şeyləri içində elə qüsursuz şəkildə hifz edir ki, sanki onlar hələ də canlıdırlar, sadəcə şəffaflığa gömülüblər. O, hər şeyin ilkinliyini qoruyur. Buzun bütün mahiyyəti, məğzi də elə bundadır.
Gülümsəyərək: "Nə yaxşı! - dedim. - Bunu eşitcək içim rahatladı, çünki gələcəyim haqda nə isə öyrənməyi heç özüm də istəmirdim”.
Tokioya döndükdən sonra da onunla bir neçə kərə rastlaşdıq və az sonra həftəsonları görüşməyə başladıq. Hərçənd onunla nə kinoya gedirdik, nə də kafeyə. Birlikdə heç yemək süfrəsinə də oturmurduq, çünki Buz adam, demək olar ki, heç nə yemirdi. Bunun əvəzinə parkdakı skamyalarda əyləşib, müxtəlif mövzularda söhbətləşirdik. Onunla, həqiqətən də, ən fərqli mövzularda fikirlərimizi paylaşırdıq. Bircə Buz adamın özündən başqa, çünki o, özündən söz açılmasını əsla istəmirdi.
Bir dəfə ondan soruşdum:
- Bunun səbəbi nədir, axı? Niyə özün, öz keçmişin barədə danışmaqdan həmişə qaçırsan? Axı, mən də bilmək istəyirəm, görüm, sən harada doğulmusan, valideynlərin kimdir, necə donub, belə Buz adama çevrilmisən?
Bir ara üzümə baxan Buz adam ağır-ağır başını yelləyib:
- Bilmirəm, - dedi. Sonra havaya öz bəyaz və kəskin nəfəsini püskürdü. - Mənim keçmişim yoxdur. Özümdən başqa hər bir şeyin keçmişindən agaham. Mənim öz keçmişim isə yoxdur. Nə harada doğulduğumu bilirəm, nə də ata-anamın üzünü görmüşəm. Heç ailəmin olub-olmadığını da bilmirəm. Neçə yaşım var, xəbərsizəm. Ümumiyyətlə, yaşımı da xatırlamıram.
Buz adam, eynilə zülmətdəki aysberq qədər yalnız imiş.
Beləcə, mən Buz adama dəlicəsinə aşiq oldum. O, məni heç gələcəyi olmayan birisi kimi, sadəcə indiki zaman çərçivəsində sevirdi. Mən isə onu yerli-dibli keçmiş zamanı olmayan birisi kimi, sadəcə indiki zaman içində sevirdim. Yavaş-yavaş söhbət evliliyimizin üzərinə gəlib çıxdı.
O vaxt mən iyirmi yaşıma dolmuşdum və Buz adam həyatımda bir könüldən min könülə sevdiyim ilk kişi idi. Onda mən Buz adamı sevməyin nə demək olduğunu da sözün tam mənasında anlamırdım. Əgər o, Buz adam yox, tamamilə başqa birisi olsa belə, mən yenə də heç nə öyrənə bilməyəcəkdim.
Anam və böyük bacım Buz adamla nikahımızın qəti əleyhinə idilər. Mənə belə deyirdilər: "Sən hələ cavansan, üstəlik, onun iç üzünə də bələd deyilsən. Hətta onun harada və nə vaxt doğulduğundan da bixəbərsən. İndi biz durub, qohum-əqrəbaya necə deyək ki, sən belə birisinə, yəni Buz adama ərə getməyə hazırlaşırsan?! Günlərin bir günü əriyib, suya dönsə neyləyəcəyik? Deyəsən, sən hələ anlamırsan ki, evlilik ciddi məsələdir. Bəs o Buz adam necə, bir ər kimi ailəsi üçün məsuliyyət daşıya biləcək?”
Əslində, onların bu narahatlıqları yersiz idi. Buz adam sadəcə buz qədər soyuq idi, ancaq bu, o demək deyildi ki, isti mühitə düşəndə əriyib, suya dönəcək. Bir də ki... onun vücudu o dərəcədə soyuq deyildi ki, başqalarının istisini də mənimsəsin.
