• cümə axşamı, 25 aprel, 13:13
  • Baku Bakı 23°C

Bütün varlığımızla Türkiyədəki qardaş və bacılarımızın yanındayıq

02.08.21 18:30 293
Bütün varlığımızla Türkiyədəki qardaş və bacılarımızın yanındayıq
AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı akademik İsa Həbibbəyli qardaş Türkiyədəki meşə yanğınları ilə bağlı fikirlərini bölüşüb.
AZƏRTAChər bir azərbaycanlını ürəkdən ağrıdan bu hadisə ilə bağlı akademik İsa Həbibbəylinin yazısını təqdim edir.
"Türkiyənin zəngin təbiəti, təbii gözəllikləri, nadir meşə sərvətləri, heyvanlar aləmi od tutub yanır. Qəlbimiz ağrıyır. Azərbaycan xalqı Türkiyə vətəndaşları qədər bu böyük fəlakəti ürək ağrısı ilə qarşılayır. Bütün varlığımızla Türkiyədəki qardaş və bacılarımızın yanında olduğumuzu bildiririk.
Azərbaycan dövləti qardaş Türkiyənin bu böyük bəladan xilas olması üçün imkanlarından da artıq qüvvə sərf edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktubu on milyonluq xalqımızın hər bir vətəndaşının ürək sözlərinin, narahatlıq və həyəcanlarının ifadəsidir. İndi Azərbaycanda bu fəlakətdən narahat olmayan, acı təəssüf və həyəcan keçirməyən vətəndaş yoxdur. Qarabağ müharibəsində olduğu kimi, bu gün də Azərbaycan – Türkiyə, Türkiyə – Azərbaycandır. Təbiətin bu arzuedilməz sınağı Azərbaycanla Türkiyəni bir daha qardaşlaşdırır, birləşdirir. Ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət” kəlamı bir daha özünün varlığını nümayiş etdirir. Türkiyənin meşə yanğınlarından xilas olması, bu böyük fəlakətin aradan qaldırılması Azərbaycan üçün də böyük sınaq və məsuliyyətli bir vəzifədir.
İnanırıq ki, Türkiyəni bürüyən alov söndürüləcək, qardaş türk xalqının başının üstündən duman çəkiləcəkdir. Bu dəhşətli fəlakəti törədən qatillər, namərdlər və xainlər cəzalarına çatacaqlar.
Qardaş Türkiyə Azərbaycanla birlikdə bu ağır sınaqdan da çıxacaqdır!
Hər an yanındayıq, Türkiyə!”
banner

Oxşar Xəbərlər