• çərşənbə axşamı, 16 aprel, 07:58
  • Baku Bakı 14°C

Bütün kitabxanaların oxucusu, ya da oxucunun vahid bileti

18.02.19 11:30 1098
Bütün kitabxanaların oxucusu, ya da oxucunun vahid bileti
Rusiya ənənəvi kitabxana sistemindən uzaqlaşmaqla böyük dəyişikliklərə imza atır. Ölkənin paytaxtında artıq bu proses xeyli təkmil formada həyata keçirilir. Belə ki, bu gün Moskvanın nəinki şəhər, hətta rayon kitabxanalarında sakinlər təkcə kitabları əldə etmirlər, həmçinin müxtəlif növ təkliflərlə qarşılaşırlar. Sevimli müəllifləri ilə görüşlər, ədəbi mühazirələr, hətta poliqrafik xidmətlər də onlara təklif olunur. Kitabxanalar əhali üçün sorğularına cavab almaq, vaxtlarına qənaət etmək üçün kifayət qədər açıq və cəlbedici olub. Onlar üçün əsas vacib addımlardan biri, vahid oxucu biletinin yaradılmasıdır. Bu gün artıq Rusiyanın paytaxtında 60 min adam vahid kitabxana biletinə sahib olub. Elektron, avtomatlaşdırılmış kitabxana məlumat sistemi 140 kitabxanada fəaliyyət göstərir. Bu gün kitabxanaçılar təkcə kitabı oxucuya təqdim etmirlər, həmçinin onları dünyanın müasir ədəbiyyatı, yeni çıxan nəşrlər, elektron resurslar haqqında məlumatlandırır, materialların axtarışında, məlumatların əldə edilməsində kömək edirlər. Vahid oxucu biletinin müddətinə isə məhdudiyyət qoyulmayıb. Vahid kitabxana bileti bütün Moskva kitabxanalarına daxil olmaq hüququ verir. Hətta oxucuların şəxsi kabinetinin yaradılması planlaşdırılır ki, onlar kitabxanaya yazılsınlar və lazım olan ədəbiyyatı onlayn alsınlar, həmçinin kitabxananın xidmətinin haqqını ödəsinlər. Şəxsi kabinetdə oxuculara məsləhət olunan kitabların seçimi də özlərinə həvalə olunacaq.
2021-ci ilin sonuna qədər bütün Moskva kitabxanaları vahid oxucu biletindən istifadə edə biləcəklər. Bu sahədə vahid kataloq nəşrinin formalaşdırılması istiqamətində də iş aparılır. Onlar üçün ştrix-kodlar vasitəsilə istənilən kitabı elektron qaydada izləmək də mümkün olacaq.
Yaxın vaxtlarda bizim ölkə vətəndaşları da yenilənmiş kitabxana sisteminin istifadəçisi olacaqlar. Ölkə başçısının "Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanında nazirliyin tabeliyindəki kitabxanaların ləğvi və kitabxana sisteminin yenidən qurulması məsələsi yer alıb. Təqdim olunacaq təkliflər əsasında ölkədə yeni kitabxana sistemi formalaşacaq. Oxucular artıq ənənəvi kitabxana sistemi ilə deyil, müasir, elektronlaşdırılmış və avtomatlaşdırılmış kitabxana sisteminin istifadəçisinə çevriləcəklər. Təbii ki, bu, zamanın tələbidir. Müasir oxucu kitabxanadan yalnız müxtəlif kitabların və çap məhsullarının qorunub saxlandığı yer kimi deyil, həmçinin qabaqcıl xidmətləri tətbiq və təklif edən informasiya məkanı kimi istifadə etmək istəyir. Bu tələblərlə ayaqlaşmaq üçün təbii ki, kitabxanalar dünya kitabxana təcrübəsinin yeniliklərini öyrənməli və fəaliyyətlərində tətbiq etməlidirlər.
İstər-istəməz, maraq doğurur: bizdə yeni kitabxana sistemi qurulandan sonra belə bir yeniliyə də imza atılacaqmı? Bizim mövcud kitabxana sistemimiz üçün belə yeniliyin hansı üstünlüyü ola bilər?
Qabaqcıl təcrübələrdən istifadə
Mədəniyyət Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov «Kaspi»nin sualına cavab olaraq bildirdi ki, ölkə başçısının sərəncamı ilə yaradılacaq yeni kitabxana sisteminin qurulması istiqamətində bir çox layihələr həyata keçiriləcək. Belə ki, dünya təcrübəsi nəzərə alınacaq və tətbiq ediləcək: «Mədəniyyət naziri Əbülfəs Qarayev bu günlərdə Böyük Britaniyanın kitabxanalarında görüşlər keçirib, onların sistemi ilə tanış olub. Bu cür qabaqcıl təcrübələrdən istifadə olunacaq. Çalışacağıq ki, təkcə vahid kitabxana bileti deyil, müasir oxucunun kitabxanadan necə istifadə etməsi üçün lazım olan bütün qabaqcıl xidmətlərdən istifadə edək. Biz bunu etməliyik”.