Ən nəhayət, evləndik. Nə dostlar, nə ata-anam, nə də bacım bizə xeyir-dua verdi, heç kəs sevincimizə şərik olmadı, onu paylaşmadı. Heç toy da eləmədik. Nikah idarəsində məlum oldu ki, onun heç yerdə qeydiyyatı yox imiş. Biz də öz-özümüzü ər və arvad elan elədik. Kiçik bir tort alıb, ikilikdə onu yedik, bu da oldu toyumuz! Birgə yaşamaq üçün mənzil kirayələdik. Buz adam buzlu ət saxlanılan anbarda çalışırdı. Aydın məsələdir ki, o, soyuğa-şaxtaya davamlı idi, hər nə qədər işləsə də, əsla yorulmazdı, həm də demək olar ki, ac qalardı. İşdəkilər bu cəhətlərinə görə onu çox dəyərləndirirdilər və heç kəsə ödəmədikləri maaşı ona verirdilər. Bəxtəvərlik və qarşılıqlı anlaşma şəraitində yaşayırdıq, nə biz başqalarının həyatına qarışırdıq, nə də başqaları bizim həyatımıza.
Onun ağuşuna sığındığımda mən haradasa uzaqlarda var olan, tək-tənha və yerinin sadəcə Buz adama bəlli olduğu bir buz parçası canlanırdı gözlərimin önündə. O buz parçası elə sərt idi ki, ondan daha sərtini ağıla gətirmək imkansız idi. O, dünyadakı ən nəhəng buz parçasıydı həm də. Amma əlçatmaz uzaqlardaydı o. Təkcə Buz adam onun varlığını mənə və dünyaya xatırlatmaqda idi. O, yenə də özü barədə mənə heç nə açıb demirdi, mən də nə isə soruşmağa gərək duymurdum.
Ortaq yaşamımızda anlaşmazlıq sayılacaq hər hansı ciddi problemlər yox dərəcəsindəydi. Bir-birimizə dəlicəsinə aşiq idik və aramıza heç nə girə bilməzdi.
Ətrafımızdakılar yavaş-yavaş onun varlığına alışmışdılar, hətta onunla vaxtaşırı söhbətləşənlər belə etiraflarda bulunurdular: "Buz adam olsa da, əslində o, adi adamlardan heç nəylə fərqlənmir”. Daxilən isə onlar, əlbəttə ki, onu özlərindən birisi saymadıqlarından mənim onunla evliliyimi də qəbul etmirdilər. Onlarla aramızda dərin bir uçurum açılmışdı və onu aradan qaldırmaq müşkülə dönmüşdü.
Bir övladımızın olmasını diləyirdik, amma bu, mümkün görünmürdü. Bəlkə buna səbəb İnsanınkı ilə Buz adamın genlərinin uyğunsuzluğuydu? Uşağımız olmadığından və ya digər səbəblərdən get-gedə mən daha çox boş vaxtım olduğunun fərqindəydim. Səhər obaşdan ev-eşiyi təmizləyəndən sonra mən qalan vaxtımı nəyə sərf edəcəyimi bilmirdim. Söhbət edəcək və ya harayasa birgə gedəcək dostlarım yox idi, qonşulardan isə heç kəsi tanımırdım. Anamla bacımın o vaxt mənə necə acıqları tutmuşdusa, bu hələ də soyumaq bilmirdi, mənimlə isinişmək istəmirdilər. Üstəlik, məni ailəmizin üzqarası hesab edirdilər. Zəng edəcək bir kimsəm də yox idi, ona görə də ərim evdə olmayanda evdə oturub, kitab oxumaqla, ya da musiqi dinləməklə vaxt öldürürdüm. Onu da etiraf edim ki, evdə qalmağı bayırda veyillənməkdən daha yey bilirdim, xasiyyətim isə yalnızlıqdan şikayət etməmə yol vermirdi. Bütün bunlar öz yerində, amma hələlik mən çox cavanam və bir-birinə bənzəyən, hər hansı dəyişiklikdən məhrum günlərimin muncuq kimi ard-arda düzülməsindən ən axırda cana yığılmağa başladım. Bunun səbəbi isə ruhumun sıxılması deyil, sonsuz təkrarlar idi, çünki onların fonunda özümü bir kölgə kimi hiss etməyə başlamışdım.
Bir gün ərimə təklifdə bulundum: "Bəlkə, dəyişiklik olsun deyə, bir səyahətə-filana çıxaq, nə deyirsən?” Buz adam gözlərini qıyaraq məni süzdü.
- Səyahətə? Harayasa getməmizə görəsən nə gərək var? Bəyəm burada günümüz xoş keçmir ki?
- Məsələ təkcə bunda deyil. Mən xoşbəxtəm, aramızda hər hansı anlaşmazlıq da yoxdur. Ancaq hərdən darıxıram. İndiyədək olmadığım uzaq yerlərə getmək, təzə şeylər görmək, fərqli havalarla nəfəs almaq istərdim. Anlayırsan? Həm də axı, biz heç bal ayına da yollanmadıq. Bir az pulumuz var, sən isə illik məzuniyyətini götürməmisən. Səncə, səyahətə gedib, bir az dincəlsək, yaxşı olmaz ki?
Buz adam dərindən köks ötürdü və soyuq nəfəsi havada kristala dönərək cingildədi. Qırov bağlamış barmaqlarını dizlərinin üstünə qoyub, gərdi:
- Yaxşı, indi ki bunu çox arzulayırsan, hər hansı etirazım yoxdur. İstədiyin yerə gedək, təki sənin könlün xoş olsun. Onsuz da məzuniyyətə istədiyim vaxt çıxa bilərəm. Hə, yeri gəlmişkən, haraya getmək niyyətindəsən?
- Cənub qütbünə səyahətə razı olarsan? - deyə soruşdum. Oranı seçərkən ümidvar idim ki, soyuq yerlər onun da könlüncə olar. Əslində, çoxdan bəri, həm də heç olmazsa, bir kərəliyinə oraya getməyi arzulayıram. Qütb şəfəqlərini, pinqvin sürülərini seyr etmək, əynimə başlıqlı xəz kürk geymək köhnə arzum idi.
Bunu eşidən ərimin baxışları mənə dikildi. Gözlərini qırpmırdı. Soyuq baxışları, eynilə şişuclu sırsıralar kimi, sanki gözbəbəklərimdən keçib, başımın arxasından çıxdı. Bir ara susub, sonra nikbinlik dolu səslə dedi:
- Olsun. İndi ki Cənub qütbünə getmək istəyirsən, niyə də olmasın? Ancaq sən bunu gerçəkdən istədiyindən əminsən, ya yox?
Başımı tərpətdim.
- Məncə, iki həftədən sonra məzuniyyət götürə biləcəyəm. O vaxta qədər sən də hazırlaşarsan. Danışdıq?
Bu suala həmin an cavab verə bilmədim. Buz adamın dəlici baxışlarının təsirindən beynim sanki donur və keyləşirdi.
Günlər ötdükcə, mən Cənub qütbünü seçdiyimə yavaş-yavaş peşman olmağa başlamışdım. Niyə? Özüm də bilmirdim. Dilimdən "Cənub qütbü” sözləri qopduğu an mənə elə gəldi ki, ərimdə aşkar dəyişimlər baş alıb, getdi: baxışları əvvəlkinə nisbətən daha dəlici oldu, nəfəsi tamamilə bəyazlaşdı, barmaqlarındakı qırov təbəqəsi isə qalınlaşdı. Daha çox susmağa, çevrəsinə sərt baxmağa başladı, yemək yeməkdən tamamilə imtina elədi. Bütün bunlar mənə vahimə hissi aşılamaqdaydı.
Səyahətə beş gün qalmış, bütün cürətimi toplayıb, dedim:
- Gəl, Cənub qütbünə yollanmayaq! Yəqin oralar çox soyuqdur, bu isə sağlamlığa zərərlidir. Məncə, başqa bir yer seçməmiz məsləhətdir. Bəlkə Avropaya gedək? İspaniyada bir yerdə dincəlib, yerli şərablardan dadaq, paella (düyü və zəfərandan bişirilən Valensiya təamı - A.Y.) yeyib, korridaya (öküz döyüşlərinə - A.Y.) tamaşa eləyək?
Ancaq ərim məni dinləmirdi. Uzaq bir nöqtəyə dikilən baxışlarını mənə yönəltdi və dimdik gözlərimin içinə baxaraq, qətiyyətlə dedi:
- Yox, İspaniyaya getməyə razı deyiləm. Bəlkə də, inciyəcəksən, amma İspaniya mənə görə çox qızmar və tozlu bir ölkədir. Bütün yeməkləri ədviyyatlıdır. Bundan əlavə, mən artıq Cənub qütbünə bir cüt bilet, sənin üçün qalın kürk və xəz çəkmələr almışam… Bütün bunlardan vaz keçə bilmərik, əlbəttə. Bunca hazırlıqdan sonra oraya getməyə bilmərik.
Nə gizlədim, qorxuya qapıldım. İçimdən gələn bir səs mənə deyirdi ki, Cənub qütbünə yollansaq, aramızda arzuolunmaz nə isə yaşanacaq. Eyni qorxulu yuxunu o günlərdə ard-arda neçə kərə görmüşdüm: guya mən payi-piyada yolla gedərkən buz təbəqəsində açılmış dərin bir çuxura düşürəm, bir kimsə bunun fərqinə varmadığından əl-ayağım donmağa başlayır. Buzların məngənəsində əsir qalıb, çarəsiz halda göyləri süzürəm. Şüurum itməyib, amma yerimdə qımıldaya, hətta barmağımı da tərpədə bilmirəm. Dəhşətli durumdaydım! Özümün anbaan keçmişə gömüldüyümün fərqindəydim. Artıq mən gələcəkdən məhrum, sadəcə və sadəcə keçmişə malik biri idim. Mənə baxan insanlar da bu keçmişdən başqa bir şey görmürdülər. Onların nəzərində mən indidən keçmişə doğru geri-geri gedən bir qaraltı idim sadəcə.
Gözlərimi açanda Buz adamın böyrümdə yatdığını sezirəm. O, həmişə səssiz-səmirsiz yatırdı, eynilə cansız birisi kimi. Buna rəğmən, mən onu sevirəm. Ağlamağa başladığımda yanaqlarına süzülən göz yaşlarım onu oyadır. Məni ağuşuna basdığında ona: "Yuxumu qarışdırdım” - deyirəm.
O, qaranlıqda başını ağır-ağır yelləyərək:
- Yuxu - sadəcə yuxudur, - deyə mənə təskinlik verir. - Adətən yuxular gələcəkdən yox, keçmişdən gəlirlər. Odur ki, onlar səni deyil, sən yuxuları rahatsız edirsən. Anlayırsanmı?
- Hə, - desəm də, əslində, bununla təsəlli tapmıram.
Bu səyahətin ləğvi üçün əsaslı bir səbəb tapmadığımdan ərimlə Cənub qütbünə uçan təyyarəyə mindik. Təyyarənin pilotları və stüardessaları son dərəcə susqun görünürdülər. Pəncərədən bayıra göz qoymaq istəsəm də, qalın buludlar üzündən heç nə görə bilmədim. Az sonra pəncərələr buz bağladı. Bütün bu müddətdə ərim oxuduğu kitaba qapılmışdı. Səyahətə getmənin heç bir həzzini hiss etmirdim. Əlimdən gələn tək şey - əvvəlcədən razılaşdırılmış işləri görmək idi, vəssalam.
Təyyarədən nərdivanla enib, Cənub qütbünə ilk qədəm qoyanda mən ərimin nəzərəçarpacaq dərəcədə səndələdiyini sezdim. Bu, yarım dəqiqə çəkdi: çevrədəki heç kəs bunun fərqinə varmağa imkan belə tapmadı. Heç, o, özü də bunu bəlli etmədi. Ancaq mənim nəzərimdən heç nə yayınmadı. Buz adamın içində nə isə böyük şiddətlə, amma gizlicə silkələnmişdi. Yandan onun üzünə göz qoyurdum. Ayaq saxlayaraq, əvvəlcə o, səmaya, sonra öz əllərinə baxaraq, sinədolusu nəfəs aldı. Bunun ardınca məni süzərək, mənalı şəkildə gülümsündü:
- Hə, arzuladığın yer, bax, buradır.
- Elədir, - dedim. - Buradır.
Cənub qütbünü mən elə belə də təsəvvür edirdim, ancaq reallıq gözləntilərimi də vurub keçmişdi. Buralarda, demək olar ki, heç kəs yaşamırdı. Heç nə ilə diqqəti çəkməyən bir qəsəbəydi bura. Buradakı otel də, elə şəhərin özü kimi, heç nə ilə diqqəti çəkmirdi. Cənub qütbü - turizm üçün uyğun bir yer deyilmiş. Orada nə pinqvin sürüləri görmək mümkün imiş, nə də… o məşhur Qütb şəfəqlərini. Adda-budda yoldan ötənlərdən: "Pinqvinləri harada görmək olar?” deyə soruşsam da, onlar sualımın məğzini anlamırmış kimi başlarını yelləməklə kifayətlənirdilər. Belə olunca, mən pinqvin şəkli çəkib, onlara göstərsəm də, bu dilbilməz adamlar başlarını bulayaraq, yanımdan ötürdülər. Təkliyə məhkum idim burada. Qəsəbənin ətrafını buzlaqlar əhatələmişdi. Nə bir ağac gözə dəyirdi, nə çiçək, nə çay, nə də nohur. Heç nə. Göz baxdıqca, ucsuz-bucaqsız, bomboş buz çölü görünürdü.
Havaya bəyaz nəfəsini püskürən, barmaqları qırovla örtülən ərim isə yorulmaq bilmədən ora-bura vurnuxurdu. Sırsıranı xatırladan sivri baxışlarını uzaq üfüqlərə dikirdi. Az vaxtda o, yerli dili öyrəndi və oranın camaatı ilə qar uçqununu xatırladan bir səslə danışmağa başladı. Onların ciddiyyətlə, həm də saatlarca nədən söz etdikləri mənə həmişə qaranlıq qalırdı. Görünür, ərim buraya qədəm basandan lap başını itirmişdi. Burada nə isə onu özünə çəkirdi. Əvvəl-əvvəl bu durum mənə hətta toxunurdu da, özümü əri tərəfindən atılmış, diqqətə, qayğıya möhtac bir qadın yerində hiss edirdim. Bu qalın buz təbəqəsiylə örtülü, lal dünyada mən yavaş-yavaş bütün gücümü itirməyə başlamışdım. Az-az, həm də hiss olunmadan itirdim. O həddə çatdım ki, nəyə isə qəzəblənəcək gücüm də qalmadı. Sanki hisslərimin yönünü haralardasa itirib, buralara gəlmişdim. Öz varlığımın əhəmiyyəti, zaman və yönbilmə duyğularım harayasa buxarlanmışdı. Hətta bunun nə vaxt başlandığını və bitəcəyini də bilmirdim. Özümə gəldiyimdə bu rəngsiz və əbədi qış dünyasının buzlaqlarında, bütün hissiyyatı korşalmış biçimdə əsir olduğumu anlamışdım. Az qala bütün həssasiyyətim kutləşsə də, bircə şeyi dəqiq bilirdim: "Cənub qütbünə qədəm qoyandan bəri ərim əvvəlki adam olmağından çıxıb”. Əslində, yox, o, elə də dəyişməmişdi. Əvvəllərdə olduğu kimi, mənə qarşı diqqətli və həssas idi. Ən başlıcası isə, onun dilinə gətirdiyi sözlərin ürəkdən gəldiyinə mən zərrəcə şübhə bəsləmirdim. Bütün bunlarla yanaşı, indiki Buz adamın mənim vaxtilə xizəkçilik kurortunda rastlaşdığım adam olmadığı faktdır. Qəribə olan burasıdır ki, bu fikri ətrafımdakı heç kəslə paylaşa bilmirəm: mənim bircə kəlməmi anlamayan Cənub qütbü sakinləri ərimin simasında öz can-ciyərlərini tapmışdılar. Onların da nəfəsləri adama dümağ rəngdə görünürdü, üzləri qırov təbəqəsiylə örtülüydü. Özlərinin Cənub qütbünə xas cırıltılı dillərində ərimlə söhbətləşir, zarafatlaşır, hətta nəğmələr də oxuyurdular. Mən isə qəfəsdəki quş misalı qaxılıb otel otağımda otururdum, buranın aylarca açılmayan boz-bulanıq, cansıxıcı səmasını seyr etməklə, Cənub qütbü sakinlərinin danışdığı dilin qrammatikasını əzbərləməyə məhkum idim və bu dili nə vaxtsa öyrənəcəyimə hər hansı ümid bəsləmirdim. Bizi bura gətirən təyyarədən isə hər hansı xəbər-ətər yox idi. Sərnişinlər yerə enən kimi o, havaya qalxmışdı. Aerodrom o vaxtdan bəri bomboş qalmışdı?
Az vaxtda uçuş-eniş zolağını qalın buz qatı örtdü. Lap mənim ürəyim kimi. Ərim bunu mənə belə izah eləmişdi: "İndi qış mövsümü başlanıb və burada o, uzun sürür. Qış çıxana qədər buralara nə bir təyyarə g-ləcək, nə də gəmi. Hər şey donacaq. Oturub, yazı gözləməkdən başqa əlimizdən heç nə gələn deyil”.
Cənub qütbünə gələndən üç ay sonra mən uşağa qaldığımın fərqinə vardım. Bir şeyi dəqiq bilirdim: dünyaya gətirəcəyim körpə də Buz adam olacaq. Çünki bətnimdəki soyumanın fərqindəydim: sanki içimdə incə buz tikələri üzürdü və mən körpəmdən gələn soyuğu qarnımın divarlarıyla hiss edirdim. Əmin idim ki, atasınınkı kimi, balamın da gözləri buz sırsırasını xatırladacaq, əllərinin üzəri qırov bağlayacaq. Ona görə də artıb-böyüyən ailəmiz heç vaxt bu Cənub qütbünü tərk etməyəcək. Əbədi keçmiş və onun anlaşılmaz ağırlığıyla əl-ayağımız bağlanacaq və biz onun əsarətindən heç vaxt qurtula bilməyəcəyik. İndi içimdə adına "ürək” deyiləcək şey tükənib, ondan əsər-əlamət qalmayıb. Hətta mən istəsəm belə, onun əvvəlki hərarətini də xatırlamaqda zorluq çəkirəm. Buna rəğmən, hələlik ağlamağa qadirəm. Dünyanın bu ən şaxtalı və məğmun guşəsində indi mən tənhalığa, kimsəsizliyə düçaram. Ağladığım zaman Buz adam məni öpüşlərə qərq eləyir. Belədə göz yaşlarım dığırlanan buz kürələrə çevrilir və ərim onları götürüb, dilinin üstünə qoyaraq, eşq etirafında bulunur: "Bilirsən də, mən səni sevirəm”. Bu, əsla yalan deyil! Bunu dəqiq bilirəm. Buz adamın məni sevdiyindən də tam əminəm. Qəfil haradansa peyda olan dəli külək onun sözlərini gətirən dümağ nəfəsi alıb, özüylə keçmişə… keçmişlərə aparır…
Mənim isə göz yaşlarım durmur. Süzüldükcə, onlar buz kürələrə çevrilirlər, həm də bu, mənim uzaq və şaxtalı Cənub qütbündəki, buz kimi soyuq mənzilimdə baş verir.

Haruki Murakami
Tərcümə: Azad Yaşar
banner

Oxşar Xəbərlər