Bizdə daha asandır
Mirzə Fətəli Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov sorğumuza cavab olaraq bildirdi ki, bizdə kitabxanaya şəxsiyyət vəsiqəsi ilə daxil olmaq mümkündür. "Yeni nəsil şəxsiyyət vəsiqələrində şəxsiyyət haqqında bütün məlumatlar elektron bazada yerləşdirilir. Əgər bu məlumatlar düzgündürsə, həmin şəxsin kitabxanaya daxil olması problem deyil”. Ölkə başçısının sərəncamı ilə kitabxana sistemində yenidənqurmanın həyata keçirildiyini deyən K.Tahirov, bizdə də bu sahədə yeniliklərin nəzərdə tutulduğunu qeyd etdi. Belə ki, bu çərçivədə vahid oxucu biletinin tətbiq oluna biləcəyi də istisna deyil: "Bizdə bütün kitabxanalar təkcə bir nazirliyin tabeçiliyi altında fəaliyyət göstərmir. Bir nazirliyə tabe olmayan təşkilatlar arasında bu qaydanı tətbiq etmək mümkün deyil. Ancaq bir nazirliyə tabe olan təşkilatlar üçün bu yeniliyi tətbiq etmək asandır”. Direktor bildirdi ki, bir neçə nazirliyə tabe olan təşkilatlar fəaliyyətdədir və onların haqqında vahid bir qərar qəbul olunmalıdır: "Əgər belə bir qərar olarsa, yəqin ki, bu cür yenilik də tətbiq etmək olar”. K.Tahirov hesab edir ki, Azərbaycanda bu yeniliyi tətbiq etmək daha asan olar: "Hesab edirəm ki, yeni sistem qurulanda bu yeniliyi tətbiq etmək bizdə daha asan olar”.
Daha mühüm problemlər
Cəfər Cabbarlı adına Gənclər Kitabxanasının direktoru Oruc Quluyev hesab edir ki, hansısa ölkədə tətbiq edilən və nəticə verən bir yeniliyi müəyyən araşdırmalardan sonra tətbiq etmək işin xeyrinə olar. Bununla belə, bizim kitabxanalara hansısa oxucunun daxil olması üçün problemi yoxdur: "Bu gün bizdə kiminsə hər hansı kitabxanadan istifadə etməsi üçün limit yoxdur və ona heç problem yaradılmır. Elə bir problem olmadığına görə, vahid bilet məsələsini tətbiq etməyə həm ehtiyac var, həm də yox. Yəni əgər bu yeniliyi tətbiq etməsək də, bizdə oxucular üçün heç bir problem yoxdur. Vahid biletin mahiyyəti odur ki, oxucu istədiyi kitabxanaya daxil olur və onun xidmətindən istifadə edir. Əgər bizdə tam elektronlaşma getsə, belə bir bilet də avtomatik olaraq tətbiq olunacaq. Ancaq hesab edirəm ki, bu gün üçün biz daha çox ehtiyac yaranan məsələlərə önəm verməliyik. Yəni daha çox, kitabxana işinin yaxşı inkişafına, oxucu cəlb edilməsinə çalışmalıyıq. Bu baxımdan bizim vahid bilet məsələsindən də mühüm problemlərimiz var”. Vahid elektron kataloqa gəlincə, O.Quluyevin sözlərinə görə, bu tip kataloq bizim kitabxana sistemində də mövcuddur. Belə ki, 2014-cü ildə ölkəmizdə ALİSA- avtomatlaşdırılmış kitabxana sistemi tətbiq olunur: "Ayrı-ayrı kitabxanaların toplu kataloqu onlarda var və bundan istifadə olunur. Hal-hazırda bu sistemin təkmilləşdirilməsi istiqamətində işlər gedir”.
Oxucuların rahatlığı üçün
Yazıçı Reyhan Yusifqızının fikrincə, vahid oxucu biletinin olmasına ehtiyac var: «Mən istərdim ki, əlimdə vahid oxucu bileti olsun və onunla bütün kitabxanalara daxil ola bilim. Belə bir yeniliyin bizdə tətbiqi oxucuların rahatlığına səbəb olar».
Yazıçı vahid kitab kataloqunun olmasın da vacib sayır: "Oxucu istədiyi kitab üçün yalnız bir kitabxanaya müraciət edə bilər. Bu, həmçinin vaxt itkisinin qarşısını alar: «Bu günlərdə bir kitab axtarırdım. Onun üçün ayrı-ayrı kitabxanalara üz tutub onların kataloqlarına baxdım. Kitabı Milli Kitabxanadan əldə etdim. Sonra məlum oldu ki, AMEA-nın kitabxanasında həmin kitab var. Özüm isə akademiyanın düz yaxınlığında – Bakı Dövlət Universitetində çalışıram. Ancaq mən bu kitabı axtarmaq üçün ayrı-ayrı ünvanları gəzməli oldum. Həm vaxt itirdim, həm də yoruldum. Təbii ki, kitabı bir sistemdən axtarmaq oxucunu vaxt itirməkdən xilas edər. Yəni elə bir sistem olsa, mənə lazım olan kitablar üçün məsafə baxımından AMEA-nın kitabxanasından istifadə edərəm. Ümumilikdə, belə bir sistemin tətbiqi oxucuların işini xeyli asanlaşdırar”.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər